Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Sahib Kərimli: «Həbsxana yaxşı baxış bucağıdır, sınamağa dəyər»


Sahib Kərimli
Sahib Kərimli

-

Müxalif İctimai Palata 2011-ci il aprelin 2-də «Fəvvarələr meydanı»nda icazəsiz etiraz aksiyası keçirdi. Sonradan bu aksiya son illərin ən böyük aksiyası kimi dəyərləndirildi. 14 siyasi fəal məhz bu aksiyada iştirakına görə həbs olundu. Əksər beynəlxalq qurumlar bu həbsləri siyasi sifariş adlandırdı.

Həmin hadisələrə 4 il sonra nəzər salırıq. «2 aprel məhbusları»ndan biri Sahib Kərimli ilə...

- 2 aprel aksiyasını indi necə xatırlayırsınız?

- Yaxınlarda Yəməndəki prosesləri görəndən sonra 2 aprel mitinqi yenidən yadıma düşdü. Əslində, 2 aprel hadisəsi ərəb inqilabları ərəfəsi idi. O zaman müxalifət və cəmiyyətin fəallığı artmışdı. Ərəb dünyasında baş verən hadisələrin böyük demokratik dalğa olacağına inamdan dolayı biz 2 apreldə bu mitinqlərə start verdik.

Sahib Kərimli kimdir

Sahib Kərimli kimdir

1974-cü ildə Şəkinin Bideyiz kəndində anadan olub. İxtisasca iqtisadçı-mühəndisdir. Azərbaycan Texniki İnstitutunu bitirib.

AXCP Rəyasət Heyətinin üzvüdür.

2005 və 2010-cu illərdə Şəkidən parlamentə namizədliyini irəli sürüb.

2011-ci il aprelin 2-də həbs olunub, ona qarşı ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkiletmə və ya bu cür hərəkətlərdə fəal iştiraketmə ittihamı irəli sürülüb. Məhkəmə barəsində 2 il həbs hökmü çıxarıb. 14 ay həbs həyatından sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

- İnam özünü doğrultdumu?

- Təəssüf ki, yox. «Ərəb baharı» nə Ərəb dünyasına demokratiya gətirdi, nə də bizim növbəti inamdan ruhlanan hərəkatımız nəticə verdi. Amma 2 aprel mitinqi ölkədə Azərbaycan hakimiyyətini ən çox silkələyən siyasi aksiya oldu. Prezident səviyyəsində məsələyə münasibət bildirildi. Həmin dövrdə İlham Əliyev Bakı kəndlərinə səfər etdi, oradakı sosial problemlərlə maraqlandı. İmitasiya xarakterli olsa da, müəyyən hərbi komissarlar, sosial təminat şöbəsinin müdirləri səviyyəsində həbslər baş verdi. Hesab edirəm ki, bu məqamlar 2 aprel aksiyasının faydaları hesab oluna bilər. Cəmiyyət oradan hansısa uduşlar götürə bildi. Amma söhbət müxalifət, bütövlükdə sistem dəyişikliyindən gedirsə, məqsədlərimizə nail ola bilmədik.

- Deyirsiniz ki, böyük məqsədlərlə çıxdınız meydana və meydana çıxanların sayı da az deyildi. Amma nəticədə bir neçə nəfərlə yanaşı, siz də həbs olundunuz. «Niyə məhz mən» deyə bir düşüncə keçdimi ağlınızdan?

- «Niyə məhz mən həbs olundum» ağlımdan keçə bilməzdi. Niyə? Çünki bilirsiniz, bir neçə küçədə kolonlar əmələ gəldi və onlar ciddi dirəniş göstərdilər. O kolonlardan birinə mən özüm rəhbərlik edirdim. Ona görə həbsimə təəccüblənmədim.

- İnsan hüquqları, azadlıqları uğrunda mübarizə aparıb, meydana çıxırsan və özün azadlıqdan məhrum olursan. Çətin olmadı bu yükü daşımaq?

