Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

İndi də «Fuad» MMC?


Foto: Arxiv
Foto: Arxiv
«764 min dollar mənim, 70 min dollar bir qohumumun, 117 min dollar da başqa qohumumun adından ödənilib. Qohumlarım Rusiyada yaşadıqlarına görə pullar mənim adımdan ödənilib, mənzillər də mənim adıma alınıb. İndiyə qədər şirkət nə evi tikib verir, nə pulları qaytarır. Qalmışam qohum-əqrəbanın əlində».

Aqil Əliyev 2006-2008-ci illərdə «Fuad» MMC-nin Xırdalanda inşa etdiyi binadan ev almaq üçün şirkətə 1 milyon dollara yaxın pul ödəyib. Yaxın qohumlarına həmin şirkətdən ev almağı məsləhət görməsi isə başına bəla açıb. Deyir, «it də gedib, ip də». Buna görə şirkət rəhbəri Qasım Məmmədovu günahlandırır: «Pulları mənimsəyib, indi də qaçıb gizlənir».

Aqil Əliyev deyir ki, binadan ona satılan mənzillərdən birinin nömrəsi 579-dur. Şirkət işçilərinin əməllərindən şübhələnməyə başlayanda, araşdırıb ki, binanın planında cəmi 476 mənzil var.

«ŞİRKƏTİN İŞÇİLƏRİNİN SÖZÜNƏ İNANIB EVİMİ SATDIM»

Başqa payçı Nizami Əliyev deyir ki, öz evini satıb şirkətə 100 min manatdan çox ödəməklə həmin binadan üç mənzil alıb: «Şirkətin işçilərinin sözünə inanıb evimi satdım, dedilər «gətir pulu, sənə burdan 3 mənzil verək, bu yaxınlarda tikintini bitirəcəyik». İndi qalmışam kirayələrdə. Sonradan başa düşdük ki, bunların məqsədi ev tikmək yox, dələduzluq etmək imiş».

Payçılar deyirlər ki, onlar kimi aldananların sayı ən azı 400 nəfərdir. Şirkət payçıların milyonlarla pulunu mənimsəyib. Hüquq-mühafizə orqanlarına şikayətlər yazsalar da, polis şikayətlərini qəbul etmir, mülki qaydada məhkəməyə müraciət etməli olduqlarını deyir. 20 nəfərə yaxın payçı məhkəməyə müraciət edib. Payçıların şirkətə pul ödədiyi müxtəlif sənədlərlə sübuta yetirilib.

MƏHKƏMƏ DƏ TƏSDİQLƏYİR

Məsələn, məhkəmədə «Fuad» MMC-nin nümayəndəsi Nicat Gözəlov izahat verib ki, iddiaçılarla şirkət arasında kooperativ binada mənzil tikintisinə dair müqavilə imzalanıb.
Foto: Arxiv
Foto: Arxiv
Binada tikinti bir müddət davam edib və maliyyə çətinlikləri ilə əlaqədar iş dayanıb. O deyib ki, cavabdeh şirkət öhdəçilikdən qaçmır, sadəcə, binanı tikib təhvil vermək üçün vaxt istəyir. Məhkəmə də payçıların şikayətləri əsasında qətnamə çıxarıb ki, bina tikilib təhvil verilənədək payçıların kirayədə qalması üçün şirkət hər payçıya ayda 300 manat ödəsin. Payçılar deyirlər ki, şirkət rəhbərliyi qətnaməni də icra etmir.

«İŞLƏRİ İDARƏ EDƏN MTN İŞÇİSİ FUAD İDİ»

Payçı Valeh Əliyarov isə deyir ki, «Fuad» MMC -nin təsisçisi və direktoru Qasım Məmmədov əslində fiqurdur. Onların aldadılmasının arxasında başqa adamlar dayanır: «O adamlar da elə Qasım Məmmədovun yaxın qohumlarıdır. Adamlardan pulları yığanda, hamısı ortalıqda idi, işləri də oğlu Fuad Məmmədov idarə edirdi. Fuad Məmmədov da Milli Təhlükəsizlik Nazirliyində işləyir. Elə ki, səs-küy qalxdı, adamlar pullarını geri tələb etməyə başladılar, 65 yaşlı kişini verdilər qabağa, özləri aradan çıxdılar».

«Fuad» MMC-nin təsisçisi və direktoru Qasım Məmmədov isə deyir ki, rəhbərlik etdiyi şirkət 2005-ci ildən indiyədək 400 yox, 180 nəfərin mənzil pulunu alıb. Ancaq indiyə kimi də həmin payçıların mənzili verilməyib. O, tikinti işlərinin dayanmasının səbəbini maliyyə vəsaitinin çatışmazlığı ilə bağlayır. Deyir ki, hazırda binanın 3 blokunun montaj işi başa çatıb. Yaxın vaxtlarda digər blokların tikintisinə başlanacaq.

FUAD MƏMMƏDOV KİMDİR?

Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Payçılar deyirlər ki, şirkətin təsisçisi və direktoru kimi rəsmən Fuad Məmmədovun atası tanınsa da, əslində işləri özü idarə edib.

MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevə müraciət etdik ki, Nazirliyin belə bir işçisi var ya yox? Arif Babayev suala bir cümlə ilə cavab verdi: «Milli Təhlükəsizlik Nazirliyinin işçiləri ev tikməklə məşğul olmur».

İndi payçılar prezidentə müraciət ediblər ki, bəlkə bu vasitə ilə şirkət işçiləri barəsində cinayət işi başlanmasına nail ola bilsinlər.

Son illər payçıları aldadan bir neçə tikinti şirkətinə qarşı cinayət işləri başlanıb. Məsələn, «GEN», «Kamran» və «Birlik» MMC-lər xeyli sayda vətəndaşı mənzillə təmin edəcəklərini deyərək aldadıb, külli miqdarda vəsaitlərini mənimsəyiblər. «GEN» MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev 12 il, şirkətin 8 işçisi isə 7 ildən 11 ilədək həbs olunub.

Digər iki şirkətin vəzifəli şəxsləri barədə isə cinayət işi açılıb.
XS
SM
MD
LG