Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:30

«Sivil ölkələrdə belə bəyanat verən adamları həbs edirlər»


Əkrəm Əylisli
Əkrəm Əylisli
-
“Sivil ölkələrdə hüquq-mühafizə orqanları belə bəyanat verən adamları həbs edirlər. Nəinki Azərbaycanın tanınmış yazıçısına qarşı, hətta sadə bir vətəndaşa qarşı da belə hədələrin səslənməsi yolverilməzdi”.

Qalmaqallı “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hədələrinə münasibət bildirərkən deyib. H.Hacıyev bəyan etmişdi ki, yazıçının qulağını kəsənə 10 min manat mükafat verəcək.

Azadlıq Radiosunun Özbəkistan xidmətinin “Yazıçı sözü və məsuliyyət” mövzusunda keçirdiyi dəyirmi masaya telefonla qatılan Ə.Əylisli deyib ki, özü H.Hacıyevi tanımasa da, Azərbaycan cəmiyyəti həmin partiya sədrini yaxşı tanıyır:

“Bu birinci dəfə deyil ki, o adam cəmiyyətdə kimisə hədəfə alır, belə bəyanatlarla çıxış edir. Hakimiyyət lap əvvəldən ona qarşı ölçü götürməli, onun belə çirkin, qansız və qanunsuz bəyanatlarına son qoymalı idi”.

Ə.Əylislinin “Mən bilmirəm Özbəkistanda da yazıçılara qarşı belə hücumlar olurmu” sualına cavab olaraq proqramın aparıcısı deyib ki, Azərbaycanda “Daş yuxular”ın müəllifinin “xalq yazıçısı” adından məhrum edildiyi gün – fevralın 7-də Özbəkistanda yazıçı Rövşən Qafarov haqqında hökm çıxarılıb. Onu 3,5 il müddətinə azadlıqdan məhrum ediblər. Amma o dərhal amnistiya ilə azadlığa buraxılıb. R.Qafarovdan bir hakim şikayətçi idi. Həmin hakim yazıçını öz əsərində onun mənfi obrazını yaratmaqda ittiham edirdi.

O da bildirilib ki, Özbəkistanda həbsdə ölən, ölkədən qaçan yazıçılar da var. Özbək müxalifətinin lideri, Norveçdə siyasi sığınacaq almış Məhəmməd Saleh də yazıçıdır.

Ə.Əylisli deyib ki, onun romanı Azərbaycan xalqına baş ucalığı gətirən əsərdir:

“Amma bəzi siyasi dairələr bunu Azərbaycan xalqını alçaldan əsər kimi qələmə verirlər. Bu kitab ətrafında baş verənlər yəqin ki indiyəcən dünyanın heç bir yerində baş verməyib. Gedirlər mənim kəndimdə adamları yığırlar, kitabımı yandırırlar. O adamlar ki mənim bu əsərimdən heç xəbərləri yoxdur. Ədəbiyyata bu cür yanaşma stalinizmlə feodalizmin sintezi olan bir yanaşmadı”.
XS
SM
MD
LG