Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Gənc fəalın anası: "Bəxtiyar əqidəsindən dönən deyil"


Martın 5-i axşam saat 8-də Bəxtiyar Hacıyevin anası və bacısı işlədikləri 11 saylı məktəbin direktorunun çağırışı ilə məktəbə gəliblər. Direktor Təranə Hüseynovanın kabinetində fəalın anası Solidə Movlayevaya Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədri İsrafil İsmayılovun onunla söhbət etmək istədiyi bildirilib.

Az sonra İsmayılov məktəb direktorunun otağına daxil olub və Mövlayevanı müşayiət edən şəxslərdən və hadisə yerində olan AzadlıqRadiosu müxbirlərindən otağı tərk etmələrini xahiş edib.

Yarım saatdan çox sürən görüşdən çıxanda YAP Gəncə təşkilatının sədri görüşün Bəxtiyar Hacıyevlə əlaqəli olmadığını, ümumiyyətlə gənc fəalın həbsindən xəbərdar olmadığını bildirib.

"Ana bala, söhbət edirdik". İsmayılov Mövlayevanın məktəbə çağırılmasının məqsədini belə izah edib.

BƏXTİYAR ƏQİDƏSİNDƏN DÖNƏN DEYİL

Solidə Mövlayeva isə bildirib ki, görüşdə ondan Bəxtiyar Hacıyevə ziyan vuracaq hərəkətlərdən çəkinmək tövsiyə olunub.

"Mən YAP-ın üzvü olduğuma görə məsləhət gördülər ki, artıq-əskik söhbətlər olmasın, Bəxtiyarın xeyri üçün.Vəssalam. Söhbətlər hamısı bu haqda idi ki, Bəxtiyara ziyan edən söhbətlər danışmayaq heç harda. Mən də dedim ki, biz nə danışasıyıq ki? Danışası deyilik. Bəxtiyar da əqidəsindən dönən deyil".



Həbs olunmuş gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva hakim partiyanı tərk edəcəyini deyir


"AZ QALIRAM BƏXTİYARA QOŞULAM"

Mövlayevanın sözlərinə görə, ona hədə-qorxu gəlinməyib.

"Yəqin eşidib ki, YAP-dan çıxmaq istəyirlər. Dünən də Bəxtiyarın atası Nizami rayon məhkəməsinin qarşısında söylənib, deyib ki, vicdansızlar, heç olmasa,qoyun baxaq, görək, nə vəziyyətdədir. Yalnız məsləhət xarakterli söhbət idi. Deyirdi ki, hər şey yaxşı qurtaracaq. Deyirdi, mən fəxr edirəm ki, Bəxtiyar kimi gənclərimiz var".

Mövlayeva YAP üzvlüyündən çıxmaq arzusunu belə izah edib:

"Bəxtiyara görə. Bəxtiyarı belə sıxışdıran ölkənin hakim partiyasında qalmaq istəmirəm. Mən özüm daxil olmuşdum YAP-a. Sevə-sevə. Heydər Əliyevə böyük hörmətim var idi. Yenə də dəyişməyib. İsrafil müəllimə də dedim. Amma bu hökumətdən mən çox narazıyam. Elə narazıyam ki, az qalıram, Bəxtiyarın özünə qoşulam".

* * *


GƏNC FƏALA İŞGƏNCƏ İDDİASI

«Bəxtiyar Hacıyevin üzündə, gözünün altında zorakılıq əlaməti var».

Bunu Gəncə şəhər 2 saylı təcridxanasında Bəxtiyar Hacıyevlə görüşdən çıxan vəkili Əlayif Həsənov deyib. O bildirib ki, tibbi ekspertiza keçirilməsi üçün vəsatət qaldıracaqlar.

Martın 4-də həbs olunan Bəxtiyar Hacıyev ona iki nəfərin zor tətbiq etdiyini bildirib.

«OĞLUMUN HƏBSİ SİFARİŞLİDİR»

Bəxtiyar Hacıyevin anası oğlunun həbsinin siyasi sifarişli olduğunu düşünür.

Solidə Mövlayeva AzadlıqRadiosuna bildirib ki, Bəxtiyar sənədsiz-sübutsuz heç bir iş görmürdü:

«Ancaq prokurorluq, polisə gedirdi. Evdən kənara çıxmayıb, heç bacısıgilə də getməyib».

