Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

Azərbaycanın ilk Milli Şurası


Azərbaycan parlamenti - 1918
Azərbaycan parlamenti - 1918
-
Son günlər Milli Şura ətrafında müzakirələr qızışır, Şuranın mayın 28-də elan olunacağı bildirilir. Milli Şura ideyasının müəllifi, yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyov mediaya son müsahibəsində deyir ki, «Bizə lazım olan hörmətli adamlar öz razılıqlarını veriblər. Demək olar ki, vəziyyət bizim gözlədiyimizdən də yaxşıdır. Bir həftədən sonra Milli Şuranı elan edəcəyik».

Yaradılsa, bu, Azərbaycanın müstəqillik tarixində üçüncü Milli Şura olacaq. Daha öncə 1991-ci ildə Azərbaycan Ali Sovetinin nəzdində Milli Şura yaradılmışdı. 50 nəfərlik bu Şura yarıbayarı kommunist və demokratlardan formalaşdırılmışdı. 180 gün fəaliyyət göstərən və bu müddətdə 38 iclas keçirən həmin Şura 1992-ci il mayın 18-dən Azərbaycan Respublikasının Milli Məclisi adlandırılmışdı.

Azərbaycanın ilk Milli Şurası isə 1918-ci ildə fəaliyyət göstərib. Tarixçi alim Firdovsiyə Əhmədova AzadlıqRadiosuna müsahibəsində həmin Şuranın legitimlik dərəcəsi barədə sualı belə cavablayıb:

– 1917-ci ildə Rusiyada Romanovlar sülaləsi devriləndən, mütləqiyyəti rejimi başa çatandan sonra bir Müəssislər, yəni Qurucular Məclisinin çağırılması məsələsi ortaya çıxmışdı. Oktyabr ayındakı (yeni stillə noyabr) bolşevik inqilabı həmin məsələni ertələtsə də, 1918-ci ilin yanvarında Müəssislər Məclisi açıldı. Azərbaycandan oraya qatılmaq üçün seçilən üzvlər həmin dövrün millət vəkilləri idi. Bolşeviklər Müəssislər Məclisini qovandan sonra Cənubi Qafqazdan olan deputatlar 1918-ci ilin fevralında Zaqafqaziya Seymini yaradıldığını elan etdilər. Bu seymdə ən böyük fraksiya Müsavat Partiyasının üzvləri və bitərəflər idi. Tərkibdə İttihad Partiyasının üzvləri, hümmətçilər də vardı. Müsavat fraksiyasının sədri Məhəmməd Əmin Rəsulzadə idi. O, Zaqafqaziya Seyminin müsəlman fraksiyasının sədri sayılırdı. Bu baxımdan Rəsulzadənin Milli Şuranın sədri olması legitim idi.

– Müstəqil Azərbaycan Milli Şurası necə yarandı?

– Zaqafqaziya Seymi Rusiyadakı hökuməti tanımırdı, ancaq özünü Rusiyadan müstəqil qurum da elan etmirdi. Cənubi Qafqazdakı proseslər, Osmanlı dövləti ilə Zaqafqaziya Seymi arasındakı münasibətlər nəticəsində 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Respublikası yaradıldı. Cənubi Qafqaz özünün müstəqilliyini elan etdi.
Firdovsiyə Əhmədova
Firdovsiyə Əhmədova
Ancaq həm Osmanlı dövləti, həm də Cənubi Qafqaz xalqları arasındakı gərginlik bu respublikanın ömrünü qısaltdı. Gürcüstanın 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxması ilə bu Seym fəaliyyətini dayandırdı. Mayın 27-də müsəlman fraksiyası da ayrıca Azərbaycan Milli Şurasının yaradıldığını açıqladı. 44 nəfərdən ibarət Milli Şura Batumda danışıqlar aparan M.Ə.Rəsulzadəni (özü olmadığı halda) Milli Şuranın sədri seçdi. Azərbaycan parlamentinin açılmasınadək, fasilələrlə olsa da, bu Şuranın fəaliyyəti sürdü. Yaradılmasından bir gün sonra – 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Bu aktı qəbul edənlər müsəlman şərqində bir sivil respublikanın qurulmasına qərar verdilər. Düzdür, cümhuriyyət dövründə konstitusiya qəbul olunmamışdı, ancaq İstiqlal Bəyannaməsi, bir başqa adıyla, İstiqlaliyyət Aktı Konstitusiyayadək hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq baxımından aparıcı prinsipləri özündə təsbit etmiş bir sənəd idi. Azərbaycan dövlətinin ərazisi, vətəndaşlarının cinsindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hüquq bərabərliyi, hökumətin qanunvericilik orqan qarşısında cavabdehliyi prinsipləri sənəddə öz əksini tapmışdı. Hökumət də icraçı orqan kimi müəyyənləşdirilmişdi. Fətəlixan Xoyski cümhuriyyət dönəminin ilk üç kabinəsinin sədri seçilmişdi. Hökumət Tiflisdən Gəncəyə köçənədək Milli Şura fəaliyyətini davam etdirmişdi. İyunun 16-da – Gəncəyə köçəndə, Azərbaycan dövlətçiliyinin sınağa çəkildiyi bir durumda Rəsulzadə başda olmaqla partiya marağını, şəxsi marağını qurban verərək, dövlətçilik maraqlarını üstün tutaraq Milli Şura istefaya getdi. Səlahiyyətlərini ötücü olaraq, təbii ki, Müəssislər Məclisinin çağırılmasınadək, yeni təşkil olunan ikinci kabinəyə verdi. 1918-ci ildə Birinci Dünya Müharibəsində qalib gəlmiş ingilis qüvvələri Bakıya daxil oldu. Azərbaycan Milli Şurası noyabrda öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 20-də Azərbaycan parlamentinin təsis olunması barədə qanun verildi. Parlamentin açılması ilə Milli Şuranın fəaliyyəti bitmiş sayıldı. Beləcə, dövlətçiliklə bağlı çox şərəfli bir mərhələyə imza atıldı.

