Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

11 Mart xəbərlərini burda izləyin [Dəqiqəbədəqiqə yenilənir]


11 martın ilkin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00
Direct-ə keçid

28 May metrosu yaxınlığında polis gəncləri saxlayır

JURNALİST AZAD EDİLİB

«Bizim yol» qəzetinin əməkdaşı Əfqan Muxtarlı azad edilib. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, polis əməkdaşları onun jurnalist olduğunu bilsələr də, maşına aparıblar:

«Məni maşında saxlayırdılar. Sonra kimsə zəng elədi, məni buraxdılar».

HÜQUQ MÜDAFİƏÇİLƏRİ SAXLANANLARLA GÖRÜŞÜB


Hüquq müdafiəçiləri Novella Cəfərova, Səidə Qocamanlı, Əvəz Həsənov, Səadət Bənənyarlı Nərimanov rayon Polis İdarəsinin 18 saylı polis bölməsində saxlanan 6 gənc fəalla görüşüb.

Bu barədə AzadlıqRadiosuna Əvəz Həsənov məlumat verib.

Əvəz Həsənov deyir ki, onlara gənclərin nə vaxt buraxılacağı ilə bağlı konkret məlumat verilməyib.

Hazırda hüquq müdafiəçiləri Xətai rayon Polis İdarəsinin 37 saylı polis bölməsində saxlanan 12 nəfərlə görüşürlər.

Bu arada saxlanılanlardan biri – Turqut Qəmbər sərbəst buraxılıb.

NƏSİMİ RAYON POLİS İDARƏSİNİN RƏİSİ: «10 NƏFƏR SAXLANILIB»


«Bakıda metronun «28 May» stansiyasının yaxınlığında, Cəfər Cabbarlı meydanında bəzi şəxslər razılaşdırılmamış aksiya keçirməyə cəhd ediblər. Lakin bu cəhdin qarşısı alınıb, lazımi tədbirlər görülüb».

Bunu jurnalistlərə açıqlamasında Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov deyib.

M. Mikayılov bildirib ki, aksiya iştirakçılarından 10-u saxlanılıb.

Saxlanılanlar arasında Müsavat, AXCP, ADP üzvü olan gənclər, o cümlədən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də var. /APA/

POLİS RƏİSİNDƏN ŞƏRT


Şəhərin mərkəzində, əsasən də Nizami küçəsində keçirilən aksiyada saxlananlar var.

Amma onların sayı haqda dəqiq məlumat yoxdur.

Səbail rayon Polis İdarəsinin rəisi Kamal Vəlişov aksiya iştirakçıları qarşısında şərt qoyub:

«Aksiyanı dayandırın, saxlananlar buraxılsın».

Amma gənclər aksiyanı davam etdirirlər.

5 AXCP-çi SAXLANIB

AXCP Gənclər komitəsinin 5 üzvü - Bəyim Həsənli, Elturan Rüstəmli, Aygün Pəncəliyeva, Məmməd İbrahim, Elnur Şükürlü də saxlanıb.

Bu barədə AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. Gənclər Bakı Dövlət Universitetinin qarşısında aksiya keçirərkən mülki və polislər tərəfindən saxlanıb.

NİZAMİ KÜÇƏSİNDƏ İSTEFA TƏLƏBLƏRİ


Gənclər Bakının Nizami küçəsində etiraz aksiyası keçiriblər. Onlar «MakDonalds» restoranının qarşısından başlayaraq Milli Bankın keçmiş binasına kimi «Azadlıq!», «İstefa!» şüarları səsləndiriblər. Polis aksiya iştirakçılarından bir neçəsini saxlasa da, sonradan buraxıb.

Bu zaman «Turan» İnformasiya Agentliyinin fotoreportyoru Etimad Budaqova polis qarın nahiyəsindən təpik vurub.

Jurnalistlər Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Seymur Həziyev, Seçki Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli «Eynulla Fətullayevə azadlıq!», «Bəxtiyar Hacıyev buraxılsın!», «Dəyanətə azadlıq!», «Cabbara azadlıq!» şüarları səsləndiriblər. Onları polis saxlasa da, sonradan buraxıb. «Bizim yol» qəzetinin əməkdaşı Əfqan Muxtarlıdan savayı.

