Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:38

Seçki başlamamış təzyiq başlayıb


Hüseyn Abdullayev
Hüseyn Abdullayev
Sabiq deputat Hüseyn Abdullayev ona təzyiqlər olduğundan parlament seçkilərində namizədliyini irəli sürməyəcək. O, bunu sentyabrın 15-də jurnalistlərə müsahibəsində deyib. Amma sabiq deputat konkret kimlərin ona təzyiq etdiyini açıqlamayıb:

ÇİRKİN TƏZYİQLƏR…


«Bir neçə gün öncə keçən parlament seçkilərində qalib olduğum dairədən – 25 saylı Nizami İkinci Seçki Dairəsindən namizədliyimi irəli sürmək üçün rəsmən müraciət etdim. Bunun ardınca ən müxtəlif səviyyələrdən namizədliyimi geri götürməyim üçün mənə ciddi təzyiqlər başlandı. Təzyiqlər çox çirkin səviyyədədir, ona görə də yaranmış bu vəziyyət imkan vermir ki, seçicilərimin yanında olum».

Hüseyn Abdullayevə qarşı təzyiqin olması müsahibə verərkən keçirdiyi gərginlikdən də hiss olunurdu. AzadlıqRadiosunun əməkdaşı ilə yanaşı digər iki jurnalistə də müsahibə vermək üçün məkan olaraq öz evini seçmişdi. Müsahibə zamanı isə həm yaxınlarının, həm də özünün həyacan keçirdiyi, hətta əllərinin əsdiyi də göz qabağında idi. Sabiq millət vəkili sanki deyəcəyi sözün belə ona qarşı istifadə ediləcəyindən ehtiyatlanırdı.

GÖMRÜYÜN SEÇKİYƏ NƏ DƏXLİ VAR?


Eyni dairədən (25 saylı Nizami İkinci DSK) namizədliyini irəli sürən sahibkar Bədrəddin Quliyev də ona təzyiqlərin olduğunu bildirir. Sahibkar idda edir ki, avqustun 18-dən Sumqayıt Gömrük İdarəsində saxlanılan ona məxsus yeddi maşın yükün buraxılmaması birbaşa namizədliyini irəli sürməsi ilə bağlıdır.

Bədrəddin Quliyev iddia edir ki, ona açıq şəkildə deyilib ki, yük namizədliyini geri götürəcəyi halda buraxıla bilər. Buna baxmayaraq, o namizədliyini geri götürmək istəmir:

«Əvvəl tərəddüd elədim, bəlkə namizədliyimi verməyim, amma sonra gördüm mən geri çəkildikcə üstümə gəlirlər. Buna görə də sona qədər gedəcəm, geri çəkilməyəcəm».

Bədrəddin Quliyev
Sahibkar deyir ki, o seçkiyə müdaxiləyə görə, Gömrük İdarəsini məhkəməyə verməyə hazırlaşır.

Amma Sumqayıt Gömrük İdarəsindən sahibkarın iddailarına hər hansı münasibət bildirən olmadı.

YAP-çılara DA TƏZYİQLƏR VAR?


65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən namizədliyini verən və Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildirən Lazım Umudova qarşı təzyiqlər isə müstəqil şəkildə namizədliyini irəli sürməsilə bağlıdır. Hər halda o özü belə deyir. Lazım Umudov, AzadlıqRadiosuna bildirib ki, partiyanın vahid siyahısını gözləmədən namizədliyini verəndən sonra ona müxtəlif yerlərdən təzyiqlər başlayıb. Hətta YAP-ın Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev ona namizədliyini geri götürməyi təklif edib.

Lazım Umudov bu təkliflə razılaşmayıb. Dediyinə görə, bundan sonra təzyiqlər daha güclənib. Daşqınlardan ailələrinin və yaxın qohumlarının ciddi zərər çəkdiyini deyən Lazım Umudov bildirir ki, indi onu yeganə dolanışıq mənbəyi olan 15 hektar torpağı əlindən almaqla hədələyirlər:

«Ehtiyyat Fondundan 15 hektar torpaq var, ailəni dolandırıram, onu əlimdən almaq istəyirlər. Mən də deyirəm bütün təzyiqləri qoyun kənara, mənim vətəndaşlığımı da əlimdən ala bilməyəcəksiz ki…Torpaq əkib-becərmək, ailə dolandırmaq günahdırsa, cinayətdirsə buyurun alın».

