Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:38

Əli Əkbərdən yeni hekayə: "Qız qalası"


Əli Əkbər İsveçrədə kitabını təqdim edir
Əli Əkbər İsveçrədə kitabını təqdim edir

-

“Qız Qalası” serialı parlaq qələbə sayıla bilərdi. Layihə elə birinci seriyası ilə ölkədə bomba effekti yaratmışdı.

Çəkilişlər keyfiyyətli, aktyor işi peşəkar, mövzu axıcı idi.

Türklərin Sultan Süleyman haqqında çəkdiyi “Möhtəşəm yüz il” serialı Azərbaycanda artıq dəbdən düşmüş, “Qız Qalası”nın kölgəsində qalmışdı...

Əli Əkbər

QIZ QALASI

Uzun hekayə

1

- Əndişəni anlayıram.

- Yox, anlamırsan. Anlasaydın, bir tədbir görərdin. Yoxsa məni itirə bilərsən. Ayla günəş birləşsə, ulduzlar yerə səpələnsə də, mən heç vaxt onun zövcəsi olmayacam!

İki ensiz pəncərədən birinin tirmə pərdəsi aralıydı. Pəncərədən açılan mənzərəni yarıyacan vücudu ilə örtən gəncin alnı qırışdı, əlini çənəsinə apardı, fikrə daldı. Əynində atlas xalat, başında taftadan ucu şiş çalması vardı. Üfüqdə qurğuşun rəngli intəhasız dənizin boz səma ilə birləşdiyi qırmızımtıl xətt görünürdü. Sahildə, qayalıqların üstündə yarı tikili dairəvi binanın silueti üstündə qağayılar dövrə vururdu.

- Niyə susursan? – qız bir addım gəncə yaxınlaşdı, əlinə toxundu.

- Çarə axtarıram – gənc fikirli halda dedi. Tutaq ki, qaçdıq getdik buralardan. Əvvəla, Axsitanın əlindən hara qaça bilərik? İkincisi də ki, bəs bu qala necə olacaq? – başı ilə pəncərəni işarə etdi.

- Bu qalaya da, atama da nifrət edirəm! Bizi ayıran da elə bu qaladır - qız hikkə ilə söyləndi.

- Elə demə! Bu qala olmasa, heç səni tanımaz, sevməzdim, Pərixan.

- Olsun! Mən yenə də səni əsir edən bu qalaya nifrət edirəm! Sən böyük memarsan, Məsud - Pərixan mülayimləşdi, əlini çiyninə qoydu, hələ bundan sonra sənin əsərlərin Məğribdən Məşriqə, Konstantinopoldan Hindistana qədər düzü dünyanı bəzəyəcək. Nəyinə lazımdır bu sınıq-salxaq qala?

- Sənə and verirəm, sus! Bu qalanın bərpası, taleyin mənə ən qiymətli ərmağanıdır. Üç min il yaşayıb, bundan sonra da onu mən yaşadacam – Məsud tutuldu. - Əlbəttə ki, şahın uca etimadı sayəsində.

- Barı, mənim yanımda Axsitanı mədh etmə.

Məsud qızın kinayəli iradını qulaq ardına vurdu:

- Mənim qabar olmuş bu əllərim, ustalarımın qanlı əlləri bu mübarək abidəyə də, şaha da halaldır. Həyatımın ən şərəfli işiylə mükəlləfəmsə, bunu şaha borcluyam. Məni başa düş.

- Bu qədər qorxaq olma, yalvarıram! Qalanın bərpası hələ çox çəkər. Sən bunu qurtaranacan, atam məni o qurbağa gürcüyə peşkəş edəcək. Onun dərdi-səri Şirvan xanlığını böyütməkdi, qüdrətli etməkdi. Bunun uğrunda məni də qurban verməyə hazırdı.

- Bilirəm, Pərixan, atan güclü olmaq istəyir. O, xırda, dağınıq xanədanları birləşdirib, vahid xanlıq yaradacaq.

- Nəyin bahasına? Məni o qotur gürcüyə ərə verməklə!

- Buna icazə verməyəcəm, Pərixan! Heç vaxt! Bir azca da hövsələn olsun.

- Stop! Çəkildi!

Diş ağrısından əzab çəkən adamın ifadəsini günboyu üzündə gəzdirən Ömər Camal, son dəfə monitora göz atıb kreslodan qalxdı. Döşəmənin üstündə ilan kimi qıvrılan rəngarəng kabellərə basmamağa etina göstərərək baş operatora yaxınlaşdı.

- Necədi, bu dəfə işıqdan razı qaldın?

Azərbaycan dilində güc-bəla ilə danışan iranlı Hürmüzd Saiver dişlərini ağartdı. Heç nə ifadə etməyən gözlərlə:

- Qrimi balaca kamuflə etmək lazımdı.

- Aydındı.

İntrovert Ömərlə xaraktercə antipod olsalar da, bir-birlərini cümlənin əvvəlindən başa düşürdülər. Rejissorla operatorun yaradıcılıq tandemi pis alınmamışdı. Bütün iranlı operatorlar özlərini Kiyarostami ilə böyük kinoda işləməyə layiq bilsələr də, “yüksək sənət” sayılmayan, amma yaxşı büdcəsi olan layihələrə də yox demirdilər. “Azərbaycanda dişə dəyən operator yoxdur və olmayıb” stereotipinin həqiqətə nə qədər uyğun olduğunu düşünərək vaxt itirməkdənsə, iranlı operatorları cəlb edib keyfiyyətli məhsul almaq daha sərfəliydi.

Bu gün ənənəvi şah qiyafəsi yerinə, cins şalvar və rəngli dama-dama yun köynək geyinmiş İlqar əlindəki su butulkasını gümüşü sandığın üstünə qoydu. Bu yaxınlarda şou-biznes jurnalistlərindən biri saqqalının qrimini tənqid etdiyi üçün operatorla razılaşdı:

- Qrim məsələsində düz deyir.

İlqarın qırx iki yaşı vardı, şah Axsitan rolunu oynamaqdan ötrü iki aydı ki, saqqal saxlamağa başlamışdı. Deyirdi ki, süni saqqalda girdirmə şaxta babaya oxşamaq istəmirəm. Hər dəfə çəkilişdən əvvəl saqqalını bir balaca ağardırdılar, o da çəkilişdən sonra onu pudradan təmizləyirdi. Ömründə birinci dəfə saqqal saxlasa da, üzündəki cod tük kütləsinə artıq öyrəşmişdi. Həm də saqqalı ona uğur gətirmişdi. Gənc Tamaşaçılar Teatrının o qədər də tanınmayan aktyoru Axsitan rolu sayəsində məşhurlaşmışdı. Üzünü qırxsa kimsə küçədə tanıyıb “aaa, bax, Axsitan gəlir!” deməyəcəkdi. Tanınandan sonra, evdə də qiymətli olmuşdu, arvadı indi onu daha çox qısqanırdı. Bu isə o deməkdi ki, rəqiblərə qarşı ərinin şəxsi arealını daraltsa da, ona əvvəlkindən yaxşı baxırdı.

Üç kamera ilə işləməyin çətinliklərini çiyinlərində daşıyan işıqçı Seymur, ARRI projektorları söndürdü. Məsudu oynayan və James Francoya oxşarlığı sərhədləri aşan Davidlə sağollaşıb çıxdı. Divarları yaşıl rəngli xromakeylə* çevrələnmiş geniş pavilyon yavaş-yavaş boşalırdı. Stella iri pultun yanında sütuna söykənmiş ssenarist Riad Tana yaxınlaşdı. Riadın əynində cins şalvar, qırmızı və yaşıl zolaqları olan boz sviter vardı. On ikinci əsr qiyafəsi ilə ona yaxınlaşan Stellaya:

- Yaxşıydın - deyib saatına baxdı. - Tez hazırlaş, çıxaq. Bu gün gözəl bir paba gedirik. Təzə tapmışam.

Siqaret qoxusuna dözümü olmayan Stella:

- Yenə tüstü olacaq! - mübahisəsiz fakt kimi dedi, - David da gəlir?

- Bilmirəm. Yəni gəlsin? – Riad güldü, şalvarının cibindən Muratti qutusunu çıxartdı.

- Özün qərar ver, mənim üçün fərqi yoxdur. Amma məni öpmədin - Riadın eşidəcəyi qədər alçaq səslə giley etdi və çiyinlərinə səpələnmiş saçlarını yığa-yığa getdi.

Riad pavilyonun cənubundakı qrim otaqlarına sarı addımlayan Davidə baxdı. David rekvizitlər qutusunun içində qurdalanan rəssam assistenti Svetanın yanından keçəndə ona söz atıb qızı qaqqıltıya boğdu və arakəsmənin arxasında gözdən itdi.

***

David dəvət gözləmədən onlara qoşulmuşdu. Studiyadan çıxanda Davidin maşınına minməkdən başqa çarələri qalmamışdı. Keçən ay aldığı son model, göy rəngli “Subaru İmpreza”-sı ilə fəxr edirdi. Onu çox sevirdi. Dediyinə görə onunla söhbət də edirdi, bir-birlərini başa düşürdülər. Üç il əvvəl köhnə “Opel Astra”sı ilə qəza törədib bir nəfəri ağır yaralayan Riad isə o gündən avtomobilin adını tutmurdu.

Orijinal iaşə məkanlar kəşf etməyin ustası olan Riadın bu axşamkı tapıntısı Bakının mərkəzinə yaxın, amma gözdən iraq, ara küçələrin birində gizlənmiş ingilis pabı “River Thames” idi. Stellaya görə, Riad postkolonial sindrom keçirdiyindən, “imperialistik” nişanələri olan iaşə obyektlərini kolleksiya edirdi. SSRİ, KGB kimi ekzotik adları olan restoranlarda, bütün ingilis pablarında onu yaxşı tanıyırdılar.

Ortada iri bilyard masası, giriş qapısının sağ tərəfindəki küncdə isə Londonun ənənəvi telefon köşkü dayanan böyük zalın sonunda, sol tərəfdə bar yerləşirdi. Divarlarda klip və futbol həvəskarları üçün iki iri LCD monitor asılmışdı. Bilyard masasının solunda, səkkiz-on metr məsafədəki kiçik səhnə, həftəsonu rok konsertləri üçün nəzərdə tutulmuşdu. Zalın sağ tərəfindəki nəhəng akvariumun içində diri xərçənglər tənbəl-tənbəl gəzişirdilər.

İyirmiyə yaxın xarici və yerli müştəri pivə içir, bilyard oynayır, televizora baxırdı. Stella ilə David onu tanıyan yerlilərin maraq dolu baxışlarının müşayiəti altında böyük zalı ötüb divarlarında retro tərzində fotoların asıldığı dar dəhlizə girdilər. Pabın ikinci və nisbətən kiçik zalına aparan bu dəhlizin sağındakı qara qapı yay mövsümündə fəaliyyət göstərən terasa açılırdı. Soldakı qapılar isə kişi və qadın tualetlərinə aparırdı. Zalın özündə bütün divarlar London mənzərələrini əks etdirən foto və rəsm əsərləri ilə bəzədilmişdi. Buranın özünün xudmani barı da vardı. Sol küncdəki qapı iki VIP otağın olduğu salona açılırdı. Srağagün Eltonla gecə ikiyə qədər bu otaqlardan birində oturub, serialı müzakirə etmişdilər.

Elton Mürsəlli serialın prodüseri idi, o, layihənin xaç atası hesab olunurdu. Heç kəs onun kimdən təlimat aldığını, kimə işlədiyini bilmirdi. Amma eyni zamanda hamı bilirdi ki, “boss” odur – onu tanımaq, ona tabe olmaq, ondan çəkinmək lazımdır. Bu cür layihələrə investisiya kimi baxmalı olan prodüserlərdən fərqli olaraq, Eltonu layihənin gəlirliliyindən ziyadə, ictimai rəyə təsiri maraqlandırırdı. Bircə dəfə də pula qənaətdən, bədxərcliyin yolverilməzliyindən danışmamışdı, amma daima reytinq məsələsini qabardırdı, hədəfin ölkə üzrə qırx faiz olduğunu tez-tez yada salırdı.

Dünənə qədər Elton adlı prodüserdən bixəbər olan ölkənin incəsənət elitası onu “Qız Qalası” serialı ilə tanımışdılar. İnzibati məsələləri, büdcəni daim diqqətdə saxlayan Eltonun serial üçün kimdən vəsait cəlb etdiyini heç kim bilmirdi. Bütün çəkilişlərdə iştirak etməsə də, həm repetisiyalar, həm də çəkilişlər haqda Ömərdən müntəzəm hesabatlar alırdı. Bütün seriyalara özü şəxsən baxandan, ya da kimlərəsə baxdırandan sonra efirə buraxılmasına razılıq verirdi.

Başlanğıc olaraq ümumi büdcəsi on beş milyon dollar olan serialın çəkilişləri üçün, ölkəyə ilk dəfə Cinedix35 sistemi gətirilmişdi. Bu sistem sayəsində layihə üzərindəki işin həcmi 2-3 dəfə azalmış, üç kamera ilə aparılan çəkiliş prosesi sürətlənmiş, hətta montaj işləri də asanlaşmışdı. Stansiya sayəsində çəkilmiş materiallar “playback”ə ehtiyac qalmadan işlənib, montaj olunurdu. Səs də çəkiliş vaxtı meydançadan təmiz olaraq alınırdı. Bütün notebook və stasionar kompüterlər müstəsna olaraq Apple markalı idi. Hətta kompüterlərə xüsusi olaraq bu iş üçün istehsal olunan, əlavə montaj düymələri ilə təchiz edilən siçanlar qoşulmuşdu.

Bütün müştərilər böyük zala toplaşdığından kiçik zalda təklikdən darıxan qız tanınmış simaları görən kimi gülümsədi, tez onlara yaxınlaşdı. Əynində qısa şotland yubkası, mavi uzunqol köynək vardı. Yaxasındakı kartda “Mariya” yazılmışdı.

- Xoş gəlmisiniz – rusca dedi və menyunu onlara uzadıb kənara çəkildi, təbəssümlə gözləməyə başladı.

- İçkilərə söz ola bilməz. Yeməkləri də əladır – Riad gözlərini siyahıda gəzdirdi. Aşbaz İngiltərədə kurs keçib.

David nədənsə Mariyaya baxdı:

- Nə çox şey bilir!

Menyunu vərəqləyən Stella başını qaldırmadan:

- Eltonla gəliblər. Ona görə də özü məsləhət görsün. Nə desə, onu götürək.

Riad razılıqla başını endirib-qaldırdı, menyudakı yeməklərdən birinin adını göstərdi:

- Ördək döşündən qril necədir? “Mole” sousu ilə.

- Mən razı.

- Elə mən də. Axırıncı dəfə ördəyi nə vaxt yediyim yadımda deyil – Stella dodaqlarını ağzının içində gizlətdi, - çox darıxmışam.

Mariya masanın üstündən menyuları yığdı.

- Bəs içməyə?

- Üç “New Castle”. Kiçik bokallarda – Riad pivənin sərinliyini təsəvvür etdikcə, mədəsi şirə ifraz edirdi.

Menyuları sinəsinə sıxan Mariya, getmək istəyəndə birdən dayandı, tərəddüdlə:

- Yəqin ki, zalda akvariumu gördünüz? Diri xərçənglərimiz var.

Stellanın sifəti narazı ifadə aldı:

- Gördük. O qorxulu şeyləri gətirməyin bura, xahiş edirəm.

- Oldu – Mariya pivələrin dalınca bara tələsdi.

Siqaret yandıran Riad, Stellanın etirazını qabaqladı:

- Narahat olma. Tüstü qalmır.

Doğrudan da, pabın mükəmməl havalandırma sistemi çəkilən siqaretin dumanını bir anda sovurub, tavanla divar arasındakı bürünc barmaqlıqlarla örtülmüş uzunsov, ensiz yarıqlara aparırdı.

Mariya gəldi, üzündə yapışıb qalan təbəssümlə pivələri masaya düzüb getdi.

Qızın dalınca baxan, sonra divarlardakı şəkillərə ötəri nəzər salan Stella:

- Rus ofisiant qızlar adətən belə gülərüz olmurlar.

Riad təəccüblə:

- Necə olmurlar? Məncə, elə ruslar gülərüz olurlar.

- Stereotipdir. Bizim əyalətçi ofisiant qızlar daha çox xoşuma gəlir. Onlarda qəribə saflıq olur. Düzdür, həm də bic olurlar.

- Səni başa düşə bilmirəm - Riad başını buladı.

- Qadınları başa düşsəydik dərdimiz nə idi? – David yalandan şikayətləndi.

- Düzdür, yalnız qadın başqa bir qadının nəyə qadir olduğunu bilə bilər.

- Somerset Moem – Stella bir qurtum içdi. - Eyni şeyi sizin haqqınızda da demək olar.

- Xeyr, demək olmaz. Mən, Davidin nəyə qadir olduğunu bilmirəm. Sən isə bu rus qızının nəyə qadir olduğunu dəqiq bilirsən.

- Səhvin var. Bilib eləmirəm. Heç maraqlı da deyil.

- Amma qısqanırsan – David dəqiqləşdirdi.

Stella ikisinə də baxdı:

- Hansı qadın qısqanmır?

- Ağıllı qadın qısqanmır – David qətiyyətinin gülməli alındığını özü də görüb güldü.

- Elə şey yoxdur. Qısqanmadığını deyən qadın yalan deyir – Stella gülmək istəmirdi.

- Deməli Moem haqlıdır – David acıq verirmiş kimi qollarını araladı və bokalı əlinə götürdü, qadınların şərəfinə - başına çəkdi. - Birinci dəfədir “New Castle” içirəm. Təzə nə var, nə yox bir danış, biz də bilək. Nəsə sözlü adama oxşayırsan. Yoxsa, mənə belə gəlir?

- Söhbət məndən gedir? - Riad stula yaslandı. - Ola bilər. Başa düşmürəm bunların məqsədi nədir. Elə bil serial çəkmirik, hansısa məxfi plan üstündə işləyirik. Müdaxilə etmədikləri cümlə yoxdur. Bir də görürsən Elton ssenarini harasa apardı, bir-iki gün sonra qaytardı. Baxıram hər səhifədə əlli dənə qeyd, düzəliş var. Axır vaxtlar mətnlə təzə adamlar işləyir.

- Hardan bilirsən?

- Redaktorun xətti dəyişib. Tərzi də.

- Düzün desəm, mən də hərdən çaş-baş qalıram. Başa düşmürəm süjeti hara aparırlar. Məsud da hər dəfə daha çox özünə qapanır. Elə bil Pərixan ona yalvarır, bu da yox deyir, uzaqlaşır, qaçır - Stella öz manerasında, əl-qol jestləri ilə danışırdı, - Pərixan düşük qıza oxşayır. Axmaq şərq nağılı çəkirik.

- Düz deyir - David razılıqla başını buladı. - Elə bil Qız Qalasını tikməkdən başqa Məsudun nəsə ciddi bir sirri var. Pərixana nəsə demək istəyir, amma deyə bilmir. Aralarında da heç nə olmur. Hamı bilir ki, bunlar sevgilidir, amma boş-boş danışmaqdan başqa hələ heç nə göstərməmişik.

- Nə göstərməliyik ki?

David az əvvəl dediyi sözü indi ölçüb-biçdi, imkanı olsaydı alnına şapalaq vurardı. Amma özünü topladı. Stella da onun cavabını maraqla gözləyirdi.

- Yəni yaxınlaşma olmur. Heç qucaqlaşmırlar.

Riad başını yırğaladı:

- Azərbaycanda nə vaxt intim səhnə çəkilib? Harda görmüsən? Xalqın mentaliteti ilə hesablaşmalıdırlar - üzünü Stellaya çevirdi. - Bunlar bir yana. Ssenaridə çərçivələrdən kənara çıxa bilmirəm. Məsudla Pərixanın, vəzirlə Axsitanın dialoqlarına ümumiyyətlə, yaxın durmaq olmur. Bütün dialoqlar elə bil nəzarətdədir, düzəlişləri peşəkar tarixçi, memar eləyir.

- Bunun nəyi pisdir ki? – David başa düşmədi.

- Bəs mən niyə tanımıram o adamları? Ssenraiyə tarixi detallar salırlar. On ikinci əsrə aid geyim, etiket, saray söhbətləri – hamısını düzəldib hazır verirlər.