O deyir ki, Bəxtiyarın 2-4 mart tarixlərdə Gəncədən kənara çıxmadığına həmin günlərdə onlara Mingəçevir və İsmayıllıdan gələn qonaqlar da şahidlik edə bilər.

Respublika Prokurorluğunun yaydığı məlumatda isə deyilir ki, B. Hacıyev martın 2-4-də Gəncə şəhərini tərk edib.

BAŞ PROKURORLUQ BƏXTİYAR HACIYEVİN HƏBSİNİN SƏBƏBİNİ AÇIQLADI

«Bəxtiyar Hacıyev hərbi xidmətdən boyun qaçırdığına görə yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də isə onun barəsində polisin nəzarətinə verməklə qətimkan tədbiri seçilib».

Bunu «Trend»ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

«Bəxtiyar Hacıyevə izah edilib ki, müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməz. Qərar icra edilməsi üçün Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinə göndərilib. Bəxtiyar Hacıyevin hər gün saat 10:00-da həmin şöbəyə gəlməli olduğu haqda cədvəl tərtib olunaraq ona imza etdirilib. Lakin, müəyyən edilib ki, o, 2 - 4 mart 2011-ci il tarixlərdə cədvələ imza etdikdən sonra Gəncə şəhərini tərk edib. Polis əməkdaşları bir neçə dəfə onun yaşadığı ünvana gedərək atası İlyas Hacıyevə oğlunun Nizami rayon Polis Şöbəsinə gəlməli olmasını bildiriblər. Bu barədə müvafiq sənədləşmə aparılıb, lakin Bəxtiyar Hacıyev polis şöbəsinə gəlməyib», - deyə Sultanov bildirib.

BƏXTİYAR HACIYEVİN HARADA SAXLANDIĞI MƏLUM DEYİL

B. Hacıyevin qardaşı Vüqar Hacıyev AzadlıqRadiosuna bildirib ki, səhər saatlarından Gəncə şəhər Prokurorluğu onları bir neçə təcridxanaya göndərsə də, heç birində B. Hacıyev olmayıb:

«Bir balaca şəhərin içində iki obyektin arasında üç dəfə, dörd dəfə gedib-gəlmişik, heç bir nəticə yoxdur. Sadəcə, bizi yayındırmağa çalışırlar, vəkilləri də həmçinin. Görüşməyə imkan yaratmaq istəmirlər. Təqribən yarım saatdır Gəncə şəhər Prokurorluğunun müstəntiqi bizimlə oyun oynayır. Bizə dedilər ki, Kəpəz rayon Polis Şöbəsinin yanında təcridxana var, orada saxlanılır. Səhər kiçik əşyalarının bir hissəsini ordan vermişdilər. Sonradan orada olmadığını dedilər, 2 saylı istintaq təcridxanasına yönəltdilər. Müstəntiqin özü də dedi ki, bizim özümüz də ora gedirik. İndi nə müstəntiq var, nə vəkil».

B. Hacıyevin vəkili Əlayif Həsənov ehtimal edir ki, «müdafiə etdiyi şəxsə fiziki təzyiqlər göstəriblər, bunu gizlətmək istəyirlər».

BƏXTİYAR HACIYEVIN VƏKİLLƏRİ PROKUROR VƏ MÜSTƏNTİQLƏ GÖRÜŞÜBLƏR

Martın 5-də Bəxtiyar Hacıyevin vəkilləri Gəncə şəhər prokuroru Adil Vəliyev və işi aparan müstəntiqlə görüşüblər. Görüşdə vəkillərə bildirilib ki, B. Hacıyev barədə həbs qətimkan tədbiri onun martın 4-də icazəsiz olaraq Gəncə şəhərini tərk etməsi ilə bağlı olub.

Vəkilləri Elçin NamazovƏlayif Həsənov isə deyir ki, B. Hacıyev hər gün saat 10-da polisə gedərək şəhərdə olması barədə imza atıb.

Prokurorluqdan isə bildirirlər ki, o, hər gün imza atandan sonra şəhəri tərk edib.

Vəkillər martın 4-də Nizami rayon Məhkəməsinin çıxardığı qərarı alandan sonra
Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanan B. Hacıyevlə görüşə cəhd edəcəklər.

HƏMÇİNİN OXU: BƏXTİYAR HACIYEV DÖYÜLDÜYÜNÜ DEYİR
XS
SM
MD
LG