Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

Günel Mövlud. Vətəndaş nikahının özəllikləri


Günel Mövlud
Günel Mövlud
-

Mən bu yaxınlarda ailə qurduğum həyat yoldaşımla bir ilə yaxın müddətdə vətəndaş nikahında yaşamışam. Bunu qəsdən etməmişdik. Belə alınmışdı. Birlikdə yaşamaq, bir evi, bir həyatı paylaşmaq istəmişdik. Bizə belə xoş idi. Özümüzü belə xoşbəxt hiss edirdik...


Günel Mövlud


VƏTƏNDAŞ NİKAHININ ÖZƏLLİKLƏRİ


Həmişə bu mövzuda yazmaq istəmişəm. Hər yeri düşəndə, efirdə, yazıda, söhbətlərdə vətəndaş nikahının iki insanın münasibətləri üçün necə yaxşı vasitə olduğunu vurğulamağa çalışmışam.

Bu barədə geniş bir yazı yazmamağımın səbəbi isə, vətəndaş nikahının xırdalıqlarını, detallarını, doğurduğu vəziyyətlər barədə kifayət qədər məlumatımın olmamağı idi. Bir il əvvələ qədər nə vətəndaş nikahında yaşamışdım, nə də belə münasibətlərdə olan yaxın tanışım vardı.

İndisə vətəndaş nikahı mənim üçün keçilmiş, özü də uğurla keçilmiş bir mərhələdir. Mən bu keçilmiş mərhələni, belə münasibətlərin özəlliklərini, xüsusilə gözəl, xeyirli, rahat tərəflərini bölüşmək istəyirəm.

Vətəndaş nikahı niyə vacibdir? Vətəndaş nikahının ənənəvi nikahdan başlıca fərqi onun sənədlər üzərində deyil, faktiki xarakter daşımasıdır. Yəni vətəndaş nikahında yaşamağa başlayan insanlar müxtəlif sənədləşmə prosedurlarından keçmədən, arzu edərək və qərar verərək bir yerdə yaşamağa başlayırlar.

Ortada istək var, həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi var, sənəd, kağız, rəsmiyyət yoxdur. Bu hal adətən hər iki tərəfi, qadını da, kişini də evlilik kimi rəsmi mərhələdən, bu mərhələnin yaratdığı gərginlik, stress, məsuliyyət hissindən azad edir.

Heç kim heç kimin qarşısında öhdəlik götürmür, məsuliyyət hissi yoxdur və buna görə də bir evdə yaşamağa başlayan insanlarda bu mərhələ yük, qayğı kimi assosiasiya olunmur. Cütlük öz romantikasını yaşayır.

Onlar ər və arvad deyil, sevgilidirlər.

Kişi ər ünvanı kimi adamın boynuna yük qoyan ada məhkum deyil, qadın isə zərifliyi azalan arvad deyil, sevgilidir. Birlikdə yaşamağa başlayan insanlar üçün paylaşılan həyatın ilkin vaxtlarında bu detallar çox vacibdir. Onlarda birlikdə yaşamaq hissi ağırlıq yaratmır, əsəbiləşdirmir, romantikanı öldürmür.

İkinci vacib cəhət. Bu hal xüsusilə azərbaycanlılara aiddir. Hamıya məlumdur ki, Azərbaycanda oğlan təkcə qızla deyil, bir növ onun ailəsi, qohum əqrəbası ilə də «evlənir». Qız təkcə sevdiyi oğlana deyil, həm də böyük bir ailəyə «ərə gedir». İki ailə birləşib, öz məsləhətləri, cütlüyün işlərinə müdaxilələri, ifrat qayğıları və ya qadağaları ilə, birlikdə yaşamağa başlayan gənc ailənin həyatının ilkin dövrünü eybəcərləşdirir, stresli, gərgin, xoşagəlməz bir şeyə çevirir. Nəticədə bu gərginlik, əsəb cütlüyün sevgisinə, münasibətlərinə də təsir edir. Kişi öz ailəsinin yaratdığı gərginliklərə görə günahkar olur, qız öz ailəsinin müdaxilələrinə görə utanmalı olur.

Hər iki tərəf bir-birini nə qədər sevsə, nə qədər ehtiramla yaşasa da, münasibətlərdə bir qırıqlıq yaranır. Vətəndaş nikahından isə bir qayda olaraq, valideynlərin ya xəbəri olmur, ya da onlar bu münasibətiləri qəbul etmədiklərinə görə gənclərdən uzaqlaşırlar. Cütlük birgə yaşayışının ilkin dövrünü stressiz, gərginliksiz, müdaxilələrsiz yaşayır.

