Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:48

"Cavad xan" filminə qadağa? S.Rüstəmxanlı: "Dedilər ölən rusların sayı çoxdu"


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
-
"Cavad xan" filminin nümayişinə ciddi maneələr var. Mən zəng vururam icra başçıları deyirlər ki, sabah göstərərik. Amma sonra kiminləsə məsləhətləşirlər və məlum olur ki, mümkün deyil".

"Yenə rusa xüsusi münasibət var. Yenə milli düşüncədən qorxu var, yenə türk sözü bəzi dairələrdə yasaqdır".



“Pen klub” proqramının bu dəfəki qonağı şair Sabir Rüstəmxanlıdır.


“O CÜR FİLMLƏR KİNOFESTİVALLARA GEDİR, AMMA “CAVAD XAN” YOX”

- Sabir bəy, sizin ssenarisini yazdığınız “Cavad xan” filmi dövlət sifarişi ilə çəkilib. Bu gün səhv etmirəmsə, kinoteatrlarda da göstərilmir, televiziyalarda da. Səbəb nədir?

- Bir prodüsser şirkəri filmin respublikada prokat işini boynuna götürdü. Bəzi rayonlarda göstərildi də. Sonra məlum oldu ki, filmin nümayişinə ciddi maneələr var. Mən zəng vururam icra başçıları - əvvəla filmin nümayişi ilə niyə icra başçısı məşğul olmalıdır – deyirlər ki, sabah göstərərik. Amma sonra kiminləsə məsləhətləşirlər və məlum olur ki, mümkün deyil. Hansı gizli qüvvə “Cavad xan” filmini göstərməyə mane olur, hələ dərk edə bilmirəm. Amma ciddi maneə var.

- Hər halda təxminləriniz olmamış deyil. Zəif filmdir deyə televizyalara çıxmadı? Yoxsa Rusiya amilinə görə? Bəlkə Azərbaycanın şimal qonşusu filmdə işğalçı kimi göstərilir deyə ehtiyat edirlər?

- Hər ikisi ola bilər. Hər halda o filmin təqdimatında bir rəsmi – Prezident Administrasiyasının çox kiçik işçisi mənə dedi ki, bilirsiz, filmdə müharibədə ölən rusların sayı bir az çoxdur. Halbuki orda bizim ölənlərin sayı ikiqat çoxdur. Mən də dedim ki, bu, tarixi fakt əsasında çəkilib. Biz qoyun olmamışıq ki, başımızı kəsib getsinlər. Müqavimət olub. Gəncə şəhər olaraq müqavimət göstərib, kimsə “of” deməyib. Həmin məmur dedi ki, bəlkə bu səhnələrə yenidən baxasız. Dedim ki, bilirsiz nə var, o bina köhnə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası deyil, siz də orda oturmuş kuratorlardan biri. Bu film dövlət sifarişi ilə çəkilib. Mən ssenari müəllifiyəm, rejissoru da var, biz bu cür görmüşük, bu cür də çəkmişik. Bu, bizim əsərimizdir, siz fikrinizi deyə bilərsiz. Amma təzyiq edə bilməzsiz. Amma görünür, təzyiqlər var.

- Bu, Rusiya amiliylə bağlıdır?

- Amma biz filmi Moskvada göstərmişik. Gözəl də qarşılanıb. Polşada, Macarıstanda göstərmişik.

- Rusiya amili də deyilsə, onda səbəb nədir?

- Rusiyanın illər uzunu öz mövqeyini müdafiə edən, tarixində diqqətə layiq olmayan tərəflərini də şişirdib dünyaya konfet şəklində təqdim etdiyi onlarla film, kitab var. Biz də bir dəfə “Cavad xan” filmində ayaq üstdə dayanmışıq, boyaboy, demişik ki, bu bizik, siz düşmən kimi gəlmisiz, biz də vuruşmuşuq, səndən də ölən olub, məndən də, amma başım əyilməyib. Qafqazı almaq ruslar üçün asan olmayıb ki. Mən baxıram xarici kinofestivallara göndərilən filmlərə. Hansı filmləri göndərirlər? Hardakı bizi... Burda demək istəmirəm, hər halda o filmləri göndərirlər ki, bizi orda aşağılayırlar. O cür filmlər asanlıqla gedir. Amma “Cavad xan” filmi göndərilmir. Hətta müəyyən təkliflər olub, göndərilmir. Bir o dediyim ölkələrə gedib, onda da nə qədər əziyyət çəkmişik.

TALEYİN İRONİYASI - İRANDA AŞKARLANAN, MOSKVADA YIĞILAN “CAVAD XAN” FİLMİ

- Sabir bəy, siz özünüz filmə tamaşaçı kimi baxmısızmı? Onu necə qiymətləndirirsiz?

- Uğurlu film sayıram. Təbii ki, müəyyən kəm-kəsirlər var. O da texniki imkanların məhdudluğundan olub. Mən o sahədə təcrübəsiz olduğumdan bəzi şeylərə inanıb prodüsserlərə razılıq vermişəm. Məsələn, film nədən gedib İranda aşkarlanmalıydı? İran hara, bu filmin ruhu hara? Operator da İrandan gəlmişdi. Bizə 3 kamera söz vermişdi, sonra gördük biriylə çəkir. Bu texniki şeylər ciddi maneə yaratdı. Təsəvvür edin, aşkarlanma İranda gedir, bir sıra texniki işlər Moskvada görülür. Moskva hara, bu film hara? Yəni Azərbaycanın tarixində mənfi rol oynamış ölkələrin texniki bazasında “Cavad xan ”filmi çəkildi.

