Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Qaranlıq üfüqlər və “Yad dildə”


Tənqidçi Nərmin Kamal bu məqaləsi ilə yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Hər bir tənqidçinin öz baxış prizması, öz dünyası, öz ironiyası var. Pis olan da elə budur.

Çünki bu o deməkdir ki, hər hansı bədii əsər haqda tənqidi məqalə oxuyursansa, bu məqalənin yalnız müəyyən faizi həmin əsər haqqındadır, onun çözülməsidir.

Qalan faizi isə tənqidçinin özü və öz hazırlığıdır ki, buna da “məqalənin hələ yazılmamışdan yazılmış hissəsi” adını qoya bilərik.

Aydın görünür ki, bu hissələri yazarkən Pərviz dünya romançılığının son dəbləri haqda qayğı keçirməyib, onun yeganə narahatlığı öz ölkəsindəki insanları silkələmək, öz şiələrinin düşüncələrinə təsir edəcək şəkildə danışmaq, öz xalqının həyatına xitab etmək olub.

Pərvizin romanı him-cim eləmir, ezop dilində deyil. Burada antiutopiyanın sahibi olan rejimin qorxunc olmasının əlamətləri sadalanır və bu əlamətlər tanış gəlir. Romanı mənim üçün dəyərli edən budur.
Bu mənada hər bir tənqidi məqalədə (yazıçının əsərində olduğu kimi) iki dənizin suyu bir-birinə qarışmış olur: müəllifin özü, öz bioqrafiyası, psixologiyası, nəzəri hazırlığının zəif, güclü cəhətləri və bir də tədqiq etdiyi obyekt.

Odur ki, əsər haqqındakı yazılarla əsərin özü arasında böyük fərqlər ola bilər.

Bizim fəlsəfə fakültəsini yüzlərlə məzun bitirdi ki, bir dəfə də filosofların orijinal əsərlərini oxumadılar, həmişə o əsərlər haqqında yazılmış əsərləri oxudular; birinci abzasda dediyimiz mexanizmlə işləyən tənqidçi və təhlilçi kitablarının meşəsində ilişib azdılar, Fəlsəfə talasına çata bilmədilər.

Başqasının düşündüyü kimi düşünmək daha rahat başa gəldiyi üçün birinci mənbəni ikinci mənbəylə əvəzləməyi vərdişə çevirənlər var.

Ona görə də bu məqaləni “Yad dildə” romanını məhz oxumuş, fəqət bəyənməmiş oxucular arasında test keçirməklə başlayıram.

Test sadədir, belə ki, aşağıdakı iki tezislə razısınızsa, onlara “hə, razıyam” cavabı verin, razı deyilsinizsə “yox”.

- keyfiyyətli, müasir bir romanda çox mənfi və çox müsbət qəhrəmanlar olmamalıdır, yazıçı insanları pis adamlara, Şərə və yaxşı adamlara, Xeyirə bölməməlidir, yazıçı tərəflərdən birinə pərəstişi, digərinə nifrəti təbliğ etməməlidir, yazıçı tərəfsiz olmalıdır. “Yad dildə” romanı isə bu tələbimizə cavab vermir.

- “Yad dildə” romanında, səhifə 236-da oxuyuruq ki, günümüzdə İçərişəhərdə hakimiyyətə asi gənclərin üsyanı gedir, onlar dəstə-dəstə polisə hücuma keçirlər, xarici səfirliklərin nümayəndələri durub çaş-baş baxırlar, lakin baxırıq real İçərişəhərə, görürük, orada heç bir üsyanın izi-tozu yoxdur, camaat “morojna” yeyir. Lap tutalım, oktyabr hadisələrinin bədii inikasıdır. Yenə də Pərviz çox ideallaşdırıb vəziyyəti, çox virtualdır hadisələr, müəllif fantastika dərəcəsində öz aləmindədir, yəqin ona görə ki, müəllifin psixologiyası içədönükdür, özünün ədalətli saydığı siyasi baxışlarının eyforiyası içindədir.

Hər ikisinə “hə” dedinizsə, siz “Yad dildə” romanını deyil, əslində ümumən antiutopiya-roman janrını bəyənmirsiniz.

