Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:52

"Rüstəm İbrahimbəyova demək istəyirəm ki, üzr diləmək yersizdir!"


Əli İsa Cabbarov
Əli İsa Cabbarov
-

«Bu... Rüstəm İbrahimbəyovun yox, onunla siyasi müstəvidə konflikt aparan insanların reytinqini aşağı salan hərəkət idi».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov söylədi.

BU, RÜSTƏM BƏYİN NÜFUZUNA ZƏRBƏ VURMAQ CƏHDİDİR

Onun sözlərinə görə, bu insanlar Rüstəm İbrahimbəyovun sədr olduğu təşkilatı təhlükə kimi görürdülər: «Hökumət Evinin binasında olmaq ittifaqın gücü kimi qavranılırdı. Bunu Rüstəm müəllimin nüfuzu kimi də qəbul edirdilər. Çıxarılmanı nüfuza zərbə kimi də qəbul etmək olardı».

DEDİ SƏNƏDLƏ GƏLƏCƏYƏM – AMMA GƏTİRMƏDİ

Aparıcının «Niyə sənəd olmadan ofisdən çıxdınız?» sualını Əli İsa bəy belə cavabladı:

- «Biz hər hansı ticarət mərkəzində ofis götürməmişik. Hökumət binasıdır. Polis tərəfindən qorunur. Bakı Şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev çıxmağı məsləhət gördü. Dedi, sənədlə gələcəyəm, amma sənədlə gəlmədi. Bir daha təkid edəndə, dedi səhəri gün verəcəyəm. Yenə vermədi... Biz də hökumət nümayəndələri ilə lazımsız konfliktə getmədik. Onsuz da presedent var, videogörüntü də var. Şəhər meriyasının nümayəndələri bu işi həyata keçirib. Sənədsiz...».

BAKI MERİYASI İCRAÇIDIR, SİFARİŞÇİ DEYİL...

Əli İsa Cabbarov bunun ittifaqın vergi borcu ilə bağlı olmadığı qənaətindədir: «Bəzən bizdən soruşurlar ki, vergi ilə bağlı deyil? Yox, bu paralel işlərdir. Nə də icarə borcu ilə bağlıdır. Vergilərlə bağlı istintaq gedir, amma bu prosesi Bakı şəhər İcra Hakimiyyəti həyata keçirib. Təbii ki, söhbət icraçıdan gedir, sifarişçidən deyil».

RÜSTƏM BƏY HARADADIR?

Əli İsa Cabbarov Rüstəm İbrahimbəyovun indi Moskvada olduğunu dedi:

- «Xəbəri alan kimi ona çatdırdıq. O da dedi sənədi alın, sonra çıxın... Amma Rüstəm müəllimin mesajının ümumi ovqatı belə idi ki, hökumət nümayəndələri ilə xoşagəlməz konfliktə girmək məsləhət deyil. Dediyim kimi, əvvəlcə çox yüksək səviyyədən xəbərdarlıq oldu. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri bu işi icra etdi».

BAŞQA YER TƏKLİF OLUNSA...

Qonağımızın fikrincə, bu, təzyiq vasitəsidir: «Bizim katiblik bu məsələni işgüzar və xoşməramlı ruhda həll etmək istəyir. Bütün sətiraltı mənanı və siyasi yönümü kənara qoyub yarım əsrdən artıq mədəniyyətə xidmət etmiş yaradıcı ittifaqı çölə atmaq ağlasığmaz bir işdir. Odur ki, az da olsa ümidim var ki, bizə başqa yer təklif edəcəklər. Onsuz da biz orada da, icarəhaqqı ödəyirdik. Əgər başqa yer təklif olunsa, biz razılaşarıq».

QADINLARIN GÖZ YAŞLARI...

Əli İsa Cabbarov bütün əməkdaşların şok yaşadığını bildirdi: «Onillərlə burada çalışıblar, dünya şöhrətli adamları qəbul ediblər. Burada ziyafətlərə, diskussiyalara, baxışlara öyrəşiblər. Və birdən-birə polis, icra hakimiyyətinin səlahiyyətliləri... İki saat boyunca onlarla fəhlə... Qadınların gözyaşını görmək ağrılı idi».

FACEBOOK SƏHİFƏMİZ OFİS ROLUNU OYNAYIR

Aparıcının: «Bəs indi Kino İttifaqının avadanlığı, sənədləri haradadır?» sualına Ə. İ. Cabbarov belə cavab verdi: «Dəftərxanamız – hər şeyimiz zirzəmidədir. Zirzəminin necə olduğuna nəzarət etmək imkanımız da olmadı. İki saat ərzində onlarla fəhlə bu işi həyata keçirdi. İndi heç telefonumuz da yoxdur ki, bir-birimizlə əlaqə saxlayaq. Ancaq Facebook səhifəmiz ofis rolunu oynayır. Gələn həftədən çalışacağıq ki, işimizi bərpa edək».

PREZİDENTƏ MÜRACİƏT OLUB

Əli İsa Cababrov hələ yanvarın 10-da prezidentə müraciət imzaladıqlarını dedi: «Bu, Rasim Balayevin istefasından əvvəl olub. Orada da yazmışdıq ki, ittifaq yaradıcı peşəkar təşkilatdır. Siyasətlə məşğul olmur. Amma hər bir üzv siyasi mövqe tutub fəaliyyət göstərə bilər. Ona görə də bu hadisələr anlaşılmaz və ədalətsiz görünür. İttifaq üzvləri bu hadisədə öz rəhbərliyini mənəvi cəhətdən dəstəkləyir və bir daha bəyan edir ki, ittifaq siyasətdə deyil, amma hər bir üzv siyasi fəaliyyət göstərə bilər. Bizi heç bir səbəb göstərmədən ofisdən çıxarmaq, ən azı, ədalətsizlikdir...».

RÜSTƏM İBRAHİMBƏYOVA DEMƏK İSTƏYİRƏM Kİ...

Qonağımız Rüstəm İbrahimbəyovun son açıqlamasına da münasibət bildirdi:

- «Çox duyğulandırıcıdır. Liderin öz ətrafında olan insanlardan onlara bəxş etdiyi narahatçılığa görə üzr istəməsi həmin insanın çox böyük ürəyə sahib olmasını göstərir. Rüstəm müəllimə demək istəyirəm ki, üzr diləmək yersizdir! Belə problemləri yaradan insanlara təşəkkür etmək istəyirəm. Çünki onlar bizim bioqrafiyamıza şərəfli səhifələr yazdılar... Sabah övladlarımıza danışmağa çoxlu mətləblərimiz var. Biz bütün təpkilərə baxmayaraq, həqiqətin, şərəf və ləyaqətin, ədalətin yanındayıq. Üzr istəmək Rüstəm müəllimin ürəyinin böyüklüyünün nəticəsidir, amma biz onun qələbəsinə lazım olan bütün dəstəyi göstərməyə hazırıq».

- Qonağımız Rasim Balayevin istefası ilə bağlı nələr dedi?
- İttifaq bundan sonra nə etmək fikrindədir?

«İz»i buradan dinlə.

XS
SM
MD
LG