Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:41

Mazutla «yuyulan» milyonlar…


"Təmizlənmiş" ərazidə salınan "meşə"
"Təmizlənmiş" ərazidə salınan "meşə"
Bibiheybətdə neftlə çirklənmiş ərazilərdən 221 hektar təmizlənib və orada cərgə ilə ağaclar əkilib. Bibiheybət məscidinin yaxınlığındakı yüksəklikdən bu metal çəpərlərlə əhatələnmiş yaşıllığa tamaşa edəndə, insanı fərəh hissi bürüyür. Ancaq aşağı düşdükcə bu təəssüratın aldadıcı olduğu tezliklə üzə çıxır.

5-10 addımdan aydınca görünür ki, ərazidəki ağacların bir çoxu artıq quruyub. Kənardan görünən yaşıllıq sadəcə qurumuş ağaclara vurulan taxta dirəklərin yaşıl rənglə boyanmasından yaranan illüziyadır.

Ağaclar qurusa da, ona vurulan taxta dirəklər hələ də boyasını itirməyib. Torpaq isə cadar-cadar olub və mazutun ondan yaxşı təmizlənməməsi üzündən göyümtül rəngə çalır.

***

«İndi bu ağacdır, quruyacaq da. Bir il bitmədi, ikinci il onun yerini doldurmaq olar. Mən isə ikinci dəfə doğulmayacam . Mən də istəyirəm ki, çəkdiyim əziyyətlərin nəticəsini özüm olmasam da balalarım görsün. Mən heç, heç olmasa uşaqlarım görsünlər ki, dövlət onların atalarının xidmətlərin qiymətləndirir. Vallah səmimi deyirəm, özüm-özümə nifrət edirəm ki, niyə neftçi oldum…»


28 ildir Bibiheybət Neft-Qaz Çıxarma idarəsində işləyən Zabit Hüseynov hələ də evsizdir. Deyir, 25 ildir ev növbəsinə durub və elə o vaxtdan da Badamdar qəsəbəsində neftçilər üçün inşa edilən 3 saylı yataxanada yaşayır. Özü, həyat yoldaşı və 3 övladı. Artıq saçlarına dən düşən və usta dərəcəsinə yüksələn 51 yaşlı neftçinin əmək haqqı isə 400 manatdan da azdır. Halbuki nə bayram bilir, nə də istirahət günləri.

GECƏLƏR NEFTÇİ, GÜNDÜZLƏR OTEL XİDMƏTÇİSİ


Neftçi olduğuna peşiman olmuş Zabit Huseynov (sağda) müxbirimiz Babək Bəkirlə (solda)
Zabit Hüseynovun dediyinə görə, əmək fəaliyyətinin 18 ilini isə iki növbədə çalışıb. Gecələr neftçi işləyib, gündüzlər keçmiş «Abşeron» mehmanxanasında xidmətçi. Zabit Hüseynovun sözlərinə görə, ondan 10-12 il sonra növbəyə duranlardan bəziləri artıq evlə təmin ediliblər.

O deyir ki, 3 saylı yataxananın bəzi sakinləri vaxtsız-vədəsiz dünyadan köçdüklərindən onların növbələri isə ailələrinə-uşaqlarına ötürülür:

«Allahverdi Daşdəmirov yeraltı təmir briqadasında işləyirdi. Mənimlə üzbəüz onun ailəsi olur. Mədəsində qanaxma yarandı. Əməliyyat da olundu, ancaq sonradan xərçəngə çevirildi. O öləndən sonra növbəsi həyat yoldaşına keçib. Bəlkə, ardınca düşməsələr, yazıqlar yaddan çıxacaq».


AZƏRBAYCANDA NEFTLƏ ÇİRKLƏNMİŞ 9 MİN HEKTAR TORPAQ VAR?


Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin məlumatlarına görə, ölkə ərazisində 9 min hektara yaxın neftlə çirklənmiş ərazi var.

Artıq onlar bu ərazilərin rekultivasiya işlərinə, orada yaşıllıqların salınmasına başlayıblar.

Bibiheybətdən başqa 4 hektar Balaxanı, 4 hektar Suraxanı OYL Əməliyyat Şirkəti, 3 hektar «Azgerneft» MMC, 1 hektar da Muradxanlı ərazisində həmin işlər həyata keçirilib. İdarənin baş mühəndisi Yaqub Ağasiyevin sözlərinə görə, rekultivasiya zaman mexaniki üsuldan istifadə edilib:

Bibiheybətdə "təmizlənmiş" ərazidə salınmış "meşə". Foto Abbas Atilayındır
1 HEKTARIN TƏMIZLƏNMƏSINƏ 120 MIN MANAT VƏSAIT XƏRCLƏNIB?