Üçüncü vacib cəhət. Cütlüyün bir-birini mənəvi, əqli cəhətdən tanıması kimi, fiziki cəhətdən tanıması da vacib məsələdir. Azərbaycanda gənclərin ənənəvi evlənməsi vəhşiliyin və qeyri-etikliyin son həddidir. Yataqda bir-birini tanımayan, fiziki yaxınlığı olmayan, bəlkə də ömürlərində heç vaxt öpüşməyən, bəzən isə hətta bir-birini cəmi bir aydır tanıyan gəncləri toy günü bir otağa salıb, qapının o biri üzünə yengə qoyurlar ki, nəticəni xəbər versin. Təsəvvür edin ki, əli ömründə kişi əlinə dəyməyən tipik, namuslu Azərbaycan qızı toy gecəsi heç tanımadığı kişi ilə sekslə məşğul olmalıdır. Təzadlı hadisələrdən biri də budur ki, ərə gedənə qədər kişi cinsindən, sekslə bağlı mövzulardan uzaq tutulan tipik namuslu Azərbaycan qızları nədənsə bu sınaqdan çox yaxşı çıxırlar. Yəni tanımadığı kişi ilə (toy olub, artıq onun əridir, amma ortada bu fakt var ki, onlar hələ yaddılar), heç bir hazırlıqsız, tanışlıqsız, qəfil sekslə məşğul olduğuna görə psixoloji sarsıntı keçirən, buna görə psixiatra müraciət edən qızlar barədə heç vaxt eşitməmişəm. Amma fəsadlar istənilən halda var. Özü də çox.

Gənclərin bir-birini fiziki baxımdan tanımamasının, tanımadan ailə qurmalarının səbəbidir ki, ölkədə xəyanətlər, boşanmalar baş alıb gedir. Bu təbiidir. İnsanlar bir-birinin qoxusuna, bədəninə öyrəşmədən, bir-birinin qoxusunu sevmədən, bədənini istəmədən, bir-birilərinin yataq zövqlərini bilmədən ailə quracaqlarsa, nəticə belə olacaq. Çünki hər qadın üçün, hər kişi üçün hamısından daha əziz, hamısından daha doğma olan bir bədən var. Bu bədəni bəzən ilk dəfədən də tapmaq olur. Bəzən də bir neçə təcrübədən sonra. Bunu əxlaq məsələsinə çevirməyin özü əxlaqsızlıqdır.

Vətəndaş nikahı zamanı cütlük bu sınaqdan da keçir. Onlar ya bir-birilərinin bədənlərini sevirlər, ya da yox. Fiziki tanışlıq uğurlu alınanda bu, sonrakı münasibətlər üçün olduqca sağlam zəmin yaradır. Bir-birilərinin yataq zövqlərini, fantaziyalarını bilən, buna uyğunlaşmağa çalışan, birlikdə bu ritualı əyləncəyə, xoş bir şeyə çevirən cütlük başqa problemlərdən azad olur.

Azərbaycanlıların çox qorxduğu və buna görə də vətəndaş nikahına nifrət elədikləri səbəblərdən biri də budur ki, kişi öz istədiyini alandan sonra qadını atacaq. Onlar deyən kimi, qadını atmaq, ya da normal dillə desək, qadından ayrılmaq birqatlı məsələ deyil. Yüzlərlə, minlərlə kişi həyat yoldaşından da ayrılır. Uşaqlarının anasından da ayrılır. Yəni ayrılmağın nikahla və ya onun yoxluğu ilə bir əlaqəsi yoxdur. Bir-birilərinə qarşı hissləri qalmayan, münasibətləri alınmayan cütlüklərin ayrılması normaldır. Amma kişi konkret qarşısına məqsəd qoyubsa ki, bir qadınla vətəndaş nikahında olub, sonra azərbaycanlılar deyən kimi, bakirə qız alacaq, deməli onun əxlaqında problem var. Bu isə gizlədilə biləcək bir şey deyil. Deməli, qadın belə bir kişi ilə bərabər yaşamaq istəyirsə, bu artıq onun tədbirsizliyidir.

Dəqiq bilirəm ki, sadaladıqlarım yenə birmənalı qarşılanmayacaq. Bunu əxlaq məsələsinə çevirəcəklər. Xalqa adətdən kənar, mentalitetə, dinə zidd dəyərlər aşılamaqda ittiham edəcəklər. Amma bunu da bilirəm ki, dediklərim bəzi gənclərin ağlına batacaq. Sağlam məntiqi, tərəfini saxladığım münasibətdəki humanizmi, gözəlliyi, estetikanı görə biləcəklər. Mütləq belə olacaq. Çünki nəinki danışılanlar, hətta düşünülənlər belə itmir. Mütləq nə vaxtsa öz nəticəsini verir.

P.S. Şəxsi həyat barədə danışmağı sevmirəm. Amma indi fikrimi möhkəmlətmək üçün bunu deməyi vacib bilirəm. Mən bu yaxınlarda ailə qurduğum həyat yoldaşımla bir ilə yaxın müddətdə vətəndaş nikahında yaşamışam. Bunu qəsdən etməmişdik. Belə alınmışdı. Birlikdə yaşamaq, bir evi, bir həyatı paylaşmaq istəmişdik. Bizə belə xoş idi. Özümüzü belə xoşbəxt hiss edirdik. Evlilik isə sonra, bir-birimizi çox yaxından tanıyandan, dəyərləndirəndən, ömrü boyu birlikdə yaşamaq istədiyimizi anlayandan sonra oldu. Bu sənəd bizim həyatımızda, bir-birimizə münasibətimizdə heç nəyi dəyişmədi. Bu sadəcə formallıqdı, vəssalam.
XS
SM
MD
LG