Hadisə zamanı bir qadın və Vətəndaş Həmrəyliyi Partiyasından Ceyhun Nəbiyev saxlanılıb.

POLİS AZADLIQRADİOSUNUN ƏMƏKDAŞINI DÖYÜB

Gənclərin aksiyasını izləyən AzadlıqRadiosunun əməkdaşı Abbas Atilayı polis kapitanı döyüb. Fotoreportyor deyir ki, polisin saxladığı gənc fəalın fotosunu çəkmək istərkən yıxılıb. Bu zaman polis kapitanı onu yumruqlamağa başlayıb.

«Yerdən qalxmaq istəyəndə, polis yaxınlaşdı üzümə, qarnıma yumruqla vurdu. Başa düşmədim məni niyə vurur? Çox aqressiv idi. Məni vuranda papağı da yerə düşdü. Elə bu dəmdə mülki geyimli polislər yaxınlaşdı ki, qurban olaq, səni səhvən vurdular. Daha sonra yüksək rütbəli polislər yaxınlaşdı ki, anlaşılmazlıq olub. Azərbaycanın hörməti var, ATƏT burdadır, bir səhvdir, bağışla».

Abbas Atilay deyir ki, hadisə zamanı üzü yaralanıb. Hələ də həmin yara qanamaqdadır.

«Hələ də üzüm qanayır. Yaş dəsmal qoymuşam ki, şişməsin. Mən hələ də şokdayam ki, məni niyə döydülər?... Özü də əynimdə jurnalist olduğumu göstərən jilet vardı».

POLİS RƏİSİ: «AKSİYA QURTARDI»


«Nida» Vətəndaş Hərəkatının iki üzvü də saxlanılıb: Mirislam NəzərovÜzeyir Məmmədzadə.

Bu arada Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov «28 May» metrostansiyası yaxınlığında jurnalistlərə bildirib ki, indiyədək 10 nəfər saxlanılıb. Eləcə də jurnalistlərə «Çıxın gedin, daha aksiya qurtardı» deyib.

İKİ ADP-Çİ SAXLANILIB


Demokrat Partiyası Gənclər Təşkilatının sədri Cəmil Hacıyevlə həmin təşkilatın üzvü Emin Fərhadi saxlanılıb.

Cəmil Hacıyev Neft Akademiyasının binası qarşısında əlində «Azad ol!» yazılmış plakat tutub, şüarlar səsləndirirmiş. Polislər əvvəlcə onu buraxsalar da, daha sonra mülki geyimlilər maşına oturdub uzaqlaşdırıblar.

Bu zaman adı məlum olmayan daha bir gənc də saxlanıb.

Beləliklə, indiyə saxlananların sayı 16 oldu.

GƏNCLƏRİ KAFEDƏ TUTDULAR


«Araz» kinoteatrının yaxınlığındakı kafedə oturan dörd nəfər saxlanılıb. Emin Əlisoy, Vüsal Rzasoy, Rüfət Abbasov və daha bir nəfər.

Bu haqda polis bölməsinə aparılan Emin Əlisoy özü AzadlıqRadiosuna məlumat verib. O, dostu Vüsal Rzasoyla kafedə çay içdikləri vaxt saxlandıqlarını, digər iki nəfərisə tanımadığını deyir.

«Çay içirdik. Polislər bizi götürdülər. Səbəbsiz. İndi bizi aparırlar. Heç bir izahat da verməyiblər».

«28 May» metrostansiyası yaxınlığında AXCP üzvü Mikayıl Bəybalayev və müxbirimizin adını öyrənə bilmədiyi daha bir gənc saxlanılıb.

DAHA BİR NƏFƏR SAXLANILIB


«28 May» metrostansiyası yaxınlığında Anar Süleymanov adlı gənc saxlanılıb. Müxbirimiz onun gənclər təşkilatlarından hansınınsa üzvü olub-olmamasını dəqiqləşdirə bilməyiblər.

