Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:50

«The Observer» Heydərovları tənqid edir


Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev
-
Britaniyada çıxan «The Observer» qəzeti yazır ki, Azərbaycan korrupsiya və insan haqlarının vəziyyətinə görə tənqid olunsa da, Londonun bahalı Mayfair ərazisində yerləşən «müstəqil» cəmiyyət onu millət vəkillərinə və rəsmilərə tamam başqa qiyafədə təqdim edir.
Jurnalistlər Jamie Doward və Charlotte Latimer-in məqaləsi «Dəbdəbəli otellər və kürü diplomatiyası: Azərbaycan elitası millət vəkillərini necə ələ alır» adlanır.
«The Observer»in məqaləsində deyilir ki, «guya müstəqil ticarət qurumu olan Avropa Azərbaycan Cəmiyyəti (The European Azerbaijan Society – Teas) müntəzəm olaraq Britaniya millət vəkillərini və Avropa Parlamentinin üzvlərini keçmiş Sovet respublikasına qonaq aparır və orada onları lüks otellərdə yerləşdirir».
İPƏK XALÇALAR, QIZIL, KÜRÜ VƏ ƏLBƏTTƏ, PUL
Qəzet yazır ki, bundan əvvəlki səfərlər zamanı Avropa Şurasının üzvlərinə Bakıda «krallara layiq qonaqpərvərlik» göstərilib. İşin içində olanlardan biri qəzetin müxbirlərinə belə deyib:
​«Bunlar əsl gəzinti səfərləridir və qonaqlara çox bahalı hədiyyələr verilir. Hədiyyələr əksərən bahalı ipək xalılardan, qızıl və gümüş əşyarlardan, içkilərdən, kürü və puldan ibarətdir. Bakıda 2 kiloqram kürü adi hədiyyə sayılır».
Arxiv foto
Arxiv foto
Məqalədə qeyd olunur ki, insan haqları qrupları dünyanın ən avtoritar rejimlərindən birinə, seçkilərin saxtalaşdırıldığı və jurnalistlərə və müxalifət partiyalarına divan tutulduğu bir vaxtda, yaxşı imic yaratmaq üçün «kürü diplomatiyası»ndan istifadə cəhdlərini kəskin tənqid edirlər.
Jamie Doward və Charlotte Latimer yazırlar ki, TEAS Azərbaycanda neft və mədən maraqlarının əksəriyyətinə sahib elitar ailələrin ruporu olmaqda ittiham edilir.
«Cəmiyyətə İlham Əliyevin yaxın çevrəsinə daxil və Azərbaycanın ən qüdrətli adamı kimi tanınan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda mənzillənmiş oğlu Tale Heydərov rəhbərlik edir»- yazır qəzet:
«Zahirən TEAS müstəqil təşkilat kimi görünə bilər, - deyir beynəlxalq Global Witness qeyri-hökumət təşkilatından Tom Mayne, - lakin tək bircə Tale Heydərovun ona rəhbərlik etməsi faktı cəmiyyət və onun məqsədləri barədə suallar doğurur».
“The Observer” yazır ki, yaxşı əlaqələrə malik lobbiçi Lionel Zetter-in direktor olduğu bu cəmiyyət Londonda Queen Anne's Gate ünvanında, parlamentə çox yaxın bir məkanda yerləşir və Uestministerlə (Britaniya Parlamenti) güclü əlaqələrə malikdir.
HEYDƏROV QONAQPƏRVƏRLİYİ
Bu da qeyd olunur ki, TEAS rəsmi olaraq «Azərbaycan naminə Britaniya parlament partiyaları qrupu» üçün katiblik rolunu oynayır və bu partiyaların illik konfranslarında millət vəkilləri üçün bahalı ziyafətlər təşkil edir. Təşkilat bu yaxınlarda Mühafizəkarlar Partiyasının illik qurultayından sonra 400 millət vəkilinə caz ziyafəti verib.
Bakı
Bakı
Məqalədə deyilir ki, millət vəkilləri tərəfindən rəsmən bəyan edilmiş maraqlar siyahısına görə cəmiyyət təkcə mühafizəkar parlamentarilərin Bakıya səfər xərclərinin ödənməsinə 71 min 740 funt sterlinq xərcləyib. Qəzet yazır ki, parlamentdəki «Azərbaycan qrupu»nun üzvü və bu qrupun keçmiş sədri, mühafizəkar millət vəkili Mark Field bir müddət TEAS-dan ildə 6 min funt sterlinq maaş alırmış.
Qəzet bildirir ki, Field bu iddialara şərh verməkdən imtina edib.