Amma YAP-ın Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev Lazım Umudova onun tərəfindən təzyiqlər olunmasını təkzib edir. O həm də deyir ki, Lazım Umudov bu ilin mayından Yeni Azərbaycan Partiyasının üzvü deyil:

«Lazım Umudov YAP-ın üzvü deyil, o partiyadan xaric olunub, özü bilər. Bileti də təhvil verməyib, qoyub cibinə düşüb ora-bura, o partiyadan may-iyun aylarında nizamnamə qaydalarını pozduğuna görə xaric edilib. İndi nə iş görürsə, mən bir söz deyə bilmərəm».

«QARA SİYAHI»dan «AĞ SİYAHI»ya CƏHDLƏR…


Azər Rəşidoğlu
«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu bu təzyiqlərdən Hüseyn Abdullayevə qarşı baş verənləri başadüşülən sayır. Onun sözlərinə görə, H.Abdullayev vaxtilə mitinqlərin dağıdılmasında hakimiyyətə sadiq bir adam olub və hakimiyyət də onun bu xidmətlərini qiymətləndirib. Sadəcə hakimiyətin oyun qaydalarını pozduğuna görə «qara siyahı»ya düşüb:

«Bu hakimiyyətin də elə bir xüsusiyyəti var ki, «qara siyahı»ya düşmüş oliqarxların yenidən «ağ siyahı»ya düşməsi yolverilməzdir. Ötən parlament seçkilərində vaxtilə hakimiyyətin əsas ruporlarından olan Rza İbadov da namizədliyini irəli sürmüşdü və son nəticədə onun da aqibəti bəlli oldu».

Azər Rəşidoğluna görə, əgər hakimiyyət dırnaq arasında «humanism» göstərib Hüseyn Abdullayevi həbsdən buraxıbsa və bütün bunlardan sonra o razılaşdırılmamış qaydada öz namizədliyini irəli sürüb deputat olmaq istəyirsə, bu, hakimiyyət üçün arzuolunmaz bir məsələdir. Ekspert hesab edir ki, onun bu addımı həm də hakimiyyətə meydan oxumaq kimi də yozula bilər.

Namizədliyini irəli sürən sahibkara edilən təzyiqlərə gəldikdə, Azər Rəşidoğlu burda iki səbəb görür. Deyir birincisi, hakimiyyət istəmir ki, parlamentin hamısı oliqarxlardan ibarət olsun, ikincisi isə ola bilər ki, bəzi şəxslər öz namizədlikləri ətrafında hay-küy salmaq istəyirlər:

«Əlbəttə ki, böyük bir partiyanın rəhbəri deyillər, mətbuata açıq çıxışları yoxdur və bu baxımdan da öz namizədlikləri ətrafında ajiotaj yaratmaq istəyirlər».

Qaldı ki YAP üzvünə olan təzyiqlərə, şərhçi deyir ki, hakim partiyada kiminsə partiyadan kənar addım atması yolverilməzdir:

«Nəzərə alsaq ki, olkədə avtoritar rejim hökm sürür və YAP-da hakim partiya olduğu üçün bu qurumun daxilində demokratiyanın olması qeyri-mümkündür».

MSK MÜDAFİƏYƏ HAZIRDIR

Azər Sarıyev
Mərkəzi Seçki Komissiyasında (MSK) isə hesab edirlər ki, kiməsə partiyanın vahid siyahısından kənar namizədliyini irəli sürdüyünə görə irad tutulursa və ya namizədliyini geri götürmək təklif olunursa, bu, həmin partiyanın öz daxili işidir.

Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyevə görə, qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq namizədliyini irəli sürdüyünə görə vətəndaşa təzyiqlər yolverilməzdir:

«Təbii ki, bizim seçki orqanları, DSK və MSK həmin şəxslərin hüquqlarını qanun çərçivəsində həmişə müdafiə etməyə hazırdır».
XS
SM
MD
LG