Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

Günel Mövlud. Tərbiyəsiz ginekoloq qadınlar


Günel Mövlud
Günel Mövlud
-
Yəni ərdə deyiləmsə, mənim seksual həyatım olmamalıdır? Bu nə yanaşmadı?


Günel Mövlud


TƏRBİYƏSİZ GİNEKOLOQ QADINLAR


Nikahımızdan cəmi bir neçə gün keçib.

Sosial şəbəkələrdə dostlarımızın paylaşdığı toy xəbərimizə yazılan şərhlərdən ən aktualı bu idi ki, bu qız ərə getdi, daha seksdən yazmayacaq.

Bayağı azərbaycanlı təfəkkürü ilə bunlar elə düşünürlər ki, müəllif seksdən yazırsa, sekslə bağlı problemləri var.

Daha bir bayağı məntiqləri də budur ki, evli deyilsə, deməli, sekslə bağlı ciddi korluq yaşayır.

Bu şərhlərə ilk reaksiyanı elə həyat yoldaşım verdi.

Boynuma öhdəlik qoydu ki, bu axmaq fikirləri dağıtmaq üçün mütləq azərbaycanlıların acgözlüklə oxuduğu intim mövzulardan yazmalısan. Yoxsa onlar haqlı olduqlarını düşünəcəklər.

Əslində, həyat yoldaşım deməsəydi də, mənim çoxdan fikrim vardı ki, azərbaycanlı ginekoloqlar barədə bir yazı yazım. Daha doğrusu, onların pasientlə davranışlarından, mədəniyyətlərindən…

Yəqin ki, dünyanın heç bir yerində ginekoloq pasiyent qadını evli və ya subaya ayırmır.

Amma bizim bəzi ginekoloqlar qarşılarında uzanan gənc qadına bu sualı verməyi vacib sayırlar:

- Ərinlə gəlmisən?

Adama deyərlər, mən niyə mütləq ərimlə gəlməliyəm, ikincisi də, sən ümumiyyətlə, nə bilirsən ki, mənim ərim var, ya yox?

Ərinlə gəlməmisənsə, artıq ginekoloqda sənin həyatın, əxlaqın barədə şübhələr baş qaldırır. Halbuki, xəstənin nə həyatı, nə də hansı əxlaq sahibi olmasının ginekoloqa heç bir aidiyyatı yoxdur. Əgər ərinlə gəlmədiyini deyirsənsə, azərbaycanlı ginekoloqun üzündə narazılıq qarışıq bir kinayə peyda olur. O dəqiqə ikinci sualı yapışdırır:

- Neçə vaxtdı ərdəsən?

Bu nə qeyri-professional, qeyri-etik sualdı? Bəlkə mən heç evli deyiləm? Yəni ərdə deyiləmsə, mənim seksual həyatım olmamalıdır? Bu nə yanaşmadı? Amma sən bunu həkimin kinayə ilə "bəzənmiş" üzünə deyə bilmirsən.

Sonra digər suallar gəlir:

- Əriniz də yoxlamadan keçib?

Ay anam-bacım, yoxdu ərim. Normal ölkələrdə ginekoloq «partnyor» sözündən istifadə edir. «Ər», «həyat yoldaşı» kimi sözlərdən istifadə edib, səni kompleksə salmır. Sənin boynuna qoymur ki, cinsi həyat yaşamaq üçün mütləq ərdə olmalısan.

Bəzi azərbaycanlı ginekoloqların tərbiyəsizliyi, mədəniyyətsizliyi, qeyri-korrektliyi hər müayinədə, hər əməliyyatda özünü büruzə verir. Hələ təsəvvür edin, ərdə olmayan qadın aborta və ya doğuşa gəlirsə, bu ginekoloqlar onlarla necə davranırlar? Təhqir, qışqırıq, qınaq… onlar elə bilirlər ki, ərdə olmadan hamilə qalan qadının üstünə qışqıra, onu təhqir edə, gic-gic məsləhətlər verə bilərlər.

Bu qadınlar özlərini həkim kimi deyil, qaynana, yengə kimi aparırlar. Onlar xəstəni sağaltmaqdan, şikayətinə baxmaqdan daha çox, mentalitet qoruyur, bu mentalitetə riayət etməyənləri var gücləri ilə təhqir etmək, ondan qisas almaq istəyirlər.

Bu qadınlar qanunsuz, nikahsız seks yaşayanlara qarşı çox amansızdırlar. Sanki yüzlərlə, minlərlə himenoplastikanı həyata keçirib, təzədən bakirə qız düzəldənlər bunlar deyil. Pula görə, gənc qadınların bilgisizliyindən, təcrübəsizliyindən istifadə edərək, sağlam körpələri sağlam anaların bədənlərindən qaşıyıb tökən bunlar deyil. Guya dəhşət əxlaqlıdırlar.

Həkim olsalar da, guya onlar üçün mentalitet, əxlaq hər şeydən irəlidir. Guya onlar həkim borclarını yerinə yetirməklə yanaşı, həm də bir Azərbaycan qadını borcunu yerinə yetirmək, qızları «pis yol»dan çəkindirmək, belə yola gedənləri cəzalandırmağı da vacib bilən ana, bacıdırlar.

Əslində isə bu davranışın, bu hərəkətlərin adı məlumdu:

Tərbiyəsizlik.
Mədəniyyətsizlik.
Qeyri-peşəkarlıq.
Qeyri-humanistlik.
XS
SM
MD
LG