- Deməli tanımağın məsləhət deyil. Hərənin bir işi var. Tanıyıb neynəyəcəksən? Əvvəldən danışığınız elə olmayıb?

Pivədən iri qurtum alan Stella:

- Məncə boş yerə narahat olursan.

Məqsəd onu sakitləşdirmək deyildi. Onun əndişələrini doğrudan bölüşmürdülər. Bilmədi buna sevinsin, yoxsa təəssüflənsin. Gözünü ovuşdurub əlini çənəsinə apardı, bir müddət masanın üstündəki nöqtəyə baxdı. Layihədə hər şey ürəyincə idi, amma azadlığının məhdudlaşdırılması xoşuna gəlmirdi. Beyin fırtınası ilə yazılmalı olan ssenari Eltonun birbaşa direktivləri ilə hazırlanırdı.

“Bu söhbəti açmamalıydım, özü də Davidin yanında. Onun burda nə işi var?” - düşündü.

Davidə qarşı beynini qarışdıran fikirlərindən özü utandı. Stellanın tərəf müqabili olmaqdan başqa, David həm də onların dostuydu. Əksini düşünmək üçün hələ əsas verməmişdi.

Mariya ördək filelərini gətirdi.

2

Özünü aktrisa, ya da rejissor kimi görə bilmirdi. İncəsənət universitetinin teatr rejissorluğu fakültəsində oxuduğu illərdə də, məzun olandan sonra da bunu istəməmişdi. Gələcəyini teatrla, səhnə ilə bağlamaq? Bu sualı eşitmək belə istəmirdi. Onda niyə oxuyurdu? Bu sualı da eşitmək istəmirdi.

Fitri istedadını qiymətləndirən müəllimlərinə inad olaraq istəməmişdi. Bir ara televiziyaya meyl salmışdı – özünü aparıcılıqda, bəlkə də prodüserlikdə sınamaq istəyirdi. Sonra bu həvəsi də sönmüşdü. Birdən-birə kitab mağazası açmaq eşqinə düşmüşdü.

Biznes qurmaqdan ötrü sərmayə tələb olunurdu, amma nə özünün, nə də Elmlər Akademiyasında kiçik elmi işçi atasının bu qədər pulu yox idi. Rəfiqəsinin məsləhəti ilə biznes-layihə yazıb sponsor axtarışına çıxsa da, yarım ilə yaxın davam edən axtarışları nəticə verməmişdi - kitab mağazası ideyasına həvəsli yanaşan investor tapılmırdı. Lakin Stellanın özü ilə “maraqlanan” kifayət qədər erkək tapılmışdı. Qəbuluna düşdüyü iş adamlarından bir neçəsi kitab mağazasına gedən yolun yataqdan keçdiyinə eyham vuranda, ilk dəfə sərt reallıqla toqquşan Stella layihəni cırıb atmış, bir də bu mövzuya qayıtmamamışdı.

Səhnəyə çıxışı təsadüfi olmuşdu. Bəxtə inananlar buna “lazımlı vaxtda, lazımlı yerdə olmaq” də deyirlər.

Gənc Tamaşaçılar Teatrında qoyulan “Otello”nun premyerasına rəfiqəsi Gülərin dəvəti ilə getmişdi. Stella özü də mətbuatdan həmin premyera haqda oxumuşdu. Bilirdi ki, “Otello”ya tanınmış rejissor Cənnət Səlimova quruluş verəcək. Rəssamını isə Ukraynadan dəvət ediblər.

Otello rolunun ifaçısı İlqar Cahangirdən savayı, digər aktyorların qənaətbəxş saymadığı ifaları üzündən bir o qədər də ürəyincə olmayan premyeradan sonra Gülər, onu foyedə tamaşanın bəstəkarı Fredlə tanış etmişdi. Fredi musiqi texnikumu illərindən tanıyan Gülər, keçmiş sinif yoldaşını görən kimi boynuna sarılmışdı. Stellanın bəstəkarla təsadüfi tanışlığı premyeranı qeyd etməyi təklif edən Fredin təşəbbüsü ilə həmin axşam “Şokolad” kafesində möhkəmlənmişdi.

Təxminən bir saat sonra Gülər evə tələsdiyini deyib qalxmış, Fredlə baş-başa qalan Stella isə cəsarətini toplayıb tamaşa haqda fikir və iradlarını bildirmişdi. Tənqidi Fredə səviyyəli görünmüşdü. Dünya ədəbiyyatını, kinosunu yaxşı bilirdi. Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əksəriyətinin savadsız olduğuna inanan Fred, hətta rejissorluq fakültəsində Fellinini, Bertoluççini, Pazolinini tanımayan tələbələrin, ondan daha pisi isə müəllimlərin olduğunu bilirdi. İndi isə Stellanın timsalında tamam fərqli bir incəsənət fakultəsi məzunu görürdü.

Stellanın parlaq aktrisalıq karyerasının təməli isə çox yox, iki ay sonra, Fredlə növbəti görüşlərinin birində qoyulmuşdu. Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova səhnələşdirməyi planlaşdırdığı “Romeo və Culyetta”da baş rolları ifa edəcək aktyor və aktrisa axtarışındaydı. Hamıdan da xahiş etmişdi ki, ona bu işdə kömək etsinlər. Sorağında olduğu qız və oğlanın peşəkar aktyorlar olması tələb olunmurdu, əksinə, Cənnət xanım tamaşaçılara iki yeni sima təqdim etmək arzusundaydı. Romeo və Culyetta rolları bu aktyorların debütü olmalıydı. Rejissorun bu qərarı olduqca riskli görünsə də, Cənnət xanımın peşəkarlığına hamı bələd idi. Bu işin öhdəsindən gələcəyinə heç kim şübhə etmirdi. Teatrda bu qətiyyətli və yeri gəldiyi zaman zəhmli olan qadınla mübahisə edəcək adam yox idi.

- Cənnət “Romeo və Culyetta”nı qoymaq istəyir. Musiqisini də mənə tapşırıb. Xahiş elədi ki, Romeo və Culyettanı tapım. Təcrübəsiz qızla oğlan.

Dənizkənarı parkda, saat qülləsinin yanındakı kafedə oturmuşdular.

- Nə əcəb təcrübəsiz aktyor axtarır? Ən azından risklidir - Cənnət xanımın çılğın ideyası Stellanın onun haqqındakı təsəvvürlərini sarsıtmışdı.

Fred Cənnət xanımın hansı tip rejissorlardan olduğunu, onu başqalarından fərqləndirən keyfiyyətlərini, eksperimentlərdən qorxmamağını, əksinə teatr səhnəsini bir növ sınaq meydançası, laboratoriya kimi gördüyünü Stellaya səbrlə anladandan sonra, gözlənilmədən soruşmuşdu:

- Bəlkə, özünü Culyettada sınayasan?

Stella sualdan sərsəmləmiş, Fredsə bir az da ruhlanmışdı:

- Hə, nə fikirləşirsən?

- Mən?

- Niyə də yox? Bir gəl, sına özünü.

- Hmm. Əslində ola bilər.

Stella ilə uzun müddət bir layihədə işləyəcəyini təsəvvür edəndə, sevincdən başı gicəllənmişdi:

- Yəni razısan?

- Sınaya bilərəm. Bəlkə doğrudan alındı? Amma söz vermirəm.

- Yüz faiz bacaracaqsan. Sənə inanıram.

İki gün sonra rol Stellaya verilmişdi. Elə bil Cənnət xanım neçə vaxtdır onun yolunu gözləmişdi. Beş sətirlik dialoqu oxuyan kimi qeydsiz-şərtsiz rola təsdiqlənmişdi. Səhnə qabiliyyəti və məsum üzü öz sözünü demişdi.

Stella rejissorla asanca dil tapmışdı, amma bu qadına qanının qaynaması qəribə idi, çünki Cənnət xanımla yola getmək hər aktyora müəssər olmurdu. Stella bunu bacarmışdı. Cənnət xanımın ifrat hissiliyi, hətta rolu başa salarkən, şeir oxuyarkən, ya da musiqiyə qulaq asarkən gözlərindən yaşların axması Stellanı çox duyğulandırırdı. Cənnət tələbkar olmağı da unutmurdu. Göz yaşları ilə qəzəbi, mülayimliklə tələbkarlığı çox ustalıqla uzlaşdırırdı. Qucaqlayıb sinəsinə basdığı, hönkür-hönkür ağladığı aktyoru beş dəqiqə sonra şiddətli tənqid edə, hətta üstünə qışqıra bilərdi.

- Mətni öyrənməlisən Stella, əxz etməlisən! Mənə əzbər lazım deyil. Bax, gör mətn sənə necə mane olur! Fikirlərin növbəti sətri yada salmaqla məşğuldur. Belə sənət olmaz! Mənə fikir azadlığı lazımdır. Mətn aktyoru çərçivəyə salır.

- Yox, and içmə sən yalançı Aya...

- Stop! – Cənnət yerindən sıçrayır. - Ayaqların gəzir! Əllərin də öz yerini tapa bilmir! Öz yerini tap, təzədən başla.

Repetisiyalardan sonra teatr binası ilə üzbəüzdəki Pizzeriada saatlarla klassik və çağdaş ədəbiyyat haqda fikir mübadiləsi aparırdılar.

Stella:

- Milan Kunderanın bir sözü var, deyir ki, hər bir yazıçı özünə biоqrafiya yazmalıdı. Yazıçının özünə yazdığı biоqrafiya ilə əsl biоqrafiyası bir-birinə elə qarışmalıdır ki, оxucular nəyin dоğrudan baş verdiyini, nəyin uydurma оlduğunu anlamasınlar. Markes bu mənada ustadı.

Cənnət xanım:

- Əlbəttə, amma yazıçı istənilən halda gözəl yalanların gerçək оlmasını istəyən və arzularını insanlara fakt kimi təqdim edən adamdır. Yazıçının ustalığı bunu yaxşı bacarmağındadı. Düz deyirsən, Markes bu mənada ustadır. Pоlkоvnik babası, səkkiz yaşına qədər baş verənləri danışıb-yazıb qurtara bilməmək məsələsi, uşaqlıqda sehirbaz оlmaq arzusu, arvadı Mersedes, anasının оnunla deyil, rahibə оlmuş bacısı ilə daha çоx fəxr etməsi – bunlar gözəl uydurulmuş yalanlardı.

Stella:

- Axtarsaq, bəlkə də Mersedes dünyanın ən mənasız qadınıdı. Əgər belə deyilsə, dünya mətbuatında Markesin arvadı Mersedesin maraqlı bir müsahibəsini оxuyardıq. Ya da Markesin anasının müsahibəsini. Məzələnir camaatla, bizdə də yəqin elə yazçılar var ki, evdə arvadlarından Mersedeslik tələb edirlər. Mersedes obrazı ən böyük fiksiyadır. Markes isə müsahibə vermək ustasıdır. Mətbuatı da, oxucularını da dolayır.

Ədəbiyyat müzakirələri uzandıqca, Stella ilə təkbətək qalmaq istəyən Fredin canı sıxılır, Markes başda olmaqla dünyadakı bütün yazıçıları lənətləyirdi. Stella onu başa düşürdü, amma Culyetta kimi bir obrazı canlandırmalı olsa da, yaxın gələcəkdə kiminləsə münasibətə girməyi düşünmürdü. Dost kimi sevdiyi bəstəkara qarşı hissləri qarşılıqlı deyildi deyə, bir az da xəcalət çəkirdi. Bəstəkar kimi onu qiymətləndirirdi, amma ən böyük arzusu böyük evə köçüb müstəqil həyata başlamaq, illərdir ata evinin qarajında qalıb çürüyən pianosuna təyinat tapmaq istəyən Fred, onun gözləntilərinə cavab vermirdi. Çalmadığı pianonu hər il köklətdirən, əsərlərini xudmani sintezatorda yazan Fredin Stellada oyatdığı yeganə hissin adı mərhəmət idi. Demək olar ki, Fredin ona ürəyini açacağı günün qorxusu ilə yaşayırdı.

Culyettanın “Romeo”su dünyanın ən məşhur rolunu Stelladan üç gün sonra almışdı. Özü də sınaqdan keçən on üçüncü namizəd kimi.

Teatra model biznesindən gələn Davidin özü demişkən, “mediatik persona”lığa qədəm qoyması yarım il əvvəl metroda rast gəldiyi “Elegiya” model agentiliyinin elanı ilə başlamışdı.

BDU-nun Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə yüksək balla daxil olan on yeddi yaşlı gənc pulsuz qrupda oxusa da, az təminatlı ailəsindən asılı olmaq istəmirdi. Başa düşürdü ki, universitetə yenicə qəbul olunmuş bir gəncin iş tapması, müstəqil həyata başlaması da mümkün deyil. Fiziki göstəriciləri qaydasında olan David özünü reklam biznesində sınamağa qərar versə də, bu biznesə daxil olmağın yollarını bilmirdi.

Günlərin birində, səhər dərsə gedərkən metroda gördüyü elan onun həyatını dəyişmişdi:

“Elegiya model agentliyi özünü podiumda sınamaq; moda, TV və reklam biznesində karyera qurmaq istəyən, yaşları 16-24 arasında olan oğlan və qızlar axtarır. Oğlanlarda boy 180-dən, qızlarda isə 175-dən yuxarı olmalıdır. Tələsin! Bəlkə bu, sizin şansınızdır!”

Yüz səksən bir boyu olan David həmin gün dərsdən çıxandan sonra agentliyin yolunu tutmuş və bütün parametlərə artıqlaması ilə cavab verdiyinə görə qəbul olunmuşdu.

Oğlanlar qrupunda Davidlə bir yerdə on səkkiz nəfər vardı. İlk dəqiqələrdə hər şey qaydasında gedirdi, amma məşqlərin bir ay boyunca, özü də səhər saat doqquzdan günorta birə kimi keçiriləcəyini biləndə kefinə soğan doğramışdılar. Belə çıxırdı ki, dərslərə getməməliydi. Belə olan təqdirdə davamsızlığa görə töhmət almaq, hətta universitetdən qovulmaq təhlükəsi ilə üzləşirdi. Seçim etməliydi.

Gün boyunca ruh kimi küçələri sülənmiş, evə də gec getmişdi. Əslində universitet oxumaq həvəsində deyildi. Kasıblıq içində böyüdüyündən, vaxtından tez iş həyatına başlamaq - həm özü, həm də ailəsi üçün pul qazanmaq arzusundaydı. Ailəsi öz gələcək və rifahını Davidin alacağı diplomda gördüyüyündən, valideynlərinə universiteti atıb ürəyincə olan peşənin dalınca getmək istədiyini deyə bilməzdi. Anasının ürəyi sancacaqdı, dərman atacaqdı. Elə atasının da ağrımağa bir yeri tapılacaqdı.

Gecə səhərə qədər gözünə yuxu girmədi. Dan söküləndə artıq qərarı qəti idi – model agentliyinə yazılacaqdı. Universitet isə “qoy nə olacaqsa olsun.”

“Elegiya”da dərslər səhər doqquzda aerobika ilə başlayırdı. Ardınca trenajor zalında əziyyətli əzələ şişirtmə və olan-qalan qarnı əritmə məşqləri. Trenajordan sonra defile dərsləri. Sonda isə, gələcəyin modelləri, dünya podiumlarındakı “həmkarlarının” hərəkətlərinə, gəzişmə tərzinə bir saat tamaşa etməliydilər. Xüsusən trenajor o qədər yorucu idi ki, günortaya yaxın Davidin bütün əzələləri sızıldayırdı. Həm də yaman acırdı. Amma kursdan çıxandan sonra sevimli dönərini yemək üçün kafeyə cuma bilməzdi, çünki trener bütün namizədlərə pəhriz cədvəli paylamışdı – gündə üç dəfə, yağsız, duzsuz, şəkərsiz, təbii qidalarla qidalanmalıydılar. Vəhşi iştahaya malik olan Davidi model biznesində açmayan növbəti fakt buydu.

Amma geriyə yol yox idi – bu seçimi özü etmişdi.

Bir ay boyunca əksəriyyəti ağıldan kəm olan oğlanlarla agentlikdə əziyyət çəkdi. Nəticədə əzələlərini şişirtdi, altı kilo arıqladı və podiumda gəzməyi öyrəndi. Agentlikdə onu adı ilə deyil, James Franco deyə çağırırdılar, bu da Davidin qürurunu sığallayırdı. Bir ay boyunca dişlərini sıxıb nə deyildisə elədi, amma ayın sonunda ona işlə təmin olunmayacağını dedilər. David özünü aldadılmış, hətta alçaldılmış hiss etdi.

Hər kəsin Cek deyə çağırdığı, əsl adı bilinməyən nazlı-işvəli, kaman qaşlı direktor Davidi gülümsəyən gözlərlə dinlədikdən sonra rahat tərzdə:

- Canım mənim, biz bəyəm sənə iş söz vermişdik? – soruşmuşdu. - Sertifikatını aldın? Aldın. Nə lazımdı öyrəndin? Öyrəndin. Bundan sonra gözləmək lazımdır canım. Bir azdan çimərlik paltarında, kostyumda, bir də sport geyimdə şəkillərinizi çəkəcəklər. Hamısını da qoyacağıq bizim saytımıza. Sizinlə maraqlanan kliyent olanda, çağıracağıq gələcəksiz...

Cek göz-qaşını oynada-oynada bunları dedi və zəngi çalan telefonuna cavab verib, üzünü pəncərəyə çevirdi.

Kor-peşman universitetin yolunu tutan David rüşvətlə, saxta xəstəlik arayışlarıyla dərslərinə bərpa olundu. Nifrət etdiyi tələbəlik həyatına yenidən qayıtmışdı. Hər gün dərslərə könülsüz gedir və hər gün agentlikdən zəng gözləyirdi. Bilbordlarda, TV reklamlarında özündən qat-qat eybəcər, bacarıqsız gəncləri görəndə sifarişçiləri anlamır, reklam dünyasında baş alıb gedən zövqsüzlüyə əsəbiləşirdi.

Ona iki həftə sonra zəng elədilər. Qaça-qaça agentliyə gələn David, mobil telefon mağazasının reklamı üçün massovkaya çəkiləcəyini eşidəndə, qanı it qanına dönmüşdü. Yenə də “başlanğıc üçün pis deyil, dözmək lazımdır” deyib razılaşdı.

Çəkilişlərdən sonra qonorarını almaq üçün Cekin kabinetinə girəndə, əməyinin heç olmasa iki yüz dollarla qiymətləndiriləcəyini güman edirdi. Lakin Cek ona əlli dollarlıq əskinası uzadanda, David quruyub qalmışdı.

Cek pula sərsəm üzlə baxan Davidə gözlərini süzmüşdü:

- Nədi? Azdı?

- Sizcə az deyil?

- Niyə az olur? Belə də ki, isətəsən çox da ola bilər. Hər şeyin bir yolu var. Xi, xi, xi...

Onun çoxmənalı baxışlarından iyrəndiyi üçün, pulu da götürmədən “Elegiya”nın qapısını birdəfəlik çırpıb getmişdi. Homofob olmasa da, özünü kişi qoynunda təsəvvür etmirdi. Artıq dəqiq başa düşmüşdü ki, bu biznesdə “mavi” olmaq zəruridir. Mavilərin dünyasına daxil olduğunu, hələ agentliyə gəldiyi ilk günlərdən anlamışdı. Məşqlərdən sonra duş qəbul edərkən bəzi oğlanların baxışlarını üzərində hiss edib diskomfort keçirmişdi. Ümumi hamamlarda hamının bir-birinə ötəri baxması normaldır, lakin davamlı, gözləri parıdayaraq, özü də ancaq qurşaqdan aşağı – hər şey aydın idi.

Ürəyi qalxdı, köşkün qabağında ayaq saxlayıb soyuq su aldı, başına çəkdi. Bundan sonra zəng eləsələr də getməyəcək. Hətta özü onlara zəng edib, şəkilinin saytdan çıxarılmasını tələb edəcək.

Tələbəlik həyatı kasıblıq, imkansızlıq şəraitində davam edirdi. Modellikdən, şoudan bir şey çıxmayacağını anlamışdı deyə, valideynlərinin xətrinə də olsa bütün vaxtını oxumağa, daha doğrusu diplom almağa sərf edirdi. Bəlkə universiteti bitirəndən sonra arzusuna çatadacaqdı? Buna o qədər də inanmırdı, amma ümidini büsbütün itirməmişdi.

