Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Həmid Herisçi: “AYO ilə bizim yollarımız ayrılıb”


Cavid Zeynallı və Həmid Herisçi Azadlıq Radiosunun Bakı bürosunda
Cavid Zeynallı və Həmid Herisçi Azadlıq Radiosunun Bakı bürosunda
“Azərbaycan ziyalısının ən zəif yeri kamil imana sahib olmamasıdır”.

“AzTV daha yaxşı telekanaldır, nəinki ANS, Lider, ATV...”

“Özünü yazıçı sayanların çoxu Azərbaycan ədəbiyyatını və tarixini bilmirlər”.

“Mən özüm kimisə qiymətləndirirəm. Məni qiymətləndirən adam hələ gəlməyib”.

“Mən ədəbiyyatda ciddi şəkildə şoulaşma görürəm. Mənim küftə bişirməyim kimə maraqlıdır ki?!”.



Cavid Zeynallının “Şənbə qonağı” yazıçı Həmid Herisçidir.


- Həmid bəy, necəsiniz, işləriniz necədir?

- Özümü sehrbaz kimi hiss edirəm. Yazıçı maddi yox, ruhi aləmdə yaşayan insandır. Mən xatirələrimlə keçmişə gedib çox qiymətli dəfinələrlə qayıdıram. Qədim Azərbaycan ədəbiyyatında bir anlayış var idi: maddeyi-tarix. Bu, gizli olur, şifrələrlə göstərilir. Onu tapan adamlar ustad yazıçı mərtəbəsinə ucalır. Maddeyi-tarix ədəbiyyat üçün çox vacibdir. Təəssüf ki, müasir postmodern ədəbiyyat bir çox ənənələrdən uzaqlaşdı, o cümlədən bu anlayışdan. Postmodernizmin Azərbaycana gəlməsi Azad Yazarlar Ocağının adı ilə bağlı idi. Ölkə çökmüşdü, dövr dəyişmişdi və postmodern mətnə insanların ehtiyacı var idi. Ancaq postmodern 20 il davam edəndən sonra öz ömrünü başa vurdu.

- Gözlədiyiniz nəticələrə nail oldunuz?

- Mən əkmişdim, özüm də biçdim. Müasir Azərbaycan jurnalistikasında özünü xərcləyən, istismar edən imzaların çoxu AYO-dan çıxıb. İntəhası, AYO-nun bu işini davam etdirən olmadı. Nə “Qanun” nəşriyyatı, nə “Əli və Nino” kitab mağazaları şəbəkəsi, nə də saytlar şəxsiyyət yetişdirə bilmədilər. Ədəbiyyatın başlıca vəzifəsi imza, subyekt yetişdirməkdir. AYO-da qara qəpik də yox idi. Bir-iki dəfə “Soros” fondu cüzi pul ayırıb. Mən bir dəfə demişdim ki, pul olmasın, olsa, heç nə edə bilməyəcəyik. Dediyim kimi də oldu! Azad Yaşarın tərcümələri oxuzali.az da daxil olmaqla, digər saytların tərcümələrindən keyfiyyət və həcmcə çox üstündür. Bizim faciəmiz ordadır ki, özünü yazıçı sayanların çoxu Azərbaycan ədəbiyyatını və tarixini bilmirlər. Nizamini, Füzulini oxumayıblar. İstedad şeytani anlayışdır. Mənim ən böyük səhvim istedadlı adamlarla dost olmağımdır. İstəyərdim, imanlı adamlarla dost olum. Çünki imanlıları istedadlılardan dəfələrlə dərin görürəm.

- Konkret danışsaq, istedadlı, amma imansız və şeytani hesab etdiyiniz imza sahibləri kimlərdir?

- Çoxdur, lap çox... Ad çəkmək istəmirəm. Bəli o adamlarda istedad var, amma şeytani istedaddır. Əxlaq, şəxsiyyət qüsurları var. Bizim yazıçıların çoxu əyyaşdırlar. Bu mənim xoşuma gəlmir. Mənim içməməyim onlarla aramda sədd yaradıb. Bir şey olan kimi
Həmid Herisçi
Həmid Herisçi
deyirlər, gedək yuyaq. Bunu başa düşmürəm. Mən Həmid Herisçi o qədər də kirli deyiləm ki, nəyi isə yuyam.

- Belə başa düşdüm ki, həmin imzalar elə AYO-dan çıxan yazarlardır...