«Bizdə çəkilən xərclər hər hektara hesablanır. Bu rəqəm bazar qiymətlərindən və infilyasiyadan aslı olaraq dəyişə də bilər.Hər halda bir hektarın təmizlənməsinə 100-120 min manat pul gedir».


Bibiheybətdə isə rəsmi rəqəmlərə inansaq, 221 hektar sahə rekultifasiya edilib. Belə çıxır ki, həmin ərazinin təkcə təmizlənməsinə 2 milyon 650 min manata qədər vəsait xərclənib:

«Bundan başqa ağacların özünün növündən aslı olaraq qiymətləri var. Bir ağacın qiyməti növündən aslı olaraq 1 manatdan 5 manata qədər dəyişir. Üstəlik hər bir ağacın il ərzində 12 manatdan 18 manata qədər qulluq xərcləri var».


Mütəxəssislər deyir ki, neftlə çirklənmiş bir hektar sahəninin rekultivasiyasına 100-120 min manatın sərf edilməsi elə də böyük vəsait deyil. Bir şərtlə ki, layihə üzrə qarşıya qoyulan bütün işlər həyata keçirilsin.

Bibiheybətdə rekultivasiya olunduğu bildirilən ərazi ilə ayaqüstü tanışlıq belə, orada layihə işlərinin tamamilə yerinə yetirildiyinə şübhələr yaradır. Yaşıllar Partiyasının sədri Mais Güləliyev də deyir ki, Azərbaycanda neftlə çirklənmiş ərazilərin təmizlənməsi və yaşıllıqların salınması zamanı layihə xərcləri düzgün tərtib edilsə də, işlərin görülməsi zamanı bir qayda olaraq yeyintiyə yol verilir. Onun fikrincə, əgər Bibiheybətdəki neftlə çirklənmiş ərazilərin mexaniki üsulla rekultivasiya olunmasında beynəlxalq standartlara əməl edilsəydi, nə sonradan mazut layları torpağın üzünə çıxar, nə torpaq göyərib cadar-cadar olar, nə də ağaclar quruyardı:
Uzaqdan yaşıl görünən ağac yox, payaya curulan rəng imiş...Foto Abbas Atilayındır


YOXSA 25-30 MİN MANAT…


«Azərbaycanda bu cür kobud rekultivasiya işlərində mazutla çirklənmiş torpaqları aparıb poliqonlara tökülmür.Təmiz torpaq elə onun üstünə tökülür. Ona görə də bir hektarın təmizlənməsinə maksimum 25-30 min manatdan artıq vəsait gedə bilməz».


Mayıs Güləliyev deyir ki, əgər Azərbaycanda rekultivasiya işləri zamanı neftlə çirklənmiş torpaq layları axıra kimi təmizlənib, oradan daşınsa, bundan ötrü poliqonlar yaradılmalıydı. Azərbaycanda isə neftlə çirklənmiş torpaqların yığıldığı poliqonlar yoxdur. Əslində bunu rəsmilər də gizlətmirlər.

Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev:

«Neftlə çiklənmiş torpağın yox, bizdə şlam basdırma paliqonu var. Şlam bilirsiniz nədir? Qazma prosesində əmələ gələn məhluldur. Gil kimi. Bizdə onları basdırmaq üçün məntəqə var».


100 FAİZ TƏMİZLƏMƏK MÜMKÜN DEYİL AXI…


Yaqub Ağasıyev rekultivasiya edilən ərazilərdə ağacların quruması, torpağın cadar-cadar olması və bəzi yerlərdə mazut qalıqların yenidən üzə çıxması ilə bağlı iradları isə o qədər də qəbul etmir. Baş mühəndis deyir ki, hətta münbit torpaqlarda meşə salınması prosesində ağacların təqribən 20 faizinin quruması mümkün hal sayılır. Üstəlik, onun fikrincə, həm Abşeron torpaqlarının meşəsalma üçün o qədər də əlverişli olmamasını və onların yaşıllıqlar saldıqları ərazilərin əvvəllər neft tullantıları ilə çirkləndiyini nəzərə alsaq, orada ağacların normadan bir qədər artıq qurumasını başa düşmək lazımdır.

Yaqub Ağasıyevin deməsinə görə, rekultivasiya etdikləri ərazilərdə əkilən ağacların təqribən 70-75 faizi tutub.

