Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:40

«JEK»lər niyə ləğv olunmur?


Foto: Arxiv
Foto: Arxiv
Bakı şəhəri Nəsimi rayonunda yaşayan Fazil və Çinarə Nəcəfovlar deyirlər ki, «evpulunu» iki yerə ödəyirlər.

Nəcəfovlar ailəsi Mənzil İstismar Sahəsinə (MİS) özəlləşdirilmiş mənzillərinin istismarına görə bir ildə 7.08 manat, məişət tullantılarının daşınmasına görə isə 26.32 manat veriblər. Nəsimi rayon bələdiyyəsinə isə əmlak vergisi adı ilə 18.70 manat ödəyiblər.

«EVPULU»NU HARA ÖDƏMƏLİ?

Fazil Nəcəfov deyir ki, eşitdiyinə görə, əslində MİS-lər qanunda yoxdur və buna görə də onlara «evpulu» ödəməli deyil. Amma MİS-dən gündə onlara zəng edib pul istəmələrinin ucbatından məcbur olub ödəyir.

Mənzil Tikinti Kooperativində (MTK) yaşayan Kamal Abbasov isə özünü yaşadığı bina sarıdan bir qədər şanslı sayır. Deyir ki, 6 ildir ödənişi illik yox, aylıq edir. Özü də pulu MİS-ə yox, yaşadığı binanın komendantına verir. Kamal Abbasov deyir ki, ödədiyi 30 manata lift, blokun təmizliyi, həyətyanı sahənin yaşıllığı, işıqlandırılması, binanın xadimə və mühafizəçisinin maaşları daxildir:

«Ayda baha çıxır, amma bu servis özünü doğruldur, təmizlik və s. işlər aparılır. Amma JEK xidmətində mən belə bir şey görməmişəm illər boyu».

1959-cu ildən yaradılan Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti 2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsindən sonra heç bir qanunla tənzimlənmir.
Foto: Arxiv
Foto: Arxiv
Mənzil Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, çoxmənzilli binanın idarəetmə orqanı sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Hazırda fəaliyyət göstərən MTK-lar isə qanunda nəzərdə tutulan idarəetmə formasının ilkin formasıdır.

EKSPERTLƏR NƏ DEYİR?

Ekspertlər deyir ki, Mənzil Məcəlləsində MİS-lərin mənzil təsərrüfatı prosesində qeyd edilməməsi artıq 3 ildir onların qanundankənar fəaliyyət göstərməsi deməkdir. Zaman-zaman MİS-lərin fəaliyyəti müzakirə olunsa da, onların tamamilə ləğv edilməsi prosesi uzanır. Ekspertlərə görə, yaxşı olar ki, MİS-lər ləğv edilsin və onların səlahiyyəti bələdiyyəyə verilsin.

Bu il martın 7-də ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi hesabatda da mənzil-istismar sahələrinin ləğv edilməsinin, səlahiyyətlərinin bələdiyyələrə verilməsinin zəruriliyi bildirilirdi.

Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin müavini Sabit Hüseynov deyir ki, bu sahədə 4-5 ildir müzakirələr gedir:

«Mənzil Məcəlləsində yoxdursa, ləğv eləsinlər. Ancaq bizlik deyil bu məsələ».

MİS RƏİSİ NƏ DEYİR?

Foto: Arxiv
Foto: Arxiv
Yasamal rayon 60 saylı MİS-in rəisi Məmməd Hüseynov isə deyir ki, hazırda onlar təmizliklə, sakinlərin dam örtüyü, nərdivan kimi çatışmazlıqlarını aradan qaldırmaqla məşğuldur. Əhalidən isə təkcə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün pul yığırlar. Onun fikrincə, MİS-lərin ləğvi prosesi hələ tam yetişməyib:

«Bu gün üçün mənə elə gəlir ki, bu proses tam yetişməyib. Gələcəkdə bu qurumun səlahiyyəti bələdiyyələrə verilməlidir. Mən bir JEK rəisi olduğuma görə demirəm, gələcəkdə belə görürəm».

BƏLƏDİYYƏLƏR ƏLAVƏ MƏSULİYYƏTDƏN QORXURLARMI?

Mərdəkan qəsəbə bələdiyyəsinin sədr müavini İlqar Muqbilov isə maliyyə imkanı, baza olmadığı halda MİS-lərin səlahiyyətinin onlara verilməsi ilə razı deyil:

«Mənzil istismar sahələrinin hazırda problemləri çoxdur. Camaata su çatdıra, təmir işlərini apara, evlərin damlarını düzəldə bilmirlər. Hesab edin ki, bu problemlər günün günorta çağında yağan qar kimi bələdiyyənin üstünə düşə bilər. Onda da narazılıq bələdiyyədən ola bilər».

Nəsimi rayon bələdiyyəsinin sədri Asif Qurbanov isə bir qədər fərqli düşünür:

Samir Əliyev
Samir Əliyev
«Bələdiyyəyə aid olan səlahiyyətləri bəzi qurumlar əllərindən vermək istəmirlər. 210 min əhalisi olan bələdiyyəyə 30 min manat dotasiya verirlər. Bizə o MİS-ləri, vəsaiti versələr, hamıdan yaxşı işləyərik, hamı da razı qalar. Sakinlər də, seçicilər də».

MİS-LƏRİN SİYASİ FUNKSİYASI

Ancaq «JEK»lərdən tək evi daman, suyu gəlməyənlər şikayətlənmir. Azərbaycanda onlar seçki dövrində də opponentlərin dilindən tez-tez düşmürlər. Bu baxımdan, Bələdiyyələrin İnkişafı naminə QHT Alyansının eksperti Samir Əliyev deyir ki, «JEK»lərin ləğv edilməsinin gecikməsinin cavabı hökumətdədir:

«Hökumət bu gün «JEK»lərin ləğv edilməsində maraqlı deyil. Ona görə yox ki, «JEK»lər olmadıqda evlər başlı-başına qalacaq. Ona görə ki, «JEK»lər Azərbaycanda daha çox siyasi funksiyanı yerinə yetirir. Xüsusi ilə də seçki dövründə imzatoplama prosesində əvəzedilməz rol oynayır. Hətta başqa işlər də var. «JEK»lərə müraciət edirlər ki, ərazidə kimlər yaşayır, nə işlər görürlər və s. Ona görə hökumət bu işdə maraqlı deyil».

Samir Əliyev deyir ki, sayı təxminən 300 olan «JEK»lərə hər il dövlət büdcəsindən orta hesabla 18 milyon, abadlıq və tullantıların daşınmasına görə isə 154 milyon manat ayrılır. Ölkə üzrə 1710 bələdiyyəyə isə 2011-ci ilədək hər il 3.5 milyon, bu ildən isə 5 milyon manat dotasiya ayrılıb.

Hərçənd, «JEK»lər adlarının siyasi çəkişmələrdə hallanması ilə razılaşmırlar.
XS
SM
MD
LG