Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:52

Dövlət qulluqçusunun olar-olmazları


Foto: Arxiv
Foto: Arxiv
-
«Əvvəl idarəyə zəng vurduq, məşğul idi. Sonra rəisin əl telefonuna zəng etdik. O da qayıtdı: «Sən kimsən ki mənim şəxsi telefonuma zəng vurursan?». Təhqiredici sözlər işlətdi, biz də dəstəyi asdıq».

Lökbatan sakini olan qadın belə deyir və AzadlıqRadiosuna bildirir ki, martın 5-də kütləvi zəhərlənmə zamanı qaz idarəsinin rəhbərinə zəng edərkən təhqir olunublar.

«MƏN NƏ ÜÇÜN O VİLLANI TİKƏ BİLMİRƏM?»

«Facebook-da baxın da kimlərin balaları necə yaşayır. İş üçün gedirsən, deyir, səni kim göndərib? Özləri üçün şərait qurublar, villalar tikiblər. Mən nə üçün o villanı tikə bilmirəm? Mən niyə ailəmi dolandıra bilmirəm nefti, qazı, işığı olan ölkədə?».

Bir neçə gün əvvəl Bakının «Sovetski» ərazisində bu sözləri dilə gətirən gənci yarım saat sonra polis saxlayır. Ondan bir neçə gün öncə deputat Zeynəb Xanlarova parlamentdə Xəzərin hasarlanması məsələsini qaldırmış və «bilmirəm İsgəndərindir, Cahangirindir, amma dənizi camaatın əlindən almaq olmaz», – demişdi.

Sosial şəbəkələrdə az qala hər gün məmur və məmur övladlarına məxsus olduğu iddia edilən villa və bahalı avtomobillərin fotoları yayılır. Media da məmurların bahalı obyektlərindən, bizneslərindən söz açır. Bəzi hallarda yalanlansa da, əksərən, bu iddialar cavabsız qalır.

«Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» qanun

QANUNVERİCİLİK NƏ DEYİR?

2007-ci ildə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» qanun qüvvəyə minib. Qanunun 12-ci maddəsində deyilir ki, dövlət qulluqçusunun qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyaz və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət və ya qərar qəbulu qadağandır. Həmin qanunun 13-cü maddəsinə görə, dövlət qulluqçusuna qanunsuz hər hansı nemət, imtiyaz və ya güzəştlər təklif olunarsa, o bunlardan imtina etməlidir.

Qanunda insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət, mədəni davranış, qərəzsizlik və s. məsələlərə dair maddələr var. Məsələn, deyilir ki, dövlət qulluqçusu bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Qanuna nəzarəti dövlət orqanının rəhbəri həyata keçirir. O, «etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir», – qanunda belə deyilir.
Prezident İlham Əliyev, ara-sıra da olsa, məmurların bahalı həyat tərzini tənqid edir, hətta onları «qudurğan» adlandırır. Amma hansısa məmurun peşə etikasını pozduğu, dəbdəbəyə can atdığı üçün cəzalandırıldığını, ən azı, vəzifəsindən kənarlaşdırıldığını xatırlamaq çətindir.

55 MANATLIQ HƏDİYYƏ VƏ HÜQUQİ NİHİLİZM

Vəzifəli şəxs xidməti vəzifələrini icra edərkən bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatı aşan heç bir hədiyyə götürə bilməz. Həmin məbləği aşan hədiyyələr bu şəxsin çalışdığı dövlət qurumuna və ya yerli özünüidarə orqanına məxsus sayılır. ​Bütün bunlar «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun 8-ci maddəsində nəzərdə tutulub.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu günlərdə apa-ya müsahibəsində də məmurun qanunauyğun və etik davranış problemlərinə diqqət çəkib:

«Bu sahədə hüquqi nihilizm mövcuddur. Yəni, dövlət adamlarının həyat və davranış tərzi ancaq siz dediyiniz kimi, rəsmi bəyanat və çağırışlar olarkən aktuallaşır. Əslində, bu məsələlər ölkə prezidentinin imzaladığı qanunlarda da öz əksini dəqiq tapıb. O qanunda bütün məsələlər dəqiq göstərilib».

Fəzail Ağamalı
Fəzail Ağamalı
«GEDƏNİN ATASINA RƏHMƏT OXUYACAQLAR»

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı da düşünür ki, bu qanun işləsəydi, prezident məmurlara dəfələrlə xəbərdarlıq etməzdi. Deputatın fikrincə, məmur məhz xalqa xidmət etmək üçün vəzifəyə təyin olunduğunu anlamalıdır. O, prezidentin «xalqın birinci xidmətçisi mənəm» sözlərini xatırladır və qarşılığında verilən «bəs nədən etik davranışı pozduğuna görə cəzalandırılan məmura rast gəlmirik?» sualını belə cavablayır:

«Məmurların davranışa görə həbsxanaya göndərilməsi də çıxış yolu deyil. Onların yerinə gələn etik normaları əxz etməyibsə, dünyagörüşünü artırmayıbsa, intellektual səviyyəsini dünyanın indiki düzəninə uyğunlaşdırmayıbsa, əvvəlki məmurdan betər olacaq, gedənin atasına rəhmət oxuyacaqlar».

Fəzail Ağamalı çıxış yolunu maariflənmədə, qanunları dərindən mənimsəməkdə görür. O, məmur övladının bahalı əmlakı alın təri və qanuni bizneslə qazanmasını normal sayır. Əks halda, bu halları «xoşagəlməz» adlandıran deputat bir-iki ilədək ölkədə belə halların qalmayacağına da əmindir:

«Çünki Azərbaycanın ayrı yolu yoxdur. Ölkə prezidenti məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması üçün elə bir iradə ortaya qoyub. Bu, ciddi xarakterli siyasi kursa çevrilib, ondan yan keçmək mümkün deyil».

Namizəd Səfərov
Namizəd Səfərov
«QARDAŞ, SƏN NAZİRSƏN, YA İSTEHSALLA MƏŞĞULSAN?»

Hüquqşünas Namizəd Səfərov deyir ki, sosial şəbəkələrdə, mediada məmurların şəxsi əmlakı barədə yayılan məlumatlar araşdırılmalıdır:

«Öz gözümlə nazirin villasını görmüşəm, qiyməti ən azı 30 milyondur. Hamı da bilir ki, hansı nazirindir. Heç kimdən qorxmadan bunu tikirlər. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq araşdırmalıdır ki, bu villa kimindir, hansı pulla tikilib? Soruşan yoxdur ki, qardaş, sən nazirsən, ya istehsalla məşğulsan? Daxili işlər naziri, yaxud prokuror bunu necə çıxıb deyə bilər? Yaxud elə prokurorluğun idarə rəisi mənim ərizəmə necə baxa bilər ki, özü də bu işlə məşğuldur?».

Hüquqşünas istehsal və kommersiya fəaliyyəti qadağan olunsa da, əksər məmur və hətta deputatların bununla məşğul olduğunu söyləyir. «Sən restoranlar kralısansa, get öz işinlə məşğul ol, nazir postunu tutma...» – deyə o, sözünü bitirir.
XS
SM
MD
LG