Yaqub Ağasıyev
Hərçənd Bibiheybətdə biz tamam başqa mənzərə ilə qarşılaşmışdıq. Orada qurumuş ağaclar daha çox idi. O, bəzi yerlərdə mazut qalıqlarının yenidən üzə çıxmasını isə belə izah edir:

«Bəzi yerlərdə neft qalıqlarının üzə çıxması ola bilər. Bundan ötrü orada beton quyular qazılıb. Həqiqətən də 2-3 aya birdə görürsən həmin quyular müəyyən qədər dolur və biz onu daşıyırıq. O da cüzi miqdarda. 100 faiz təmizləmək mümkün deyil axı».


DÜNYA MAZUTUNU NECƏ TƏMİZLƏYİR?

Mütəxəsislərin fikrincə, beynəlxalq təcrübədə neftlə çirklənmiş ərazilərin təmizlənməsi zamanı əsasən 3 üsuldan istifadə edilir: mexaniki, fiziki-kimyəvi və bioloji üsul.

Mais Güləliyev deyir ki, mexaniki üsulun özü də iki növə bölünür. Birinci növdə neftlə çirklənmiş torpaqlar həmin ərazidən xüsusi poliqonlara daşınır. Ora isə yeni təmiz torpaqlar gətirilir. İkinci növdə isə oradan heçnə daşınmır, əksinə neftlə çirklənmiş torpaqların üstünə başqa ərazilərdən gətirlən torpaqlar tökülür. Həm Mais Güləliyevin, həm də Yaqub Ağasıyevin açıqlamasından məlum olur ki, Azərbaycanda mexaniki üsulun yalnız ikinci növündən istifadə edilir.

Fiziki-kimyəvi üsulda isə mütəxəsislərin deməsinə görə, neftlə çirklənmiş ərazilərə torflar tökülür. Torf nefti öz canına çəkdikdən sonra xüsusi poliqonlara daşınır.

Üçüncü- bioloji üsulu isə, Mayıs Güləliyev həm müasir, həm də ucuz sayır:
Bibiheybətdə mazutdan "təmizlənmiş" torpaqlar. Foto Abbas Atilayındır


«Bioloji üsulda neft müxtəlif bioloji maddələrlə parçalanır. Yəni neft, mazut öz xasəsini itirir və torpaq kimi torpağa qarışır».


Mais Güləliyev deyir ki, neftlə çirklənmiş ərazilərin təmizlənməsi üçün yüksək texnoloji üsullar da var. Bu zaman çirklənmiş torpaq xüsusi maşınlarla üyüdülüb təmizlənir. Bu maşınların təqribən 150 min dollar qiyməti olduğunu söyləyən Mais Güləliyevin hesablamalarına görə, onun biri ilə yalnız gün ərzində təqribən 5 kub torpaqı təmizləmək olur. Belədə isə bir maşınla bir hektar sahəni yalnız 6 ilə təmizləmək mümkündür.

Mütəxəsislərin rəylərinə görə, bu üsül böyük vəsait, və çoxsaylı texnika tələb etdiyindən Azərbaycan kimi ölkələrdə bir qayda olaraq ondan istifadə edilmir. Ancaq Mais Güləliyev hesab edir ki, ucuz layihələrlə tələsik görüntü yaratmağın heç bir əhəmiyyəti yoxdur. Onsuz də bu illər itirilmiş sayılmalıdır. O, uzunmüddətli və effektiv layihələrə üstünlük verilməsinin tərəfdarıdır. Ancaq bir şərtlə ki, korrupsiyaya yol verilməsin.

CİDANI ÇUVALDA GİZLƏTMƏK…


Hansı üsulun seçilməsindən asılı olmayaraq, görünən budur ki, vəsait xərclənir, ancaq təmizləndiyi iddia olunan torpaqlarda əkilən ağaclar sürətlə qurumaqdadır.

Bibiheybətdə mazutdan "təmizlənmiş" torpaqlar. Foto Abbas Atilayındır
Bu il əlavə olaraq Abşeron Neft-Qaz Çıxarma İdarəsinin və Qaradağ rayonunun Daşqır ərazisində də rekultivasiya işləri görülməlidir.
Mütəxəsislər isə münasibət dəyişməsə, bu ərazilərdə də rekultivasiya işlərindən sonra yenidən mazut qalıqların torpağın üzünə çıxacağını, torpağın cadar-cadar olub, ağacların sürətlə quryacağını istisina etmirlər. Ondan sonra, nə tədbir görürsən-gör, hansı qadağanı qoyursan-qoy vəziyyət dəyişməyəcək. Sadəcə Bibiheybət və Balaxanıda şahid olduğum kimi mühafizə xidmətinin əməkdaşlarının işi artacaq. Jurnalistlərin başının üstünü kəsdirərək, quruyan ağacların və yenidən üzə çıxan mazut gölməçələrinin şəkillini çəkməyə mane olmaq üçün dəridən-qabığdan çıxacaqlar. Ancaq necə deyərlər, «Cidanı çuvalda gizlətmək olmaz».

