Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:40

Əli Əhmədov: «İsa Qəmbər heç yana gedən deyil»


Əli Əhmədovun mətbuat konfransı - 13 oktyabr 2010
Əli Əhmədovun mətbuat konfransı - 13 oktyabr 2010
“Bunu yoxlamaq üçün istənilən komissiyanın yaradılmasına mən hazıram. YAP-ın namizədlərinin qeydə alınması üçün imzaların toplanmasında ən kiçik qanun pozuntusuna belə yol verilməyib. Burada hər hansı adminstrativ resurslardan istifadə olunmasından söhbət belə gedə bilməz. O ki qaldi İsa Qəmbərin bu yoxlamalardan sonra istefa vermək barədə bəyanatına, o bu 16-17 il ərzində çox bəyanatlar verib. Bir vaxt münəccimlik, öncəgörümlük edirdi. Hər 6 aydan bir deyirdi ki, biz gəlirik. Bu 6 aylar çox getdi. İndi də getmək haqda bəyanatlar verir. Heç yerə də gedən deyil. Bu onun növbəti bleflərindən biridir və bunu Azərbaycanda artıq bilməyən yoxdur. Azərbaycan vətəndaşları bu sözlərə tamamilə biganə yanaşır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədov oktyabrın 13-də keçirdiyi mətbuat konfransında AzadlıqRadiosunun sualını cavablandırarkən deyib.

Bir gün əvvəl Müsavat başqanı İsa Qəmbər demişdi ki, müxalifətin namizədlərinin yarısından çoxu qeydə alınmadığı halda YAP-ın 113 namizədi qeydə alınıb:

“Yoxlama aparılsın, əgər həmin 113 namizədin 13-nün sənədi qaydasında olsa, mən siyasətdən gedərəm”.

“HÜQUQİ BAZA VƏ ZƏRURİ ŞƏRAİT VAR”

Ə.Əhmədov deyir ki, seçkilərin ədalətli, demokratik keçirilməsi üçün hüquqi baza və zəruri şərait var:

“Seçkilərdə çoxsaylı partiyaların iştirak etmək istəyi və kampaniyaya qatılmaları bunun sübutudur. YAP parlament seçkilərində həmişəki ənənələrinə uyğun olaraq iştirak edir. Partiya birinci mərhələni uğurla başa çatdırıb. Kiçik istisnalarla namizədlərin hamısı qeydə alınıb. Müttəfiq partiyaların və hörmətimiz olan nüfuzlu ziyalıların olduğu dairələrdən YAP namizəd irəli sürməyib, onları dəstəkləmək xətti tutub. Partiyanın irəli sürdüyü 114 nəfərdən 112-si qeydə alınıb”.

61-dən çox dairədə namizədi qeydə alındığına görə YAP parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb. Əli Əhmədov deyib ki, seçkidə qələbəni təmin edən şərtlərdən biri də şanslı namizədlərin irəli sürülməsidir və onlar YAP olaraq şəxsi keyfiyyətə və nüfuza malik olan insanların namizədliyini irəli sürüblər:

“YAP-ın namizədləri cəmiyyətin böyük hörmət bəslədiyi, ölkənin inkişafına töhfə verən şəxslərdir. Bunların 48-i hazırda Milli Məclisdə partiyanı təmsil edir. 5-i Milli Elmlər Akademiyasının üzvü, 3-ü isə müxbir üzvüdür. 10 nəfər ali məktəb rektorudur, təxminən 20-si elmlər doktoru və professordur. Namizədlərin 24 nəfəri qadındır”.

“MÜXALİFƏT NAMİZƏDLƏRİ ÖZÜNƏ İŞ TAPA BİLMƏYƏN ADAMLARDIR”

Əli Əhmədov deyir ki, belə nüfuzlu namizədlərin qarşısına müxalifətin böyük əksəriyyəti işsiz olan adamları rəqib kimi çıxarması məntiqsizdir. O deyir ki, müxalifət namizədlərinin yarıdan çoxu hətta 10-15 ildir orta məktəblərdə belə özünə iş tapa bilməyən adamlardır:

“Öz hüquqlarını müdafiə edib özünə iş tapa bilməyən adam 40 min nəfərin hüququnu necə müdafiə edə bilər. Əksəriyyəti cəmiyyət tərəfindən tanınmayan adamlar YAP-a necə rəqib olub mübarizə aparacaqlar”.

Əli Əhmədov hesab edir ki, müxalifət namizədlərinin əksəriyyəti deputat seçilməklə özlərinin işsizlik problemlərini həll etmək istəyirlər: “Ancaq bu yolla işsizlik problemini həll etmək seçimi ağıllı yol deyil”.

Ə.Əhmədov mətbuat işçilərinə hörməti olduğunu bildirməklə yanaşı müxalifətdən jurnalistlərin namizədliyini irəli sürməsini bir o qədər məqbul saymır.

Əli Əhmədov: “Onlar nəyə etiraz edirlər?
YAP icra katibi deyir ki, rəqib və opponentlərin onları hədəfi seçməsini də məntiqli strategiya hesab etmir. Onun sözlərinə görə, əslində, seçkidə iştirak edənin hədəfi rəqiblər yox, seçicilər olmalıdır.

“YAP-IN HƏR 10 ÜZVÜNDƏN BİRİNİN İMZA VERMƏSİ KİFAYƏT İDİ Kİ...”

