Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:32

30 milyon ayrılan Ağcabədi xəstəxanası «dərman yoxdur, Bakıya get» deyir...


Azərbaycanda Tibbi sığorta olsaydı nə dəyişərdi?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Azərbaycanda Tibbi sığorta olsaydı nə dəyişərdi?

-

Gözlə

No media source currently available

0:00 0:25:20 0:00
Direct-ə keçid


«Həyat, sən nə şirinsən!..
Ancaq hamının deyil,
Həyatın qədrini bilənlərinsən»

Tibb Universitetin 6-cı kurs tələbəsi Rüstəm Həsənzadə əlindəki gitaranı dindirə-dindirə «Həyat, sən nə şirinsən» deyib oxuyur, amma «hamının deyilsən» söyləyərək hələ həyatdan doymayan İlahə Həsənliyə dəstəyini bildirir. 23 yaşlı İlahə Həsənli anadangəlmə qan xəstəsidir. Bu irsi xəstəliyi sağaltmaq olar, di gəl gərəkli 130 min manatı toplamaq, ya tapmaq lazımdır. Yoxsa necə əməliyyat olunacaq ki?!.

ÇIXIŞ YOLU TİBBİ SIĞORTA?

Rüstəmdən bir kurs aşağı – Tibb Universitetinin V kursunda oxuyan İlahə pul ucbatından müalicə oluna bilməyən çoxsaylı xəstələrdən biridir.

Tibb eksperti Vaqif Şadlinski deyir ki, başqa ölkələrdə tibbi sığorta bu duruma düşənlərin köməyinə çatır. Sığortalı vətəndaş özünü istədiyi həkimə göstərə və istədiyi xəstəxanada müalicə oluna bilər. Maddi sıxıntılarsız və ona buna möhtac olmadan.

Azərbaycanda «Tibbi sığorta haqqında» Qanun 1999-cu ildə qəbul olunub. Doqquz il sonra bu qanuna bəzi əlavə və dəyişikliklər edilib. Tibbi sığorta icbari, yəni məcburi və könüllü şəkildə həyata keçirilir. Məcburi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verir.

İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra açılışında, 13 mart 2012
İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra açılışında, 13 mart 2012



Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına dair Milli Məclisə hesabatında deputat Hadı Rəcəbli tibbi sığorta haqda qanunun işləməməsinə diqqət çəkib:

Xüsusi reportajlar - 15 aprel 2014

Canlı müzakirə


«Bu başıbəlalı qanun layihəsi hələ də işləmir. Nə agentlik yaranıb, nə hökumətə əsasnamə verilib. Milli Məclis bu qanunu qəbul edibsə, prezident sərəncam veribsə, bu sahəyə diqqət ayrılmalıdır. Kimə də deyirsən, deyir ki, çox ağır məsələdir. Hansı məsələmiz ağır deyil? Məgər yol çəkmək ağır deyil? Körpü salmaq ağır deyil?».


5 İLDƏ TİBBİ SIĞORTA NİYƏ TƏTBİQ OLUNMUR?

Tibbi sığortanın tətbiqini sürətləndirmək üçün prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması barədə sərəncam imzalayıb. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın tətbiq və tənzimlənməsini bu agentlik həyata keçirməli idi. İlkin mərhələdə ixtisaslı tibbi sığorta mütəxəssislərin hazırlanması nəzərdə tutulurdu.

Tibbi sığortaya dövlət büdcəsindən 2009-cu ildə 50 milyon manat, 2010-2011-ci illərdə 30 milyon manat ayrılsa da, vəsait istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılıb. Niyəsi də odur ki, tibbi sığorta hələ də tətbiq edilmir. İstər-istəməz, sual doğur: Dövlət Tibbi Sığorta Agentliyinin yaranmasına dair 2008-ci ildə verilən prezident sərəncamı niyə hələ də icra olunmur?

Səhiyyə Nazirliyi bu sualı Nazirlər Kabinetinə ünvanlanmağı tövsiyə edir. Nazirlər Kabinetindənsə cavab yoxdur.

Bakir İmamquliyev
Bakir İmamquliyev


«BİZƏ DEDİLƏR Kİ, DƏRMAN YOXDUR»

Amma bir nüansı – incə məqamı da unutmağa dəyməz. Tutalım, tibbi sığortanın tətbiqinə başlanıldı. Bəs, vətəndaşlar keyfiyyətli tibbi yardım ala biləcəklər?

Ağcabədi sakini Bakir İmamquliyevin 5 yaşlı nəvəsi üstünə isti su tökərək özünü yandırıb. Onu təcili Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, burada dərman olmadığını əsas gətirərək Bakıya aparılmasını məsləhət biliblər:


«Uşaq qalmışdı ortalıqda. Yaxın duran yox idi. Axır, uşağı Bakıya gətirəsi olduq. Vaxtında müdaxilə edilmədiyinə görə uşaq bir aydır burada xəstəxanada müalicə olunur. Yarası sağalmadığından bu günlərdə onun əməliyyat olunması gözlənilir».


VƏSAİTİN 80 FAİZİ TƏMİR-TİKİNTİYƏ GEDİR?

2013-cü ildə səhiyyəyə azı 600 milyon manat ayrılıb. 2003-cü ildə bu göstərici 82 milyon manat idi. Hər il səhiyyə xərcləri artırılır. Bəs, ayrılan vəsait hara gedir?

Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-2013-cü illər üzrə məlumatına görə, təkcə Ağcabədi rayon Mərkəzi Xəstəxanası azı 30 milyon manat xərcləyib.

Ağcabədi rayon Mərkəzi Xəstəxanası
Ağcabədi rayon Mərkəzi Xəstəxanası

2013-cü ildə xəstəxananın keçirdiyi 7 milyon 192 min manatlıq tenderin təxminən 6 milyon manatı tikinti və təmirə xərclənib.

2011-ci ildə keçirilən 16 milyon 360 min manatlıq tenderlərin 15 milyon 500 min manatı, 2012-ci ildə ayrılan 17 milyon 318 min manatın azı 16 milyonu xəstəxananın təmirinə gedib.

Ağcabədi rayon Mərkəzi Xəstəxanası ötən 3 ildə 1 milyon 566 min manatlıq dərman preparatı və ləvazimat alıb. Üç ildə xəstəxananın dəftərxana xərcləri 180 min manat olub. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatından görünür ki, ölkə üzrə əksər xəstəxanalarda vəziyyət bənzərdir. Vəsaitin böyük hissəsi təmir və tikintiyə, müxtəlif avadanlığın alınmasına xərclənir.

180 MANATA KEYFİYYƏTLİ TİBBİ XİDMƏT?


Bakir İmamquliyev kimi öz rayonunda keyfiyyətli tibbi yardımdan məhrum olanlar üzünü Bakıya tutur, Bakıda ümidi itirənlər də xaricə.

Bəs, yeni xəstəxana binaları tikməklə, yeni avadanlıq almaqla tibbi xidmətin keyfiyyətini artırmaq olarmı?

Vaqif Şadlinski
Vaqif Şadlinski



Tibb Universitetinin anatomiya kafedrasının müdiri Vaqif Şadlinski deyir ki, avadanlıq almazdan öncə mütəxəssis hazırlanmalıdır:


«Dəyəri milyonlarla ölçülən avadanlıq alınır. Amma avadanlığın alındığı ölkəyə bir həkim göndərilməlidir ki, o, orada həmin avadanlıqla işləməyi öyrənsin. Öncə mütəxəssis hazırlamaq, sonra avadanlığı almaq doğru yoldur. Amma bununla da iş bitmir. Həmin mütəxəssisə normal maaş verilməlidir. Yoxsa Azərbaycanda həkimə 180 manat maaş verilir. 180 manatla hansı keyfiyyətli tibbi xidmətdən söhbət gedə bilər? Ona görə də bizim həkimlərin çoxu xaricdə işləməyə üstünlük verir».


«XƏSTƏXANA TİKMƏKLƏ, AVADANLIQ ALMAQLA İŞ BİTMƏZ»

İllər öncə İranda ürək xəstələri xaricə üz tuturmuşlar. İran hökuməti bunun baha başa gəldiyini anlayıb, ABŞ-da yaşayan ürək cərrahı Şahpur Ənsarini İrana dəvət edir. Şahpur Ənsari İranda ürək cərrahiyyəsinin təməlini qoyur. Yeni-yeni həkim mütəxəssislər hazırlayır. Bu gün İran ürək cərrahiyyəsi üzrə ad çıxarıb. Amerika universitetlərində mühazirələr deyən Şahpur Ənsarinin dərslərinə ödənişli qatılmaq istəyənlər də az deyil. Əslən təbrizli olan Şahpur Ənsari Bakıda da bir xəstəxana açmaq istəyib, amma arzusu gözündə qalıb:

Şahpur Ənsari
Şahpur Ənsari


«İstəyirdim bir xəstəxana açım. Amerika universitetlərində danışıqlar da aparmışdım. 40 könüllü həkimin Bakıda işləməsinə razılıq almışdım. İstədiyim bu idi ki, azərbaycanlılar dünyanın ən yaxşı tibbi ocaqlarına xas keyfiyyətli tibbi xidmətini Bakıda ala bilsinlər. Amma nəsə bu iş alınmadı. Bakıda böyük xəstəxanalar tikilir, bahalı avadanlıqlar alınır. Amma bununla tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olmaz. Əvvəla, tikilən xəstəxanaların dəhlizi çox böyükdür, otaqlar bir-birindən çox aralıdır. Mən bilmirəm bu xəstəxanaları kim layihələşdirib. Xəstəxana binası tikiləndə elə layihə verilməlidir ki, əlavə vaxt itkisi olmasın. Həkim dəhlizin bir başından, o biri başına gedib-çatanacan nə qədər vaxt itirir. Fizioterapiya otağı birinci mərtəbədə, USM otağı 4-cü mərtəbədə ola bilərmi? Belə xəstəxana olmaz. Bahalı avadanlıq almazdan öncə bu avadanlığı işlətməyi bacaran mütəxəssisi yetirmək gərəkir».


2013-cü ildə əsaslı təmir və yenidənqurmadan sonra Astara rayon Mərkəzi Xəstəxanası yenidən fəaliyyətə başlayıb. Açılış mərasimində xəstəxananın yeni və müasir avadanlıqla təchiz olunduğu barədə prezident İlham Əliyevə məlumat verilib.

Bütün bunlar doğru. Amma bir danılmaz fakt da göz önündədir – müalicə olunmaq üçün hər gün İrana gedən neçə-neçə adam Astara rayon Mərkəzi Xəstəxanasının qarşısından keçir.

XS
SM
MD
LG