Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Hökumət Bakıda evsizlərə sığınacaq qurduğunu deyir, amma... (VİDEO)


Küçədə yaşayan evsizlərə çadırlar gəlib çıxmadı
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

Küçədə yaşayan evsizlərə çadırlar gəlib çıxmadı

Bu həftə Bakıda və Gəncədə 3 nəfər donvurmadan öldü. Bu rəsmi məlumatdır.

Daha bir rəsmi məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdan gəldi. O, fevralın 10-da jurnalistlərlə söhbətdə dedi ki, daimi yaşayış yeri olmayanlar (küçədə yaşayan evsizlər) üçün sığınacaqlar yaradılıb. O, jurnalistlərə sığınacaqlar qurulan ünvanları da deyib: Binə və Sədərək Ticarət Mərkəzlərinin, «8-ci kilometr bazarı»nın, Dəmiryolu Vağzalının yaxınlığı.

TAPMADIĞIMIZ SIĞINACAQ

Dəmiryol Vağzalına yollanırıq. Adətən evsiz-eşiksizlər burda lövbər salırlar. Bu ərazidə səyyar sığınacaq deyə gözümüzə heç nə dəymir.

Vağzal polisləri də, buranın əməkdaşları da, hətta «28 may» metrostansiyasının işçiləri də yaxınlıqda sığınacaq yaradılmasından xəbərsizdirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə zəng vururuq. İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov sığınacaqların fərqli ünvanlarda yerləşdiyini deyir. Ən yaxını Süleyman Rüstəm 69-dur – Nəsimi bazarının yaxınlığında.

Soraqlaşa-soraqlaşa ünvanı tapırıq. Gözümüzə inanmırıq. Burda nə sığınacaq var, nə də buna bənzər bir şey. Yaxınlıqdakı mənzillərdən birinin qapısını döyürük. Bir xanım «Özümüzə yer çatmır, başqasına necə sığınacaq verək» deyir.

Ətrafı bir də gəzirik, nazirliyə bir də zəng vururuq. Və nəhayət sakinlərdən birinə - Əlibala Hüseynova yaxınlaşırıq.

- Siz burda, Süleyman Rüstəm 69-da yaşayırsız?
- Bəli.
- Burda nə yerləşir?
- Ev.
- Bizə nazirlikdən deyiblər ki, burda sığınacaqlar yaradılır kimsəsizlər üçün.
- Hə, indi tikəcəklər. Burda «palatkalar» quracaqlar. İşçilər də gəlib.
- Necə baxırsız buna? Bu insanlar qonşuluğunuzda yerləşəcəklər.
- Təbii ki, lazımdır. Camaat küçədə qalıb. Donurlar. Qoy heç olmasa onlar üçün nəsə eləsinlər.

«FƏHLƏ ÇATIŞMAZLIĞI VAR»

Nazirliyin əməkdaşlarına yaxınlaşırıq. Vəzifəsini deməyən Hüseyn Məmmədovla söhbətə başlayırıq:

- Bizə dedilər ki, burda sığınacaq yaradılacaq və nazir də saat 3-də bura gələcək.

- Bizdə mərhələlərlədir. O biri rayonlara baxa-baxa gəlirlər. Çadır gəlib hələ çıxmayıb. Gözləyirik. Fəhlə çatışmazlığı var. Bizə deyiblər ki, 10-15 dəqiqəyə qoşmalıdırlar.

- Nə qədər adam yerləşəcək?

- İki nəfərdi. Biri Süleyman Rüstəmdə yaşayır, o biri Səməd Vurğunda. Yerləri təsbit olunub. Amma indi bura necə gətirək?

- Çadırda nə olacaq?

- 10 nəfərin gündə 3 dəfə yeməyi, içərinin qızdırılması, yataq dəsti. Qaz peçi ilə qızdırılacaq.

- Daha harda açılıb?

- Nizami, Nərimanov, Nəsimi, Xətai və Xəzər rayonlarında.

- Nə qədər adam yerləşdirilib?

- Bilmirəm.

- Bu sığınacaqları əvvəldən niyə yaratmadız?

- Sərt havaların bu qədər uzun çəkməyi gözlənmirdi.

Hüseyn Məmmədov deyir ki, təhlükəsizlik məsələsi də nəzərə alınıb. Nazirliyin əməkdaşları və ola bilsin polis də səyyar sığınacaqlara nəzarət edəcəklər.

10-15 DƏQİQƏ KEÇDİ, AMMA...

Söhbət zamanı nazirlik işçilərindən Nəsimi rayonundan olan həmin 2 nəfərin hazırda harda qalmasını xəbər alırıq. Əməkdaşlar çiyinlərini çəkirlər, «biz çadırı qurmağa təhkimik» deyirlər. Ancaq onu da öyrənirik ki, kimsəsizləri, sığınacağa ehtiyacı olanları yerli icra orqanları müəyyənləşdirəcək.

Çadırları isə dediklərinə görə, xeyir-şər məclislərini yola verən iş adamlarından götürüblər. Yəqin buna görə də günün sonuna kimi çadır gəlib çıxmadı...

Beləliklə, çadırın 10-15 dəqiqəyə qurulacağını deyildi, «gözləyək» dedik. 15 dəqiqə bitdi, 30 dəqiqə keçdi, saat tamam oldu, amma çadır gəlmədi ki, gəlmədi. Hava qaralırdı, adı çəkilən nazirliyin əməkdaşları da vaxtaşırı əraziyə baş çəkir, sonra harasa çəkilirdilər. Onlardan biri bizə Əhmədlidəki sığınacağa getməyi təklif edir: «Hazırdır, içində yaşayan da var».

Amma gecdir və redaksiyaya qayıtmaq zamanıdır.

«HÖKUMƏT YUBANIB»

Nazirlikdən deyirlər ki, sığınacaqlarda yalnız evsizlər yox, həm də yaşayış yerinə getməkdə çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyanlar da təmin olunur.

«Hökumət sığınacaq yaratmaqda yubanıb». Bunu da Azərbaycan Sosial İşçilər Birliyinin sədri Aytəkin Hüseynli deyir:

«Bu problemdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ona görə gecikmişik. Amma təqdirəlayiq haldır ki, başlayıblar buna».

Aytəkin Hüseynli deyir ki, Azərbaycana baxanda ABŞ-da vəziyyət bir qədər fərqlidir. Sığınacaqlar daim fəaliyyət göstərir. Üstəlik də sığınacaqdakılara psixoloji və tibbi yardım da göstərilir: «Sistemli yanaşmadır. Fraqmentli deyil. O mənada ki, əvvəldən bu xidmət qurulub. Yay-qış fərqi yoxdur. Hava soyudu çadır quraq, isti oldu yığaq fikri yoxdur».

Rəsmi məlumatda deyilir ki, sığınacaqlar Bakının Nərimanov (Şərq bazarı yaxınlığında, Xətai prospekti, 11), Nəsimi, ( Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20), Xəzər (Xəzər bazarının yaxınlığı, A.İldırım küç. 18) və Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç 118) rayonlarında yerləşir.
XS
SM
MD
LG