- Bəli... Bəli! Bizim öz yetirmələrimizdir. Səhvimiz orda oldu ki, üstünlüyü istedada verdik. İstedadlı insanda çox ciddi əxlaq və şəxsiyyət qüsurları ola bilər. İmanlı adam isə tamam başqadır. Ümumiyyətlə, Azərbaycan ziyalısının ən zəif yeri kamil imana sahib olmamasıdır. Rus ədəbiyyatında bu belə deyil. Azərbaycanda ateizmə meyl güclüdür. Bu pisdir. Düzdür, mən özüm də postmodern roman yazmışam, orda söyüş də olub. Ancaq o estetik qayə idi, estetikaya uyğun yazmışam. Belə deyək, postmodernizm artıq ömrünü başa vurub. Tənqid, şıltaqlıq etmək, mətndə mərkəz yoxdur, Allah yoxdur, qəhrəman yoxdur, müəllif ölüb, oxucu ölüb... Yo-ox! Müəllif də var, Allah yerindədir, oxucu ölməyib, süjet var... Süjet indi sirli-sehrli bir dünyadır. Den Braun, Umberto Eko, Paulo Koelyo qədim təriqətləri, simvolistikanı gətirdilər ədəbiyyata. Belə olanda, postmodernist yazarlar pis duruma düşdülər. İndi Rusiyada postmodern yazıçılar oxunmur. Artıq Rusiyada konspirologiyaya kütləvi şəkildə meyl var. Biz yenə geri qalırıq. Yenə deyirəm, ədəbiyyatın əsas məqsədi imza sahibi yetişdirməkdir. Mən ədəbiyyatda ciddi şəkildə şoulaşma görürəm. Yazıçı nə qədər yatır, nə qədər oxuyur... Bunlar ədəbiyyat ətrafı söhbətlərdir.

- Yəni yazıçının mətbəxi cəmiyyətə açıq olmamalıdır?

- Lazım deyil! Sonra yazıçılar da televiziya verilişlərinin gününə düşəcəklər. Çağıracaqlar ki, gəl yumurta bişir, baxaq. Sizin, ya elə mənim özümün küftə bişirməyim kimə maraqlıdır ki?! Ədəbiyyatşünaslıqdan, ədəbiyyat nəzəriyyəsindən, elmilikdən uzaqlaşırıq. Bu yolda mən heç vaxt büdrəməmişəm. Postmodernizmdən konspirologiyaya çox rahat keçdim və göstərdim ki, bu yol var. Bunun ardınca kimsə gəlmədisə, mənim günahım deyil.

- Yazıçılar Birliyindəki imzalardan kimin yaradıcılığını qiymətləndirirsiniz?

- Var, niyə yoxdur. Əsəd Cahangir, İlqar Fəhmi, Səlim Babullaoğlu... Hətta Ədalət
Əsgəroğlu da var. Bu imzaları oxumuşam. Mən çox ciddi adamam. Nə deyirəmsə, düz deyirəm. AYO-dan çıxan imza sahiblərinin ruhi uçuşu var. Hesab edirəm ki, AYO ilə bizim yollarımız ayrılıb. Amma mən o uşaqları çox istəyirəm. Sadəcə, mən yazarın imansız, əyyaş, tərbiyəsiz olmasını nöqsan sayıram. Bu, pisdir.

- Sizin təbirinizlə desək, öz məktəbinizi keçən adamlar haqda belə fikirlər söyləmək nə dərəcədə düzgündür? Qeyri-ciddi səslənmir ki?

- Yenə deyirəm, onların istedadı şeytani istedaddır və hər şey də bundan yaranır. Mən sovet keçmişimi unutmamışam, sovet ədəbiyyatına da, sovet dövlətinə də mənfi baxmıram. Bu, həmişə Qərbi qıcıqlandırıb. Demokratik-liberal qüvvələr məni heç vaxt sevməyiblər. Çünki mən tənqidə açıq adam olmuşam. Müxalifəti də, iqtidarı da tənqid etmişəm. Məhz liberal-demokratlarda demokratizmin İslama qarşı az olduğunu görmüşəm. Bizim demokratların, o cümlədən Rafiq Tağının ən mənfi xüsusiyyəti bu idi. Hesab edirəm ki, Rafiq Tağı prozaya hələ gəlib yetişməmiş çox cığal bir insan idi.

- Rafiq Tağı dünyasını dəyişib, onu yazıçı hesab etmirdinizsə, bu başqa məsələ, amma cığal...

