Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Yeni təhsil ilində 10 ali məktəb kredit sisteminə keçəcək


2010-cu ilə qədər Azərbaycanın bütün ali məktəbləri kredit sisteminə keçəcək
2010-cu ilə qədər Azərbaycanın bütün ali məktəbləri kredit sisteminə keçəcək

Bakı Dövlət Universitetinin tələbəsi Vüsalə Əliyevanı kredit sistemi ilə necə təhsil alacağı çox maraqlandırır. Çünki yeni dərs ilindən - sentyabrın 15-dən Təhsil Nazirliyi ali məktəblərin bir çoxunda kredit sistemi tətbiq edəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, Vüsalənin oxuduğu Bakı Dövlət Universiteti də daxil olmaqla 10-a yaxın ali məktəbdə bu sistem həyata keçiriləcək. Ancaq Vüsalə bu sistem haqqında məlumatsızdır. Deyir ki, bilmədiyi sistemdə necə oxuyacağı onu da, tələbə yoldaşlarını da çox qayğılandırır. «Uzaqdan-uzağa nəsə eşitmişəm. Ancaq ətraflı bizə izah olunmayıb. Eşitmişik ki, özəl ali məktəblərdə kredit sistemi var. Biz bu sistemə keçəcəyiksə, nə edəcəyik, necə oxuyacağıq. İmtahanlara qədər fakültədə bu haqda heç söhbət də yox idi».


Təhsil Nazirliyində isə deyirlər ki, yeni dərs ilində kafedra müdirlərinə də, dekanlara da, tələbələrə də bu sistem yerli-yataqlı izah olunacaq. Nazirliyin İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, kredit sistemində tələbə fənnə görə kredit alacaq. «Bu elə sistemdir ki, tələbə fənni də müəllimi də özü seçir. Məsələn, tələbə oxuduğu 4 il ərzində 360 kredit yığmalıdır. Onun qarşısına kataloq qoyulur, orada göstərilir ki, bu ixtisasa qəbul olunmusan, bu ixtisası bitirmək üçün bu fənləri öyrənib imtahan verməlisən. Bunu seçən tələbə qış imtahan sessiyasında bir fənni ödəmirsə, əvvəlki kimi göndəriş alıb ikinci dəfə imtahan vermir, o fənni mənimsəməmiş sayılır. İkinci semestr üçün fənn seçəndə həmin fənni yenidən oxuyub, yenidən imtahan verməlidir».


İlham Pirməmmədov deyir ki, kredit sistemində ikinci kursda əla oxuyan tələbəyə üçüncü kursdan kreditlər götürməyə imkan verilir. Bu sistemin köməyi ilə tələbə dərs aldığı müddətdə kəsiri olmasa və davamiyyəti yüksək olarsa yuxarı kurslardan istədiyi fənni seçə bilər və nəticədə yuxarı kurslarda tədris saatlarını azalda bilər.


Yaxşı oxuyan tələbənin kreditləri yüksək olanda ali məktəbi tez, yaxşı oxumayan isə gec bitirəcək.


Kredit sistemi ilə təhsil alan Xəzər Universitetinin tələbəsi Firuzə Alimova isə deyir ki, bunun tələbəyə faydası çoxdur, ancaq çətinliklər də var. «Kredit sistemi odur ki, hər hansı tələbə istədiyi peşə üzrə istədiyi fənləri seçib oxuya bilər. Mən sosial elmlər və humanitar fakültədə oxuyaram. Bu fakültəni qurtarmaq üçün 102 kredit toplamalıyam. Müxtəlif fakültələrdən – həm iqtisadiyyatdan, həm hüquqdan, həm riyaziyyatdan götürüb oxuya bilərəm. Ancaq bir şey var ki, sən 4 ilə ali məktəbi bitirməyə qarantiyalı deyilsən. Çünki əgər mən humanitarda oxuyuramsa, kredit üçün texniki fənni götürürəmsə, istər-istəməz çətinlik çəkirəm, buna görə imtahandan kəsilə də bilərəm».


Kredit sistemində dərsə davamiyyət əlavə bal gətirir. İşləyən tələbələr üçün bunun da bir problem olduğu deyilir. Həm də tələbə əgər ali məktəbi 4 ilə bitirməlidirsə, ona bir il gec bitirməyə imkan verilir, növbəti ildə isə əgər o dövlət ali məktəbində oxuyursa, dövlət sistemindən çıxarılır və o öz təhsil haqqı hesabına oxuyur.


Təhsil Nazirliyində deyirlər ki, 2010-cu ilə qədər Azərbaycanın bütün ali məktəbləri bu sistemə keçəcək.


XS
SM
MD
LG