Antiutopiya (bədii ədəbiyyatda sözün dar mənasında totalitar dövləti, sözün geniş mənasında inkişafın neqativ tendensiyaları üstünlük təşkil edən istənilən cəmiyyəti təsvir edən istiqamət) haqqında Qərb ədəbiyyatşünaslarının yazdığı “Qaranlıq üfüqlər” adlı bu kitabda səh. 29-da deyilir:

Antiutopiya üçün aşağıdakı cəhətlər səciyyəvidir:

1) Bədii əsərdə təxəyyüllə qurulan cəmiyyətə müəllif müasiri olan cəmiyyətdə əsas qəbul etmədiyi cəhətləri proeksiya edir.

2) Antiutopik cəmiyyət təcrid edilmiş təsvir olunur.

3) Antiutopik cəmiyyətə xas olan neqativ cizgilər elə təsvir olunur ki, dəhşət hissiyyatı yaransın.

Anarın “Nisbilik nəzəriyyəsi” adlı sevdiyim bir hekayəsi var, ailədə hansı münaqişədən söhbət gedirsə, müəllif deyir: o da haqlı idi, bu da.

Fəqət Antiutopiya janrında müəllifin lap başlanğıcdan bitərəf durmaq, hərənin öz həqiqətində haqlı olması kimi bir fəlsəfəylə yanaşmaq niyyəti olmur.

Antiutopiya romanın şah nümunələri sayılan romanlarda da yuxarıdakı - testimizdəki iki əlamət mövcuddur. Məsələn, Ray Bradbury-nin “Farengeyt 451” romanında ABŞ kitabları yandıran bir dövlət kimi təsvir olunur; kitab oxumaq, hətta evdə kitab saxlamaq cinayət sayılır, romanın qəhrəmanı Montag faydalı iş gördüyünə əminliklə kitabları yandırır.

“Yad dildə” romanında hakimiyyət azadlıq rəmzi olan suyun qənimi olduğu kimi, orada da hakimiyyət tənqidi düşüncənin rəmzi olan kitabın qənimidir.

Lakin Montag bir qadınla tanışlıqdan sonra kitabları yandıran tiran dövlətdən üz çevirir, universitet müəllimlərinin yaratdığı gizli üsyankar dəstəyə qoşulur, o dəstə ki, gələcək nəsllər üçün kitabları saxlamaqdan ötrü onları gizli bir yerdə oxuyub əzbərləyirlər.

Yaxud hamının ya oxuduğu, ya filmini gördüyü George Orwellin “1984” romanında dəhşətli totalitar sistem var, bütün qüvvələr Böyük Qardaşın əlindədir, bütün vətəndaşları evlərində qurulmuş teleekrandan izləyirlər, vətəndaşlara bunları əzbərlədirlər: “Müharibə - sülhdür. Azadlıq – köləlikdir. Bilməmək – gücdür”...

Yaxud da Thomas Pynchonun antiutopiya janrında 1990-cı ildə çıxmış “Vineland” romanı; orada da ideal üsyan hazırlanır, orada da “Yad dildə”nin İçərişəhəri kimi qapalı məkan var, orada da yazıçı tərəfsiz durmur, nəyəsə yarayacağına inandığı şəkildə cəmiyyətin siyasi eybəcərliklərini, seçkiqabağı repressiyaları ağa və qaraya bölərək qəhrəmanları vasitəsilə münasibət bildirir.

Beləliklə, “Yad dildə”ni bir tərəfi çox qaranlıq, bir tərəfi xeyir göstərməkdə ittiham etmək düzgün deyil, çünki bunlar antiutopik romanların ortaq xüsusiyyəti, gərəkçələri, Gordon Browningin məqaləsinin adında deyildiyi kimi, standartlarıdır: Browning W. G. “Toward a Set of Standards for Antiutopian Fiction”.

Bədii strukturuna görə ən müxtəlif antiutopik romanlarda tipoloji paralellərin mövcudluğu cəmiyyətin inkişafındakı bənzər neqativ tendensiyalardan qaynaqlanır.

XX əsrin əvvəlində yaranmış antiutopiya roman janrının Qərb ölkələrində güclü təsir qüvvəsi var.

Bu romanlar hakim rejimlərin getdiyi yolun yanlışlığına diqqət cəlb etmək üçün çox tünd mənzərələr cızırlar. Antiutopik əsərlər cəmiyyətin qaranlıq gələcəyindən narahatlıq keçirən yazıçıların vicdanı, ictimai xəbərdarlıq siqnalıdır.