«The Observer» yazır ki, cəmiyyət həmçinin Leyborist Partiyasından olan millət vəkillərinin Azərbaycana gəzinti səfərlərinə azı 9700 funt sterlinq xərc çəkib.
Bu da xəbər verilir ki, «yeni leyboristlərin Progress kampaniya qrupunun» bir tədbirinin də xərclərini TEAS ödəyib.
Qəzet yazır ki, 2011-ci ilin mayında millət vəkilləri Bob Blackman, Stephen Hammond, Gerry Sutcliffe, Mark Field və onun katibəsi Julia Dockerill, habelə lordlar Kilclooney və Rogan da daxil olmaqla parlament nümayəndə heyəti TEAS-ın hesabına Azərbaycana beş günlük səfər edib. Elə həmin il Azərbaycanda seçki monitorinqləri aparan AŞPA üzvləri baronessa Eccles və vikont Eccles Avropa Azərbaycan Cəmiyyətinin hesabına Bakıya səfər ediblər.
Məqalədə yada salınır ki, şahzadə Andrew Azərbaycana müntəzəm səfərlər edir və orda «əziz qonaq» kimi tanınır, baş nazir David Cameron isə ötən il Olimpiada ərəfəsində prezident Əliyevi öz ofisində salamlayıb.
TEAS-ın keçirdiyi rəy sorğusunun nəticələrinə görə «millət vəkillərinin 72 faizi prezident Əliyevin fəaliyyətini bəyənir və onu Qərbin etibarlı partnyoru sayır».
Arxiv foto
Arxiv foto
​Jurnalistlər Jamie Doward və Charlotte Latimer qeyd edirlər ki, TEAS həmçinin Britaniyanın biznes çevrələrində fəaldır. Ötən ay cəmiyyət Britaniyanın Azərbaycandakı biznes fəaliyyətinə həsr olunmuş konfrans keçirib.
«SEVGİLİLƏR»İN ÖZ PAYI VAR
Bu konfransda baş nazirin Azərbaycan üzrə xüsusi ticarət elçisi, millət vəkili Charles Hendry ölkəsinin Bakı ilə işbirliyinin əhəmiyyəti barədə çıxış edib.
«Lakin tənqidçilər bildirirlər ki, Birləşmiş Krallıq Azərbaycanın qaz yataqlarından daha çox bu ölkədəki insan haqlarının vəziyyətinə diqqət yetirməlidirlər»- yazır «The Observer».
Qəzet Azərbaycan seçkilərində müşahidəçilik etmiş AŞPA qrupundakı britaniyalı millət vəkillərinin bu kimi çağırışlara məhəl qoymamasını da qeyd edir.
«Mən azı 10 seçki məntəqəsində olmuşam, lakin kiminsə şikayət edə biləcəyi kiçicik pozuntu da görməmişəm» – deyib Portsmutdan millət vəkili Mike Hancock.
«The Observer» diqqəti belə bir fakta çəkir ki, Mike Hancock-un köməkçisi və sevgilisi Avropa Azərbaycan Cəmiyyəti üçün gördüyü işlərə görə 3 min funt sterlinq pul alıb.
Azərbaycanda prezident seçkiləri (Foto: Reuters)
Azərbaycanda prezident seçkiləri (Foto: Reuters)
Mike Hancock bildirir ki, o öz maraqlarını parlamentə bəyan edib və heç bir qanunsuz iş görməyib.
MÜDRİK MİLLƏT VƏKİLİ
Məqalədə deyilir ki, bu cür izahatlara baxmayaraq insan haqları təşkilatları Britaniya millət vəkillərini Azərbaycanın lobbiçiləri tərəfindən yaradılan imicindən daha uzağa baxmağa çağırırlar.
Öz növbəsində millət vəkilləri ölkələr üçün lobbiçilik edən təşkilatlara ehtiyatla yanaşdıqlarını bildirirlər.
Məsələn, Mühafizəkarlar Partiyasından millət vəkili Robert Walter deyir ki, o, bütün parlament fəaliyyəti boyunca ölkələri təmsil edən lobbiçi qruplarla ehtiyatlı davranıb və müdrik hərəkət edib.
Qəzetsə xatırladır ki, Walter Azərbaycanda prezident seçkilərini müşahidə etmiş müstəqil AŞPA nümayəndə heyətinə başçılıq edib və «seçkilərin ədalətli keçirilməsini tərifləyib».
«The Observer» bunu da yada salır ki, Robert Walter Britaniya parlamenti partiyalarının insan haqları qrupunun sədr müavinidir.
XS
SM
MD
LG