- Bir dəqiqə... Nə olsun dünyasını dəyişib?! O sağ olanda mən bu sözləri demişəm. Yeganə mən onu tənqid edə bilərəm, çünki sağlığında hər şeyi özünə demişəm. Sənin ixtiyarın yoxdur Rafiq Tağını tənqid etməyə, Qan Turalıya bu haqq verilməyib... Mən özümü tanıyan cayılam və kişi estetikası ilə hərəkət etməyin tərəfdarıyam. Bıçağı heç vaxt arxadan vurmaram. Rafiq Tağı atam haqqında “Cır-cındır içində Bakıya gəlib” deməməliydi. Çünki atam Bakıya mauzerlə gəlib. Məndə şəkli də var. Rafiq Tağı hətta Azərbaycanın Salman Rüşdisi ola bilmədi. Olsaydı, xaricə çıxara bilərdi. Bilirsiniz, anti-islamın dünyada yaxşı qiyməti var. Anti-islamçılar yaxşı bazar tuta bilirlər.

- Xeyli vaxtdır televiziyadan uzaq düşübsünüz. Təklif olsa, yenidən qayıdarsınız?

- Mən heç kimin qapısını döyməmişəm. Çağırsalar, gedərəm. Mən bazarı bilən adamam. Yoldaşım (İlhamiyyə Rzayeva – C.Z.) da televiziya işini yaxşı bacarır. İndi televiziyaların şərtləri bir az başqadır. Hamı işini reytinqə hesablayır. Mən indi müəyyən
Həmid Herisçi
Həmid Herisçi
qədər AzTV-ni sevirəm. Vallah, ciddi deyirəm. AzTV daha yaxşı telekanaldır, nəinki ANS, Lider, ATV... Bunlar guya müstəqildirlər. Mən həmişə sevinmişəm ki, ANS-i sevənlərdən biri kimi orda şəklim yoxdur. Bu bəlkə taleyin işidir, Allahın işidir, belə lazımdır. Bəlkə mən sehrbazam, oturmuşam evdə, bir-bir arzularımı həyata keçirirəm.

- Həmid Herisçinin yaradıcılığı necə qiymətləndirilib?

- Mən özüm kimisə qiymətləndirirəm. Məni qiymətləndirən adam hələ gəlməyib. İndi portret yazıları yazıram. Əjdər Olun yaxşı portret yazıları var, onları oxumuşam. Amma mənim yazılarım tamam başqadır. Prezidentin portretini yazmışam, heç kim çap etmək istəmir. Müxalifət də qorxur, iqtidar da. Elə qorxdular ki, mən də çəkindim. Halbuki adi bir əhvalatdır.

- Azərbaycan ədəbi tənqidinin vəziyyətini necə qiymətləndirirsiniz?

- İndi ədəbiyyat ciddi şəkildə konspirologiyaya qayıdır. Sirrə, sehrə, mistikaya... Ateizmə qayıtmır, əxlaqsızlığa qayıtmır, yekəbaşlığa qayıtmır, tərbiyəsizliyə, seksə, qayıtmır. Bunu geridə qalmış Azərbaycan ədəbiyyatı edir, Azərbaycan saytları edir. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatşünaslığında Əsəd Cahangir, Tehran Əlişanoğlu, Cavanşir Yusifli kimi yaxşı ədəbiyyatşünaslarımız var. Əgər onlar “Qanun” nəşriyyatının, “Əli və Nino” mağazasının təbliğ etdiyi kitablar haqqında yazmırlarsa, günahı bu adamlar özlərində axtarmalıdırlar. Demək, ədəbiyyatda bir parçalanma var.

- Bu yaxınlarda bir statusunuzu oxudum. Ədəbi uğurlarınızı sadalayandan sonra yazmışdınız ki, bu ölkədə özümə iş tapa bilmirəm. Necə dolanırsınız?

- Yoldaşım işləyir. Faciə ordadır ki, öz sənəti üzrə işləmir. Daha çox ona yanıram. Bizim işdən ayrılmağımız tələ nəticəsində olub. “Space”ə Vaqif Mustafayev rəhbər gələndən sonra, bizə qarşı özünü pis apardı. Həmin vaxt ANS-dən təklif gəldi. Biz “Space”dən çıxandan sonra xəbər göndərdilər ki, gəlməyin, bizə veriliş lazım deyil. Bu, tələ idi. Düzdür, sonradan ANS-ə qayıtdım. Bu telekanala ilk televizoru mən almışam. O vaxt yaxşı ideyalar, fikirlər verirdim. İndi heç yerdə çalışmıram. Çox kasıb yaşayıram. Heç kimin qayğısını görmürəm. Mən mövqeyi və prinsipləri olan adamam, ona görə üzümə bütün qapılar bağlıdır. Ümidimi Allaha bağlamışam.

Cavid Zeynallı
XS
SM
MD
LG