Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Anar Məmmədli 5 il yarım azadlıqdan məhrum edildi [Video]


A. Məmmədli: "İtirilən 22 ilə görə əzab çəkirəm"
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00
-
Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədova hökm oxunub.

Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edilib, digər təqsirləndirilən Elnur Məmmədova 2 il şərti cəza verilib. Bəşir Süleymanlı məhkəmə zalında həbs edilib.

Mayın 21-də dövlət ittihamçısı Anar Məmmədliyə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədova 8 il 6 ay müddətinə həbs cəzası istəmişdi.

ANAR MƏMMƏDLİ: 22 İL ÜÇÜN ƏZAB ÇƏKİRƏM
«Kürdəxanıda Azərbaycanın müstəqilliyi ilə yaşıd olan gəncləri görəndə itirdiyimiz 22 il üçün əzab çəkirəm».

Bunu məhkəmədəki çıxışında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli deyib.

Mayın 26-da Anar Məmmədlinin işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmədə əvvəlcə vəkillər müdafiə çıxışları ediblər. Onlar ittiham aktının qanunsuz olduğunu, məhkəməyə əsassız təhvil verildiyini bildiriblər.

Vəkil İradə Cavadova bildirib ki, istintaqın şahid kimi göstərdiyi şəxslər Anar Məmmədli əleyhinə ifadə verməyib:

«İstintaq zərərçəkmiş kimi 20 nəfəri göstərir. Onlardan yalnız biri özünü zərərçəkmiş hesab etdiyini bildirir. 21 şahiddən isə heç biri Anar Məmmədlinin əleyhinə çıxış etməyib. Ona qarşı irəli sürülən ittihamlara əsasən sübutlar yoxdur. İstintaq hərəkətləri qərəzli aparılıb».

«LAND OF FIRE» YOX, «LAND OF POLITICAL PRISONERS»

Vəkillər təqsirləndirilənlərə bəraət tələb ediblər.

Vəkillərin çıxışından sonra Anar Məmmədli son söz deyib. O çıxışına başlamazdan əvvəl 28 may müstəqillik günü ilə bağlı hamını təbrik edib. Çıxışına Atletico Madrid komandasının geyimlərinə və Azərbaycanın AŞPA-da nazirlər komitəsinə sədrlik məsələsinə toxunaraq başlayıb:

«6 ay Azərbaycan AŞPA-da sədrlik edəcək. Bununla eyni vaxtda Atletico Madridin geyimlərində «Land of Fire» yazısı var. Bu hadisələr Azərbaycanı yaxşı reklam edir, dünyada tanıdacaq. Ancaq təəssüf edirəm ki, «Land of Fire», yəni «Odlar yurdu» kimi deyil, «Land of political prisoners», yəni «Siyasi məhbuslar yurdu» kimi tanıdacaq».

Anar Məmmədli çıxışında ona qarşı irəli sürülən ittihamları əsassız və qərəzli sayıb. Cinayət işini fəaliyyəti ilə əlaqələndirib. Çıxışını bu sözlərlə tamamlayıb:

«Topçubaşovun, Rəsulzadənin görmək istədiyi demokratik Azərbaycan üçün azad seçki mütləqdir. Rəsulzadənin arzuladığı müstəqilliyin bərpasından ötən 22 il ərzində biz ölkəmizdə ictimai ədaləti və siyasi hüquqlara hörməti qura bilməmişik. Bəlkə də 22 illik bir dönəm kimlərəsə görə çox az bir zamandır. Amma Kürdəxanıdakı İstintaq Təcridxanasında dəfələrlə 20-22 yaşlarında siyasi motivlərlə həbs olunmuş gəncləri - Şahin Novruzlunu, Əbdül Əbilovu, Məmməd Əzizovu, Bəxtiyar Quliyevi, Elsevər Mürsəllini, İlkin Rüstəmzadəni, Ömər Məmmədovu görəndə, onlarla rastlaşanda itirdiyimiz 22 il üçün əzab çəkirəm...Belə bir ağır durumda bir daha hazırda həbsdə olan və yaşları ölkəmizin müstəqilliyi ilə yaşıd olan gəncləri xatırlatmaq istəyirəm. Mən onlar üçün çalışmağa, onların-yəni çağdaşlığın və gələcəyin dostu olmağa çalışmışam, daim zamanın dostu olaraq qalacam».

Anar Məmmədlinin məhkəmədəki çıxışının tam mətni ilə burada tanış ol.

Anar Məmmədlinin çıxışından sonra hakimlər müşavirəyə yollanıb. Bu gün günorta saat 4-də Anar Məmmədliyə hökm oxunacağı gözlənir.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmədə prokuror təqsirləndirilən şəxslərə iş istəyib. Dövlət ittihamçısı Anar Məmmədlinin dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədovun 2 il dövlət, yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə həbs cəzası almasını uyğun bilib.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG