Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:29

Bakıda hər dörd məktəbdən biri qışa hazır deyil


Hökumət ötən qış məktəblərdə yaranan fasilədən sonra konkret tapşırıqlar vermişdi
Hökumət ötən qış məktəblərdə yaranan fasilədən sonra konkret tapşırıqlar vermişdi
«Əziz rayon sovetinin sədrinə. Yaz ki, bu andıra qalmış pilləkənin əlindən uşaqlarımız yıxılıb ölürlər.

- Davud, bəlkə yazaq ki, əzilirlər?


- Yox, ölürlər yaxşıdır, qoy, gəlib əncam çəksinlər…»


Məşhur Azərbaycan filmi olan «Uşaqlığın son gecəsi»indəki ərizəbaz Davud indi də fəaliyyətini davam etdirsəydi, yəqin ki, uşaqlarının qışda məktəbdə soyuqdan öldüyünü qələmə alardı. Hər il qış qabağı məktəblərin istilik problemindən yazılır, danışılır, ancaq hər il də qışda uşaqlar sinifdə gödəkçə və papaqla oturur, valideynlər də qızdırıcı, qaz və odun pulu əlindən şikayət edirlər. Bəzi valideynlərsə uşağını havalar soyuyanda məktəbə buraxmır. Vəziyyətin bu il də fərqli olmayacağını Təhsil Nazirliyinin rəsmiləri etiraf edirlər. Bakı Şəhər Təhsil İdarəsindən Zəminə Əliqızı deyir ki, paytaxtda cəmi 301 məktəb var və bu təhsil müəssisələrində keçirdikləri son monitorinqlər göstərib ki, hər dörd məktəbdən azı birinin istilik sistemi demək olar ki, yoxdur: «301 məktəbdə monitorinq apardıq, onların 83-də istilik sistemi bərbaddır, yəni 27 faizində demək olar ki, yoxdur. İsitmə baxımından müasir standartlara cavab verən məktəblər barmaqla sayılacaq qədərdir. Təkcə Bakı ilə iş bitmir. Rayonlarda 4500-ə qədər məktəb var və məndə olan məlumatlara görə, onların 70 faizə qədərində istilik sistemi bərbaddır».


Təhsil Nazirliyi problemi həll etmək üçün külli miqdarda vəsait lazım olduğunu, bu vəsait ayrılacağı halda isə bir ilə məsələni həll etməyin mümkünlüyünü bildirir.


Ölkə prezidenti və Nazirlər Kabineti ötən qış məktəblərdə qarla bağlı yaranan fasilədən sonra bu problemin həlli üçün yerli icra hakimiyyətlərinə tapşırıq vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Şəhər Təsərrüfatı Şöbəsinin müdiri Xalid Ələkbərov iddia edir ki, digər binalar olmasa da, məktəblər və uşaq bağçalarının noyabrın 15-dən başlayaraq qızdırılmasında problem olmayacaq: «Məktəblər və uşaq bağçaları 100 faiz istilik alacaqlar».


Azərbaycanın mənzil təsərrüfatlarında qış mövsümü rəsmən noyabrın 15-də başlanır. Bu tarixdən etibarən mənzillərə, məktəblərə və uşaq bağçalarına istilik verilir. Amma BŞİH-in rəsmisi Xalid Ələkbərov da etiraf edir ki, Bakıdakı 10 minə yaxın binadan onların balansında olan 2 minə yaxını istilik sisteminə qoşulub. Onların da nə qədər istilik alması daxili istilik sistemlərinin vəziyyətindən asılı olacaq.


Təhsil Nazirliyindən bildirirlər ki, havalar sərt keçsə, ötən il olduğu kimi, yeganə əlac uşaqları məcburi tətilə buraxmaq olacaq.


XS
SM
MD
LG