Bu minvalla, heç nə ilə yadda qalmayan, darıxdırıcı və yeknəsəq dörd ilin necə gəlib keçdiyini fərq etməmişdi. Ən yaddaqalan hadisə ikinci kursda oxuyarkən baş vermişdi - David aşiq olan kimi olmuşdu. Amma bir ay sonra qızın başdan zay olduğunu görüb, onunla yollarını ayırmışdı. Əslində bütün qızların heyran olduğu Davidin çatışmayan yeganə cəhəti pulsuzluğu idi. Bəlkə də elə bu səbəbdən uzun müddətli əlaqələrdən qaçır, imkanlı dostlarının ayda-ildə bir dəfə təşkil etdiyi “bazlıq”larda ehtiyaclarını ödəyirdi.

Universitetin ardından onu gözləyən əsgərlik xidmətini də ətalətlə bitirib qayıdandan sonra, David birdən-birə yenə televiziya, səhnə eşqinə düşmüşdü. Artıq qarşıda nə universitet vardı, nə də diplom almaq hədəfi. Ailəsinin ondan gözlədiyi hər şeyi onlara artıqlaması ilə verdiyinə inanırdı. Qalırdı bircə iş tapmaq - onu da atasının və diplomunun “tələb” etdiyi mücərrəd “beynəlxalq iqtisadi münasibətlər” sahəsində tapmayacağından əmin idi. Hansısa nazirlikdə işə düzəlmək üçün nə pulu vardı, nə tanışları. Atası da dəqiqəbaşı deyirdi ki, “Noolsun zurna qabı kimi uzunsan, ağlın ki, yoxdu.” Ümidinin közü öləziməyə başlayanda, necə deyərlər, axtardığı iş özü onun ayağına gəlmişdi.

Gələcəyinə dair bədbin düşüncələrə qərq olduğu darıxdırıcı günlərdən biri idi. Televizorun qarşısında oturub boş gözlərini ekrana dikmişdi. Mədəniyyət xəbərlərini göstərirdilər. David o günə qədər tanımadığı, adını eşitmədiyi bəstəboy, qırmızısifət, sulu gözlü Cənnət Səlimovanı görəndə, televizorun səsini bir az artırmışdı. Qadının sözlərinə diqqət kəsilməsinin səbəbi oydu ki, Cənnət xanım “özünü səhnədə sınamaq istəyən istedadlı gənclər”dən danışırdı.

- …Odur ki, özünü Romeo rolunda görən bütün cavanlarımızı teatrımıza gözləyirik. Gəlsinlər, baxaq. Bəlkə Romeo siz olacaqsınız?

Tamaşaçı qarşısında səhnəyə çıxa biləcəyini təsəvvür etmirdi. Amma qadın onsuz da sınaqdan danışırdı.

Ertəsi gün, axırıncı dəfə on il əvvəl qapısından içəri addım atdığı GTT-yə gəlmişdi. Sonralar tez-tez deyəcəkdi ki, ayaqları onu qeyri-ixtiyari bura gətirmişdi. “Onsuz da hər yerdən əlim üzülmüşdü. Bu dəfə də alınmasaydı, bir daha səhnə, televiziya sözünü dilimə gətirməyəcəkdim”.

Ola bilsin bir az şişirdirdi, amma həqiqət oydu ki, həyatının ən doğru seçimini etmişdi.

GTT-yə gəlib qapıda xeyli gözləmişdi. Sonra onu pərdə arxasına dəvət edib, əlinə mətni vermişdilər. Yarım saata Romeonun monoloqundan dörd sətir əzbərləyib səhnəyə çıxmalı idi.

Çıxmışdı da. Özü də elə çıxmışdı ki, üç gün ərzində bu səhnədə özünü didib-parçalayan, rola iddialı on iki oğlana əsnəyərək baxan, ümidini itirmək və Romeonu peşəkar aktyorlar arasından seçmək haqda düşünməyə başlayan Cənnət xanım onu ayaqda alqışlamışdı.

Romeo üçün ideal idi - yaraşıqlıydı, diksiyası da qaydasında idi. Tək qüsuru səhnə hakimiyyətinin yüksək olmamasıydı, onu da zamanla yontalayıb düzəltmək mümkün idi. Həm də premyera gününə hələ üç ay qalırdı. Bu müddət ərzində David öz roluna nüfuz edə, tərəf müqabili Stella ilə dil tapa, bir-birlərini başa düşə bilərdilər.

İkisinin də entuziazmı zirvədəydi. Dünyanın ən məşhur tamaşasında, özü də peşəkar aktyorlarla bir yerdə edəcəkləri debütə həyəcanla hazırlaşırdılar. Cənnət xanım özünün eksperiment sevdasında yanılmamışdı – rolları ifa edəcək cütlük sonunda tapılmışdı.

***

Beş povestin və GTT-də səhnəyə qoyulmuş iki tamaşanın müəllifi Riad Tan “Romeo və Culyetta”nın premyerasına skeptik ovqatda gəlmişdi. Özündənrazı Cənnət xanımın eksperimentinin iflasını, tarixi biabırçılığı gözləri ilə görmək istəyirdi. Zərrə qədər şübhə etmirdi ki, baş rollarda həvəskarları oynatmaq avantürası Cənnət xanıma baha başa gələcək. Öz zənnində qəti idi. Amma səhnədə gördükləri çox xoşuna gəlmişdi. Sonralar Stellaya etiraf edəcəkdi ki, “heyran qalmışdı”.

Premyeranın ardından, Cənnət xanımı təbrik etmək üçün növbəyə düzülənlərin çıxıb getməsini səbrlə gözləyəndən sonra kulisdə rejissorun əlini sıxan Riadın gözləri parıldayırdı.

- Sən də bəyəndinsə, deməli uğurlu alınıb. Zövqünə inanıram, Riad.

- Bəyənmək nə sözdür! Çox xoşum gəldi.

- Aha, bu da günün qəhrəmanı! - Stellaya Riadı təqdim edərək, - səni istedadlı yazıçı-dramaturq Riad Tanla tanış etmək istəyirəm, - dedi. - Nə bilmək olar – bir də gördün tamaşasında oynadın. İndikilərin sözü olmasın, bugünkü performasdan sonra sənə hələ çox təkliflər gələcək. Sən bunu bacardın.

İlk baxışdan məhəbbət. Realiti-şou kimi səslənir, amma ikisinin arasında ilk saniyələrdən yaranan elektrikləşməyə başqa ad qoymaq olmurdu. Rasional izahı mümkünsüz, elmə məlum olmayan, gözlə görülməyən körpü? O günə qədər heç bir kişiyə qarşı hiss etmədiklərini, özündən on yaş böyük Riada qarşı hiss etmişdi. Riada qədər o, heç bir kişinin – nə universitet yoldaşlarının, nə Fredin, nə Davidin yanında özünü sözün əsl mənasında qadın kimi gərəkli görməmişdi. Tanıdığı bütün kişilər üçün sadəcə kolleqa, dost kimi qalmaq, Riadın yanında, Riad üçünsə qadın olmaq istəyirdi. Stella bunu kulisdə, Cənnət xanım onu Riadla tanış etdiyi anda başa düşmüşdü.

Ertəsi gün Riadın dəvəti ilə yapon restoranında şam elədilər. Riad dayanmadan danışırdı.

- Xəbərin var ki, Cənnət Səlimova Lütfizadənin kuzinasıdır?

- Yox. Amerikadakı Lütfizadəni deyirsən?

- Bəs görmürsən ki, Cənnətin də məntiqi qeyri-səlisdir?

Stella şübhə qığılcımları oynayan, gülümsər gözlərlə:

- Nə mənada?

- Şekspirin əsərində baş rollarda iki həvəskar oynatmaq, özü də premyeraya bütün dövlət aparatını dəvət etmək ancaq onun ağlına gələ bilərdi. Sizə doğrudan bravo. Davidə da, sənə də. Necə oğlandır? - laqeyd tərzdə maraqlanmışdı.

- David? Onunla işləmək xoşuma gəlir. Bir-birimizi başa düşürük.

O baxışlar. Stella gözlərini Riadın yandırıcı baxışlarından bir anlıq qaçırtmağa məcburdur. Qızarır. İçinin isindiyini hiss edir.

Stella dəlicəsinə aşiq olmuşdu.

Onlar görüşməyə başlayandan yeddi ay sonra Riad həyatını alt-üst edən zəngə cavab vermişdi. Özünü prodüser Elton kimi təqdim edən şəxs onunla görüşmək istəyirdi:

- Nömrənizi Cənnət xanımdan almışam. Sizinlə görüşüb söhbət eləmək olar?

- Nə ilə bağlı?

- İş məsələsidi, sizin üçün maraqlı təklifimiz var.

Sənət aləmində bütün prodüser, rejissor, ssenarist, hətta dekoratorları tanıyan Riad, Elton adını ilk dəfə eşitsə də, maraq onu bürüdü.

- Görüşə bilərik. Harda, nə vaxt?

- Elə bu gün. Saat üçdə Park Inn otelində, aşağı mərtəbədəki restoranda olacam.

- Oldu. Gələrəm.

Əynində boz kostyum, çəçələ barmağında brilliant üzük olan Elton prodüserdən ziyadə killerə oxşayırdı – başı çox iriydi, boş gözlər, heç nə ifadə etməyən, anlamsız baxışlar, kobud əyalət ləhcəsi və üstəlik hər an nəzərə çarpan özündən razı maneralar. Qısa salamlaşma və tanışmadan sonra Elton kekslə çay sifariş verib dərhal mətləbə keçmişdi.

Müsahibindən icazə almadan ona “sən” deyə müraciət etməyə başlayan Elton, əvvəl Riadın istedadını, kitablarını, tamaşalarını xeyli tərifləmiş, sonra çəkiləcək tarixi serial üçün ssenarist axtardıqlarını bildirmişdi. Danışdıqları, ağzından çıxan hər bir cümlə, hətta söz sanki əvvəldən sona qədər əzbərlənmişdi. Elə bil əynindəki kostyum da başqasına məxsus idi. Özü isə uzaqdan pultla idarə olunurdu.

- XII-ci əsrdən, Qız Qalasından söhbət gedir. Şirvanşahlar sarayı, I Axsitan. Bunlardan məlumatın var?

Riad sıxılaraq:

- Doğrusu yoxdur. Amma öyrənmək olar.

- Eybi yox. Tarixçilər sənə kömək edəcəklər. Nə lazımdır onlardan dəqiqləşdirəcəksən. Hələ heç aktyorlar da bilinmir kim olacaq. Hələlik sən də bu haqda heç kimə, heç nə demirsən. Amma şah Axsitan, şahın qızı, sevgilisi memar, vəzir rollarına namizədlərin varsa mənə deyə bilərsən. Özün də teatr adamısan. Yəqin ki, münasib bildiyin aktyorlar olacaq. Hələlik sənə serialın birinci beş seriyası üçün tarixi faktları, nə deyirlər ona, xronologiyanı verəcəm. Bir oxu, bax gör necədir. Təkliflərin olsa deyərsən. Hə, yadımdan çıxmamış, qonorarın da ayda altı min dollar olacaq!

Çay az qalsın Riadın nəfəs borusuna qaçmışdı. İki dəfə öskürdü, gözləri sulandı. İri başını arxaya əyən Elton sözlərinin yaratdığı effektdən əməlli başlı həzz aldı:

- Hə, necədi? Xoşuna gəldi? İşləsən yaxşı olacaq. Görəcəksən.

Eltonun ona verdiyi qovluqda səliqəli sinopsis vardı. Oxuduqları Riadı o qədər təəccübləndirmişdi ki, “Bunu yazmağa peşəkar yazarları varsa, ssenarini mənə niyə etibar edirlər?” deyə düşünmüşdü. Bu sualın cavabı Riad üçün axıra qədər açıq qalacaqdı.

I Axsitan dövründən, Şirvanşahlar sarayından, Qız Qalasından, İçəri şəhərdən, şah qızı Pərixan və memar Məsuddan, onların arasındakı məhəbbətdən, Gürcü kralından bəhs olunan sinopsisin sonunda, ssenaristdən nə tələb olunduğu da qeyd olunmuşdu - yazılanlara dramaturji həll verilməli, dialoq və təsvirlərlə zənginləşdirməli, seriyalara bölməli və ən əsası, hər seriyanın sonunda intriqa yaradılmalıydı. Qısası, bu adamlar dramaturq axtarırdılar.

İki gün sonra Riada bir daha zəng edən Elton, onu tanınmış rejissor Ömər Camalla görüşdürdü. Ömərlə əvvəllər də bir neçə dəfə müxtəlif tədbirlərdə görüşən, amma ortaq layihədə əməkdaşlıq təcrübəsi olmayan Riad, serialın çəkilişlərinin ona həvalə olunacağını başa düşmüşdü. Pis seçim deyildi. Ömər tele-tamaşalar üzrə peşəkar rejissor sayılırdı. Düzdür, xasiyyəti tünd idi, amma Riad onunla problem yaşayacağını düşünmürdü.

- Ömərlə bir yerdə işləyəcəksiniz - Elton sahildəki “Kaspi” restoranının geniş və yumşaq kreslosuna yayxanmışdı. - Bilirəm ki, tanışsınız. Yola gedəcəksiniz. Ömərin vəzir, xəzinədar, Gürcü kralı, Pərixanın adaxlısı olan knyaz rollarına, masovkaya zada öz namizədləri var. Daha doğrusu namizdləri artıq təsdiqlənib. Pərixan, Məsud və şah Axsitan rollarına isə adamımız yoxdur. Əsas adamları tapmamışıq. Kastinqi sənə etibar edə bilərik? – Elton soruşdu və yoğun barmaqlarını masanın ortasındakı şirniyyat qabına uzatdı.

Pərixan roluna Stellanı, Məsud roluna Davidi, Axsitan roluna isə İlqar Cahangir uyğun gördüyünü deyəndə, Elton ağzındakı marmeladı udub, üstündən bir qurtum çay içdi:

- Stellanın adını çəkməyin təəccüblü olmadı. Yaxın olduğunuzu bilirəm. Deyirsən Pərixan roluna gedər?

Riadın yerinə Ömər cavab vermişdi:

- Culyetta ifası əla idi. Yaxşı aktrisadır.

“Taliban terrorçularının baletə nə qədər aidiyyatı varsa, Elətonun da Şekspirə və onun əsərlərinə o qədər aidiyyatı var” - Riad bunları düşünərkən, Elton:

- Stellanın, Davidin, İlqarın tamaşalarından yığma disk düzəlt ver baxaq, görək. Razılıq verilsə, mən etiraz etmirəm.

Onun bu qəribə və qəribə olduğu qədər axmaq istəyindən bəlli olurdu ki, serialın arxasında tamam başqa adamlar dayanıb. Bu qeyri-kompetent adam sadəcə nökərdir. Əmrlərə itaət edən icraçı. Yəqin, Stella ilə Riadın münasibətlərini də kimdənsə eşidib. Görəsən niyə beləsini seçiblər?

Axşam deyinə-deyinə tamaşalardan seçmələr hazırlayan Riada gülə-gülə baxan Stella:

- İndidən onu bu qədər söyürsən, bəs onunla necə işləyəcəksən? Bəlkə bir il, bəlkə də çox - hər gün görüşəcəksiniz. Çərləyib ölərsən ki!

- Açıl başımdan, onsuz da əsəbiyəm, - Riad süni qəzəblə deyib, Stellanın yumşaq dalını yüngülcə çimdiklədi. - Altı min dollar!

Eltonun sürücüsü DVD-diskin dalınca səhər saat doqquzda, düz Riadgilin yaşadığı binanın blokuna qədər gəlmişdi.

- Elton müəllimə deyərsiniz ki, iki tamaşadan seçmələrdi. İlqar burda “Ezop”da oynayır. Orda hər şey yazılıb.

- Baş üstə – sürücü padşah qarşısında təzim edirmiş kimi başını əydi, cəld maşına minib gözdən itdi.

Eltonun zəngini dörd gün gözləyən Riadla Stellanın əsəbləri tarıma çəkilmişdi. Ağıllarına müxtəlif fikirlər gəlirdi. Tarixi serialda çəkilməyə namizəd olduğunu bilən David də üçüncü günün axırında dözə bilməyib Stellaya zəng eləmişdi:

- Xəbər yoxdu?

- Yox, biz də gözləyirik.

Elton dördüncü günün axşamı zəng vurdu. Səsi əks-səda ilə gəlirdi, elə bil hamamdan danışırdı:

- Razılıq verildi. Onları bəyəndilər. Sabah, birigün görüşüb ətraflı söhbət edərik.

Kimlər bəyənmişdi, onlar kim idi? Riad başa düşürdü ki, bu sualları Eltona vermək yersizdir. “Onlar” lazım bilsəydilər Riadla özləri görüşərdilər, daha bu əntəri salmazdılar araya.

- Davidi təklif etdiyin üçün çox sağ ol - Stella şad xəbəri Davidə çatdırıb telefonu kənara qoydu, Riadı qucaqlayıb öpdü. - Çox sevindi. Pula ehtiyacı var. Neçə vaxtdı kreditləri qaytara bilmirlər. Atası da dəqiqə başı deyir get iş tap, səndən aktyor çıxmaz.

- Nə yaman dərdini çəkirsən Davidin - Stellanı qucaqladı. - Gəl bura görüm.

- Xoşum gəlir sən məni qısqananda - Riadın dodaqlarından qopub dedi.

Gerçəkdən qısqanırdımı Stellanı? Yəqin ki, yox. Bəlkə bəzən, o da elə belə. Stella qısqanclıq üçün əsas vermirdi. Davidlə bütün görüşlərində Riad da onlarla bir yerdə olurdu. Həm də David Stellaya lazım olsaydı, əvvəldən Riadla yox, onunla bir yerdə olardı.

Bunları etirasdan yanaqları qızaran Stellanı soyundurduqca düşünürdü.

3

“Qız Qalası” serialı parlaq qələbə sayıla bilərdi. Layihə elə birinci seriyası ilə ölkədə bomba effekti yaratmışdı. Çəkilişlər keyfiyyətli, aktyor işi peşəkar, mövzu axıcı idi. Türklərin Sultan Süleyman haqqında çəkdiyi “Möhtəşəm yüz il” serialı Azərbaycanda artıq dəbdən düşmüş, “Qız Qalası”nın kölgəsində qalmışdı. İş o yerə çatmışdı ki, hətta Türkiyənin özündə belə bu seriala maraq yaranmışdı. Hürriyet qəzeti “Dizi sektöründe Türkiye`ye güçlü rakip – Azerbaycan” başlıqlı xəbəri, ikinci manşetə çıxartmışdı.

Dördüncü seriya efirə gedəndə artıq Stella ilə David ölkədə ən populyar simalara çevrilmişdilər. Yerli və xarici brendlər, reklam və PR şirkətləri bu cütlüyün arxasınca qaçır, bir-birindən yüksək qonorarlar vəd edərək, hərə öz tərəfinə çəkməyə çalışırdı. Bir göz qırpımında gələn şöhrət və pul hər ikisinin başını gicəlləndirmişdi. Bilbordlardan, TV ekranlarından, jurnal və qəzetlərdən düşməyən şəkillərin, xəbər və müsahibələrin say-hesabını itirmişdilər. David bütün qızların sevimlisinə çevrilmiş, Stella isə bütün kişilərin arzularının qadını olmuşdu. Hər ikisi onlara gələn sevgi etiraflarından, evlilik təkliflərindən cana yığılmışdılar. Davidin valideynləri artıq oğulları ilə fəxr edir, keçmiş sinif və fakültə yoldaşları isə bir-bir peyda olaraq, “sənin ən yaxın dostun mən olmuşam” yarışında min hoqqadan çıxırdılar. Stellanın bəxti onda gətirmişdi ki, səhnəyə çıxmaqdan ötrü birmənalı olaraq hansısa “sponsor”un altına yatmalı olan aktrisa və müğənnilərin acı aqibəti ondan yan keçmişdi – serial birbaşa hökumətin nəzarətində olduğundan, heç kim Stellanın qarşısına bu feodal şərti qoymamışdı. Ondan yalnız rolunu ən yüksək səviyyədə ifa etmək tələb olunurdu ki, Stella bu tələbin öhdəsindən gəlirdi.