– Yəni, Milli Şura 1918-ci ildə ancaq bir neçə ay fəaliyyət göstərdi?

Azərbaycan parlamenti - 1918
Azərbaycan parlamenti - 1918
– Bəli, 1918-ci il mayın 27-dən iyunun 17-ə və noyabrın 16-dan dekabrın 7-dək. Dekabrın 7-də artıq parlament açıldı. Milli Şuranın ilkin tərkibi 44 nəfər idi. Onlar və eyni zamanda ölkənin müxtəlif qəzalarında milli komitələrin seçdiyi şəxslər parlament üzvləri sayıldılar.

– Parlamentli respublika idarəçiliyində Milli Şuranın rolu nə idi?

– MŞ-nın qəbul etdiyi İstiqlaliyyət Aktında göstərilmişdi ki, qanunverici orqan MŞ-dır və hökumət onun qarşısında cavabdehdir. Bu prinsip də onun parlamentli respublika olduğunu göstərirdi. Cümhuriyyət dövründə parlamentin qəbul etdiyi bir qanunla Azərbaycanın Müəssislər Məclisi çağırılmalıydı. Çağırılması üçün Mərkəzi Komissiya da yaradıldı, qanun da verildi. Ancaq Sovet Rusiyasının işğalı imkan vermədi ki, bu məclisə seçkilər keçirilsin. Həmin məclisdə parlamentli respublika barədə qərar veriləcəkdi, konstitusiya, cümhuriyyət barədə qərar da orada qəbul olunacaqdı.

– Hazırda Milli Şura barədə danışıqlar gedir. Yaradılacaq bu Şuranı necə görürsünüz?

– 23 ay yaşayan, çox gərgin bir rəqabət şəraitində parlamentli respublikanın olması hüquqi, demokratik prinsiplər, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq baxımından örnək olası bir hadisəydi. 1920-ci ilin yazında, xarici təhlükənin çox ciddi olduğu bir dövrdə Fətəlixan Xoyski başda olmaqla bir qrup bu fikirdə idi ki, gərginliyi nəzərə alaraq, bütün qüvvələr müvəqqəti birləşdirilməli, daha sərt tədbirlər görülməlidir. Fikir ayrılığı həmin dövrdə ölkənin təhlükəsizliyinin təmin olunmasına maneə yaradırdı. Azərbaycan dövlətçiliyi bərpa olunanda, prezident üsul-idarəsinə üstünlük verildi. Kritik vəziyyətlərdə, dövlətin təhlükəsizliyinin qorunması baxımından daha az qüvvə ilə idarəçilik sisteminə üstünlük verilir. Belə tarixi təcrübələr çoxdur. Ancaq hazırda Azərbaycanda Milli Məclis fəaliyyət göstərir və hüquqi baxımdan müxtəlif siyasi qüvvələrin təmsilçiliyi baxımından o imkan mövcuddur.
XS
SM
MD
LG