YAP-ın seçki strategiyası və texnologiyasından danışan Ə.Əhmədov qeyd edir ki, partiyanın hər namizədinə imza toplamaq üçün 10 nəfər köməkçi verilib:

“Onların hərəsi ümumən lazım olan 450 imzanın cəmi 50-ni toplamalı idi. Bu isə hər köməkçi üçün bir neçə saatın işidir. Bütövlükdə YAP namizədləri üçün 1250 nəfər imza toplayıb. Ümumilikdə namizədlərə 50-55 min imza lazım idi. Bunun üçün YAP-ın hər 10 üzvündən birinin imza verməsi kifayət idi ki, hamı imza toplayıb qeydiyyata alınsın”.

“ONLAR NƏYƏ ETİRAZ EDİRLƏR?

YAP icra katibi Əli Əhmədov “AXCP-Müsavat” seçki blokunun nəyə etiraz etdiyini anlamadığını deyir:

“Onlar nəyə etiraz edirlər? YAP üzvünün çoxluğuna, ya partiyanın təşkilatçılıq bacarığına? “AXCP-Müsavat” siyasi etikaya uyğun gəlməyən böhtan, qarayaxma kampaniyası yolunu seçiblər, ancaq bu onlara uğur gətirməyəcək”.

YAP üzvlərinin bütövlükdə müxalifətin ümumi üzvlərinin sayından ən azı 10 dəfə çox olduğunu deyən Əli Əhmədov, müxalifətin imza vərəqələrini seçki komissiyalarına sonuncu gün təhvil verməsini də təsadüfi saymır və düşünür ki, onlar bununla nöqsanların aradan qaldırılmasına vaxt saxlamayaraq təxribat törətmək istəyirlər.

Müxalifət təmsilçiləri icra strukturlarının YAP namizədləri üçün xüsusi şərait, müxalifətçilərə isə problemlər yaratdığını deyir. İmzatoplama prosesindəki pozuntular, müxalifətçilərə imza verənlərə təzyiqlər barədə AzadlıqRadiosu xəbər verib.

YAP icra katibi deyir ki, oktyabrın 15-dən təşviqat kampaniyası başlayır: “Partiya bu işi ev-ev, ailə-ailə, məhəllə-məhəllə həyata keçirməyi planlaşdırır”.

O, təşviqat işində müxtəlif texnologiyalardan, bu işdə namizədlərin səlahiyyətli nümayəndələrinin əməyindən geniş istifadə ediləcəyini deyir.

“RƏQİB OLMAYANDA DİALOQ DA OLMUR”

Digər partiyalardan efir vaxtı hüququ qazanan olmasa YAP da efir vaxtından istifadə hüququndan yararlanmayacaq. Bunu da Əli Əhmədov deyir. O hesab edir ki, əks təqdirdə bu, özü-özü ilə dialoq olar ki, buna da ehtiyac yoxdur:

“Digər partiyalar isə hələlik bu hüququ qazanmayıblar. Pulsuz efir dialoqun aparılması üçün nəzərdə tutulub. Rəqib olmayanda dialoq da olmur. Arzulayardıq ki, rəqibimiz olsun və onlarla dialoq aparaq. Lakin bu, bizim arzu ilə həll olunmur, son qərarı seçki komissiyaları verməlidir”.

Əli Əhmədov YAP-ın lazım gələrsə mitinqlər keçirəcəyini istisna etməsə də, əsas üstünlüyü seçicilərlə işləməyə verməyi məqsədəuyğun sayır.

O hesab edir ki, hətta ən böyük mitinqdə iştirak edənlər seçicilərin çox cüzi hissəsini təşkil edir. Buna görə də seçicilərlə ayrılıqda işləməyə üstünlük verirlər.

Əli Əhmədov deyir ki, namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş 3 nəfər YAP-ın sıralarından xaric edilib. Bununla partiya onların seçkidə iştirak etmək hüququnu tanıyıb və prosesə müstəqil qatılmalarına şərait yaradılıb.

“SAĞ OLSUN ƏLİ ƏHMƏDOV Kİ, BUNU ETİRAF EDİR”

İsa Qəmbər: “Sağ olsun Əli Əhmədov ki, bunu etiraf edir”
Müsavat başqanı İsa Qəmbərin fikrincə isə, əslində Əli Əhmədov müxalifət namizədlərinin işsiz olduğunu bildirməklə iqtidarı ifşa edib. Çünki hakimiyyət neçə illərdir ki, müxalifətdə olanların işləməsinə imkan vermir:

“Biz hər zaman demişik ki, Azərbaycanda YAP-ın, Əliyevlərin hakimiyyəti dövründə siyasi mənsubiyyətinə görə təqiblər, təzyiqlər bütün sahələri əhatə edir, insanların işləməsinə imkan verilmir. Sağ olsun Əli Əhmədov ki, bunu etiraf edir. Hazırda Müsavat Partiyasında yüzlərlə savadlı elm xadimləri, professorlar, mütəxəssislər var ki, iş tapa bilmirlər. Bu, müxalifətin zəifliyi yox, hakimiyyətin üzünün qaralığı deməkdir”.

İsa Qəmbərə görə, müxalifətin YAP-a qarşı qara piarla məşğul olmasına ehtiyac yoxdur. Çünki bu partiya indiyə qədər öz siyasəti, onun üzvləri isə bəyanatları ilə özlərini kifayət qədər nüfuzdan və hörmətdən salıblar:

“YAP o qədər nüfuzdan, hörmətdən düşmüş partiyadır ki, onun haqqında danışmağa bizim ehtiyacımız yoxdur”.
XS
SM
MD
LG