Bəzən hakimiyyətin özünü, bəzən xalqı oyatmaq məqsədi güdür.

İki gənc yazarın müsahibəsində oxudum ki, onlar da antiutopiya janrında romanlarını tamamlamaq üzrədirlər; yazıçılarımız arasında antiutopiya roman janrı populyarlaşır.

Antiutopiya romanlardakı tünd mənzərələrin bir küncündə həmişə bir qrup gizli üsyankar təsvir olunur; buna avantüra məqsədli priyom kimi də baxmaq olar.
Yəni bununla yazıçı insanlara “baxın qurtulmaq, dəyişdirmək istəyən bu adamlara, bəlkə siz də ayılasınız, bəlkə onlar kimi edəsiniz?” – mesajı verir. “Yad dildə”nin “rektor əl uzadıb görüşmək istədi, Beyrək əlini almadı” (s.241) cümləsində də belə bir mesaj var.

Lakin bütövlükdə “Yad dildə” romanındakı asi gənclər avantüra priyomu deyil, bu bir qrup gənc reallıqdan götürülüb, onların əliyalınlığı, sadəlövhlüyü, siyasi taktikalarının olmaması, inqilabi romantizmi, güclərinin sözdən başqa heç nəyə çatmamasını təsvir etməklə olsun ki, Pərviz onların ptototipləri olan silahdaşlarına yazıçı güzgüsü tutur.

Axı Azərbaycanda asilər gerilla deyillər...

“Yad dildə”nin başlıca semiotikası hadisələrin İçərişəhərdə baş verməsidir, bu, qapalı cəmiyyət deməkdir, gənc üsyançılar bu ən qapalı labirintdə yer üzünün ən açıq alanına – İnternetə sığınırlar.

Qalan semiotik obrazları isə yazıçı sanki dərhal anlaşılmaq üçün çox səthdə qoyub:

çəpərin o üzündə qalan azadlıq rəmzi dəfnə ağacı (s.9), “postmodern üslubda təmir”, burun-buruna dayanan üç dəstə (s.237), çaşıb qalmış Selcanın üzünə biri Allahın, biri Avropanın evi olmaqla hər iki ümid yerinin darvazalarının bağlı olması (s.295), Yalancığın, Dəli Domrulun, Alp Ərənin – bu üç duyğusal asinin yürüşə məhz Sınıq Qala adlı küçədən çıxmaqları (s.233) və s.

Burada su da təkcə azadlıq rəmzi deyil, həm də şiələrin lənətlədiyi Yezidin əsrlər öncə məhz suyu kəsməsinə görə qazandığı ümummilli nifrətə göndərmədir. Axı şiələr indiki su kəsilməsini deyil, o su kəsilməsini lənətləyirlər...

Buradakı Xunta bizə məlum olan hakimiyyətin prototipi olduğuna görə, onun necə deyərlər, nə mal olduğunu a priori anlayırıq. Bunu başqa avtoritar ölkələrdə yaşayan oxucular da sırf prototip olduğundan anlayardılar.

Görünür, yazıçı elə buna güvənərək, Polkovnikin təmsil etdiyi avtoritar rejimi ətraflı və birbaşa təsvir, təhlil etmir, üsyankarlar vasitəsilə, ayrı-ayrı insanların başına gətirilən faciələrlə adda-budda (hakimiyyət pisdir, çünki suyu kəsib, çünki insanları qapalı cəmiyyətə təhkim edib, doğulan körpəni dəyişdirir, ata ilə qızı üzbəüz qoyur, insanların şəxsi münasibətlərini yuxarıdan tənzimləyir...) göstərir.

Qara hakimiyyətin tam mənzərəsi görünmür, yalnız onun əlləri qaranlıqda gah orda, gah burda təqib olunanların çiyinlərində (səh.205-də, kimsəsiz universitet auditoriyasında atasını gözləyən qıza yaxınlaşan addımlar, pəncərənin dəstəyindəki əlinin üstünə yapışıb onu sıxan, boşalan, yenidən sıxan üzü görünməyən əl kimi) görünür.