Serial, Şirvanşah I Axsitanın Şamaxı zəlzələsindən sonra Bakıya köçərək, bu gün İçəri şəhər adlanan ərazidə məskən salması ilə başlayırdı. Bütün ailəsini itirən Axsitanın gözünün bircə ağı-qarası, on üç yaşlı qızı Pərixan sağ qalmışdı. Şirvanşahlar dövlətinin paytaxtını Bakıya köçürən Axsitan, Şamaxıda yaşadığı dəhşəti, üzləşdiyi ağır itkini az da olsa unutmaq üçün, özünü bütövlükdə dövlətin şanına yaraşan saray tikdirməyə, çevrəsində şəhər salmağa həsr edir. İkinci seriyada artıq on yeddi yaşı olan Pərixan daim atasının yanında gəzən, şəhərsalma işində ona məsləhətləri ilə kömək edən, onunla birlikdə ova çıxan gözəl bir qızdır. Axsitan, sahilə yaxın yerdə ucalan, yarıuçuq vəziyyətdəki dairəvi tikilini bərpa etdirməyi düşünür və bu tikili haqda məlumatı olan ağsaqqalları yanına çağırmağı əmr edir.

Şahın hüzuruna çıxan Nardaranlı şair Səlim ibn İdris ona deyir ki, iki min yaşı olan bu qala Bakı şəhərinin yaraşığı və rəmzidir. Səlim daha sonra abidənin təyinatı ilə maraqlanan Axsitana bildirir ki, qədim zamanlarda indikindən iki dəfə hündür olan bu qaladan münəccimlər ulduzları, ayı, günəşi izləyirmişlər, qeybdən xəbər verirmişlər. Lakin bu gün bu əməllər küfr olduğuna görə, şah bu tikilidən müşahidə qalası kimi istifadə edə bilər, torpaqlarımıza hücum etməyə adətkərda olmuş rusların gəmilərini izləyər. Müdrik şairin təklifi Axsitanın xoşuna gəlir, “bəs bu qalanı kim bərpa edə bilər?” - deyə soruşur. Şair Səlimsə, öz yerlisi olan istedadlı memar Məsud ibn Davudun adını çəkir və onu, o ki var tərifləyir. Axsitan Məsudla görüşməyə razı olur.

Saraya, şahın hüzuruna çıxan Məsud atasının yanında oturan Pərixanı görən kimi ona vurulur. Pərixan da ona aşiq olur və tarixi Qız Qalasının XII əsrdə bərpası ilə məhəbbət əfsanəsinin qarışığından ibarət serial tamaşaçının könlünü fəth edir.

***

Cənub divara bitişik meydançadan dəniz, sahildə ucalmaqda olan əzəmətli qala, minarələr, qala divarlarının bir qismi, aşağı həyət və saray bəndi görünürdü. Baş tağın dəmir qapısı açıq olsa da, bələdçi Məsudu sarayın dövrəsindən hərləyib, yuxarıdakı üçüncü həyətə apardı. Burada ikibucaqlı çıxıntısı olan bir divar şimal bürcün iki dəyirmi qülləsini bir-birinə bitişdirirdi. Bu çıxıntılardan birində dəmirbənd qapılı kiçik bir giriş vardı. Məsud, memar həmkarları Salman ibn Əbdülfəttah və Şamaxılı Zülfiqarın yaratdıqları gözəlliklərə baxmaqdan doymurdu. Ayaq saxlayıb minalı kaşıların rəngarəng cilvələrinə, zərif şəbəkəli naxışların lətafətinə məftunluqla tamaşa elədi. Bələdçi də dayanıb, səbrlə onu gözləyirdi. İri gövdəli, elə inşa etdiyi qalaların qüllələrinə bənzəyən Salman döyüş ruhuna malik, vüqarlı, sadə gözəlliyin vurğunu olan memar idi. Daşlar olun əlində mum kimi yumşalır, ona itaət edirdilər.

Divarın qərb bürcündə, mahnı zümzümə edə-edə işləyən ustalara gülümsəyərək baxan Məsud, üzünü bələdçiyə çevirdi:

- Gedək.

Onlar, üçüncü həyəti keçərək pilləkənlərlə hovuzlu bağa qalxdılar və sağlı-sollu qızılgüllərin ətir saçdığı meydançadan keçib, divarlarından ceyran dərisinə bənzər ipək xovlu xalçaların asıldığı, sütunlu geniş otağa daxil oldular. Məsud, Axsitanın səhər yeməyi vaxtı qonaq qəbul etməyi xoşladığını bilirdi. Əgər qonaqdan xoşu gəlirsə, ona da əyləşib nuş eləməyi təklif edirdi. Yox, əgər bu təklifi etməsəydi, deməli hüzurundakı adam onun ürəyincə deyildi və nə qədər tez çıxıb getsəydi, özü üçün bir o qədər yaxşı idi.

Tağlı günbəzdəki dəyirmi pəncərədən gün işığı süzülüb daş döşəmənin üzərinə zərli naxışlar salırdı. Divarlardakı pəncərələrdən daxil olan şüalar isə qarşıdakı ləmədə, üzü quş şəkilləri ilə bəzənmiş, içi bal, qaymaq, pendir, yağla dolu olan ağ kasalara düşüb cilvələnirdi. Bu qablarla yan-yana qızıltək parıldayan naxışlı piyalə və boşqablar düzülmüşdü.

Arıq, uzunboy Axsitan piyalədən süd içirdi. Onun çiynində zərli bir rida, belində ləl-cəvahiratla nəqşlənmiş qiymətli kəmər, ayağında gen sarı şalvar, başındasa uzun lələk sancılmış çalma vardı. Saray ədəb-ərkan qaydalarının baş nəzarətçisi olan vəkil əlini qaldırdı və aşılanmış pələng dərisindən libas geyinmiş Məsud yerlə sürünən ətəyini döşəmədən xeyli yuxarı çəkərək, ona göstərilən yerdə - xəzinədar Əbu Ömərin yanında, vəzir Rüşdü ibn Hənzələ ilə üzbəüz əyləşdi. Mənsəb sahibi əyanlar, saray hükəması və ruhanilər də burada idilər – onlar şah süfrəsindən xeyli aralıda, sütunların ətəklərində əyləşmişdilər.

Şəhərin tikintisində iştirak edən bütün memarlardan fərqləndirdiyi Məsud ibn Davudu görən Axsitanın kefi açıldı. Bu ağıllı və istedadlı gənc çox qısa müddət ərzində onun gözünə girməyi bacarmışdı – özü də zərrə qədər yaltaqlanmadan, qürurunu alçaltmadan, əlqərəz şaha özünü bəyəndirmək üçün səy göstərmədən.

- Hə, Məsud, - Axsitan piyaləni yerə qoyub pendirdən kiçik bir dilim qopardı, ağzına atdı. - Şöhrətin artıq bütün Şirvana, hətta Farsistana yayılıb. Qonşu hökmdarlar da qala ilə maraqlanırlar. Hamı gözləyir görsün ki, qala nə qədər hündür olacaq.

- Əstağfirullah möhtərəm şahım. İltifat edirsiniz.

Axsitan dodaqucu güldü.

- Təvazökarlıq… əslində heç sevmədiyim məziyyətlərdəndir. Lakin, sənin təvazökarlığının saxta olmadığını da bilirəm. Fitrətin belədir. Allahu Təala səni belə xəlq edib, zəka, istedad bəxş edib. Əhsən.

- Ömrünüz uzun olsun, şahım.

- Yaxşı. Mətləbə gələk, – Axsitan nə üçünsə vəzir Rüşdüyə ötəri baxdı. Sənə bu şah əsərinin tikintisini başa çatdırmaq üçün daha nə qədər möhlət lazımdır, Məsud? Altı aydır iş gedir, amma mən hələ də qalanın ehtişamını hiss eləmirəm.

– Şahım, bu sualın cavabı çoxlu amillərdən asılıdır – özünü itirən Məsudun cavabı belə oldu.

Yumşalan şah:

- De görüm, tikintini tezləşdirmək üçün sənə nə lazımdır? Açıq danış. Özün də nuş elə, çəkinmə. Eşitməmisən ki, utananın oğlu olmaz?

- Çox yaşayın, hökmdarım. Sualınıza cavab kimi demək istəyirəm ki, ən əsası işçi qüvvəsi və ləvazimat daşımaq üçün arabalar lazımdır. O zaman gündüz iş fəaliyyətini artırmaq olar, gecə növbəsini də təşkil etmək mümkündür - Məsud lavaşın arasına pendir qoyub, dürümü ağzına ötürdü.

Axsitan əvvəl vəzirə, sonra xəzinədara baxdı. Qaşları çatıldı.

- Nəyə ehtiyacı varsa, nə qədər adam lazımdırsa, dərhal təmin edin!

Vəzirlə xəzinədar baş əydilər. Vəzir Axsitanın sevimlisi Məsuda qarşı ürəyində baş qaldıran qəzəbi birtəhər basdırmağa cəhd etdi:

- Şah sağ olsun, izniniz olarsa bir söz demək istəyirəm.

- De görüm. Eşidirəm, - Vəzirin Məsudu sevmədiyini bilən Axsitan gərginləşdi, qanı qaraldı, piyaləni yenə əlinə götürdü.

- Mənim hökmdarım, sizin əmrinizlə bütün imkanlarımızı – pulu, ləvazimatı, işçi qüvvəsini bərabər şəkildə bölüşdürmüşük. Siz də bilirsiniz ki, payitaxtımızda inşa olunan təkcə bu qala deyil - biz böyük bir şəhər tikirik. Qala divarlarının yarısı heç tamamlanmayıb. Əgər o biri binalardan ləvazimatı, fəhlələri Məsudun sərəncamına versək, qalan işlərimiz axsıyar, tikinti vaxtında qurtarmaz…

- Kifayətdir! Əgər Məsud bizə söz verirsə ki, bir ilə qaladakı bütün işləri qurtara biləcək, biz ümumi tikintinin ziyanına da olsa, ona nə istəyirsə verə bilərik, - Axsitan şövkət qarışıq tələbkar baxışlarını memarın üzünə dikdi. Xəzinədarla vəzir də istehza ilə ona baxır, cavab gözləyirdilər.

- Uca hökmdar, qalanın ürəyimcə bərpa olunması üçün zənnimcə bir il çox az müddətdir, lakin sizin əmriniz budursa, əlimdən gələni əsirgəmərəm ki, inşaat bu müddətdə tamamlansın. Bizim ən böyük müşkülümüz, qalanı minlərlə il əvvəl tikilmiş üslübda bərpa etməkdir ki, bu da çox çətindir. Dəqiq hesab, zərgər işi tələb olunur.

- Mənə nağıl danışma, Məsud! - Axsitanın dodaqlarının küncündə güclə sezilən xırdaca qırışlar onun qəzəbləndiyini bildirirdi. - Dediklərin məni zərrə qədər maraqlandırmır. Sənə istədiyin qədər pul, adam və ləvazimat verəcəm. Amma gərək bir ilə qalanı tikib qurtarasan. Sənin zərgər dəqiqliyin ucbatından, gürcü qohumlarımın yanında biabır olmaq niyyətim yoxdur. Toy, ən gec bir il sonra baş tutmalıdır, vəssalam!

Hər kəs mürəxxəs olduqdan sonra tək qalan şah, Məsudun əl işi olan layihənin şəklinə bir daha məmnun halda baxdı: dəniz köpüklərində ucalacaq, şərqdəki çıxıntısı artırılacaq və üfüqi xətt üzrə fasadı tin-tin hörüləcək silindrə oxşar bu nəhəng gürcü qohumlarını heyran qoyacaqdı. “Hmm, beləsini deyəsən heç Bizansda da görməmişəm”.

Pəncərəyə yaxınlaşıb, baxışlarını tikilən qalaya sarı çevirdi. Dənizdən qorunaraq hasarlanmış qalanın çevrəsi qarışqa kimi qaynaşan fəhlələrlə, arabalarla və tikinti ləvazimatı ilə dolu idi. Artıq demək olar ki, qala ilkin on dörd metr hündürlükdən beş metr də əlavə hündürlüyə yüksəlmişdi. “Əlbət ki, heç bir yerdə belə bir qala yoxdur, ola da bilməz” Axsitan qürurla fikirləşdi. “Bütün dünyada bu qalanın misli yoxdur.”

Qala doğrudan da heybətli sinəsini elə bil irəli gərmişdi. Sanki bir zaman qabağa bir addım atmış, o vəziyyətdə donub qalmışdı. O, əyninə daşdan zireh geymiş, hücuma hazır vəziyyətdə qürurla duran nəhəng sərkərdəyə oxşayırdı. Cərgə-cərgə düzülümüş qabarıq zolaqlar isə möhkəm zirehi xatırladırdı.

Budur, fərqlənmək üçün qırmızı köynək geyinmiş Məsud tikintidə canfəşanlıq göstərir. Şahın hüzurundan onca dəqiqə əvvəl çıxsa da, artıq iş başındadır.

“İstedadlı oğlandır. Tikib qurtardıqdan sonra yaxşı mükafatlandıracam” – şah əlini pəncərə şəbəkəsinə söykədi. “Qüdrətli Şirvanın rəmzi olacaq qalanı da Pərixana bağışlayacam. O da öz növbəsində atasına təşəkkür əlaməti olaraq knyaz Şotaya ərə gedəcək. Bir halda ki, tikinti ləngiyir, hökmən onları adaxlamaq lazımdır. Quru “həri” ilə iş olmaz. Bu da gələcək nikah üçün zəmanət olar. Tikinti getdiyi vaxtda da Pərixan nişanlı olmasına öyrəşəcək, bu cür hədiyyə aldıqdan sonra da sakitləşib, ərə gedəcək. Gürcüstanla daha da yaxınlaşsam, Muğan da himayəmə keçəcək. Onsuz da, keçmiş kimidir. Bircə Pərixanın bu tərsliyi olmaya. Ərə getmək söhbəti hər açılanda, şahmar ilana dönür. Rəhmətlik anası kimi tərsdi. Oxşayıb oxşamışlarına...”

Onun tikib-qurmağa, yaratmağa olan böyük həvəsi, həm də qüdrətli qonşusu Bizansın adətlərinə müvafiq idi. Bütün imperiya kimi ehtişamlı və əbədi Konstantinopol Axsitanın yuxularını qarışdırırdı, o da bu gözəl şəhərdəki kimi uca qalalar, məbədlər, abidələr inşa etdirmək istəyirdi. Məsudun bərpa etdiyi qala Məzyədilər sülaləsinin hökmranlığını şöhrətləndirməliydi.

Sarayının yaxınlığında tarixi qalanı bərpa etdirərək qonşu dövlətlərin hökmdarlarına özünü göstərmək, ən çox da Gürcü qohumlarının yanında lovğalanmaq istəyən Axsitan, eyni zamanda Pərixanın bir ildir gecikdirdyi toyunu, bundan sonra bir ildən də artıq təxirə sala bilməzdi.

Axsitanın anası Tamara qüdrətli Gürcüstan padşahı Qurucu Davidin qızı idi. Şahın damarlarında gürcü qanı axırdı və şah, bu qanla fəxr edirdi. Gürcüstanla möhkəm ittifaqın səbəbi də məhz buydu. Lakin ona yaxşı məlum idi ki, ruslar başda olmaqla, bu ittifaqın həm daxildə, həm də xaricdə bir çox gizlin düşmənləri var. Şamaxıdakı zəlzələdən sonra Axsitanın iqamətgahını Bakıya köçürməsi və ən yaxşı memarları ətrafına yığaraq, müdafiə məqsədilə yarımadada yeni qalalar və möhkəm istehkamlar yaratması çox qonşusunu qıcıqlandırırdı. Axsitan paytaxtı Bakıya köçürəndən bəri, donanmanın möhkəmlənməsi ilə də ciddi surətdə məşğul olurdu.

Bütün bu tədbirlər heç də həddən artıq ehtiyat deyildi. Axsitan yaxşı bilirdi ki, İraq səlcuqlarından olan sultan Toğrul öz güclənmiş atabəylərindən Qızıl Arslan Eldəgizin qılıncını Şirvanlılara sarı çevirmək niyyətindədir. Bununla bərabər sultan özünü elə qələmə verməyə çalışır ki, guya heç bu münaqişədən xəbəri yox imiş, guya öz naiblərinin bir-biri ilə vuruşmasından narahat olan adil bir hökmdar kimi bunları barışdırmaq istəyirmiş. Fürsət düşəndə isə özü də qəfildən hücum etməyə hazırdı. Toğrul ikibaşlı oyun oynayırdı.

“Toğrula heç bir güzəşt edilməməlidir” Axsitan dişlərini sıxdı. “Onun əsl məqsədi budur ki, bizim Gürcüstanla ittifaqımıza mane olsun. O bizim möhkəm dostluğumuzu pozmaq niyyətindədir. Amma eybi yox. Soxulcan oğlu, soxulcan bizim şimaldakı müdafiə bürclərimizdən – Bərmək qalasından, Gelgençay səddinin möhkəmləndirilməsindən, Dərbənd əmiri ilə ittifaqımızdan xəbəri yoxdur. Özünü ağıllı sanırsa, çox böyük qələt edir!”

Toğrul yadına düşən kimi sağ gözü sinirdən dartınmağa başladı. Qalanın planını dürmələyib kənara qoydu. Gözlərini yumub Pərixanı xəyalında canlandırdı. Ondan ayrılmaq, uzaq Gürcüstana göndərmək bir ata kimi ona əzab verirdi, amma bunu etməyə məcbur idi. Fikirləri dolaşmışdı. Nə qədər nüfuzlu knyaz olsa da, Şota kifir kişi idi, qurbağaya oxşayırdı. Çox içirdi və ola bilsin zövcəsinə əl də qaldıracaqdı. Bəs Pərixan buna dözə bilərdimi?

Ağlına gələn qorxunc ehtimallardan Axsitanın sağ gözü yenə dartınmağa başladı. “Bu nə bəd gündür, ilahi!” düşündü. Üç dəfə əl çalıb xidmətçini səslədi.

- Vəziri, katibi, xəzinədarı yanıma çağır. Dərhal!

Çox keçmədi ki, vəzir, xəzinədar və əynində xəz yaxalı göy məxmər xələt olan katib Müseyb ibn Qeys otağa daxil oldular. Şirvanşah onları görən kimi pəncərədən aralandı, çevik addımlarla irəli gəlib, üst geyiminin ətəyini qaldıraraq taxta qalxdı, buradan üçünü də sürətli və iti baxışla nəzərdən keçirdi.

- Əyləşin.

Üçü də baş əydikdən sonra, özlərinə aid yerlərdə oturdular, Axsitanın ağzından çıxacaq hər bir sözü duymaqdan ötrü diqqət kəsildilər.

- Katib təzə fərmanımı yazacaq. Sizi də çağırdım ki, dediklərimi eşidəsiniz. Sözünüz olsa burada, mənə deyəsiniz - Axsitan vəzirlə xəzinədarı nəzərdən keçirdi.

- Baş üstə şahım! – vəzir başını əydi.

- Əmrinə möntəzirəm, qibleyi-aləm! – xəzinədar oturduğu yerdəcə ikiqat əyildi.

- Yaz! – Axsitan təzədən ayağa qalxdı, gəzişməyə başladı. Otaqdakılara arxasını çevirərək qurduğu şəhərə pəncərələrdən baxa-baxa fərmanını yazdırdı:

- Bismillahirrəhmanirrəhim. Binami həqqi təala, şahi əda lətpənah, hökmdarı məmləkəti Şirvan, əl-məlikül əzəm Axsitan ibni Mənüçöhr ki, hökmdarlığı əbədiyyən payidar ola, memarına fərman verir ki, qədim qalanın inşaatını sürətləndirsin.

