Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:43

Azərbaycanı görməyin qiyməti – turistlər üçün


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bir əcnəbi Azərbaycanı görmək istəsə, buna nə qədər pul xərcləməlidir?

İnternetdə araşdırmalar zamanı qarşımıza çıxan təkliflər bu sualları doğurdu. Çünki internet dünyanı nə qədər kiçiltsə də, «yüz eşitməkdənsə, bir görmək yaxşıdır» məsəli hələ ki, insanlar üçün keçərlidir. Ona görə də, dünyada turizm sahəsi hələ də iqtisadi cəlbediciliyini qoruyub saxlayır.

Ölkə rəsmilərinin çıxışlarından belə qənaətə gəlmək olur ki, Azərbaycan turizmin inkişafı üçün dəridən-qabıqdan çıxır. Otellərin sayı 500-ü ötüb, turizm sektoruna aid bəzi peşə liseyləri müasirləşdirilib, xidmət sektoru təkmilləşməyə çalışır.

Mədəniyyət, turizm və idman naziri Əbülfəs Qarayev bir müddət öncə açıqlamışdı ki, 2014-cü ildə Azərbaycana 2 milyon turist gəlib. Müqayisə üçün, qonşu Gürcüstana isə ötən il 5 milyondan artıq əcnəbi girib-çıxıb.

Azərbaycana turist sayının qonşu ölkə ilə müqayısədə az olmasının səbəblərinə keçməzdən öncə əcnəbilərə təklif edilən tur paketlərə nəzər salaq.

TƏKLİF OLUNAN QİYMƏTLƏR

Əsasən azərbaycanlılara məxsus onlarla turist firması gün sayından asılı müxtəlif tur paketlər hazırlayıb. Əksər turizm şirkətinin 1, 3, 6, 7 və 12-günlük tur paketi var. Növündən və günündən asılı olaraq, paketlərə Bakı, Abşeron, Quba, Şəki, Qəbələ, İsmayıllı, Lahıc, bəzən Gəncə, Şabran, Ağsu daxildir. Bəzi turizm şirkətləri təkliflərini «Jeep-Safari», «Şərab», «Xalça» kimi turlara bölsələr də, əcnəbiyə göstərmək istədikləri yerlər təxminən eynidir:

Bakıda İçərişəhər, Atəşgah, Qubada Xınalıq, Şamaxıda Lahıc. Təbii, paketlər şəlalələr, muzeylər, qədim xarabalıqlar və s. kimi detallarla zəngindir.

3-günlük turun qiyməti 300-400 manatdan başlayır. Məsələn, şirkətlərdən biri 3-günlük turu (4-cü günü aeroporta yolasalma şərtilə) 760 dollara təklif edir.

Bu qiymətlərə 3-ulduzlu oteldə gecələmək, səhər yeməyi, tur ərzində bələdçi təminatı, nəqliyyat xərcləri, qarşılanma-yola salma daxildir. Bəziləri viza dəstəyi və sığorta təminatı verir. Təyyarə bileti, viza rüsumu, digər xərclər qarşılanmır.

BİR ALMANIN BAKI SƏFƏRİNİN BÜDCƏSI

İndi ürəyindən Azərbaycan səfəri keçən, məsələn, bir almana bu arzunun neçəyə başa gələ biləcəyini hesablayaq:

Turistlər Tbilisidə - 2014
Turistlər Tbilisidə - 2014

Bakı yolçuluğuna hazırlaşan orta statistik bir alman təxminən 800 manat bilet pulu ödəməlidir. 3-4 gün ərzində nahar, şam etməlidir ki, bu da orta hesabla 100-120 manat edəcək. 3-günlük tur üçün də 500-600 manat ödəyəcək. Demək, Azərbaycanda 3 günlük dincəlmək almanın büdcəsinə təxminən 1500 manata başa gələcək.

«GÜRCÜSTANDA UCUZLUQDUR»

«Adətən, səfərə iki nəfərlə çıxırlar. 2 nəfərin xərci isə 3000 manata yaxın edəcək. Bakıda turizm şirkətlərinin qiymətləri çox şişirdilib». Bunu AzadlıqRadiosuna keçmiş turizm əməkdaşı Müşfiq Zərbəli deyir. Onun fikrincə, bir azərbaycanlıya təklif olunan xarici tur daha ucuz başa gəlir, nəinki əcnəbiyə: «Əvvəlcə mən soruşum, siz əcnəbi olsaydınız, bu qiymətlərə Azərbaycana gələrdinizmi?».

Müsahibimiz deyir ki, qonşu Gürcüstanda əcnəbilərə edilən təkliflər bundan iki dəfə ucuz olur: «Burda bir adama 3-4 günlük səfər 2000 dollara oturursa, Gürcüstanda bundan artıq məşğuliyyət, daha zəngin tur paket şərtilə 1000 dollara başa gəlir. Turizm müxtəlifliyi sevir. Tbilisi artıq Qafqazda turizm mərkəzinə çevrilir. Otel şəraiti yüksək, qiymətə görə seçimi çoxdur, kazinolar var, təbiətmüxtəlifliyi var. Düzdür, bizdə də təbiət müxtəlifliyi var, amma buna uyğun xidmətlərimiz yoxdur. Ona görə də, Bakı turizm şirkətlərinin təklifləri real qiymət sayıla bilməz».

Bakıda «Hilton» hoteli
Bakıda «Hilton» hoteli

ELİT QİYMƏTLƏR?

Müşfiq Zərbəli deyir ki, Azərbaycanın turizm potensialı var, əcnəbilərin diqqətini cəlb etmək üçün isə turizm bazarı sərbəstləşməli, sağlam rəqabət şəraitində işləməlidir: «Burda otel açmaq, aviareyslər təşkil etmək asan olmalıdır. Turizmlə məşğul olmaq üçün maneələr olmamalıdır. Belə bir şərait yaradılsa, qiymətlər ucuzlaşacaq. Hazırki təkliflər isə elit qiymətlərdir».

Müsahibimizin sözlərinсə, Dünya Turizm Şirkəti bir neçə il əvvəl bildirmişdi ki, bir turist orta hesabla bir həftəlik səyahətinə 850 dollar xərcləyir: «Qiymət artımını da nəzərə alsaq, orta statistik əcnəbi bir həftəlik səyahət üçün 1000 dollar xərcləyə bilir».

«AZƏRBAYCANA GƏLƏN BİR DƏ GƏLMƏK İSTƏYİR»

Mədəniyyət və Turizm Şirkətinin turizm şöbəsinin müdiri Aydın İsmiyev hesab edir ki, Azərbaycanın əcnəbilərə təklif etdiyi qiymətlər elə də baha deyil: «Avropa ölkələrində otellərin qiyməti ilə müqayisədə heç də baha deyil».

Aydın İsmiyev deyir ki, onlar hər il müxtəlif ölkələrdə keçirilən turizm sərgilərinə qatılırlar: «Azərbaycanın turizm şirkətləri buna çox maraq göstərir. Aparıcı turist şirkətlərinin, demək olar ki, hamısı bu sərgilərə qatılırlar, müqavilələr bağlayırlar. Azərbaycana bir dəfə gələn bir də gəlmək istəyir».​

XS
SM
MD
LG