Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

NATO seminarında səslənən sual: «Putin kimdir?» [Video]


NATO seminarında əsas sual: "Rusiyadan necə qorunmalı?"
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00
-
NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı «Rose-Roth» seminarının 2-ci gününün gündəmi zəngin olub. İyunun 17-də müzakirəyə çıxarılan məsələlər sırasında Krım böhranının, Gürcüstanın Avropaya inteqrasiyasının, Azərbaycanın təhlükəsizlik problemlərinin adını çəkmək mümkündür.

«AZƏRBAYCAN... ADADA YAŞAMIR»

Azərbaycandan olan çıxışçı, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov ölkənin Rusiya qarşısında tək qaldığına, şimal qonşusunun layihələrinə qatılmadığına diqqət çəkib. O, bunun əksinə olaraq, Ermənistanın Moskva ilə daha yaxın əməkdaşlığa can atdığını vurğulayıb:

«Azərbaycan hansısa bir adada yaşamır. Azərbaycanın təhlükəsizliyinə NATO-nun necə təminat verəcəyi hələ bilinmir. NATO Azərbaycana nə təminat verəcək ki, Azərbaycan o təminata söykənib Avropaya inteqrasiyasını davam etdirsin?».

Əvəz Həsənov Ukrayna olaylarından sonra Azərbaycanda xarici təşkilatlara inamın azaldığını söyləyib. Çıxışçı daha sonra ölkədə QHT-lərin qeydiyyat və qrant məsələlərində yaranan çətinliklərə də toxunub. Qarabağ münaqişəsinin həlli ilə bağlı sülhyaratma prosesinə yaxından qatıldığını söyləyən QHT rəhbəri bildirib ki, buna görə ona açıq təzyiqlər olmasa da, təzyiq ritorikası var.

Avropa Siyasi Mərkəzinin təhlilçisi Amanda Paul Rusiyanın regionda yaranan boşluqlardan yararlanmasına diqqət çəkib. Onun fikrincə, Qərb bunu istəmirsə, regiondakı o boşluğu özünün doldurmasına çalışmalıdır.
Arkady Moshes
Arkady Moshes


«TƏƏSSÜF Kİ, MÜMKÜN OLMADI…»


Avropa Birliyinin Şərq Tərəfdaşlığı və Rusiya məsələləri üzrə tədqiqat proqramının rəhbəri Arkady Moshes Krımın işğalından sonra AB-nin bütün cəhdlərinin səmərəsiz qaldığını vurğulayıb. O, Rusiyaya tətbiq edilən sanksiyaların gözlənilən nəticələri vermədiyini bildirib:

«Biz daha ciddi təzyiqlər göstərə bilərdik, amma bu, təəssüf ki, mümkün olmadı. O üzdən indən belə Ukraynada nə baş verəcəyini deyə bilmərəm. Amma indiki halda qənaətimiz odur ki, Rusiya ən azı Krım məsələsində AB-ni uddu».

Litvanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Rasa Jukneviciene AB rəsmisinin çıxışı ilə razılaşmayıb. O, ümidsizliyə qapılmaqdansa, Qərbi yeni addımlar atmağa çağırıb:

«Əks halda, bu vəziyyət davam edərsə, regionda bizim də suverenliyimiz təhdid altında qalacaq. Biz Putin-ə «dur» deməməliyik, onu dayanmağa məcbur etməliyik. Bunun üçün hər şeyi nəzərdən keçirmək lazımdır. Məsələn, Rusiyanın Çinlə yaxınlığına diqqət yetirmək lazımdır. Çinlə də bağlı müvafiq ölçü götürməliyik. Axı Ukrayna məsələsi başlayan kimi, Putin-in yeganə işgüzar və sirli səfəri Çinə oldu. Bu səfərdən sonra Ukraynada vəziyyət gərginləşdi».
Zahid Oruc
Zahid Oruc

«MƏN SIZI QƏTİ ƏMİN EDİRƏM…»

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Zahid Oruc baş verənlərdə Avropanın özünü, o cümlədən NATO-nu günahlandırıb:

«Siz regionda baş verənlərlə əlaqədar, özəlliklə Rusiyayla bağlı narahatlığı indi yox, vaxtında göstərməliydiniz. Dağlıq Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında vaxtında göstərdiyiniz hərəkətsizlik indi bu acizliyinizə, Rusiyanın bu boşluqdan məharətlə istifadəsinə gətirib çıxarıb. Mən sizi qəti əmin edirəm, Rusiyanın Krımı tutmasından nəinki krımlılar, heç MDB ölkələrinin sakinləri də narazı deyillər. Çünki sizdən gözləntilərin özünü doğrultmaması, bundan istifadə edən Putin-in məharəti hər şeyə təsir göstərdi. Mən sizə Putin-i vaxtında dəyərləndirməyi təklif edərdim. «Putin kimdir?» sualını çox ciddi formada özünüzə verin».

«İNDİ DƏ RUSİYANIN ƏLİ İLƏ…»

Deputat Qüdrət Həsənquliyevin fikrincə, Qərb və ABŞ Gürcüstanda olduğu kimi, Azərbaycanla da eyni ssenarini gerçəkləşdirmək istəyir:

«Abxaziyanı, Cənubi Osetiyanı Rusiyaya verib Gürcüstanı və gürcü xalqını Rusiya ilə əbədi düşmən elədilər. İndi Gürcüstanda kim hakimiyyətə gəlsə də, bu ölkə heç vaxt Rusiyameylli olmayacaq. İndi də Rusiyanın əli ilə Qarabağı Ermənistana vermək istəyən Qərb və ABŞ Azərbaycanı eyni vəziyyətə salmaq istəyir».
Koryun Nahapetyan
Koryun Nahapetyan

Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan sualı olduğunu bildirsə də, söz aldıqdan sonra Azərbaycan deputatlarının çıxışı ilə bağlı bəyanat vermək istəyib. O bunun səbəbini Azərbaycan nümayəndə heyətinin Ermənistanı və onun prezidentini işğalçı və terrorçu adlandırmasına bağlayıb.

«SİZ NƏ EDİRSİNİZ?»

Seminara sədrlik edən Julio Miranda – NATO PA-nın Müdafiə və Təhlükəsizlik Komitəsinin baş məruzəçisi erməni deputata xəbərdarlıq edib:

«Siz nə edirsiniz? Məqsədiniz nədir? Axı burada mövzu tamam başqadır. Qurtarın bu komediyanı. Siz sual vermək adı ilə bizi aldadıb öz bəyanatınızı vermək istəyirsiniz, biz buna imkan verməyəcəyik. Ona görə də sizə artıq söz vermirəm».

Bu Ermənistan nümayəndəsinin narazılığına səbəb olub.

Daha sonra Latviya nümayəndəsi Ojars Eriks Kalnins seminar aparıcılarına Putin-lə bağlı sual verərək, «Biz Putin-lə bağlı hansı addımları atmalıyıq?» – deyə onlardan soruşub.

Aparıcı – Avropa Siyasi Mərkəzinin təhlilçisi Amanda Paul bu suala cavab olaraq deyib ki, «Ruslar təchizat məsələsində Avropada hələ böyük əhəmiyyətə malikdirlər».
XS
SM
MD
LG