Tikilən sədd və qalalarda, yer altında və yer üstündəki inşaat işlərində: xəndəklərdə, bürclərdə, qüllələrdə, zirzəmilərdə işləyən fəhlələrin tən yarısı memar Məsud ibn Davudun əmrinə tabe edilsin. Həmçinin əldə olan və məmləkətin dörd yanından hazır olduqca Bakıya gətirilən inşaat ləvazimatlarının da tən yarısı qalanın tikintisi üçün Məsud ibn Davudun sərəncamına verilsin. Habelə, şirin su ehtiyatını artırmaq üçün tədbirlər görülsün, quyular dərinləşdirilsin, ovdanlar tikilsin. Yaxındakı xırda təpələrə yeraltı saxsı borular çəkilsin, oralardakı içməli su şəhərə gətirilsin. Bütün bu işlər üçün, xəzinədən nə qədər vəsait lazımdırsa dərhal ayrılsın və - üzünü otaqdakılara çevirib, fərmanını məğrur tərzdə, - bundan sonra qala, Şah qızı Pərixanın adına Qız Qalası adlandırılsın - deyə bitirdi.

***

- Səni bu gün gözləmirdim, Məsud.

- Narahat etmədim ki, üstad? – Məsud alatoranlıq otağa keçib, qapını ehtiyatla bağladı. Qürüb edən günəşin göründüyü pəncərəyə yaxınlaşdı. Səlim ibn İdris uzandığı döşəyinə dirsəklənib qalxdı. Nəmli, mülayim baxışlarını Məsudun üzünə dikdi.

- Yox oğlum, o nə sözdür. Buyur əyləş. Danış görüm, günün necə keçib?

- Axsitanın hüzurundaydım bu gün üstad, - Məsud yerə oturub mütəkkəyə söykəndi, ayaqlarını yığdı. - Qalada işlər ləng gedir deyə, narahatdır.

- Onu başa düşürəm, onun üçün bu qaladan vacib heç nə yoxdur. Səlimin gözləri düşüncəli hal aldı – sarayını bura köçürdəndə qalanın qalıqlarından, ətrafdakı üç-beş daxmadan başqa o ərazidə heç nə yox idi. O da başa düşür ki, iki mindən çox yaşı olan abidəni bərpa eləməklə adını əbədiləşdirəcək. Əsrlər keçəcək, bu qalanın adı onunla və əlbəttə ki, sənin adınla bağlı olacaq, oğlum.

Məsud gözlərini Səlimdən qaçırtdı, utandığından qızardı. Səlim isə ata nəvazişi ilə:

- Sənin sadəliyin, ən böyük sərvətin və səadətindir, oğlum. Yaxşı, danış görüm Axsitanla görüşünüzün nəticəsi nə oldu?

Məsud acı-acı gülümsədi:

- Fəhlələrin sayını, ləvazimatı, pulu birə-bir artırdı.

Səlimin qaşları çatıldı:

- Bəs, səni narahat edən nədir, oğlum? Bu ki, yaxşı xəbərdir.

- Sən də bilirsən ki, qalanın tikintisini tələsdirməkdə niyyəti bir ilə Pərixanı knyaz Şotaya ərə verməkdir. Qalanı da qızının şərəfinə bərpa etdirirmiş. Bunu da bu gün öyrəndim. Fərmanında yazıb. Mənə də dedi ki, uzağı bir ilə toy çalınmalıdır, – Məsud yumruğunu sıxdı, dişlərinin arasından fısıldadı, - o köpək oğlu Rüşdü də, fürsət gəzir ki, məni Axsitanın gözündən salsın.

Səlim qalxıb döşəyində oturdu, kürəyini divara söykədi.

- Məni diqqətlə dinlə, Məsud. Əyanlar həmişə şaha yaxın adamlara – şairlərə, memarlara, rəssamlara, alimlərə həsəd edib, iftira atıblar. Hələ şahın atası xaqan Mənüçöhr zamanında şairlər, alimlər, memarlar haqq söz üstə qanlarını-canlarını qurban veriblər. Sən isə istedadlı memar, şahın sevimlisi ola-ola, o tülkü xislətli Rüşdüyə öz məhəbbətinlə də bəhanə verirsən. Öz məhvini, öz əllərinlə hazırlayırsan. O günəşüzlü məşuqənə nail ola bilməyəcəksən, Məsud. Ondan əl çək! Aqibətindən çox narahatam, oğlum.

Məsud odlu gözlərini Səlimə zillədi, sonra kənara çevirdi. Uzaqdan keçən dəvə karvanının zınqırovları eşidilirdi.

- Mən ölümə razıyam! Onun eşqi məni hər gün, hər gecə, hər an öldürür!

- Sən niyə ölməlisən ki, oğlum? Ölsün sənin düşmənlərin. Lakin əl çək bu ehtirasdan! Sənin tək ehtirasın, bizim qalamız olmalıdır.

- Yox! Əl çəkən deyiləm, üstad! Mən qalanı da unutmuram, amma məhəbbətimdən də əl çəkən deyiləm. Bu qala mənimlə Pərixanı ayıracaqsa, onu necə müqəddəs saya bilərəm axı? Müqəddəs abidə ayrılığa səbəb ola bilərmi?

- Sən dəli olubsan! Məbədimizə dil uzadırsan!

- Qalaya canım da qurban, üstad. Mən atəşimi söndürə bilmirəm! Məndən asılı deyil, başa düş məni.

- Əgər bircə udum şirin su içsən, bu sənə bir tay şəkərdən şirin gələr. Ancaq ləbalən dolu olan ümmanlar da bu atəşi söndürə bilməz. Duzlu su adamın boğazında qalar, sən bu atəşdən əl çək!

- Adi atəşi hər cür su söndürə bilər.

- Əgər su boğazında qalıb səni boğmasa!

- Boğulmaq nədir, üstad? Sən özün bu cazibədar qüvvəni duymamısanmı? Sən heç onun hökmü altına düşməyibsənmi?

- Ah Məsud! Ah oğlum! Sən Pərixan adlanan bu asimanda nə axtarırsan axı? Gördüyün o parlaq ulduz knyazların, şahların ulduzudur. Allah Pərixan kimi ulduzları onlar üçün yaradıb. Bizim kimilərin o göylərdə yeri yoxdur.

- Məni dəhşət bürüyüb! Ölümdən də yox, öz eşqimdən qorxuram. Qorxuram ki, Pərixana ləkə gələr, öz iradəsi xaricində knyaz Şotaya zövcə olar, qoynuna girər. Qoy qəlbim öz oduna yansın. Həyat mənim üçün nədir ki? İndi bu saat da bütün vücudum, bütün varlığım ixtiyarsız ona sarı uçur. Bu atəşi, bu yanğını yalnız pak bir su söndürə bilər. Qoy məğrur şah qızı özü, öz dili ilə mənə desin ki: “Rədd ol get, sən mənim ayağımın tozuna da dəyməzsən!”. Amma o demir üstad! Pərixan dəlilər kimi mənə vurğundur! – Məsud vücudunu qabağa verib çarəsizcə hayqırdı, - indi də fərmanında yazıb ki, qalanı Pərixanın şərəfinə Qız Qalası adlandırıram. Məqsədi də onu Pərixana toy hədiyyəsi kimi təqdim etməkdir.

Səlim qabağa əyildi, əlini çənəsinə apardı:

- Deməli, “Qız Qalası”?

Məsud tutuldu. Səlimin nəyə heyrətləndiyini başa düşmədi:

- Necə bəyəm, üstad?

- Maraqlıdır, - Səlim başını aşağı endirib, əli ilə çənəsini ovuşdura-ovuşdura, - sən ki, qalanın tarixini bilirsən oğlum. Elə deyil?

- Əlbəttə bilirəm, üstad. Biz ona “Od qalası” deyirik.

- Bəli, Od qalası. Zərdüştün vaxtında, bir gəmiçi bu qalanı yeddi fərsəx uzaqdan görə bilərdi. Qala sahildə nəhəng bir şam kimi yanırdı. Bu qalanın içində qupquru quyudan ta qalanın təpəsinə qədər saxsı boru çəkilmişdi. Həmin borunun içi ilə yerin odlu nəfəsi qalxırmış, qalanın təpəsində göyümtül-qırmızı alovla yanırmış.

Məsud Səlimin sözünü kəsdi. Həyəcanla:

- Mən bu boruları da bərpa edəcəyəm, üstad. Əvvəlki təki şöləsi aləmə nur saçacaq.

- Heç şübhə etmirəm, oğlum. Amma onu da biləsən ki, bu qalanın bir başqa adı elə “Qız Qalası”dır, - Səlim yoxlayıcı nəzərlərlə gənc memarın üzünə baxdı.

Məsud eşitdiklərini həzm etməyə çalışır, susurdu. Gözlərini Səlimdən ayırmır, bəlkə də ondan öz dediklərinin izahını gözləyirdi. Səlim gənci daha artıq intizarda saxlamamaqdan ötrü gülümsəyərək davam elədi:

- Uzaq diyarlarda memarlıq elminə yiyələnmisən, Bağdaddan İsfahana qədər hər yeri gəzmisən, amma dinimizi, rəvayətlərimizi yaxşı əxz etməmisən. Məsələ burasındadır ki, bu qala hələ qədim zamanlarda da “Qız Qalası” adlanırmış. Məni təəccübləndirən də odur ki, görəsən Axsitan bunu bilirdimi, yoxsa qalanı Pərixanın şərəfinə təsadüfənmi elə adlandırıb?

Məsudu maraq bürüdü. Səlimə heyranlıqla baxan gözləri işıq saçırdı.

- Haqlısan üstad, əfv et məni. Doğrudan da çox şeyi bilmirəm, bundan da xəcalət çəkirəm. O nə rəvayətdirsə bilmək istəyirəm, lütfən danış mənə. Necə olur ki, qalanın Qız Qalası adlandığını indiyəcən eşitməmişəm?

- Səbayel şəhəri haqqında ki, bilirsən oğlum.

- Əlbəttə üstad. Qədim zamanlarda Abşoran torpaqlarının altından qorxunc odlar püskürür, əcdadımız bu odlara səcdə edirdi. Bayıl burnunun qarşısında isə Səbayel adlı qədim şəhər vardı. Bu şəhəri Məlikə Bilqeys Səba bina eyləmişdi, özü də oranın hökmdarı idi.

- Düz buyurursan, oğlum. Bir müddət sonra isə, xəlifələr öz sərkərdələrini Azərbaycana göndərməyə başladılar. Məhəmmədin vəhşi qövmü bu torpaqları qəsb, əhalisini qul etməyə gəlmişdi. Ərəblər hər yerdə məbədləri, atəşgahları dağıdıb, odları söndürürdülər. Bircə burda, Bakı şəhərində Hörmüzdün pərəstişkarları, bizim ulu babalarımız hələ qalmışdılar. Abşoran isə ərəblərin yollarından kənarda idi.

Sənin xəbərin olmaz. Bu yaxınlara qədər burda, Nardaranda Mehransa adlı bir qarı yaşayırdı. Yaşı yüzdən yuxarı idi. O öz böyük nənəsi Firuzənin dilindən danışırdı ki, bir dəfə Bakı şəhərinin daraq kimi diş-diş qala bürcləri önünə xəlifənin qoşunları gəlib çıxıbmış. Xəlifə ağ neft və əbədi odlar qaynaqlarından xəbər tutubmuş. Onun sərkərdəsi Əbdüləziz şəhəri doxsan gün mühasirə edir. Əhalinin çəkdiyi əzab və məşəqqətlərin həddi-hesabı yoxmuş. Qurbangah daşları üzərinə gecəli-gündüzlü qanlar axırmış.

Bu zaman ağ saçlı atəşgah kahini Yegirvan qəmgin və bənizi solmuş halda baş ibadətgahın önündə durubmuş. Atəşpərəstlər onun hüzuruna toplanıblarmış. Onlar qəmgin-qəmgin baş kahinlərinin hər bir hərəkətini izləyiblərmiş. Birdən o başını dik qaldırıb, əlini uzaqlarda ucalan od qalasına sarı uzadıb, ucadan deyibmiş:

“Əbdüləziz cəzasına çatacaq! Siz, ey Hörmüzdün övladları, xilas oldunuz! Düşməni odların saf-bakirə qüvvəsi həlak edəcəkdir!”

Bu zaman hamı gözlərini qalaya, onun başından fışqıran alovlara zilləyibmiş. Birdən birə möcüzə baş verir - qaladan çıxan alov birdən dönüb qız şəkli alır. Bu qızın əlində mavi alovdan bir qılınc varmış. Çiyinlərində qızıl rəngli saçları alov saçırmış. Onu hərdən tüstü bürüyür, qız gözdən itir, sonra yenə zahir olur, odlu gözlərində intiqam alovu, bütün vücudu qızılı atəş halında par-par yanırmış. Camaat nəfəs çəkmədən bu canlı alovu seyr edirmiş.

Belə rəvayət edirlər ki, bu zaman Yegirvan deyibmiş: “O qız bizim şəhərimizi, müqəddəs odları, atəşgahı xilas edəcək, xalqın intiqamını alacaqdır. Bu qızın şərəfli xatirəsini əbədi yaşatmaq üçün bu gündən bu qala “Qız Qalası” adlanacaqdır!”

Əbdüləzizin qoşunları kəlimeyi-şəhadətlərini gətirirlər. Qız hamısının boynunu vurur.

Səlimi nəfəs almadan dinləyən Məsudun gözləri yaşla dolmuşdu. Əlinin tərsi ilə gözlərini sildi. Dodaqlarını büzüb başını yuxarı qaldırdı, boz buludların arxasında gah gizlənən, gah çöhrəsini göstərən Aya baxdı.

- İnanmıram ki, Axsitanın bu rəvayətdən xəbəri olsun. Lap olsa da, qalaya təzədən bizə məlum olan adını niyə qaytarmaq istəsin?

Məsud daxili sakitliyi və rahatlığı üzündən oxunan Səlimə doğru əyildi:

- Yoxsa Axsitan da?

Səlim güldü. Elə ürəkdən güldü ki, Məsud donub qaldı.

- Ah oğlum, çox sadəlövhsən. Əlbəttə ki, bu adi təsadüfdür, amma bu təsadüfün özündə də Hörmüzdün nişanı var.

Məsud başını aşağı endirdi. Fikrə daldı. Səlim də dəqiqələr boyu susan gəncin gərgin üzünə, özünə yer tapmayan əllərinə, barmaqlarına baxdı, axırda sükutu pozdu:

- Yenə niyə qəmə batdın, oğlum?

- Pərixanı unuda bilmirəm, üstad. Bu gün gül üzünü görə bilməmişəm deyə yanıram. Onun uzaq Gürcüstana gedəcəyini fikirləşəndə isə ağlım başımdan çıxır!

- Axsitanın damarlarında gürcü qanı axır, oğlum. Onun bu izdivac qərarı həm siyasidir, həm də qanının çağırışıdır. Unutma ki, şahın anası Tamara da öz sevdiyinə yox, Axsitanın atasına zorla zövcə olmuşdu. Tamara osetin bəylərindən David Soslanı sevirdi. David döyüşdə qoçaq, həyatda sadə, ovda zirək və igidmiş - onun qarşısında fələklər zəbun olar, ceyranlar quzuya, canavarlar yaltaq köpəyə dönərmiş. Lakin, Tamara səltənətinin xeyri üçün öz eşqini bilə-bilə fəda eləmişdi. Bir də ki, axı onun taleyi baş gürcü keşişinin və didebulların əlində idi. David Soslan onlar üçün nə idi ki? Adi bir əsgər! Nə mülkü, nə də ehtişamı vardı. Tamaranın da axırını özün yaxşı bilirsən. Bu boyda Axsitanın anası Tamara Tiq monastırında canını tapşırmışdı.

- Belə çıxır ki, siyasi izdivaclar bunlarda adətdir? - Məsud çarəsizcə, yazıq-yazıq dilləndi.

- Bunlarda? Yox, oğlum, bütün sultanlarda, hökmdarlarda. Sən belə şeyləri anlamayacaq qədər saf, təmiz ürəkli adamsan, Məsud.

- Bəs sənin Axsitanı mədh eyləməyin, üstad?.. – Məsudun utancdan üzü qızardı. - Bağışla, əgər xətrinə dəydimsə.

- Yox, yox oğlum, narahat olma. Bilirdim ki, bu sualı gec-tez verəcəksən. Sənin qürurlu bir gənc olmağınla fəxr edirəm, amma mənim Axsitana yazdığım mədhiyyələr də zərurətdir. Unutma ki, sənin kimi məğrur və möhkəm adamın bizim müqəddəs abidəmizin bərpasında baş memar olması, Axsitanın etimad və sevgisini qazanması, mənim zəhmətimdir. Bunu sənə minnət üçün demirəm, oğlum. Əsla! Fəqət bilməyini istəyirəm ki, mənim də sənətimlə əqidəm bir-biri ilə ixtilafda deyillər.

Məsudun ona təəccüblə baxdığını görən Səlim sözlərinin davamını gətirdi:

- Mən şairəm, oğlum. Şirvanın ən məşhur şairiyəm. Əqidəm də, dinim də bunların əqidəsindən, dinindən fərqlidir. Gizlənməyə məcburuq, başqa əlacımız yoxdur. Ona görə də vəzifəm mədh eyləməkdir. Hər gün şahın ürəyinə yeni cığırlar axtarmaqdır. Yoxsa hər şeydən, hətta, öz dinimdən də, müqəddəs ziyarətgahlarımdan da məhrum olaram. Belə də ki, bizə lazım olan, sərf eləyən işləri də ona gördürürəm. Biz buna məcburuq, oğlum. Özü də şeirlərimdən bizar olmaması üçün, gərək hər dəfə təzə hikmətli sözlər tapım, onları kitablardan aldığım elm və fənn gövhərləri ilə cilalayım, kainatın sirrlərindən, səyyarələrin seyrindən, əlac nabatlarının ecazkar qüvvəsindən, əcdadının rəşadət və şücaətlərindən danışım.

Bax, oğlum, görürəm ki, məni anlamaqda çətinlik çəkirsən. Mən yaxşı bilirəm ki, sən həqqaniyyətpərəstsən, belə işlər sənlik deyil. Bir şeyi də fəramuş eyləmə, Məsud! Sənə nə qədər iltifat eyləsələr də, nə qədər nəvaziş və ünsiyyət göstərsələr də, onu bil ki, kübar və əsilzadələrdən səni əbədi və möhkəm sədd ayırır. Nə dəbdəbə, nə də zər-ziba sənin qanını dəyişə bilməz, bilməməlidir! Sən əsla o saraya aid olmayacaqsan. Bizim dünyamız başqa dünyadır.

4

Yuxudan duran kimi mütləq iki qaşıq bal udmaq, yay-qış duş qəbul etmək, həftədə heç olmasa iki dəfə səhər seksi ilə məşğul olmaq və Stellanın hazırlayıb yatağa gətirdiyi Espressonu içmək – bunlar Stella ilə birlikdə həyatına daxil olan səhər vərdişləri idi.

Sonra qonaq otağına keçib divana sərilir, ayaqlarını jurnal stolunun üstünə uzadır, sevimli MacBook-unu göbəyinin üstünə qoyub internetdə gəzişir, ya da ssenarisini yazırdı. Güzgünün qabağında özünə bəzək-düzək verən, mətbəxdə qurdalanan, aktyor həmkarları ilə telefonla danışan Stella isə tez-tez başını qapıdan uzadıb “ürəyin nəsə istəyir?” soruşardı. Riad da özünü fövqəladə xoşbəxt hiss edərdi.

Bu gün Stellasız oyandığı səhərlərdən biri idi. Dünən axşam evlərinə qonaq gələn növbəti, çoxsaylı qohumlarından bir neçəsinin hüzuruna çıxmaq üçün üzr istəyib getmiş, elə orda da gecələmişdi. Belə səhərlərin də öz müsbət cəhəti vardı. Stellasız oyanan Riad yeni vərdişlərindən yalnız birinə - səhər duşuna riayət edir, Nizami küçəsi ilə 28 may küçəsinin kəsişməsində, evinin yaxınlığındakı “Latte” kafesinə növbəti vərdişini yaşatmaq üçün tələsirdi.

Qonşuluqdakı “Premier Plaza”da işləyən xaricilərdən kafeyə yolunu salan olmasa, bu vaxtlar “Latte” adətən boş olurdu. Riad pəncərə kənarındakı üç stoldan birinə əyləşib Espresso sifariş verir və MacBook-unu açıb facebook-unu, poçtunu yoxlayır, sonra da yazmağa başlayırdı. “Latte”ni onun gözündə əziz edən vacib üstünlüklərdən biri olan siqaret çəkmək imkanından on dəqiqədən bir yararlanması da öz yerində. Stella evdə siqaret çəkməyi qəti qadağan etmişdi.