Xunta – bu kitabda sadəcə reprezentdir, necə ki, azərbaycanlıya “qərənfil” deyəndə başqa xalqlardan fərqli olaraq, bu söz onun üçün şəhidlərin, nümayişlərin, faciələrin söz-reprezenti kimi qavranılır, bu söz də eləcə.

Müəllif yaşadığımız cəmiyyətin qürubu haqqında siqnalları dialoqlar şəklində təqdim edir.

Bu dialoqlarda çoxlu həqiqətlər var (kitabın sonlarına doğru dindarlarla bağlı monoloqlar, dialoqlar). H.Cavid, C.Məmmədquluzadə də bu xalqın sosial diaqnozlarını əsərlərinin içində monoloqlar və dialoqlar şəklində yazıblar.

Bu üsul bizim oxucuya tanışdır, geniş xalq kütlələri bu üsulla özlərini ədəbiyyatda görməyə alışıblar.

Günümüzün romançılığında küçənin ortasında bu cür taleyüklü dialoqlar aparan beyrəklər nə qədər pafoslu, dəbdən düşmüş görünsələr də, (bu romana görə, heç bir otaqda, idarədə, universitetdə aparılmasına icazə verilməyən belə müzakirələr məhz küçədə - açıq havada baş tutur.

Axı milli zurna yeganə alətdir ki, açıq havada çalınmalıdır, yoxsa səsi şüşələri sındıra, dağıda bilər) belə monoloqlar və dialoqlar Azərbaycanın milli vicdan ədəbiyyatının ənənəvi özünəməxsusluğudur.

Aydın görünür ki, bu hissələri yazarkən Pərviz dünya romançılığının son dəbləri haqda qayğı keçirməyib, onun yeganə narahatlığı öz ölkəsindəki insanları silkələmək, öz şiələrinin düşüncələrinə təsir edəcək şəkildə danışmaq, öz xalqının həyatına xitab etmək olub.

Mövlanə Cəlaləddin Ruminin bir beytini cümləyə çevirsəm, deyir: şeir nədi ki, biz şeir yazaq, biz şeiri şeirə görə yazmırıq; biz şeiri fikirlərimizi, fəlsəfəmizi anlatmaq üçün yazırıq.

Zəncir vuran məmmədlər, hüseynəlilər bu dialoq və monoloqları oxuyub orada öz faciələrini görürlərsə, Pərviz məqsədinə çatmışdır.

“Yad dildə”nin bədii təsvirlərinə gəlincə, hər şey meyar seçməkdən asılıdır.

Elə ölçü seçmək olar ki, bu bədiiyyatı göylərə qaldırmaq, elə ölçü seçmək olar ki, ona əsasən yerə vurmaq olar. 302-ci səhifədə bitən bir fəsildən 303-cü səhifədə başlayan növbəti fəslə keçiddə mənim fikrimcə, xoşagələn bədii üzvilik var.

Pərviz Cəbrayıl
Donmuş Selcan ona yaxşılıq etmiş adamı təkadamlıq çarpayıda “arxadan qucaqlayıb ayaqlarını ayaqlarına doladı” təsviri ilə fəsil bitir. Növbəti fəsil başqa bir adamın - rəssam Hüseynin “ayaqlarını qarnına yığıb yerinin içində büzüşməsi” ilə başlayır.

Lakin fikrini soruşduğum digərləri ayaqların bu keçidində özəllik görmürlər.

Onların bu kitabda bəyəndiyi digər bir bədii təsvir isə mənə maraqsız gəlir. Yaxud mən əsəri oxuyub bitirəndən sonra İçərişəhərdə gəzərkən buranın harasındasa Asi-klub olmasını düşündüm, buna ürəkdən inandığımı gördüm.

Yanımdakı adamda isə belə bir təəssürat qətiyyən yaranmamışdı.

Məşhur cümlədə deyildiyi kimi, əsərin taleyi təkcə yazıçıdan deyil, oxucudan da asılıdır. Bu əsərdən çıxan ideya(lar) konkret, birmənalıdır, bədii təsvirlərin gücü isə zövqə görə dəyişəndir.

Mənə keyfiyyətli görünən və görünməyən bədii təsvirlər var, lakin mənim bəyənmədiyim təsvirləri bir başqa oxucu səmimi qəlbdən bəyənir.

