Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Bakının zirzəmisi isti, mənzilləri soyuq binaları


İstilik sistemi
İstilik sistemi
«QONŞU QONŞU OLSA...»

«Sakinlərin nəzərinə! «Azəristiliktəchizat» sizin binanınızda istilik sistemi qurub, mənzillərin istilik sistemi ilə təchiz olunması sakinlərin hesabınadır». Və qazanxanaya məsul rəisin və bir də ustanın əlaqə nömrələri. Bu məzmunda elana Bakının Müşfiqabad qəsəbəsinin demək olar ki, çoxmərtəbəli binanın hər blokunda rast gəlinir. Sakinlər isə deyirlər ki, bir aydan çoxdur, qəsəbədə istilik sistemi təzələnib, əvvəl buna sevinsələr də, indi qəm dəryasına qərq olublar. Çünki onlara deyiblər ki, istilik xətləri binanın zirzəmisinə qədər gətirilib, burdan o yana aparmaq sakinlərin işidir.

Təranə Əliyevanın sözlərinə görə, onlar mənzillərində kombi sistemi qurmaq istəyirdilər, ümumi istilik sistemi qurulacağını eşidib «kombi»dən vaz keçmək istəyirlər:

- Ana borunu çəkmək üçün hər mənzildən 60 manat istəyirlər. Mən verirəm, amma altda, üstdə yaşayan qonşular vermirlər axı. Biri təqaüdçüdür, deyir, hardan alım, o biri evini kirayə verib. Biri də «kombi» qoyub, deyir, mənə lazım deyil. Qalmışıq belə.

Bakının 9-cu mikrorayonunda, 5 otaqlı mənzildə yaşayan Roza Zahidova isə deyir ki, binada istilik sistemi olmasına baxmayaraq, ana borular yenisi ilə əvəz olundu və qonşular hər mənzil üçün 80 manat ödədilər.

DÖVLƏT SƏXAVƏTLİDİR

Budget.az saytının məlumatına görə, ötən il dövlət büdcəsindən Bakı şəhərində istilik təchizat obyektlərində, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sisteminin bərpasına 10 milyon manat investisiya ayrılıb. 2010-cu ildə bu məbləğ 11 milyon manat olub. Bundan əlavə dövlət büdcəsində «Azəristiliktəchizat»ın ötən il üçün xərclərinə təxminən 34 milyon manat ayrılıb. Söhbət elədiyimiz sakinlər hesab edirlər ki, dövlət vəsait ayırıbsa, bu vəsaitin içində ana boruların da mənzillərə çəkilməsi də nəzərə alınmalıdır.

«MƏNZİL BİZLİK DEYİL»

«Azəristiliktəchizat» Açıq Tipli Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Rafiq Əliyev isə deyir ki, onlar təhvil verdikləri qazanxanada müasir və xarici texniki avadanlıqdan istifadə edirlər. Amma mənzillərin istilik təchizatı ilə qurulması sakinlərin öz öhdəsindədir. Niyəsini Rafiq Əliyev belə izah edir:

- Dövlət investisiyası əsasında işlədiyimiz layihələrə biz aşağı paylayıcı istilik sistemin bərpasını salırıq, yəni sistemi binanın zirzəmisinə qədər gətiririk. Mənzildaxili istilik sisteminə gəlincə, bu gün Azərbaycanda mənzillərin 95 faizi özəlləşib. Mənzil Məcəlləsinin müvafiq maddələrinə görə də mənzildaxili xətlərin çəkilməsi abonentin öz öhdəsindədir. Biz mənzillərə girə bilmərik.

Arxiv foto: Evlərdə olan İstilik sistemi
Arxiv foto: Evlərdə olan İstilik sistemi
Rafiq Əliyev deyir ki, istilik borularını mənzillərin içindən keçirmək üçün abonentlərin özləri istədiyi ustaya sifariş edə bilər. Onlar isə yalnız texniki dəstək verə bilərlər və bunun üçün heç bir ödəniş tələb olunmur.

Müsahibimiz onu əlavə edir ki, əgər bir blokda olan 9 mənzildən birinin sahibinin istilik borusunun çəkilməsi üçün lazım olan vəsaiti ödəməyə maddi imkanı çatmasa, «Azəristiliktəchizat» bunu öz hesabına edə bilər:

- İstisna halda, abonentlərin sayını artırmaq üçün bunu edə bilərik. Amma borunu mənzillərə qaldırmaq bizim işimiz deyil.

«JEK»LƏR LƏĞV EDİLMƏYİBSƏ...

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin sədr müavini Rövşən Ağayev də deyir ki, yeni Mənzil Məcəlləsinə görə, çoxmərtəbəli bina mülkiyyətçiləri binanın saxlanması, damının təmiri, istilik kimi kommunal xidmətlər onların özləri tərəfindən yerinə yetirilir. Onun sözlərinə görə, bununla belə hazırkı vəziyyətdə Mənzil Məcəlləsinə istinad etmək düzgün deyil, çünki ekspertin fikrincə, bu məcəllə tam gücü ilə işə düşməyib:

Rövşən Ağayev
Rövşən Ağayev
- O müddəa o zaman işləyəcək ki, çoxmərtəbəli bina mülkiyyətçilərinin öz birliyi yaranacaq və ödədikləri kommunal xidmət hansısa mənzil istismar sahəsinin büdcəsinə yox, birliyin hesabına keçəcək. Bu vəsait hesabına da pilləkənlərin təmiri, istilik sisteminin qurulmasıdır, bu tipli məsələlər birliyin hesabına görüləcək.

Rövşən Ağayev deyir ki, Mənzil Məcəlləsi qüvvəyə minsə də, mənzil istismar idarələri – «JEK»lər ləğv olunmayıb, mənzil haqları isə bu qurumun hesabına gedir.

«ƏVVƏL BORCUNU ÖDƏ, SONRA QANUNU YADA SAL»

Müsahibimiz deyir, Rusiyada 5-6 il əvvəl Rusiyada Mənzil Məcəlləsi qəbul olunarkən məlum oldu ki, sakinlərin yaşayış binalarını əsaslı təmir etmək və digər illərlə yığışıb qalan problemləri həll etmək gücü yoxdur:

- Yəni dövlət öz öhdəliyini yerinə yetirməyib. Ona görə də iki il vaxt qoyuldu ki, dövlət yaşayış binaları ilə bağlı hökumətin öhdəçiliyinə əməl etməməyi üzündən yaranan problemləri həll etsin, sonra da binanı sakinlərin ixtiyarına versin.

Rövşən Ağayevin sözlərinə görə, azərbaycanlı sakinin də günahı yoxdur ki, dövlət balansında olan zaman binanın istilik sistemi saz vəziyyətdə saxlanmayıb. O təklif edir ki, hökumət öz öhdəliklərini yerinə yetirib sonra Mənzil Məcəlləsinə istinad etsin.
XS
SM
MD
LG