Saat on ikiyə yaxın kafeyə doluşmağa başlayan müştərilər onu narahat etmirdi - Riad yazmağa başlayanda dünyadan təcrid olunurdu. Espressosu qurtaranda, ya da külqabını boşaltmaq istəyəndə sadəcə barmağını qaldırır, gözü ilə ofisiantı axtarırdı.

Bu gün “Latte”yə gələn kimi ilk işi facebook səhifəsini açmaq oldu və çox düşünmədən bunları yazdı: “Mənim üçün “Latte” kafesi kazino kimidir. Başlayan yeni günümü qumara qoyaraq həyata oynayıram. Bu günü udsam da, uduzsam da - oyunun azartı mənə bəs edir. Çünki özümlə bir yerdə kafeyə gətirdiyim fikirləri çox vaxt burada qoyub gedirəm, əvəzində isə yeni duyğular, fikirlərlə yüklənirəm. Pəncərədən gördüyüm insanlar, heyvanlar, maşınlar isə sanki bapbalaca dəlikdən izlədiyim şəhər mənzərələridir. Elə bil arxadan kimsə qəfil yaxınlaşıb gözlərimi yumub. Əvvəl heç nə görə bilmirsən, sonra barmaqlardan biri titrəyir və azacıq aralanır. Bu nazik yarıqdan, işığı süzən kapilyarların çəhrayı rəngi ilə dünyanın kiçik bir parçasına baxırsan. Səhərlər qumara qoyduğum yeni gün, varlığımın mahiyyətini dalınca sürükləyir. Planetimiz öz balaca peykini - Ayı dalınca sürüklədiyi kimi”.

Sözün düzü, çox zaman yazdığı mücərrəd statusların mənasını özü də dərk etmirdi. Söz oyunlarında, qəliz cümlələr qurmaqda pərgar idi deyə, oxucularını əziyyətə salmaqdan zövq alırdı. Əsas oydu ki, mənasını özünün də bilmədiyi statuslarının altında ona heyran olan oxucuları qızğın müzakirələr başladır - onunla ya tam, ya qismən razılaşır, ya da heç razılaşmırdılar. Lakin onlardan heç biri adi və acı həqiqət yazmırdı ki, “yazdığının mənasını heç olmasa özün başa düşürsənmi?”

Bu da Riadı çox əyləndirirdi.

Arada oxucuları ilə yaradıcılıq planlarını da bölüşürdü. Bu gün olduğu kimi. İkinci statusu yazmağı planlaşdırdığı hekayə haqqında idi: «Hekayə yazmaq istəyirəm. Baş personajım QHT işçisi olmalıdır. Maşınının arxasında həmişə “Türkiye`nin dış politikasında Yakın Doğu” kimi adları olan sarsaq, türkcə kitablar var. O da bu kitablarla romantik qızları ovlamağa çalışır. Amma bir nəfəri də ovlaya bilmir.”

Belə statuslardan sonra da oxucuları tökülüşüb hekayəni necə bitirməsi gərəkdiyinə dair ona məsləhətlər verirdilər. Nəticədə Riad nə hekayə yazırdı, nə də şərh yazanlara bir cavab verirdi. Qəddar olduğunu bilirdi, amma bu kiçik və məsum qəddarlıqlar onu formada saxlayırdı. Yazdığı facebook statusları kosmik gəmilərin açıq fəzaya buraxdığı tullantılar kimi idi – yazandan sonra yazdıqlarının taleyi onu əsla maraqlandırmırdı. Şərhlərə cavab yazmaması, Riad Tanın tapmaca kimi şəxsiyyətini oxucular üçün daha maraqlı və əsrarəngiz edirdi.

İkinci fincan Espresso sifariş verib ciddiləşdi. Serialın yazılması bütün vaxtını aldığından, yaradıcılığa zamanın qalmaması onu hövsələdən çıxarırdı. Serialdan əvvəl etdiyi qeydlər, yeni hekayələrin qaralamaları, beynindəki planların hamısı köhnəlir, cazibəsini itirirdi deyə, Riad stress keçirirdi. Neçə vaxtdır yazmaq istədiyi bir kənd əhvalatı var idi. Baxmayaraq ki, Stellanın Markesdən acığı gəlirdi, Riad Markesvari bir povest yazmaq arzusundaydı.

İki il əvvəl universitet illərindən "potok" yoldaşı Rufizin dəvəti ilə Şabran rayonuna getmişdi. Rufiz deyirdi ki, doğulduğu, lakin on ilə yaxındır ayaq basmadığı kəndində Riadı “dəhşətli mövzular və maraqlı materiallar” gözləyir. “Əcaib kənddir, sənə ləzzət eləyəcək. Yaradıcılıq üçün münbit mühit var”.

Riad da təklifi qəbul etmişdi.

Kəndə yola düşməzdən əvvəl rayon mərkəzindəki çayxanada oturub gəlib-gedənlə, Rufizin tanışları ilə söhbət etmişdilər. Çayxanaya baş çəkənlər arasında Rufizin əmisi oğlu da vardı. Pəjmürdə görkəmli əmioğlu elə hey susur, burnu sürtülmüş qara ayaqqabılarının uclarına baxırdı.

Çaylarını içib qalxanda Riad, “kəndə əliboş getməyək. Uşaqlara bir şey alım” demişdi. Sonra da əmioğlunun üzünə baxıb “sizin uşaqlar nəyə sevinirlər?” soruşmuşdu. O da qayıtmışdı ki, “heç nəyə”.

Riad bu cavabdan çox sarsılmış, Rufiz isə əli ilə “sənə demişdim axı” mənasında jest edib, ona göz vurmuşdu.

Avtomobillərin, yük maşınlarının sürətlə şütüdüyü şosenin kənarında yerləşən kəndə yarım saata gəlib çıxmışdılar. Burda onları qarşılayan Rufizin qohumu, bələdiyyə üzvü Tapdıq Riada kənd haqqında qısa məlumat vermişdi.

- Kəndimizdə Qulam adlı bir ağsaqqal yaşayır. Özü də, qarısı da ağır seyiddirlər. Kənddə kim xəstələnsə Qulam onun ağzına tüpürüb sağaldır. Sağaltmadığı xəstəlik yoxdur. Sarılıq, xərçəng, astma – hamısını sağaldır. Arvadı da bütün sonsuz arvadları doğuzdurur.

Məlum olmuşdu ki, Qulam eyni zamanda kəndin mürdəşiridir. Arvadının da çox maraqlı peşəsi varmış - şosedə tez-tez baş verən qəzalardan sonra beyin, qan, içalat kimi yola yayılan insan və heyvan qalıqlarını asfaltdan yuyub təmizləyirmiş. Hər ikisi də kənddə çox hörmətli və müqəddəs adamlar sayılırmış.

Riada onlarla tanış olmaq, ocaqlarını ziyarət etmək təklif olunsa da, o əlini bulamışdı - “lazım deyil!”

Axşam həyətdə, ağac altında yemək süfrəsinə oturan və eşitdiklərinin şokundan hələ də çıxa bilməyən Riad, bu kənddə uşaqların nə üçün heç nəyə sevinmədiyini artıq başa düşmüşdü.

«Latte»nin qabağından keçən iki xarici qızın ardınca uzun-uzadı baxdı. Babat hekayə, bəlkə də povest yaza biləcəyi mövzu itib-batırdı deyə seriala da, Eltona da acığı tutdu. Köks ötürüb, facebooku bağladı. Hətta qazandığı pullar və serialın müvəqqəti layihə olması gerçəyi də hirsini soyutmurdu. Serialın qurtaracağı, əsl yaradıcılığına qayıdacağı günü iplə çəkirdi. Çoxdandır iyirmi hekayədən ibarət bir toplu çap etdirmək istəyirdi. Hekayələrin yarısı artıq hazır olsa da, Riad bunların bir kitab üçün kifayət etmədiyini düşünürdü. Qalan hekayələri yazıb qurtarmaq üçünsə çox yox, bircə aya ehtiyacı vardı. Bir şərtlə ki, zehni başqa heç bir işlə məşğul olmasın.

Ssenarinin faylını açan kimi, alnı qırışdı. Düşüncə prosesinin alnını qırışdırması onu narahat edirdi. Hardasa oxumuşdu ki, alnını tez-tez qırışdıran adamların alnı gənc yaşda qırış qalır. Bu proqnoz da onun üçün əlavə stress mənbəyi idi. Qocalmaq istəmirdi. Stella üçün daim gənc qalmaq istəyirdi.

Dünən etdiyi qaralmaya göz gəzdirdi. Tarixi səhnələrin, dialoqların, monoloqların yazılmasına artıq öyrəşmişdi. Təzə-təzə bu monoton iş ona çətin gəlsə də, sonradan sinopsisləri uğurla ssenariyə çevirməyə vərdiş etmişdi. Son zamanlar özünün ssenaridə etdiyi ekspromt improvizlər də çox vaxt silinmir, əksinə Elton tərəfindən təqdir edilirdi. Bu layihədə işlədikcə Riad, tanımadığı sifarişçilərinə nəyin lazım olduğunu hiss etməyə başlamış, damarlarını tutmuşdu. Eltona gəlincə, onun bu nəhəng və pullu layihədə adi bir oyunçu olduğuna və heç nəyi həll etmədiyinə artıq qəti əmin idi.

Fikrini cəmləməkdə çətinlik çəkir, monitora boş gözlərlə baxırdı. Günün ikinci yarısında çəkiləcək olan səhnəni düşündükcə onsuz da bərbad olan ovqatı daha da təlx olurdu. Ötən həftə əzabla yazıb bitrdiyi və təhvil verdiyi ssenariyə görə bugünki çəkilişdə Məsudla Pərixanın yaxınlaşması baş verməli idi. Onlar öpüşməliydilər. Ona bu səhnəni zorla yazdıran Eltonu öldürməyə hazır idi.

Srağagünki məşqdə iştirak edəndə keçirdiyi sarsıntıdan sonra başı, boynu tez-tez ağrıyırdı. Gözlədiyinin əksinə, məşq zamanı Stella ilə David öpüşməmiş, bu planı adi qucaqlaşma ilə yola vermişdilər. İkisinin də utandığı hiss olunurdu. Buna baxmayaraq, Riada elə gəlmişdi ki, onlar bir-birlərini lazımından artıq sığallamış, qucaqlaşmanın müddətini bilə-bilə uzatmışdılar. Məsud da əllərini Pərixanın bədənində, sanki ehtirasla gəzişdirmişdi.

Növbəti siqareti yandırdı. Bu gün saat on dörddə başlayacaq çəkilişdə öpüşmənin mütləq baş verəcəyini bilirdi. Məşqdə olduğu kimi, çəkilişdə bu səhnəni yola vermək mümkün olmayacaqdı. Ürəyi sərin su istədi. Ofisiantı səslədi.

Qısqanmağında haqlıydımı, haqsızıydımı – özü də baş aça bilmirdi. Qısqanclıq üçün səbəb tapan adam hadisələrə nəzarət etmədiyini, özündən arxayın olmadığını etiraf etmiş olur. Çünki, güclü insanlar qısqanmazlar. Riad özünü zəif insan sanmırdı, məhz buna dözə bilmirdi - qısqanclıq hissindən çox, bu həqiqətin fərqinə varmaq onu dəli edirdi. Otello daha yaraşıqlı, ağdərili, gənc və savadlı olsaydı, ona hədiyyə olunan dəsmala burnunu silər və Dezdemonanın üstünə atdanıb işini görərdi.

«Özünə mütləq inamı olan insan varmı dünyada? Sadəcə olaraq, özündən əmin olmayan hər kəsin, bu inamsızlıq üçün axmaq şübhələri və səbəbləri olur. Mənim kimi. Biri öz xarici görünüşündən narahatdır, biri potensiyasından, o biri ağlından. Yəqin ki, yalnız debillərin kompleksi və şübhələri olmur".

Belə təsəlli tapırdı.

Ofisiantın gətirdiyi buz kimi suyu içib siqaret yandırdı. Üç gün əvvəl Eltonla görüşdə onunla mübahisə etmişdi.

- Axsitanın gürcü xanədanları ilə əlaqələri haqda çəkib göstərdiklərimiz, başdan ayağa uydurmadır. Tarixi göz görə-görə saxtalaşdırırıq.

- Məsələn? – Elton, bu mövzudan zərrə qədər anlayışının olmadığını bildirən mimika ilə soruşmuşdu.

- Məsələn, gürcü kralı III Georgi min yüz yetmiş səkkizinci ilin əvvəlində, Şamaxıda Axsitanın sarayında qonaq olub, dostluq haqqında müqavilə imzalayıb. Sonra Gürcüstana qayıdıb və ölüb. Sonra Georginin qızı Tamara min yüz səksən dördüncü ildə taxta oturub. Axsitanın onunla da müttəfiqlik münasibətləri davam edib. Tamara birinci əri, rus knyazı Georgidən boşandıqdan sonra, ona evlənmək istəyən çox adam elçi düşüb. Onlardan biri də Şirvanşah Axsitan olub. Amma Tamara bu təklifı rədd edib və gənc Osetin knyazı David Soslana ərə gedib. Axsitanın o vaxt altmışdan çox yaşı vardı. Amma ssenariyə görə Axsitan nəinki Tamaraın əri, hətta oğludur. David Soslan isə ümumiyyətlə Tamarayla evlənə bilməyib, guya Gürcüstanın zadəganları buna icazə verməyiblər.

Elton Riaddan eşitdiklərini həzm etməyə çalışır, dodaqlarını büzüb düşünürdü. Axırda çiyinlərini çəkib:

- Sən öz işini gör. Sənə nə yazıblarsa, necə yazıblarsa o yolla get. Pulsuz deyil ki, qardaş. Pulunu veririk də.

- Kim verir? Bilmək olar?

- Gəl belə danışaq – sən öz işini görürsən, artıq-əksik danışmırsan. Mən də gedib başqa ssenarist axtarmıram. Ölkədə işsiz-gücsüz nə çox yazıçı var.

Riadın əndişələri təkcə tarixlə yox, həm də islam dini ilə bağlı idi. Doğrusu, heç vaxt din təəssübü çəkməmişdi - heç bilmirdi özünə müsəlman deyə bilər, ya yox. Lakin serialda islamın üstüörtülü şəkildə tənqid olunması və özünün belə təhlükəli bir layihədə yer alması onu narahat etməyə başlamışdı. Elton haqlıydı - ondan istfadə etsələr də, yaxşı pul ödəyirdilər. Başqası olsaydı susardı, başını aşağı salıb işini görərdi. Prinsipcə Riad da belə edirdi, sadəcə sifariçilərə peşəkar kimi yox, robot kimi lazım olduğunu anladığından, üstəlik onlara görə Stellanı Davidin qoynuna atmağa məcbur edildiyindən - əzabı birə iki artırdı. Halbuki, Stella ilə Davidi bu rollara təklif edəndə aşiqləri oynayacaqlarını yaxşı bilirdi. Deməli öz günahıydı, Eltonun və tanımadığı sifarişçilərin zərrə qədər qəbahəti yox idi.

Beyninə dolan narahatedici fikirlərdən boynundan ağrı tutdu. Diqqətini cəmləyib bircə paraqraf yaza bilməmişdi. Monitordan aralanıb pəncərədən bayıra baxdı - şütüyən maşınlardan savayı heç nə görmədi. Bir az sonra bir rus qadını qucağında körpə küçüklə vitrinin qabağından ötüb keçdi. Sonra velosiped sürən bir yeniyetmə içəri ötəri nəzər salıb, sürətlə uzaqlaşdı. Yenə boş səki, yenə şütüyən maşınlar.

Kompüteri söndürüb, altıncı siqareti yandırdı. Ssenarini cümə gününə qədər təhvil verə bilərdi, odur ki, ehtiyatda hələ üç günü qalırdı. Bunu düşününcə rahatladı. Özünü əziyyətə salmağı xoşlamırdı, lap salsaydı da, bu gün heç nə alınmayacaqdı. Barmaqlarını klaviaturada gəzişdirməyə heyi qalmamışdı.

Sanki ürəyindən keçənlərdən duyuq düşübmüş kimi Stella zəng elədi:

- Necəsən? – səsi o qədər xoşbəxt idi ki, Riad öz qısqanclığından utandı. Stella onu həmişə utandırmağı bacarırdı.

- Yaxşıyam, kafedəyəm. İndi qalxıram.

- Mən də çıxıram bir azdan. David gələcək dalımca.

Yenə David! Yox, Riad qısqanmağında haqılıdır. Deməli, ikisi bir yerdə maşında yol gedəcəklər, deyib-güləcəklər. İkisinin də gözləri xoşbəxtlikdən parıldayacaq. Əlbəttə. Axı David onun kimi yaşlı deyil - gənc, yaraşıqlı oğlandır. Stella qabaqda oturacaq. Yolda onları görən piyadalar, avtobuslardakı sərnişinlər əllərini yelləyəcək, öpüş göndərəcək, sürücülər isə siqnal verəcəklər. Hamı onları - bir-birinə yaraşan bu gözəl cütlüyü, meqastarları salamlayacaq, onlara sevgi və heyranlıqlarını bildirəcək. Stella ilə David elə həyatda da aşiqlər kimidirlər, Pərixanla Məsuddurlar. Bir-birlərinə çox yaraşırlar. Onları görən heç kəsin, Stellanın həyatında Riad adlı bir kişinin varlığından xəbəri olmayacaq. Çünki Riada mediada yer yoxdur, şou dünyasında təmsil olunmur, şəkilləri bilbordları bəzəmir.

- David da hər şeyə vaxt çatdırır, sağ olsun.

Fasilə. Stella eşitdiklərini həzm edir.

- Yenə başladın?

- Yaxşı, setdə görüşərik.

Haqsız olduğu məqamlarda mübahisəni uzatmır, söhbəti dəyişdirir. Yoxsa haqsız deyil? Bəlkə, Stellanın hisslərini sevgiyə yozmaqda səhv edir? Bəlkə də Stella ona minnətdar, Davidə isə aşiqdir. Ola bilməz?

- Oldu. Gözləyirəm səni - səsi incikdir. Haqqı da var. Birinci dəfə deyil ki, Riad onunla David arasında olmayan bir münasibətə eyham vurur.

Hesabı ödəyib ayağa qalxdı. Küçəyə çıxdı. Tində gözləyən taksilərdən birinə minib ünvanı dedi. Çəkilişin başlamasına yarım saat qalırdı. On beş dəqiqəyə yaxın yol gedəcək, sonra isə beş dəqiqə piyada addımlayacaqdı. Gecikməyəcəkdi.

Stellanın zəngi çıxmırdı ağlından. Həmişəki kimi bu gün də taksi tutub çəkilişə gələ bilərdi. Amma istəmədi - Davidin maşınını üstün tutdu. Davidin təklifinə "yox" deyə bilmədi.

Yaxşı, mənim də maşınım olacaq.

Qəzadan sonra sükan arxasına keçmək fobiyası yaranan Riad, artıq maşınsız qala bilməyəcəyinə qərar verdi. GTM-də işıqçı işləyən Turalın bir həftə əvvəl ona münasib qiymətə təklif etdiyi Volkswagen Golf-un taleyi ilə maraqlanmaq üçün telefonda Turalın nömrəsini tapdı:

- Salam Tural, nətərsən?

- Sağ ol, yaxşıyam – lotoreyada bir milyon udmuş qədər xoşbəxtdir. - Sən necəsən?

- Sağlığın, salamatçılıqdı. Gör nə deyirəm. O gün maşın demişdin. Hələ də durur? – özündən əmin olmayan tərzdə dedi, sanki zəng elədiyinə peşman olmuşdu.

- Qardaş canı, il yarımın Golfu-dur, cağbacaqdır. On dörd min gedib. Heç nədi. Elə bil salondan alırsan. Elə qoy sənə qismət olsun. Nə vaxta qədər maşınsız gəzəcəksən?

- Deməli, satılmayıb, hə?

- Yox, səni gözləyir.

- Qiymət qüvvəsindədir?

- Qüvvəsindədir. Tez elə, yoxsa alacaqlar. Çox qalan maşın deyil.