Bunlar “Yad dildə” ilə oxucu arasında səhifədən səhifəyə, adamdan adama dəyişən intim razılıqlar və narazılıqlardır.

Tutalım, “Yad dildə”nin 211-ci səhifəsində “Banunun gözləri kəlləsinə çıxdı” cümləsinin altından xətt çəkmişəm, xoşlamamışam, bu ifadəni daha əvvəl kübar, zərif qız obrazı yaradılmış Banu haqda oxumaq sanki adamı diksindirir.

Lakin bu o qədər fərdi diksinmədir ki, tanışım olan başqa bir həssas oxucu mənimlə razılaşmır: “Bu, sadəcə məcazdır, onu vur-tut “çox təəccübləndi” şəklində anlamalıydın, nədən üstəlik Banunun kəllə sümüyünü də təsəvvür etdin ki?!” Yaxud neçə gənc yazıçı həmkarım “Yad dildə”ni Çe ilə Selcanın chat söhbətlərinə qədər oxuya bildiklərini söyləyirlər.

Deyirlər ki, bu söhbətlər çox bayağı olduğuna görə, daha dalını gedə bilmədik. Amma məgər həyatda “mail.ru-agent” çatında söhbət edənlər belə danışmırmı, adətən azərbaycanlı sevgililərin ilk söhbətləri necə olur, - ədəbiyyat həyatın güzgüsü deyilmi, yazar “bayağılıq – yorğun həqiqətdir” fikrilə bunu qəsdən etmiş ola bilməzmi?!

Belə nisbi olduğu üçün də bədii məziyyətlər haqda mənfi və ya müsbət qiymət verməyimiz birtərəfli yanaşmadan ortaya çıxan qəbahət olardı.

Hətta filosoflar var ki, ədəbiyyatda çox bədiiyyat olmasının əleyhinədirlər.

Yazıçı bir şeyi kolun arxasında gizlədib, sonra həmin yerdəcə gəzişərək, oxucunu həyəcanlandırmağa çalışaraq, dolanbac bədii təsvirlərlə o şeyi axtarırsa və tapırsa, onun bu axtarışında və tapıntısında tərifləməli bir şey yoxdur.

Onlar, nəticə etibarilə, bədii təsvirlərin nəyə, hansı ideyaya xidmət etməsini daha vacib sayırlar.

Sovet dağılanda yazıçılarda bir gərginlik vardı. Bəziləri deyirdilər ki, biz o vaxt açıq etiraz edə bilmirdik, rəmzlərlə etiraz edirdik.

Məsələn, qurumuş ağac deyəndə əslində çürüməkdə olan sovet hakimiyyətinə işarə edirdik. Sonralar gənc yazarlar belə bəraətqazandırma təlaşlarını lağa qoydular.

Ona qalsa, Keçi şeirindən ilahi mənalar çıxarmaq olar (S.Baycan).

Pərvizin romanı him-cim eləmir, ezop dilində deyil. Burada antiutopiyanın sahibi olan rejimin qorxunc olmasının əlamətləri sadalanır və bu əlamətlər tanış gəlir. Romanı mənim üçün dəyərli edən budur.

***

Yaxşı və yaşlı bir qohumum var, bu kişi indicə məndən şirin Bakı ləhcəsilə soruşdu:

- Bayaqdan içinə baxıb yazı yazırsan, bu kitab nə barədədi?

Cavab verirəm ki, Azərbaycandakı vəziyyət barədə.

O, deyir:

- Azərbaycandakı vəziyyət deyəndə ki, pulu olan adamdan qaçmaq lazımdı; gördün ki, kiminsə pulu var, ondan uzaqlaş. Çünki o pulla sənin dirini də, ölünü də satın ala bilər bu gün Azərbaycanda.

- Hə. Bu kitab da elə onun haqqındadı.

Həmçinin oxu
Cavanşir Yusifli. Pərvizin “Yad Dildə” romanı niyə bəsitdir?
Tehran Əlişanoğlu. “Yad dildə”ni doğma dilə çevirərkən
Kənan Hacı. "Yad dildə" gəzişmələr
Əsəd Cahangir. “Yad dildə” stolüstü yox, stulüstü roman ola bilər”
Elnarə Tofiqqızı. Yad dildə Ədəbi Hadisə
PƏRVİZ "Yad dildə" (Romandan parça)
XS
SM
MD
LG