Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

«Korrupsiogen maddələr...»


Prokurorluq qanun pozuntularına yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsini də təklif edir
Prokurorluq qanun pozuntularına yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsini də təklif edir

Baş prokuror Zakir Qaralov kommunal xidmətlərdən istifadə zamanı qanun pozuntularına görə məsuliyyətin sərtləşdirilməsi üçün təkliflər hazırlanmasına dair göstəriş verib. İndiki qanunlarda belə pozuntulara görə, hansı cəzalar nəzərdə tutulub və hansı əlavə və dəyişikliklərin olunmasına ehtiyac var? Qanunları daha çox sadə vətəndaşlar, yoxsa, məmurlar pozurlar?


Hazırda işıq, qaz və ya su pulunu ödəməyənlər yalnız cərimələnə bilər. Respublika Prokurorluğu bunu çox yüngül cəza sayır və cəzanın bir qədər sərtləşdirilməsini istəyir. İnzibati Xətalar Məcəlləsinə görə, işıq pulunu vermədiyinə, işığı sayğacsız istifadə etdiyinə, özbaşına şəbəkəyə qoşulduğuna və başqa bu kimi qanun pozuntularına görə vətəndaş təzə pulla 5 manatdan 15 manata qədər cərimə edilə bilər.


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev deyir ki, söhbət təkcə işıq, qaz, su istifadəçilərinin məsuliyyəti ilə bağlı müddəaların sərtləşdirilməsindən getmir, həm də bu sahələrdə xidmət edən məmurların məsuliyyətindən söhbət gedir: «Təkcə inzibati cəzalar kifayət etmir, prokurorluq belə qanun pozuntularına görə, cinayət məsuliyyətinin də tətbiqini təklif edir».


Qaz, işıq və su təchizatına baxan vəzifəli şəxslərin pozuntulara yol verdikləri halda cinayət məsuliyyətinə cəlb edilməsi indi də mümkündür. Bundan ötrü Cinayət Məcəlləsindəki mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa maddələrə istinad etmək olar.


Respublika Prokurorluğundan bildirirlər ki, son il yarımda sözügedən sahələrdə çalışan 40 nəfər vəzifəli şəxsə cinayət işi qaldırılıb, indi prokurorluq təkcə vəzifəli şəxslərin deyil, qaz, işıq və su təchizatında qanun pozuntularına yol verən sıravi işçilərin də bəzi hallarda cinayət məsuliyyətinə cəlb edilməsini təklif edir.


Amma hüquqşünas Fuad Ağayev hesab edir ki, qanunların sərtləşdirilməsinə ehtiyac yoxdur. Onun fikrincə, indiki qanunlar dövlət qurumlarına imkan verir ki, kommunal xidmətlərin haqqını ödəməyən vətəndaşı məhkəməyə versin, onu həm borcunu ödəməyə, həm də cərimələməyə nail olsun. Amma bu mexanizmdən istifadə olunmur. Əvəzində müxtəlif xırda xətalara görə, qeyri-adekvat cəzaların tətbiqi təklif olunur. Cənab Ağayev bildirir ki, belə qeyri-adekvat cəzalar təcrübədə özünü doğrultmur, necə ki, onun fikrincə, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin sərtləşdirilməsi nəticə vermir: «Belə sərt maddələrə biz hüquqşünaslar «korrupsiogen maddələr» deyirik. Belə maddələrdən sui-istifadə halları çox olur».


Son beş ildə Bakı, Sumqayıt və şimal rayonlarının elektrik paylama sistemini idarə edən və artıq ölkəni tərk etməyə hazırlaşan «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul isə deyir ki, qanunları sərtləşdirmək düzgün addımdır. Amma bu məsələdə Azərbaycan şəraitinin özəllikləri də nəzərə alınmalıdır. O, öz təcrübəsindən çıxış edərək bildirir ki, işıq pulunu verməyənlər əsasən yüksəkçinli məmurlardır və onları təkcə cinayət məsuliyyətinə cəlb olunma cəzasının qorxusu ilə qanunlara əməl etməyə məcbur etmək çətin olacaq: «Türkiyədə olduğu kimi, Azərbaycanda da belə pozuntulara görə, məmurluqdan məhrumetmə cəzası tətbiq olunmalıdır.


Amma qanunların sərtləşdirilməsindən sonra kommunal xidmətlərə görə, ödənişlərin yığım səviyyəsinin artacağını indidən demək çətindir. Hələ ki, ölkədə yığım şəbəkəsi tam olaraq sayğac sisteminə keçirilməyib. Bir çox yerlərdə insanlar davamlı təchizatın olmamasından əziyyət çəkirlər. Bundan başqa, istər su, istər işıq, istərsə də qaz təchizatı dövlət qurumlarının monopoliyasındadır və bu sahələrdə liberallaşma getməyib. İnsanların kommunal xidmətlər göstərən və bir-biri ilə rəqabət aparan şirkətlər arasında seçim etmək və daha keyfiyyətli servis təklif edəni seçmək imkanı yoxdur.


XS
SM
MD
LG