- Zəng elə saxlasın, axşamüstü gedib behləşərik. İşdən sonra banka çatdıra bilməyəcəm, bağlı olacaq. Yoxsa bu gün verərdim pulunu.

- Narahat olma, deyərəm saxlayar. Qardaş canı, yaxşı eləyib alırsan. Özüm ölüm peşman olmazsan. On dörd min gedib. Belə maşın...

***

Axsitan hərəm dairəsində yaşayan qızlar üçün Şamaxıda alışdıqları gözəl bağça əvəzinə, burda sarayın ən munis güşəsi olan eyvanı tikməyi əmr etmişdi. Eyvanın üstündə Badamdar daşından yonulmuş səkkiz guşəli sütunlara dayanan dörd tağ ucalırdı. Gündüzlər bu daşlar sanki, günəşin şüalarını hopurmuş kimi zərrin bir rəngə boyanırdılar. Memar Salman ibn Əbdülfəttah mühasirə ehtimalını nəzərə alıb, eyvana yalnız bircə dar qapı açmışdı. Onun yaratdığı gözəlliklərə baxmaqdan doymayan Məsud bu dar qapıdan keçib ehtiyatla sağa-sola boylandı, sola buruldu, sarayın mətbəxinə aparan pilləkənlərdən düşdü və arxa qapıdan sürətlə içəri daxil oldu.

Gecə olduğundan mətbəxdə ins-cin yox idi. Qab-qacaqların səliqə ilə düzüldüyü divarboyu rəflərin yanından ötüb ambarın qapısının ağzında dayandı. Qulağını qapıyaya dayayıb, diqqət kəsildi.

- Burdayam Məsud! – qapının arxasından Pərixanın titrək səsi duyuldu.

- Pərixan! Mənim əzizim!

Məsud qapını yavaşca itələyib ambara addım atdı, tez qapını örtdü. Pərixan iki addımlığında onunla qabaq-qənşər dayanmışdı. Məsudu görcək əllərini sinəsinə apardı, çöhrəsi təbəssümlə aydınlandı. Sıx kölgə onları bürüdü. Əlləri bir-biri ilə rastlaşdı, bu əllərin bir-birini sıxmasından odlu bir dalğa qopub hər ikisinin ürəyinə işlədi.

- Nəhayət gəldin, sevgilim! – Pərixan alçaq səslə dedi. - Qənirəyə iki dəfə yox deməyin ürəyimi dağlamışdı.

Mətbəxdə aşbaz köməkçisi işləyən nardaranlı Qənirə Pərixanla Məsud arasında vasitəçilik edir, şahzadənin ismarıclarını Məsuda çatdırırdı. Pərixan on səkkiz yaşlı bu qızdan savayı kimsəyə güvənmir, onu özünün yeganə həmdəmi, sirdaşı bilirdi.

Məsud lap astadan pıçıldadı:

- İki dəfə yox demişəm deyə, bu gün səndən soyuq, məğrur sözlər gözləyirdim. Bu sözlərin təsiri ilə ürəyimdəki atəşi söndürmək üstəyirdim.

Pərixan bihuş kimi pıçıldadı:

- Niyə söndürürsən? Qoy yansın! Amma bir daha mənim dəvətimi geri çevirmə, sevgilim!

- Əzizim, qorxuram. Qorxuram ki, bizi görərlər, atanın görüşlərimizdən xəbəri olar. Özüm üçün narahat deyiləm, sevgilim. Eşqim uğrunda ölməyə hazıram. Qorxuram ki, sevgimizin ifşası sənin üçün bir ləkə olsun!

Pərixan itaətlə başını onun çiyninə qoydu:

- Sən mənimsən! Bu ləkə də olsa, şərəf də olsa mənim üçün fərqi yoxdur.

- Axsitan Gürcü kralının gəlişinə hazırlaşır. Neçə gündür gözümə yuxu girmir. Gürcüstan adını hər dəfə eşidəndə dəli oluram. Ayrılığımız o diyarın adı ilə bağlıdır deyə, Gürcüstana nifrət edirəm.

Qız incə bir hərəkətlə aralanıb, onu da yavaşca öz dalınca çəkdi. Ambardakı ensiz pəncərədən asılmış nazik, qumaş pərdədən süzülən ay işığının zolağı Məsudun üzünə düşdü. Qızın gözləri parıldadı, dodaqları azca aralandı.

- Əzizim, rədd elə bu məşum fikirləri. Mən o ölkəyə getməyəcəm! Əsla getməyəcəm! Gəl bir sənə doyunca baxım.

- Sənin nikbinliyin mənə güc verir, Pərixan. Mətanətinə heyranam. Amma neyləyim ki, qorxularımla bacara bilmirəm. Səsini bir də eşidə bilməyəcəm, üzünü bir də görməyəcəm deyə ürəyim yarılır. Vay o adamın halına ki, sənin fərmanından sonra mənim yolumu kəsmiş ola!

- Sözlərimə qulaq as, igidim! – Pərixanın sifəti ciddiləşdi. - Mən büsbütün sənin arzularına tabeyəm. Eşitmişəm ki, torpağın özündə də məhəbbət qüdrəti vardır. Sən çox güclüsən, odlar diyarının cəngavərisən. Səninlə hara desən qaçaram.

- Sus yalvarıram! Ya belə sözlər danış, ya da günbəz üstünə qoz səpələ. Hamısı birdi. – Məsud narahat oldu. - Qaçmağı yaddan çıxar. Qalanın bərpası qurtarmadan, heç yerə qaça bilmərəm.

- Ah, Məsud. Artıq sözlərim də tükənib, heç nə deyə bilmirəm. Etiraz edə bilmirəm sənə. Başa düşmüşəm ki, bu qala sənə hər şeydən, hər kəsdən əzizdir. Səbəbini bilmirəm, amma səbəbi hər nədirsə, hörmətim var ona. Sənə inanıram. Qalanı məndən də üstün tutursansa, deməli bildiyin nəsə var. Amma hər dəfə siçanlar kimi gizlənmək də məni usandırır, əzizim. Bezmişəm.

Məsud pənbə yanaqlı Pərixana və əynindəki xara paltarın üstündən çiyninə saldığı qolsuz ipək xələtə heyranlıqla baxıb səsini çəkə-çəkə dedi:

- Ceyrangözlüm. Arxayın ol. Qalanın bərpasını şahın mənə tanıdığı möhlətdən də tez qurtaracam. Sonra hara desən qaça bilərik, gedə bilərik. Lap istəyirsən Hindistana gedərik. Təki sən səslə məni.

Pərixanın gözləri sevinclə parıldadı, dodaqlarını təbəssüm bəzədi. Əllərini Məsudun belinə dolayıb, gənci özünə tərəf çəkdi. Məsud da Pərixanın yanaqlarına tökülən zülfləri qulaqlarının ardına yığdı. Əvvəl baxışları, sonra dodaqları qovuşdu, sinələri bir-birinə möhkəmcə sıxıldı.

İkinci kamera qovuşan dodaqları iri planla əsas monitora ötürdü.

Setdəki hər kəs serialda ilk dəfə baş verən bu öpüşməyə nəfəslərini tutaraq tamaşa edirdi. Aktyorlar elə ehtiraslı öpüşürdülər ki, Ömər dözə bilməyib ayağa qalxdı, planı monitordan yox, canlı izləməyə başladı. Məmnunluqla başını yırğalayıb, gülümsündü və əlini qaldırdı:

- Stop! Çəkildi!

Ömər, aralıda dayanmış Riadın pörtmüş sifətini gördü. Riad söykəndiyi sütundan aralananda onun hücum çəkib Davidi yumruqlayacağından qorxdu. Amma Davidə hücum etmədi, kəskin hərəkətlə cibindən Muratti qutusunu çıxarıb eyvana tələsdi.

- Afərin uşaqlar! Bu günlük bu qədər - Ömər Stelladan gözlərini qaçırdı və yanındakılara bir-iki qısa göstəriş verib eyvana yönəldi.

Riad məhəccərə dirsəklənmişdi, siqaret çəkirdi. Ömərə gözucu baxıb, təzədən baxışlarını uzaqlara dikdi.

- Ağır peşənin adamlarıyıq. Səhnəni real həyatdan ayırmaq çətin olur. Çoxunda bu, alınmır. Alınmayanda da, adamın həyatı cəhənnəmə dönür.

Riad susurdu. Ömərin yaşından və avtoritetindən çəkinməsəydi, „məsləhətlərini də götür, rədd ol“ deyərdi.

- Qısqanclıq insanı içəridən qurd kimi gəmirir. Xərçəng kimi metastaz verir, axırda da çökdürür. Məncə, buna adi rol kimi bax. Onsuz da elədir. Bir də unutma ki, onları bu rola sən təklif eləmisən. Serialda kimləri oynacaqlarını bilə-bilə.

Riad məhəcərrdən aralanıb qamətini düzəltdi, qırmızı gözlərlə Ömərin üzünə baxdı. Heç nə demədi. Arxasını çevirib qapının qolundan tutanda, arxadan Ömərin zəhmli səsini duydu:

- Madam ki, mənə qulaq asmaq istəmirsən onda belə danışaq. Problem görmək istəmirəm. Aktyorlara bir söz desən, ümumi işimiz zərər görəcək. İstər-istəməz setə sirayət edəcək. Öz yersiz qısqanclığınla işimizə əngəl olma.

Riad saymazyana tövrlə qapını möhkəm dartıb açdı və Öməri eyvanda tək qoyub pavilyona keçdi. Stella onu gözləyirdi. Əynini dəyişməmişdi.

- Yaxşısan?

- Pis olmalıydım ki? – gülümsəməyə çalışsa da, səyriməyə başlamış dodaqlarının ucunda donub qalan qəzəb Stellanın diqqətindən yayınmadı.

- Nə bilim. Dedim bəlkə.

- Bəlkə nə? – Riad ona doğru addım atdı, bayaqdan əlində oynatdığı siqaret qutusunu cins şalvarının cibinə soxdu.

- Yəni başqa bir şey ağlına gəlməsin.

Riad dodaqlarını büzüb çiyinlərini dartdı.

- Ağlıma heç nə gəlib eləmir. Rahat ol – çıxış qapısına yönəldi.

- Hara gedirsən?

- Maşın almışam. Gedirəm baxmağa - üzünü ona çevirmədən, çiyni üzərindən cavab verdi.

- Gözlə mən də gəlim. Tez geyinirəm.

- Tələsirəm, vaxtım yoxdu. Sonra zəngləşərik – deyə qapını çırpıb getdi.

5

Bəlkə də ilk dəfə baş verirdi - Stellanın razılığını almadan qapalı məkanda siqaret yandırırdı. Yandırandan xeyli sonra şüşəni azca aşağı endirdi. İçəri dolan təmiz hava, tüstünü bayıra çıxaranacan onu əvvəl salona yaydı. Stella sifətini turşutsa da, bir söz demədi. Riadın profilinə gözucu baxdı.

Siqaretdən dərin qüllablar alaraq, baxışlarını yola cəmləmişdi. Üzündə uzun müddət maşın idarə etməmiş adamın qərarsızlığı, yüngül həyəcanı vardı. Arxadakı maşınlar tez-tez ona siqnal verir, fürsət tapan kimi sola çıxıb yanından səs-küylə ötürdülər. Güman ki, hamısı da onu söyürdülər.

Stella anladı ki, özü danışmalıdır, yoxsa, Riad yolboyu susacaq. Onu yaxşı tanıyırdı. Bu gün repetisiya vaxtı, sifətindəki ifadəni xatırladı – pörtüb qalmışdı.

Birinci öpüşmənin baş verdiyi çəkilişdən sonra Stellanı pərt vəziyyətdə studiyada qoyub gedən Riad, üç gün ərzində özünə maşın almaqla qalmayıb, qarderobunu da təpədən-dırnağa qədər yeniləmiş, hətta qoluna təzə, bahalı saat taxmışdı. Deməli «şoppinq»in depressiya keçirənlərə müsbət təsiri haqda deyilənlər həqiqətdir. Stella isə əmin idi ki, üç gün qeybə çəkilən, sonra maşın və bahalı geyimlə qarşısına çıxan Riad, həm də ona acıq vermək məqsədi güdürdü. Bunu bilə-bilə Stellanın ona acığı tutmurdu.

Riadla dünənki, həyatının ən bərbad görüşünu xatırladı. Üç gün boyunca zənglərə ya cavab verməyən, ya da söhbəti qısa tutmaq üçün tez-tələsik, gülməli bəhanələr uyduran Riad dünən özü peyda oldu. Əvvəl zəng elədi, heç nə baş verməyibmiş kimi bir gün sonra repetisiyası olacaq seriyanın ssenarisini oxumaq üçün görüş təklif etdi.

Evdə kağızları Stellaya uzadıb:

- Al oxu - dedi, özü də siqaret çəkmək üçün balkona çıxdı.

Şirvanşah Axsitanla qızı Pərixan arasında sərt dialoqun yer aldığı ssenaridə, Məsudla mətbəxdə görüş səhnəsi də vardı. Ssenarinin bu yerinə çatanda məsələnin nə yerdə olduğu, Riadın nədən dəliyə döndüyü Stellaya aydın oldu. Eltonun aid olduğu yuxarı dairələr, sevgililərin mətbəxdəki görüş səhnəsinə öpüşmə kadrının da salınmasını uyğun hesab etmişdilər. Bununla, ikinci öpüşmə.

Məsud sevgilisi ilə ənənəvi görüş yerinə - damında günbəzvari bacalar olan saray mətbəxinə yetişdi, palıd ağacından hazırlanmış naxışlı, ağır qapını aralayıb içəri adladı, qapını arxasınca bağladı. Mətbəxin sağ qanadı ancaq Şirvanşahın öz süfrəsi üçün xüsusi yeməklərin bişirildiyi hissə idi. Gündüzləri ocaqların üstündə iri şişlərə çəkilmiş bütöv cəmdəklərin qızardığı, iri teştlərdə yağın əridiyi, qazanlardan düyü təpələrinin ucaldığı, bozbaşın dadlı buxarının adamın burnunu qıcıqlandırdığı ətirli mətbəx indi ölü sükunətə qərq olmuşdu. Sübh azanının oxunmasına az vaxt qalmışdı, Məsud tələsməliydi.

İkicə addım atmışdı ki, bir kölgə sataşdı gözünə, onu Pərixan sandı, amma diqqətlicə baxanda gördü ki, yox, Pərixanın cizgiləri deyil. Çox qorxdu, ürəyi qopub yerə düşmə həddinə çatdı. Geri qayıtmaq keçdi ağlından, amma Qənirənin səsini eşidən kimi sakitləşdi.

- Mənəm Məsud, qorxma - Qənirə qabağa çıxıb, pıçıltı ilə dedi. - Pərixan ambardadır, səni gözləyir. Amma ehtiyatlı olun, qurban olum. Bayaqdan çöldə xışıltılar duyuram.

- Narahat olma bacım - Məsud minnətdarlıqla pıçıldadı. - Mən gələndə sakitçilik idi, bayırda ins-cin yoxdur.

- Lap yaxşı. Onda Allah amanında. Özünüzdən muğayyat olun.

Qapı Qənirənin ardınca bağlanan kimi, Məsud ambara doğru tələsdi. Əlini qapının qoluna uzadırdı ki, qapı açıldı. Pərixanın üzünün yarısı göründü, ikinci yarısı kölgədə qalmışdı. Dodaqlarını təbəssüm bəzədi, həyacan və ehtirasdan səsi titrədi:

- Nəhayət gəldin, Məsud - əlini uzadıb Məsudun qolundan tutdu, onu içəri çəkdi. - Bilmirəm nə qədər gözləmişəm səni, elə bilirəm bir əsr keçib.

- Mən də bu qısa yolu sanki bir əsrə gəlib çıxdım - hər kölgədən qorxaraq, hər hənirtidən diksinərək.

Sevgililər qucaqlaşdılar. Məsud əvvəl ürkək-ürkək, sonra əminliklə Pərixanı dodaqlarından öpdü. Ondan qopub gözlərinin içinə doyunca baxdı, sonra əyilib bir daha öpdü.

- Təki həmişə belə olaydı! – Pərixanın nəfəsi ağırlaşdı və o, nəzakətlə, lakin zorla sevgilisinin əllərini belindən çəkdi, ondan aralaşdı. Sanki, düşünmək və öz bədənini idarə etmək imkanından məhrum olmuşdu. Bütün iradəsini cəmləyib reallığa qayıtdı. Halbuki belə deyil – dedi. Qorxa-qorxa, gizlənə-gizlənə görüşürük. Vədimə sadiqəm, qalaya bir söz deməyəcəm, xətrinə dəyməcəyəm. Amma biləsən ki, Axsitan qalaya Qız Qalası adını qoyub, onu mənə ithaf etdikdən sonra, qalaya daha çox nifrət edirəm. Elə bil bu qala mənim qara bəxtim, nakam taleyimdir.

- Sözlərin ürəyimi dağlayır, Pərixan. Sən qalanı qara bəxtin adlandırırsan, mənim üçünsə bu qala mən ÖZÜMəm. Az qalıb ay üzlüm, hardasa yeddi-səkkiz arşınla qalanın bərpası qurtarır.

- Elə danışırsan ki, elə bil yeddi-səkkiz çərək qalıb. Sənin bu səkkiz arşının nə vaxta qurtarar, Məsud, hə? – Pərixan incik halda dodaqlarını büzdü, üzünü kəskin hərəkətlə yana çevirdi. Gözlərində yaşlar donub qalmışdı, - Axsitan da tez-tez Gürcüstandan danışır, toya eyham vurur. Ona da, dövlətinə də, qurduğu ittifaqlara da nifrət edirəm - Pərixan balaca yumruqlarını sıxır.

- And verirəm sənə, – Məsud hövsələsini itirən kimi oldu, qızı çiyinlərindən tutub yüngülcə silkələdi, - sanırsan çəkdiyin əzabları görmürəm? Deyirsən Məsudun nə vecinə, öz işindədi? Heyhat! Söhbət adi daş binadan getsəydi, minlərlə bina sənə fəda olsun, Pərixan! Bizim aramıza daş-divar girə bilərdimi? Bu qala isə...

Pərixan bütün diqqətini toplamış halda Məsudun sifətinə baxır, sözünün davamını gətirməsini gözləyirdi. Məsud isə tutulub-qalmışdı, elə bil sözlər boğazında düyünlənmişdi, bu düyün onu boğurdu. Pərixanın səbri tükəndi:

- Hə, bu qala?! Niyə susursan? Danış. Sən çoxdandır sözlü adama oxşayırsan. Birinci dəfə deyil ki, qaladan danışanda haldan-hala düşürsən. Ürəyini gəmirən hansı dərddir, hansı sirri kübradır?

Nə vaxta qədər susacaqdı? Özü də indi, bu dəqiqə qərar verməliydi. Çünki dəyərli vaxtlarını itirirdilər.

- Haqlısan əzizim, – Məsudun bayaqdan qaçırdığı gözləri, Pərixanan gözləri ilə görüşdü, - indiyə qədər susurdum, demirdim, qorxurdum ki, məni səhv başa düşərsən. Hətta qınayarsan. Sənin qınağına tuş gəlməkdənsə, ölməyə razıyam.

Pərixan təlaşlandı:

- Səni niyə qınamalıyam ki, sevgilim? Bizim aramızda heç elə şey ola bilərmi? Üzmə ürəyimi. Vaxtımız da daralır, azan oxunacaq. Axsitanın nökərləri allaha ibadətə tələsəcək.

Məsud ondan aralaşıb yerə qoyulmuş pendir çəlləyinin üstünə oturdu. Sanki edəcəyi etirafdan əvvəl bir istinad tapmaq istəyirdi.

- Mən müsəlman deyiləm - Məsud dedi və sanki irinli dişini çəkdiribmiş kimi, rahatlıq tapdı, - mən, Zərdüştün bəyan etdiyi Hürmüzdə sitayiş edirəm.

Pərixanın qaşları çatıldı. Rənginin qaçdığı hətta alatoranlıq mətbəxdə də fərq olunurdu. Gözləri qorxu saçırdı.

