Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Bəxtiyar Hacıyev: «Bütün insanlara sözün əsl mənasında azadlıq arzulayıram»


Bəxtiyar Hacıyevin AzadlıqRadiosuna müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Bəxtiyar Hacıyevin AzadlıqRadiosuna müsahibəsi

Gənc fəal Bəxtiyar Hacıyev iyunun 4-də Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılandan sonra AzadlıqRadiosuna müsahibə verib.

- Bəxtiyar bəy, azadlıqdasınız. Hansı hissləri keçirirsiniz?

- Təbii ki, ailəmə, cəmiyyətə, yaxınlarıma, dostlarıma qovuşduğuma görə sevinirəm. Amma bu gün həbsdə olmamalı kifayət qədər insanlar var. Ən qısa zamanda onların da azadlığa çıxmasını arzu edirəm. Bu istiqamətdə də bacardığım qədər çalışacağam.

- 15 ay həbsdə oldunuz. Bu müddət sizin üçün necə keçdi?

- Maksimum dərəcədə çalışdım faydalı keçsin. Kitab oxumaqla, qəzetlərlə, müəyyən qədər təcrübəli insanların təcrübəsindən faydalanmaqla keçirdim.

NİSBİ AZADLIQ HİSSİ

- Saxlanma şəraitiniz necə idi?

- Təbii ki, Avropa ilə müqayisədə yaxşı deyildi. Amma müəyyən islahatlar aparırlar.

- Həbsdə olanda deyirlər azadlığın qiymətini daha çox hiss edirlər.

- Düzdür.

- İndi özünüzü necə hiss edirsiniz?

- Nisbi azadlıq var.

- Keçən həftə siz prezidentə müraciət etdiniz. Azadlığa çıxmağınızda bu müraciətin rolu oldumu?

- Düşünürəm ki, olub.

- Həmin müraciət birmənalı qarşılanmamışdı.

«MÜRACİƏT LAZIM İDİSƏ, ETDİM»

- Bu normaldır. Amma fikirləşirəm ki, hər bir insan özü düzgün bildiyi qərarı verməlidir və onun düzgün olduğunu cəmiyyətə izah eləməlidir. Onu bacarmalıdır. Yəni, hər bir addım birmənalı qarşılanmaya bilər. Amma insan o addımın birmənalı qarşılanmayacağından ehtiyatlanaraq bəzən riskli addımlar atmaya bilər. Sadəcə olaraq mən düşünürəm ki, bu gün mənim cəzaçəkmə müəssisəsində nə ailəmə, nə özümə, nə cəmiyyətə, nə də dövlətə, heç kimə xeyrim dəymirdi. Amma azadlıqda nisbətən daha çox imkanlar var. Həm cəmiyyətə, həm dövlətə, həm özümə, həm ailəmə faydalı olmaq üçün. Düşünürəm ki, cəzaçəkmə müəssisəsində olmağım bir səhv idi. Bu səhvin düzəldilməsi üçün də əgər mənim müraciətim lazım idisə, mən bu müraciəti elədim.

- Bu vaxta qədər çoxsaylı məhkəmələriniz olub. Bu günkü məhkəmə prosesləri haqqında nə deyə bilərsiniz.

- Çox istərdim ki, bu günkü məhkəmə də, əvvəlki məhkəmələr də sırf hüquqi proses olsun. Amma hələ ki, elə deyil. Ümid edirəm ki, nə vaxtsa bütün qərarlar sırf hüquqi proses əsasında veriləcək. Çox istərdim ki, bu, hüquqi proses olsun. Amma həbsim siyasi proses olduğu kimi azadlığa çıxmağım da yarı siyasi, yarı hüquqi bir proses oldu. Amma düşünürəm ki, belə də olmalı idi. Çünki bütün proseslərə təmkinli və ortaq bir nöqtə tapmağa çalışmaq lazımdır, nəinki konfrontasiya.

«OLA BİLƏR XARİCƏ GEDİM»

- Bundan sonrakı fəaliyyətiniz necə olacaq?

- Yəqin ki, bir müddət istirahət edəcəyəm. Sonra da çox güman ki, xaricdə ya təhsil, ya da iş fəaliyyətimi davam etdirəcəyəm.

- Siz şərti azadlığa buraxılmısınız. 9 ayınızı ölkədə qalmalısınız?

- Ola bilər ki, bu 9 ay müddətində xaricə gedim.

- Sizə qarşı irəli sürülən ittiham hərbi xidmətdən yayınma ilə bağlı idi.

BÜTÜN İNSANLARA AZADLIQ

- Vallah mənə elə gəlir ki, o ittihamın nəyə görə irəli sürüldüyü cəmiyyətə kifayət qədər aydındır.

- Hüquq müdafiəçiləri, vəkilləriniz bildirirdi ki, bu, siyasi bir ittiham idi.

- O barədə fikrimi dəfələrlə demişəm. Fikrimdə də qalıram. Fürsətdən istifadə edib məni müdafiə edən bütün insanlara öz təşəkkürümü bildirirəm. Hüquq müdafiəçilərinə, vəkillərimə, yaxınlarıma, dostlarıma, kütləvi informasiya vasitələrinə, beynəlxalq təşkilatlara, dövlət qurumlarında çalışan vicdanlı insanlara da. Kifayət qədər çox adam mənim azad olunmağım üçün çalışdı. Hər birinə tək-tək təşəkkür edirəm.

Mən bütün insanlara azadlıq arzulayıram. Sözün əsl mənasında azadlıq. Yəni, ola bilər ki, kimlərsə cəzaçəkmə müəssisəsindədir, özünü azad hiss eləmir. Amma elə insanlar da var ki, cəzaçəkmə müəssisəsində deyil, ancaq onlar da azad deyil. Hamıya azadlıq arzulayıram.
XS
SM
MD
LG