- Yox. Açığı deyim ki, bir az gülməli də çıxsa, həbsimə görə hakimiyyətə müəyyən mənada yüngülvari təşəkkür edirəm. Çünki həbsxana formalaşmağımda ali məktəbin, siyasi fəaliyyətin birlikdə rolunun yarısı qədər rol oynadı. Çoxdan oxumadığım ədəbiyyatı oxumaq, düşünmək fürsəti yarandı. Təbii ki oxumaq üçün həmişə vaxt tapılmalıdır, amma həbsdə oxumaq bir başqadır. Kənar təsirlər yox, çox çeşidli sosial münasibətlərdə deyilsən, üzərində bir basqı, məsuliyyət yox, yalnız oxumaq və düşünmək. Cəzaçəkmə müəssisəsi elə bir yerdir ki, çox balaca sahədə mindən çox adam yaxın-yaxına paltar yuyur, yemək yeyir, yatır, söhbət edir, nərd oynayır, televiziyaya baxır, yəni hər şeyi birlikdə edirsən. Çörək yediyin adamla o qədər yaxın təmasın olur ki, ailədə doğmalar belə bir-birini o qədər görmürlər, çünki işləyirlər. «Xlebnik» şərti adı ilə dediyimiz adamlarla səhərdən axşamadək təmasda oluruq. Hamı bir-birini yaxından müşahidə edir, nəyisə gizlətmək mümkün deyil. Reallıqda şəxsiyyət olaraq kimsənsə ortaya çıxır. İnsanları tanımaq, həyatla, cəmiyyətdə baş verən proseslərlə, insanlar arasındakı sosial münasibətlərlə bağlı çox şey öyrənirsən. Həbsxana ayrıca bir məktəbdir.

- «Xlebnik»lərdən indi də əlaqə saxladığınız kimlərsə var?

- Təbii ki. Mən 14 saylı cəzaçəkmə müəssisəsində olmuşam və bu, ölkədə ən yararsız cəzaçəkmə müəssisəsidir. Mənim oradakı «xlebniklər»im Şahin Həsənli, Tural Abbaslı, Əhəd Məmmədli, Babək Həsənli, Bəxtiyar Hacıyev, Məhəmməd Məcidli, Vidadi İsgəndərli, yəni çoxu öz əqidə yoldaşlarım idi. Bizə orda şərti olaraq «deputatlar» deyirdilər. Orada yemək bişirməyi öz aramızda bölmüşdük, iddia edirəm ki, ən yaxşı yeməyi mən bişirirdim. İndi də oturub çay içəndə zarafatla bir-birimizə deyirik ki, «kimin növbəsidir».

- Sizcə, bu həbs cəmiyyətdə nəyi dəyişdi?

- Hakimiyyət düşünməli oldu. Çox təəssüf ki, hakimiyyət inzibati resursların hesabına durdurmaqla və imitasiya xarakterli həbslər həyata keçirməklə bu prosesi başa vurdu. Amma faydaları olmadı deyə bilmərik. Əslində ölkədə ciddi narazılıqlar var, amma hələlik insanlar bu narazılıqların ifadə formasını tapmır. İctimai-siyasi fəalların üzərinə düşən vaxtaşırı təşəbbüslə çıxış etməkdir. 2 aprel də əslində bir təşəbbüs idi. Cəmiyyət bunu yaşamaqla, hakimiyyət də bu təpkini görməklə hər ikisi təcrübə qazandı.

- Bəs bugünkü reallıqda, sizcə, siyasi mübarizəni davam etdirməyə dəyərmi?

- Siyasi mübarizə deyəndə, bu, dəqiqləşdirilməlidir. Bizim insanlar bəzən siyasətçiyə elə yanaşırlar ki, illərdir müxalifətdədir, amma hələ də vəzifəyə gələ bilmir. Fərdi olaraq qiymətləndirilir. Mənsə hesab edirəm ki, sistem dəyişikliyi zəruridir. Bu idarəetmənin, yanaşmanın dəyişməsi, dövlət idarəetməsindəki islahatların zərurəti təkcə cəmiyyətin sifarişi deyil. Zatən cəmiyyətin güclü sifarişi olsaydı, bir hərəkat yaranardı. Cəmiyyət onu daha çox təhtəlşüurunda dərk edir. Məncə, siyasi çevrələr, aktiv kəsimlər, dövlət qurumlarında çalışanlar – hamı bir şeyə inanır ki, bu idarəetmə dəyişməlidir. Daha çox vətəndaşa xidmət göstərilməli, dövlətin sosial yönümləri ilə yanaşı, digər strukturları inkişaf etdirilməlidir. İqtisadiyyatda baş verən proseslər, qeyri-neft sektorunun inkişaf etdirilməməsi, nəticədə neftin qiymətinin düşməsi və onun iqtisadiyyata mənfi təsirləri göstərir ki, bu ölkədə bir sistem qurulmalıdır. Siyasət qayıtmalıdır, rəqabət olmalıdır, insanlar potensialına görə seçilməlidir və s. Dövlət bir çox yükü öz üzərindən atmalıdır, bizneslə məşğul olmamalıdır və s. Bu mübarizədə niyə də yorulaq və çəkinək? Hələ ki gücümüz, bilgilərimiz cəmiyyəti maarifləndirməyə yetəcək qədərdirsə, ən azı, insanlar bizə nəyə görəsə müraciət edirsə, qəzetlərə müsahibə veririk, sosial şəbəkələrdən yararlanırıq, bir maarifləndirici yönümüz varsa, bu da faydalıdır cəmiyyət üçün. Daha ağıllı, daha savadlı şəkildə hakimiyyətdən islahat tələb etdikcə, o da özünə çəki düzən verməyə məcbur olacaq.