60 MİLYON KREDİT


Yaşıllar Partiyasının sədri Mayıs Güləliyev isə yada salır ki, hələ iki il əvvəl Azərbaycan, Dünya Bankından 60 milyon dollar kredit alıb. 4 il işləyəcək bu kredit üzrə layihə «Abşeron yarmadasında neftlə çirklənmiş torpaqların bərpası» adlanır.

Mayıs Güləliyev həmin kreditin böyük bir hisəsinin artıq mənimsənilməkdə olduğunu düşünür:

«Mən Dünya Bankı ilə, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə, Beynəlxalq Maliyə Korporasiyaları ilə bağlanan müqavilə layihələrinin əksəriyyəti ilə tanışam. Əminəm ki, layihələr hələ işə düşməmiş onun böyük bir həcimini mənimsəmək haqqında düşünürlər».


NORVEÇİN YARIMÇIQ LAYİHƏSİ


Baş verənləri tam anlamaq üçün neftlə çirklənmiş ərazilərin rekultivasiya olunması ilə bağlı qeyri hökumət təşkilatlarının həyata keçirdikləri layihələrə nəzər yetirmək maraqlıdır.

Ekologiya Proqnozlaşdırılması Milli Mərkəzinin rəhbəri Telman Zeynalov Norveçin «Akona» şirkəti ilə birgə Hövsan yolunda neftlə çirklənmiş ərazilərin təqribən 1,5 hektarında rekultivasiya işləri həyata keçirib. Bu zaman onlar Norveç dövlətindən 100 min dollar qrant alıblar. Telman Zeynalovun sözlərinə görə, bütün meliorasiya işlərindən sonra həmin əraziyə həm at otu, həm də ağaclar əkiblər:

«Bir hektar yarımın təmizlənməsinə hardasa 67 min dollar vəsait gedib. Onun da 30-35 faizi texnikanın icarəsinə sərf edilib».


Bu layihə daha ucuz qiymətə başa gəlsə də onun ətrafında da narazılıqlar yaranıb. Norveç dövləti sonra layihənin davamını maliyyələşdirməkdən imtina edib və əvvəlcədən nəzərdə tutulan daha 3 milyon dolların ayırılmasını dayandırıb.

Telman Zeynalov deyir ki, indi həmin ərazi yamyaşıl olsa da, ağaclar baxımsızlıq üzündən qurumağa başlayıb. Onlar layihə başa çatdıqdan sonra dəfələrlə dövlət qurumlarına müraciət etsə də, heç kim bu əraziyə sahib çıxmaq istəməyib:
Zabit Hüseynovun 25 il ev gözləyib yaşadığı yataqxana


«Nə Dövlət neft şirkəti yaxın durdu, nə də Ekologiya nazirliyi. Bir hektar yarım təmizlənmiş, ağac əkilmiş yerə heç kim sahib durmadı, baxımsız qaldı. Ora yol da çəkmişdik, hasar da hörmüşdük.Hətta rəssamlara 4 min dollar verib orada Norveç və Azərbaycan tarixinə aid nümunələr çəkdirmişdim».


NEFTÇİNİN ARZULARI

Qayıdaq yenə insan taleyinə. İnsan da cansız varlıq kimi bəzən sahibsiz qala bilər.

Hərçənd 25 ildir Badamdar qəsəbəsindəki 3 saylı yataxanada ömür keçirən neft ustası Zabit Hüseynov hələ də ev alacağına ümidini itirməyib. İçində dərin bir inam var ki, neftçilər bayramına - yəni sentyabrın 20-nə kimi bu hadisə baş verəcək.

Zabit Hüseynovun kiçik biriqadası, deməsinə görə, hər gün dövlətə 22 ton neft verir. 51 yaşlı usta gördüyü işlərdən və arzularından danışdıqca zarafatından da qalmır:

«Ondan, heç olmasa, gündə 5 litir də mənim cibimə axaydı. Cəmi 5 litr…»


Neft ustası Zabit Hüseynovun gündəlik əmək haqqı təqribən 12 manatdır. Gündə 12 manat qazanan ustanın belə xəyallara düşməsini ona bağışlamaq olar…

Araşdırmanın efir versiyasını buradan dinləyin:


XS
SM
MD
LG