Həmin ərazidə proseslərə nəzarət edən Nəsimi rayon Polis İdarəsinin şöbə rəisi Muxtar Muxtarov isə AzadlıqRadiosuna deyib ki, saxlanılanlar sorğu-sual edildikdən sonra buraxılacaqlar.

GƏNC FƏAL FUAD HACIYEV SAXLANIB


O, iki gün öncə də polis tərəfindən saxlanmışdı. O zaman Fuad Hacıyev dostu Orxan Bayramovla üzərinə 11 martla bağlı şüar yazılmış köynəkləri mətbəədən götürürmüş. Polis həmin köynəkləri cırıb atandan sonra gəncləri buraxmışdı.

BDU-NUN ƏTRAFI POLİS NƏZARƏTİNDƏDİR

Müxbirlərimiz deyir ki, Bakı Dövlət Universitetinin ətrafı polislərin nəzarətindədir. Universitetin bütün qapıları bağlıdır. Ora giriş-çıxış yalnız bir yerdən – kiçik darvazadan mümkündür.

ORXAN MANSURZADƏ: «RƏSMİ MƏLUMAT OLAN KİMİ JURNALİSTLƏR MƏLUMATLANDIRILACAQ»


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, saxlananların sayı barədə onda rəsmi məlumat yoxdur, olan kimi jurnalistlər məlumatlandırılacaq.

SƏMƏD VURĞUN BAĞININ YAXINLIĞINDA DA ÜÇ NƏFƏR SAXLANIB

Bu haqda gənc fəal Rövşən Nəsirli AzadlıqRadiosuna məlumat verib. Saxlanılanlar yazar Əli Əkbər, «Nida» Vətəndaş Hərəkatının üzvləri Zaur QurbanlıTurqut Qəmbərdir. Gənclər qırmızı köynək geyiblərmiş.

«28 MAY» METROSU QARŞISINDA HƏBSLƏR

Metronun «28 May» stansiyasının qarşısında toplaşmaq istəyənləri polis saxlayır. Hadisə yerində olan əməkdaşlarımız artıq üç nəfərin saxlandığını deyirlər. Onlardan ikisinin adını öyrənmək olmayıb.

Saxlanılanlardan birinin adı isə Camal Mirzəməmmədovdur.

Həmin ərazidə Çevik Polis Alayının əməkdaşları, mülki geyimlilər gəlib-gedənlərə nəzarət edir, burda dayananların, xüsusən də gənclərin kimliyi ilə maraqlanırlar, sənədlərini istəyirlər.

Metrostansiya qarşısında Post Patrul Xidmətinin çoxsaylı avtomobilləri də toplaşıb.

BAKIDA GƏNCLƏRİN TƏDBİRLƏRİ GÖZLƏNİR


Bu gün 11 mart – «Facebook» sosial şəbəkəsində elan olunan Böyük Xalq Günü kampaniyası çərçivəsində Bakıda gənclərin tədbirləri gözlənir.

«Facebook»da bu qrupu yaradanlar məqsədin kütləvi ümidsizliyi qırmaq olduğunu deyirlər.

Hələlik «Facebook»da 11 Mart qrupuna 4 mindən çox istifadəçi dəstək bildirib.

Bu qrup yaradılandan sonra Bakıda bir neçə gənc fəal - Bəxtiyar Hacıyev, Rəşadət Axundov, Dəyanət Babayev saxlanıb, bir neçəsi isə sorğu-sual olunaraq buraxılıb.

YAP icra katibinin müavini Mübariz Qurbanlı isə «APA»ya müsahibəsində deyib:

«Mən nə 11 mart, nə də 12 martda Azərbaycanda, Bakı şəhərində hansısa kütləvi iğtişaşın, hərəkatın baş verəcəyini təsəvvür belə eləmirəm. Çünki Azərbaycan gəncliyi prezident İlham Əliyevin siyasətini müdafiə edir».

Bu gün isə hələlik şəhərin ayrı-ayrı yerlərində polislərin toplaşması barədə ilkin xəbərlər gəlir.

Gənclərin bugünkü aksiyaları barədə gün ərzində ətraflı AzadlıqRadiosunun saytında oxuyun.
XS
SM
MD
LG