Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:44

Polis Sabirabad və Qəbələdə AXCP-nin tədbirini dağıdıb [Video]


Polis müdaxiləsi
Polis müdaxiləsi
-
Sabirabad polisi Xalq Cəbhəsi Partiyasının (AXCP) tədbirinə imkan verməyib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun AzadlıqRadiosuna verdiyi məlumata görə, aprelin 20-də yerli cəbhəçilərdən birinin həyətində keçirilən tədbir başlayan kimi polislər ora daxil olaraq tədbiri dağıdıb:

«Biz tədbir keçirilməsi üçün bir neçə gün əvvəl icra hakimiyyətinə müraciət etmişdik, amma bizə yer verməmişdilər. Sonra biz bu tədbiri üzvümüz Sahib Rüstəmlinin həyətində keçirməyi qərara aldıq. Polis bir gün əvvəl xəbərdarlıq etmişdi ki, tədbir keçirilsə, qarşısı alınacaq. Biz isə bunun dinc bir tədbir olduğunu bildirmişdik və polisi də orada iştiraka dəvət etmişdik. Bu gün partiya Ali Məclisinin sədri Həsən Kərimov çıxış edəndə, birdən həyətə xeyli polis girdi və tədbiri dağıtdı».

Natiq Ədilov 30-a yaxın partiya üzvünün saxlandığını bildirir. Onun dediyinə görə, partiyanın bundan əvvəl rayonlarda keçirdiyi bütün tədbirlərdə bu kimi hallarla üzləşiblər.

Sabirabad rayon polisindən AzadlıqRadiosuna baş verənlərə münasibət bildirməkdən imtina etdilər.





İCRA HAKİMİYYƏTİ AXCP-Nİ GÜNAHLANDIRIR

Sabirabad rayon İcra Hakimiyyəti AXCP üzvlərinin toplantısına müdaxiləyə münasibət bildirib.

İcra hakimiyyətindən apa-ya verilən məlumata görə, toplantının keçirildiyi ev bazarın ətrafında olduğundan oradakı sakinlər tədbirin keçirilməsinə etiraz ediblər:

«Sakinlərin tələblərinə məhəl qoymayaraq tədbiri keçirməyə cəhd göstərdikdə isə, gələnlər yumurta və pomidor atəşinə tutulublar».

Açıqlamada daha sonra Natiq Ədilovun yerli sakinlərlə münaqişə yaratdığı qeyd olunur:

«Bundan sonra sabirabadlı Natiq Ədilov camaatın üzərinə hücum çəkərək onları söyüb. Buna rayon sakinlərinin əks reaksiyasından sonra yaxınlıqda olan polis hadisəyə müdaxilə edərək əhalini sakitləşdirməyə çalışıb».

QƏBƏLƏDƏ FƏHLƏLƏRLƏ GÖRÜŞƏ İMKAN VERİLMƏYİB

AXCP üzvlərinin Qəbələdə fəhlələrlə görüşünə də polis müdaxiləsi olub.

Bu barədə AzadlıqRadiosuna həmin tədbirdə iştirak edən partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib:

«Aprelin 20-də AXCP sədrinin müavini Asəf Quliyev, partiya sədrinin müşaviri Zərifə Məhəddinova ilə biz Nic qəsəbəsində hüquqları pozulan fəhlələrlə görüşən zaman sahə müvəkkili ilə icra nümayəndəsi müdaxilə elədi. Onlar bizə qanunsuz toplantı keçirdiyimizi dedilər. Görüşdə təxminən 45-50 nəfər Qəbələ sakini var idi».

Tədbirdə iştirak edən «Azəri Trans» şirkətinin fəhləsi Tehran Musayevə qanunsuz toplantı keçirildiyi barədə xəbərdarlıq edilib.

Bir müddət əvvəl şirkətin fəhlələri olan Tehran Musayev, Aydın Əliverdiyev və Siyavuş Yaralıyev sutkalıq həbs olunmuşdular. Onlar əmək müqaviləsi, iş gününün 8 saat olması tələbləri ilə tətil keçirmişdilər.

Qəbələ rayon polis rəisinin müavini Əfqan Bəşirov polisin toplantıya müdaxiləsini təkzib edir.
XS
SM
MD
LG