Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:47

NATO seminarında erməni deputatlarla mübahisə düşüb


Bakıda NATO Parlament Assambleyasının 86-cı «Rose-Roth» seminarı - 16 iyun 2014
Bakıda NATO Parlament Assambleyasının 86-cı «Rose-Roth» seminarı - 16 iyun 2014
-
İyunun 16-da Bakıda NATO Parlament Assambleyasının 86-cı «Rose-Roth» seminarı başlayıb. «Cənubi Qafqaz: çağırışlar və imkanlar» mövzusunda keçirilən seminara NATO PA-nın prezidenti Hugh Bayley, 28 üzv ölkənin, eyni zamanda tərəfdaş ölkələrin nümayəndələri qatılıb.

Tədbirdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputatlar da iştirak ediblər. Üç gün sürəcək seminarda regionda baş verən proseslər müzakirə olunacaq.

Seminara Ermənistandan deputatlar – Tevan Poghosyan, Koryun Nahapetyan və politoloq Richard Giragosian da qatılıb.

ERMƏNİ DEPUTAT DEYİR SUSMAYACAQ

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, Tevan Poghosyan bildirib ki, seminarda müxtəlif mövzular, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Poghosyan deyib ki, erməni nümayəndə heyətinin üzvü olaraq susmaq niyyətində deyil və Ermənistanın mövqeyini seminar iştirakçılarına çatdıracaq.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü tədbir keçirilən otelin qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis onları ərazidən uzaqlaşdırsa da, təşkilat üzvləri erməni deputatlarının tədbirdən çıxmasını gözlədiklərini bildiriblər.

DENNİS SAMMUT-UN ÇIXIŞINA ETİRAZ OLUB

Seminara qatılan LINKS təşkilatının rəhbəri Dennis Sammut «twitter» səhifəsində yazıb ki, seminarda Ukrayna və İraqda baş verənlər müzakirə olunur. Ancaq əsas diqqət Qarabağ münaqişəsinə yönəlib. Sammut seminarda erməni deputatların iştirakını qeyri-adi hadisə adlandırıb.

apa-nın məlumatına görə, Dennis Sammut çıxışında qeyd edib ki, iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi sülhlə çözülməlidir:

«Burada əsas fakt kimi ərazi bütövlüyü, xalqların öz müqəddəratını həlletmə prinsipləri əsas götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır».

Ermənistan nümayəndə heyəti D.Sammut-un çıxışına etiraz edib. Adlarının yazıldığı lövhələri qaldıran erməni deputatlar ayağa qalxaraq iclasın gedişatını pozmağa cəhd göstəriblər. Seminarı aparan Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov onlara söz verib.

DAĞLIQ QARABAĞ TƏRƏF KİMİ GÖSTƏRİLSİN

Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan Milli Məclisin sədri O.Əsədovun Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılması, qaçqın düşmüş bir milyondan çox azərbaycanlının öz yurdlarına qayıtması ilə bağlı tələbini «aqressiya» adlandırıb. O, israrla tələb edib ki, müzakirələrdə tək Ermənistan və Azərbaycan yox, «Dağlıq Qarabağ Respublikası» da göstərilsin. K.Nahapetyan Azərbaycanın işğal olunmuş torpaqları məsələsinin üstündən keçərək, daha çox Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratı məsələsini qabartmağa çalışıb.

AZƏRBAYCANLI DEPUTATIN CAVABI

Onun ardınca söz alan Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Siyavuş Novruzov Ermənistanın, əslində, Azərbaycan torpaqlarını işğal etməsinə diqqət çəkib:

«Söhbət ermənilərin öz müqəddəratını həll etməyindən gedirsə, erməni xalqı artıq müqəddəratını həll edib və Ermənistan dövlətini yaradıb. İndi Azərbaycan torpaqlarında bir qism erməni yaşayır deyə, orada da ikinci dövlət yaratmaq cəhdi təbii ki, absurddur. Bu gün dünyanın bir çox ölkələrində, məsələn, Kaliforniyada Dağlıq Qarabağdakından da çox erməni yaşayır. Belə çıxır ki, orada da «müqəddəratını həll etmək» adı ilə əlavə erməni dövləti yaradılmalıdır? Dünyanın 30-dan çox ölkəsində ermənilər kompakt halda yaşayır. Belə çıxır ki, dünyada 30-dan çox erməni dövləti yaradılmalıdır?».

S.Novruzovdan sonra D.Sammut yenidən söz alaraq öz fikrini bir daha təkrarlayıb, münaqişənin yalnız Azərbaycan və Ermənistan arasındakı problem olduğunu xatırladıb. O, müharibənin əleyhinə olduğunu bildirərək, tərəflərin dil tapmasının və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini bildirib.

Dennis Sammut «facebook» səhifəsində yazır ki, erməni və azərbaycanlı deputatlar arasında güclü, ancaq sivil fikir mübadiləsi olub: «Matthew Bryza da yaxşı çıxış etdi».

Bakıda keçirlən NATO Parlament Assambleyasının tədbirinə Azərbaycan parlemanetində təmsil olunan jurnalistlər buraxılsa da AzadlıqRadiosunun parlament müxbirinə belə bir şərait yaradılmayıb.

Parlamentin mətbuat xidmətindən AzadlıqRadiosuna bunun səbəbləri barədə konkret bir söz deyilməyib. AzadlıqRadiosu bunu informasiya almaq hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və NATO-ya bu barədə məlumat verib.
XS
SM
MD
LG