Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

Bakı metrosu: Bütün yaxşısı və pisiylə...


«Azadlıq prospekti» stansiyası
«Azadlıq prospekti» stansiyası
-
«Qapılar bağlanır, növbəti stansiya...»...

46 ildir Bakı metrosunda vaqonların qapısı hər gün səhər saat 6-dan axşam saat 12-dək bu elanla açılıb-bağlanır. Metro 3 milyonluq paytaxt Bakının əsas nəqliyyat növü olaraq qalır. Bakı metropolitenindən verilən məlumata görə, bu nəqliyyat növündən hər gün orta hesabla 600 min nəfər sərnişin yararlanır.

Metroda gedişhaqqı 20 qəpikdir. Əhali bu qiymətin elə də ucuz olmadığını deyir. Metropoliten rəhbərliyi qiymət haqqında danışanda bir sərnişini daşımağın qat-qat baha başa gəldiyini desə də, sakinlər bu qiyməti elə də ucuz saymırlar. Bəs metroda xidmət necədir?

BASABAS VƏ SÜRÜCÜNÜN «QAPINI BURAX» NİDASI...

Bir-birini içəri itələyən sərnişinlərin narazı səsləri, maşinistin bir neçə dəfə «qapını burax!» deməsi, sıxışmış adamlar... Metrodan istifadə edənlərə yaxşı tanış mənzərədir. Hər gün tünlük çağlarında – səhərlər və axşam saat 6-nın yarısından 8-dək metroda əsl həngamə qopur.

Həmişə metrodan istifadə edən Teymur Dəmirov deyir ki, eyni səhnə ilə rastlaşmadığı gün yoxdur:

«Dəhşətlidir, belə şey olar, qapının arasında qalırıq...».

Başqa bir sərnişin – Tamilla Əliyeva işdən çıxanda qatara minə bilmədiyi üçün az qalır 20 dəqiqəyə gedəcəyi evinə bir saata çatdığını bildirir:

«Bir saata gəlib çıxıram, bir saata...».

Təsadüfi sorğuya qatılan o biri sərnişinlər də narazılıqlarını gizlətmirlər:

– Vaxtlı-vaxtında gəlmirlər, nəzarət edən yoxdur...
– Yaxşı xidmət yoxdur, ancaq yenə başqa nəqliyyat növlərinə baxanda metro pis deyil. Mən hər gün dərsə gedib-gəlirəm, metrodan istifadə etməliyəm.
– Fərqi yoxdur e... Artıq öyrəşmişik...
–Problemdir, aldığımız maaş heç gedişhaqqına çatmır...
– Öz-özümüzə deyinirik, ancaq nə faydası...

Metro. Foto: Arxiv
Metro. Foto: Arxiv
TEXNİKİ NASAZLIQ

Eskalatorların qəfildən dayanması, sərnişinlərin qatarlardan boşaldılması da tez-tez baş verən olaylardır.

«Biz olduğumuz qatar «Nərimanov» stansiyasında 7-8 dəqiqə dayandı. Sonra bizi boşaltdılar» –Bakıya ali təhsil almağa gələn Fikrət Məmmədli belə deyir. 17 yaşlı Fikrət bu ilin sentyabrında ilk dəfə metroya minib. Elə həmin gün – getdiyi qatardan adamları boşaldanda, o elə bilib ki, qayda belədir. Bunun texniki nasazlıq olduğunu sonra öyrənib. O vaxtdan nasazlıqlarla tez-tez qarşılaşır.

«GEDİŞHAQQI XİDMƏTƏ UYĞUN DEYİL»

«Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım» İctimai Birliyinin sədri Məzahir Rüstəmovun sözlərinə görə, metroda təhlükəsizlik qaydaları yaxşı təmin olunsa da, xidmət keyfiyyətini yüksəltməyə ehtiyac var:

«Bakı metropoliteninin işini gücləndirmək lazımdır. Stansiyaların sayını artırmaq, xidmətin keyfiyyətini qaldırmaq lazımdır. Bu gün xidmət səviyyəsi aşağıdır. Basabas, qatarların gecikməsi, havatəmizləyicinin olmaması, pintilik kimi problemlər var. Bu gün sərnişinlərin ödədiyi gedişhaqqı xidmətə uyğun deyil. Ona görə də əhali narazıdır. Əsas şərt hansısa xəttin açılması deyil, göstərilən xidmət, qatarların vaxtlı-vaxtında işləməsi əsasdır. Gigiyenik qaydaların, işıqlandırma sisteminin yaxşılaşdırılması lazımdır. İnsanları xidmətlə təəccübləndirmək gərəkdir...».

MƏRMƏR DÖŞƏMƏLƏR, YIXILAN ADAMLAR...

Təəccübləndirmək demişkən, bu günlərdə metronun «28 May» stansiyasında sərnişinlər doğrudan da təəccübləniblər. Təmir gedən stansiyada hər tərəfə – divarlara, yerə mərmər döşənib. Bu mərmər döşəmədə artıq bir neçə nəfər yıxılıb əzilib.

Metro istifadəçisi Fərid Babayev də ayağını döşəməyə ehtiyatla qoyur. Deyir mən tədbirimi görüm ki, yıxılmayım:
«28 May» stansiyasında təmir
«28 May» stansiyasında təmir

«Yerə belə parlaq mərmərin döşənməsi normal hal deyil. Adamlar ilk növbədə ayağının altına baxır, ehtiyatla yeriyirlər. Eşitmişəm ki, hətta bir xanım yıxılıb, başından zədə alıb. Yəqin ki, bunu aradan qaldırmağın bir yolu var. Bildiyim qədər, o mərmərlərin üstünü xüsusi maddə ilə sürtüb cod şəklə salırlar. Bunu əvvəlcədən etmək olmazdımı? Ancaq hələ bilmirik ki, bundan sonra döşəmə codlaşacaq, ya yox...».

BAKI METROPOLİTENİ: «PROBLEM BİR-İKİ HƏFTƏYƏ DÜZƏLƏCƏK»

Bakı Metropolitenin baş mühəndisi Fuad Tağızadə AzadlıqRadiosuna bildirib ki, sözügedən problem bir-iki həftəyə aradan qaldırılacaq:

- Orada qoyulan qranitdir, mərmər deyil. Qranit pardaqlanmışdı. İndi biz tədbir görürük, onun üstünə müəyyən material çəkilir ki, ayaq sürüşməsin. Üstündə gəzdikcə o pardaqlanma itəcək, döşəmə normal vəziyyətə düşəcək. Bir-iki həftəyə hər şey düzələcək.

– Bunu əvvəlcədən etmək olmazdımı ki, sərnişinlər üçün də təhlükə yaranmasın?

- Biz bilmirdik ki, hamı dikdabanla gəzəcək. Elə ayaqqabı var sürüşkəndir, elə ayaqqabı var sürüşmür. Rezin çəkmə ilə sürüşmək olmur. Gön altlıq sürüşkən olur. Üstəlik, sərnişin daşıya-daşıya stansiyanın bərpası gedirdi, axı. Əgər stansiyanı bağlasaydıq, sərnişinlərə böyük narahatçılıq yaranardı.

Sürüşmənin qarşısını almaq üçün noyabrın 22-dən «28 May» stansiyasına məhəccər-tutqac qoyulub.

YENİ VAQON

Metropoliten rəhbərliyi yeni vaqonların gətiriləcəyini tez-tez vurğulasa da, hələlik, bircə qatar gözə dəyir. Ötən ilin əvvəlindən xidmətə verilən bu qatar köhnələrin arasında dərhal sezilir. Bu qatarın vaqonları görünüşcə köhnələrdən fərqlənir. İçərisi genişdir, kabinələrdə tablolar quraşdırılıb və orada növbəti stansiya, ayın tarixi göstərilir. Elə metro istifadəçisi Murad Babayevin ən çox xoşuna gələn budur:
Yeni vaqonlar. Foto: Arxiv
Yeni vaqonlar. Foto: Arxiv

«Elan etsələr də, əvvəl adam fikirləşirdi ki, görəsən, növbəti stansiya hansıdır. Ancaq indi göz qabağındadır».

Metro rəhbərliyinin sözlərinə görə, tədricən bütün vaqonlar yenilənəcək.

BİR BAŞQA YENİLİK: «QƏZETLƏRİ METRODAN YIĞIŞDIRIN»

Bu günlər metroda bir «yenilik» də olub. Bu vaxtacan metro stansiyalarında qəzet, jurnal və kitab satılırdı. İndən belə stansiyalarda ayaqqabı, pal-paltar satılacaq, amma onlar yox.

Adamların bu yeniliyə reaksiyası birmənalı deyil:

– İşdən gec gəlirik... Köşklərdən qəzet almaq mümkün olmur, metroda alırdıq. İndi ala bilmirik. Yaxşı olardı ki, qəzet satışını yenidən bərpa eləsinlər.
– Onsuz da camaat qəzet-jurnal oxumur...
– Camaat işdən gəlir, işdən gedir, qəzet almaq istəyir. Gərək nə qədər yol gedib köşkdən alaq.
– Belə şeylər metronun qabağında satılmalıdır. Adamların işə gəlib-getdiyi yerdir, belə yerlərdə olmalıdır.
– Hökumət tələb edirsə, demək, belə lazımdır.
– Mətbuat gərək hər yerdə yayılsın, camaat da oxusun. Niyə qadağa qoyulmalıdır ki?
– Məncə, normaldır, axı ətrafda çox mağaza var. Hər mağazadan qəzet almaq olar.
– Deyirlər ki, camaat gəlib küçədəki köşklərdən qəzet alsın, ancaq həmin köşklərdə qəzetdən başqa hər şey satılır.

YENİLİKLƏR GƏLƏN İL DƏ OLACAQ

Metropolitendən verilən məlumata görə, gələn il də Bakı metrosunda yeniliklər olacaq. Bir neçə stansiya təmir ediləcək, havalandırma qurğuları quraşdırılacaq. Fiziki qüsurlu sərnişinlər üçün liftlər, uzun keçidli stansiyalarda səki-eskalatorlar qoyulacaq. Gələn il «Avtovağzal» və şərti adı «Memar Əcəmi -2» olan stansiyaların da istifadəyə veriləcəyi gözlənilir.

Növbəti iki ilə daha 3 stansiyanın istifadəyə verilməsi planlaşdırılır.
XS
SM
MD
LG