- Bu gün siyasətdə haradasınız, hansı işləri görürsünüz?

- AXCP Rəyasət Heyətinin üzvüyəm. Siyasi fəaliyyətlə məşğulam təbii ki, fikirlərimi adətən sosial şəbəkələrdə paylaşıram.

- Deyirsiniz ki, fikirlərinizi sosial şəbəkələrdə yayırsınız. Amma sosial şəbəkələr yalnız bir kəsim üçün əlçatandır, məsələn, əksər təqaüdçülər bu şəbəkələrdən yararlanmırlar. Bəs sizcə, siyasətçi bu cür dar məkanla kifayətlənməlidirmi? Bəs siz təqaüdçünün də evinə «girmək» barədə düşünmürsünüz?

- Dedim axı, siyasət ölkəyə qayıtmalıdır. Bizim ciddi problemimiz odur ki, hakimiyyət ölkədə siyasətə yasaq qoyub, onu ölkədən qovub sanki. Müzakirə, insanların öz potensialını göstərməsi üçün debatlar yoxdur, İctimai Televiziya öz funksiyasını yerinə yetirmir, azad mətbuat basqılar altındadır. Cəmiyyətin hər kəsiminə çatımlı olmaq əlavə maddi resurslar tələb edir, məhdud imkanlarla bunu etmək çox çətindir. Amma siyasətlə maraqlanan bir ictimai sektor var və bu sektor da əsasən sosial şəbəkələrdədir. Siyasətdən kənar, sosial problemlərin məngənəsində əzilən əhali kütləsini siyasi prosesə cəlb edib böyük inqilabi hərəkat yaratmaq da bir yoldur. Amma mən hesab edirəm ki, elit kəsim siyasətlə məşğul olmalıdır. Bu elit kəsimlər, rəqiblər öz aralarında çalışmalıdır ki, ölkədəki strukturlara çəki düzən versinlər, mühit yaratsınlar ki, insanlar özlərini ifadə edə bilsinlər, bir birinin əllərini sıxa bilsinlər. Düşünürəm ki, məhz bu elit kəsim üçün siyasət qayıtmalıdır. Panellər təşkil olunmalıdır ki, faydalı nəticələr olsun.

- Bugünkü ictimai fəallar, jurnalistlərin həbs xəbərlərini necə qarşılayırsınız?

- Çox üzülürəm. Hakimiyyət müxalifətin resurslarına ciddi zərbə vurandan sonra vətəndaş cəmiyyətinə keçdi. Bəzilərinə qarşı kəşfiyyat, xarici agent, qrant alma kimi ittihamlar irəli sürülür. Vətəni, dövləti satmaq o qədər də asan məsələ deyil. Vətən, dövlət o qədər ucuz tutulmamalıdır ki, yetkin bir insan onda ittiham olunsun, özü də bir neçə adam. Nəzərə alaq ki, onların da ətrafında yüzlərlə başqaları var. Dövlətin, vətənin qiyməti bu qədər ucuz tutulmamalıdır ki, insanlar bu cür ittihamlarla üz-üzə qoyulsun. İnsanları dinləmək lazımdır.

- Bu günün siyasi məhbuslarına bir sözünüz varmı?

- Bu günün siyasi məhbusları, İntiqam müəllim başda olmaqla, hamısı dəyərli, vicdanlı insanlardır. Səbir etmək, dözmək lazımdır. Daim içində o hiss olur ki, sənin çöldə bir dəstəyin var və sən cinayət törətməmisən. Əslində, oxuduğun ədəbiyyatdakı qəhrəmanların içində bəzən özünün obrazını görürsən, bununla da zövq almaq mümkündür. Yəni, səbirli olsunlar, bəzən içəri çöldən daha rahat, aydın, görünən olur, oradan görmək daha rahatdır. Belə deyək, həbsxana elə bir məkandır ki, güzgüdür, cəmiyyət oranın içini görmür, amma sən oradan cəmiyyəti aydın görə bilirsən. Yaxşı baxış bucağıdır, sınamağa dəyər. Onun da uduşunu götürmək lazımdır.

XS
SM
MD
LG