(davamı videonun altında)

- Taleyin ironiyasıdır, sizcə?

- İroniyadır, bəli... Bizdən kasıb ölkələrin kinostudiyaları yenidən qurulub. Bizim studiya isə bərbad gündədir. Dövlət kinostudiyasında bir normal kamera tapa bilmədik, məcbur qaldıq İrandan gətirdik. Operatorla bağlı yanlışlıqlar oldu, indi baxıb görürəm bunları. Bəzi şeylər şübhəsiz rejissor işiylə bağlıdı, ola bilsin ssenarist işiylə bağlı da qüsurlar var. Amma istənilən halda uğurlu filmdir, bizim tarixlə bağlı çəkdiyimiz ən yaxşı tarixi filmdir.

- Filmdə xanların danışığı zamanı qan düşür araya. Kim ölür? O qədər aydın olmur filmdə.

- Bizim üçün aydındır. Biz o işin içində olmuşuq, çəkilişdə-filanda. Ona bir neçə dəfə baxanda hər kəs hiss edəcək. Əslində biz bunu çox açmaq istəmədik. Ermənilər danışıqları pozmaq üçün araya qan salırlar, kitabda belədir. Filmdəsə ola bilsin bu, tam aydın görünmür. Bu xırda bir şeydir. Ancaq ola bilsin ora subtitrlə bir cümlə yazdıq.

- Amma siz bu filmi xaricə aparırsız göstərməyə. Onlar necə başa düşəcəklər?

- Bu məsələ müzakirə ediləndə də dedik, bir az vəsait lazımdır. Televiziyaya çıxanda orda xırda əlgəzdirmələr olacaq

SABİR RÜSTƏMXANLI “CAVAD XAN”IN GÖSTƏRİLMƏMƏSİNİN SƏBƏBİNİ AÇDI

- Aktyorların oyununu necə qiymətləndirirsiz?

- Yüksək qiymətləndirirəm. Filmin Heydər Əliyev sarayındakı təqdimatı zamanı millət onu 10-15 dəqiqə alqışladı. O ruhu film aşılayırsa, detallardakı yanlışlıqlar önəmli deyil. Film boyu neçə epizod var ki, mən hər dəfə baxanda gözüm yaşarır. Məsələn, qadınlar saçlarını kəsəndə. Cavadxanın oğlunun dalınca getməsi... Bəlkə mən kövrək adamam, sizin ürəyiniz bərkdir?.. Mən kitabı yazanda da bəzi epizodlarda ağlamışam. Məsələn, oğlunun toyunda... Bilir ki, 3 gün sonra Gəncə gedəcək, qırğın olacaq, ancaq oğlunun toyunda qol götürüb oynayır, özü də tək oynayır, kitabda yazıram ki, oynaya-oynaya sanki boyu uzanmışdı çinarlar kimi. Mən bunu yazanda gözümdən yaş gəldi... Mən “Difai fədailəri”ni də ekranlaşdırmağı Mədəniyyət Nazirliyinə təklif etdim. Amma təəssüf ki, yox cavabı eşitdim. “Cavad xan”dan sonra yəqin bu məsələlərə daha ehtiyatla yanaşırlar. Çünki orda da səhnədə 3 obraz var: rus, erməni və türk.

- Sabir bəy, aydınlaşdıraq, Mədəniyyət və Turizm Nazirliyi “Cavad xan”dan sonra nəyə ehtiyatlı yanaşır? Nədədi problem?

- Təəssüf ki, biz sovet rejimindən ayrılsaq da, sovet düşüncəsi hələ bir sıra məmurlarımızın beynindən çıxmayıb. Yenə rusa xüsusi münasibət var. Yenə milli düşüncədən qorxu var, yenə türk sözü bəzi dairələrdə yasaqdır. Türkçülük ruhunu, onun böyüklüyünü təbliğ edən əsərlər təəssüf ki, bəzi dairələrdə qəbul olunmur.

- Onlar kimlərdir? Yəqin yetərincə yüksək vəzifəli məmurlardır ki, prosesə əl qoyurlar.

- Elmi çevrələrdən başlamış ta rəsmi dairələrə qədər. Bu bir şəbəkədir.

- Siz “Cavadxan” filminin çəkilişləri zamanı prezidentə müraciət etdiz və ona ayrılan vəsait artırıldı. Bəlkə göstərilməsi üçün də müraciət edəsiz?

- (Əlindəki kitabı göstərir) Bax, bu “Sunami” romanım çap olundu və 5-10 dosta payladım. Mənə elə gəlir ki, kitab əlimə çatdısa, artıq işim bitdi, doyuram ondan. Gedirəm yeni kitab yazmağa.

- O zaman siz oxucu üçün yazmırsız?

- Oxucuya yazıram. Çəkiliş zamanı “Cavadxan” yetərincə təbliğ olundu. Bu filmin varlığından hamı xəbərdardır. O biri yandan, camaat özü tələb edər ki, niyə film rayona gəlmir. İkincisi də, “Cavad xan” qaldıqca dəyərini artıracaq. O film arxivlərdə qala bilməz, məhv edilə bilməz. O film bir gün öz yerini tapacaq. Ondan sonra tamaşaçılar o filmin ssenari müəllifinin qədrini daha yaxşı biləcəklər.
XS
SM
MD
LG