- Nə!? Sən nə danışırsan Məsud? Müsəlman deyilsən!? – tez-tez başını buladı, - necə yəni Zərdüştiyəm? Sən indi bir olan Allahın tohidliyinə yox, qüdrətini Allahın xəlq etdiyi ildırımdan alan alovamı ibadət edirsən? Məhəmməd ümmətindən deyilsən?

- Bu dünyanı, bu asimanı, insanı, insan üçün xoşbəxtliyi yaradan Hürmüzdə ibadət edirəm, sevgilim. Sənə məlum olan Əsmaül-Hüsnə də, Hürmüzdün doxsan doqquz adıdır, - Məsud başını buladı. - Məhəmməd ümmətindən deyiləm, yox. Özünə yəhudilikdən, nəsranilikdən, məcusilikdən din düzəldən Məhəmmədəmi inanım? Bil ki, ulularımız hələ islamdan əvvəl bu Odlar yurdunda Hürmüzdə nəğmələr, alqışlar deyirdilər. Qalanın bizim üçün müqəddəsliyi bilirsənmi nədədir? – Asta-asta ayağa qalxdı, üzü Pərixana yuxulu və yorğun göründü. - Peyğəmbərimiz Zərdüşt bu qalanın altında dəfn olunub - Məsud bunu deyib susdu.

- Deməli, sən bu qalanı bərpa etməyini... Mən də elə bilirəm memarsan, – Pərixan çaşqınlıla gah dar pəncərədən bayıra, gah Məsuda baxır, rabitəsiz danışırdı, - sənsə dinin uğrunda çalışırsan.

Pərixanın məyusluqdan göz görə-görə solmasına dözə bilmədi. Onu bərkdən qucaqladı, bağrına basdı.

- Səni buraxmağa, gözlərinə baxmağa cəsarət etmirəm. Birdən bu gözlərdə nifrət oxudum, kin gördüm? Yalvarıram, mənə təsəlli ver, dərgahından qovma.

Pərixan özü aralandı ondan. İki addım dala getdi, dayandı və ağlamsınaraq dedi:

- Mən səni dininə görə sevmişəm ki, dininə görə də tərk edim?

Mətbəxin qapısına, çöl tərəfdən iki kölgə yaxınlaşdı. Qabaqda gedən uzun ləbbadəli, ağ çalmalı, xırdaca bədənli adam üzünü arxaya çevirib, əli ilə yoldaşına qapının ağzında dayanmağı işarət etdi, ardınca barmağını dodaqlarına apardı. Qapını astaca, nəfəs almadan itələdi. Bu, vəzir Rüşdü ibn Hənzələnin ən sadiq əlaltısı Əbu Üzeyir idi.

Məsudla Pərixan qapının açılmasını, içəri yad adamın girməsini, barmaqlarının ucunda anbarın qapısına yaxınlaşmasını eşitmədilər. İçəridə danışdıqları isə qapının o üzündə, mətbəxdə açıq-aydın duyulurdu.

- Mən bilirdim. Bilirdim ki, mənim bahar çiçəyim, ay üzlüm, bundan ötrü məni rədd etməz.

- Sən ən ağır cinayət işləsən də, cinayətinə bəraət verəcək qədər böyük eşqim var. Lakin biləsən ki, səni hələ çoxlu suallar gözləyir! – Pərixan yüngülcə qaşlarını çatdı, üzünə məzəmmət ifadəsi verməyə çalışdı.

- Bunun üçün vaxtımız olacaq, sevgilim! Hələ çox vaxtımız olacaq! Sənə and içirəm ki, qalanın bərpası yeddi-səkkiz aya tamam olacaq. O vaxta qədər Axsitan toy edən deyil, arxayın ol. Qalayla işim qurtaran gün, hara istəsən qaçıb gedərik. Hara istəsən! O vədəyə qədərsə, qurban olum yanımda ol, məhəbbətinlə mənə qüvvət ver.

- O nə sözdür Məsud!? Sənin üçün müqəddəs olan, mənim üçün də müqəddəsdir. Sənin üçün əziz olan, mənim üçün də əzizdir. Düşmənin düşmənim, dostun dostumdur. Kaş sirrini əvvəldən mənə deyəydin, ürəyini açaydın.

Məsud ona cümləsini tamamlamağa imkan vermədi, bədənini qolları ilə sarıyıb bərkdən qucaqladı, dodaqlarından öpdü. Mətbəxdən ehtiraslı iniltilər eşidildi.

- Məsud, igidim mənim, səninlə qalmaq, səninlə olmaq istəyirəm, amma getməliyik.

Xırda bədənli kölgə, gəldiyi kimi də barmaq uclarında, səs çıxarmadan qapıya tələsdi, küçəyə çıxıb saraya sarı, sola buruldu.

***

- Acmamısan?

- Yox - laqeyd cavab və dərin qüllab.

- Bu zəhrimar qurtarmadı? Dibini də sümürəcəksən! At getsin - Stella amiranə tonda dedi və siqaret kötüyü, közləri küləkdə saçılaraq bayıra uçdu. Pəncərənin bağlanmasını gözlədi, davam etdi, - deyirdim gedək bir yerə. Həm yemək yeyərdik, həm söhbət eləyərdik. Ya da istəyirsən gedək evdə nəsə hazırlayım?

- Yorğunam. Yatmaq istəyirəm.

- Bu vaxtı? Niyə?

Sual o qədər səmimi və sadəlövh səsləndi ki, Riad istəmədiyi halda çönüb Stella ilə göz-gözə gəldi.

- Necə yəni niyə? Yuxum gəlir.

- Bəs mən? – Stella gülümsündü.

Riad təzədən üzünü yola çevirdi:

- Səni anangilə aparıram.

Stella duruxdu, bu cavaba hazır deyildi. İncik görkəm alıb, pərtliyini büruzə verdi:

- Olsun. Təklik istəyirsənsə get, tək qal.

«Bəlkə doğrudan ehtiyacı var?" – düşündü, "ola bilməz?".

Amma yox, bu gün də dünənki kimi ayrılmaq istəmirdi. Kişilərdə belə sıx «təklik»lər zamanla vərdişə çevrilir, münasibətlərdə uçurum böyüyür. Bunun axırı isə birdəfəlik ayrılıqdır. Bu gün onu danışdırmalıdır, içində bu boyda dərd böyütməsinin mənasızlığını ona izah etməlidir. Lazım gəlsə, qəbahəti olmaya-olmaya özünü müdafiə etməlidir, hətta üzr də istəməlidir.

«Bu hələ harasıdı? Hər seriyada bir az da yaxın olacaqsız. Hər şey yatağa doğru gedir». Bu sözləri ona dünən ssenarini oxuyandan sonra Riad demişdi. Halbuki, Riaddan zəng gələndə sevincindən özünə yer tapmamışdı, beşcə dəqiqəyə geyinmişdi, taksi çağırmışdı. Yolda da özünü mübahisəyə yox, sevgiyə kökləmişdi.

İki seriyada dalbadal öpüşmə doğrudan da əndazəni aşmaq idi. Bunu Riada da demişdi, «deyəsən, üz verdik, indi də sui-istifadə edirlər». Özünün də, Davidin da bu intim səhnələrdən narahat olduğunu dəfələrlə təkrarlamışdı. Vecsiz tərzdə ona qulaq asan Riadsa Stella sözünü bitirən kimi ağzını açmadan qalxıb əynini geyinmiş və qapını astaca örtüb getmişdi. Bir də gecə saat üçdə, özü də ayıq vəziyyətdə qayıtmışdı. Həmin an sorğu-sualın yersiz olacağını düşünüb susan Stella indi soruşdu:

- Dünən gecə hara getmişdin?

- İşim vardı.

- Saat üçdə?

- Üçdə getməmişdim, üçə qədər davam elədi, bəli.

Stella başını buladı:

- Ayıq gəlmişdin. Fikirləşdim ki, dostlarınla oturmusan, amma içki iyi gəlmirdi səndən.

- Nə demək istəyirsən? Dedim ki, işimin dalınca getmişdim. Dəqiqləşdirmək, uzatmaq nəyə lazımdı?

Stella deməyə söz tapmırdı:

- Səni başa düşmürəm. Susmayasan, danışasan deyə, ağlıma gələn ilk sualı verdim. Yoxsa fikirləşirsən ki, səni qısqanıram, təqib edirəm? Bunu demək istəyirsən?

- Özündən qısqanmayan qadın obrazı düzəldirsən? Guya, mənim qısqanclığımın lazımsızlığını göstərmək üçün, özün qısqanclıq nədir, nə deyil, anadangəlmə bilmirsən, xəbərin yoxdur, hə? - Riadın istehzası zəhər kimiydi. - Sevən qısqanar.

- Sən də guya, səni sevmədiyimə eyham vurursan?

- Elə nə başa düşdünsə, odur.

- Mən də insanam. Sevən insanam. Qısqanclığın nə olduğunu da bilirəm. Əlbəttə mən də qısqanıram, amma demirəm. Bezdirmirəm səni.

- Xeyir ola demirsən? Nəsə bilirsənsə de.

- Xeyr, mənim qürurum var.

- Aha. Aydındır. Deməli mənim qürurum yoxdur. Deməli bezdirirəm səni! Yaxşı, belə olsun. Mən səni bezdirirəm! – dedi və dişlərini sıxdı.

Stella onun qəza törətməsindən qorxdu, səsinin tonunu lap aşağı saldı, bu dəfə mülayim tərzdə dedi:

- Axı, mən sənə qısqanclıq üçün səbəb verməmişəm. Bu rol olmasaydı, bu söhbətlər də olmayacaqdı. Elə deyil?

- …

- Niyə susursan? Məndən asılı olmayan hadisələrin məsuliyyətini mənə niyə yükləyirsən? Guya bilmirsən ki, sənə görə karyeramdan da keçə bilərəm? Niyə mənə haqsızlıq edirsən?

- Doğrudan?

- Bu nə deməkdir? Xətrimə dəyirsən.

- Xətrinə niyə dəyirəm? Soruşdum ki, doğrudan ata bilərsən karyeranı? Nəsə, inanmağım gəlmir.

- Demək istəyirsən ki, yalan danışıram?

- Yalan danışırsan demədim. Sözlərinin məsuliyyətini dərk eləmirsən. Çıxa bilərsən serialdan? Cavab ver, çıxa bilərsən?

- Sən də bilirsən ki, cığallıq edirsən. Sənə yaraşmır.

- Cığallıq niyə? Başa düşmədim - Riad çiyinlərini dartdı. - Konkret söz soruşuram səndən.

- Ona görə cığallıq eləyirsən ki, istəsəm də serialdan çıxa bilməyəcəyimi hər kəsdən yaxşı bilirsən. Bütün layihə məhv olar! Özün deyirsən ki, serialın dalında ciddi qüvvələr dayanıb. Kimdir mənə icazə verən?

- Əlbəttə. Sən artıq özünə aid deyilsən, sən xalqınsan - Riad əli ilə yolu, binaları göstərib dedi, - incəsənət qurbanısan. İndi də məlum oldu ki, Qız Qalasının altında sən demə Zərdüştün qəbri var, Məsudun dini də başqaymış. Bütün sirrlər açıldı. İndi hər seriyada sizi öpüşdürməsələr, sevişdirməsələr məndən axırıncı adam yoxdu!

- Heç sən nə dediyini bilirsən? Ssenarinin müəllifi sənsən, mən yox! Mən də sənin kimi hər dəfə fakt qarşısında qalıram. Öpüşməni bəyəm sən salırsan mətnə? Nədi? Düz danışmıram bəlkə? Sən bir şey yazırsan, səhərisi gün qabağına başqa şey qoyurlar. Heç bizim ağlımıza gələrdi ki, qəhramanları öpüşdürə bilərlər? Bunlar həmişə mentaliteti nəzərə alıblar, heç bir yerli kinoda, serialda belə açıq səhnələr indiyə kimi olmayıb.

Riad başını buladı:

- Amma sən razılaşmaya bilərdin. Müqaviləndə öpüşmə nəzərdə tutulmamışdı.

- Mən ümumiyyətlə müqaviləni fərli oxumamışam. Sənə güvənmişəm, başa düşürsən? Bəs yaxşı, birinci dəfə bunlar seriala öpüşmə salanda, sən niyə susdun? Niyə mənə demədin ki, razılaşma. Ya da özün niyə onlarla danışmadın?

- Axıra qədər möcüzə gözlədim.

- Necə yəni möcüzə gözlədim? Gözlədin ki, mən özüm etiraz edim?

- Bəli.

- Mən bunu ciddi qəbul eləmədim axı. Dedim, birinci dəfədi yaxın olurlar, bir dəfə öpüşəcəklər, bununla da hər şey qurtaracaq.

- Sonra xoşuna gəldi, hə?

Stella özündən çıxdı:

- Sözlərinə fikir ver!

- Nə oldu, niyə coşursan? Məni inandırmağa çalışırsan ki, Davidlə öpüşməkdən həzz almamısan? Elə belə rolunu oynamısan?

- Səni narahat edən budur? - əsəbdən ürəyi atılıb-düşən Stella soruşdu.

- Hə də. Nə rol, nə incəsənət e! Həzz almısan, ya yox?

- Axı sualın özü təhqiredicidir!

- Niyə? Gəl açıq danışaq - öpüşəndə ləzzət eləyir sənə, ya yox?

Qısqanclıq sancısına tutulan Riada tez və inandırıcı cavab verməliydi. Amma özü də nə deyəcəyini bilmirdi. Belə bir sualla üzləşəcəyini gözləmirdi deyə, cavaba da hazır deyildi.

- İstər istəməz müəyyən hisslər olur. Əlbəttə ki, olur. Amma bunlar sən deyən hisslər deyil. Heç bilmirəm necə başa salım, tamam fərqli, anlıq hisslərdi.

- Nə nağıl danışırsan mənə? – Riadın sifəti əyildi. - Nə anlıq hisslər? Anlıq hiss nədi?

- Yaxşı, onda gəl belə danışaq. Bundan sonra ssenarinə nəzarət elə. Sənin adın getmir titrlərdə? Sənin adın gedir! Mənə də maraqlı deyil, kimlər ora nə yazır. Çalış elə olsun ki, ssenaridə öpüşmə olmasın. Ya da özün onlarla danış, başqa Pərixan tapsınlar. De ki, mən qısqanıram. İstəmirəm Stella Davidlə öpüşsün. Danışdıq? Razısan?

Stellanın dediyi hər cümlə Riadın sifətində partlayan şillə kimi idi. Dişlərini qıcamışdı, sükanı möhkəmcə tutmuşdu, elə haldaydı, maşını məmnuniyyətlə qabaqdakı avtobusun dalına çırpardı.

Stella özü də Riadı çətin vəziyyətə saldığının fərqində idi. Faktiki olaraq onu dalana dirəmişdi, onu zəif yerindən vurmuşdu. Aydın məsələdir ki, Riad bunların heç birini etmək iqtidarında deyildi. İndi özü də dediklərindən ötrü min peşman idi, amma söz ağızdan çıxmışdı. Ona görə də «səhvini» düzəltməyə çalışdı.

- Görürsən? Bizdən asılı olmayan şeylər baş verir. Sən də, mən də bu serialın əsiri olmuşuq. Hə, ola bilsin tanınıram, məşhuram, çoxlu pul qazanıram. Amma sən mənimlə belə rəftar edəndən sonra, neynirəm bunları? Nəyimə lazımdı? Söhbət ümumiyyətlə buralara gəlib çıxmamalıydı. Səni başa düşməyə çalışıram, amma görünür məndə dözüm çatışmır, axıra qədər susa bilmirəm. Amma səndə də az yoxdu. Mən geri addım atdıqca, üstümə gəlirsən. Başa düş ki, bundan sonra da belə səhnələr ola bilər. Bir şey ki, nə səndən asılıdı, nə məndən. Ürəkləri nə istəyir, onu da edirlər. Qısqanclıq pis şey, deyil Riad. Mən heç vaxt qısqanmayan kişi arzulamamışam. Deyəsən, biz qadınlarda bu, ehtiyacdan doğur. Amma sənin qısqanclığın artıq yorucu olmağa başlayıb. Başqalarına da gərginlik, dedi-qodu üçün material verir. Düz demirəm bəlkə? Nə isə. Deyəsən çox danışdım. Susuram - gülümsədi və əli ilə Riadın yanağını sığalladı. - Neçə gündü üzünü qırxmırsan?

Riad başını sola əydi, yanağını qaçırtdı.

- Eləmə.

- Yaxşı, eləmirəm. Bu nə mənasız mübahisə oldu belə. Nəyə lazımıydı? – susdu, başını buladı, bayaqdan fikir vermədiyi yola baxdı və qanı qaraldı. Maşın artıq evlərinə yaxınlaşırdı. Budur, Stellagilin binası da görünür. Acı təbəssümlə - deməli tək qalmaq istəyirsən – dedi. Neynək, elə olsun. Amma sənin belə bəhanən heç vaxt olmayıb. İşim var, vacib görüşüm var demisən, amma tək qalmaq...

- Hər şeyin bir ilki olur. Sən özün də bəyənmədiyin şərq qadınısan ki, mənim bir insan kimi tək qalmaq istəyimi həzm edə bilmirsən.

- Aha, mən şərq qadınıyam. Sən isə rolda öpüşü faciəyə çevirən Qərb kişisi. Əlbəttə, Qərbdə bütün kişilər aktrisa sevgililərini hər öpüş səhnəsindən sonra məhşər ayağına çəkirlər. Saxla, həyətə girmə. Burda düşərəm.

Stella onun tək qalmaq arzusunu "arvad bəhanəsi" saysa da, Riad bunu doğrudan istəyirdi. Hisslərində o qədər dolaşığa düşmüşdü ki, bir yox, bəlkə də bir neçə gün özü ilə baş-başa qalmağa ehtiyac duyurdu.

Stellanın zənninin əksinə olaraq, məsələ təkcə öpüşdə deyildi, hərçənd, bunun özü də Riad üçün barışa bilmədiyi məğlubiyyət idi. Hər şeydən vacibi maskulin cəmiyyətin sərt oyun qaydalarına riayət etmək zərurəti idi. Kişi və qadın münasibətlərini tənzimləyən qayda-qanunlar, namus-qeyrət paradiqmaları cəmiyyətdə hələ də hakim mövqeyə malik idi. Ağ qarğa olmaq istəməyən hər kəs bunlara əməl etməli, cəmiyyətin çərçivələrindən kənara adlamamalıydı. Ola bilsin, Stella bu tabular altında Riad qədər əzilmirdi, başqalarının nə deməyi onun üçün əhəmiyyət kəsb etmirdi. Riadda isə toplumun ziddinə getməyə nə həvəs vardı, nə arzu. Zatən, qorxduğu da başına gəlmişdi. Artıq istehzalı baxışlara, bəzən atmacalara tuş gəlirdi. Kişi öz qadınına görə məsuliyyət daşımalıdır. Cəmiyyət rol hərləmir - bir qadın özünü yad kişiyə öpdürürsə, öz kişisinin papağını yerə soxmuş olur. Qısa və konkret.

Bəs bunları Stellaya necə desin? Zəifliyinin sübutu olmazmı bu etiraf? Başqalarının nə düşündüyünə və nə dediyinə baxan kişi təsiri bağışlamaqdan da qorxurdu. Ağlına isə axmaq fikirlər dolurdu. Davidi orda-burda, dost məclisində Stella haqqında erotik əhvalatlar danışan, onunla yatağa girən obrazda təsəvvür edirdi.

Stella, quruca «sağ ol» deyib düşəndən sonra, Riad telefonu əlinə aldı. Kənanın adını tapıb yığdı.

Kənan, Sahil bağı yaxınlığında orta təbəqə üçün restoran işlədən yaxın tanışı idi. Marixuananın da yaxşısı həmişə onda olurdu. Onlar bəzən restoranda Kənanın kabinetində, hava yaxşı olanda isə Kənanın Mərdəkandakı bağında, sınıq-salxaq mebelin və nimdaş Belorus pianinosunun olduğu sərin otaqda divana sərilib çəkirdilər. Çəkəndən sonra ya dayanmadan, saatlarla danışır, ya da dayanmadan, saatlarla susurdular.

Bu gün Riad çəkmək, susmaq istəyirdi.

6

Bayırda tutqun bir səhər açılırdı. Bütün gecəni yatmayan Stella, Remarkın „Zəfər tağı“nı çarpayının üstünə qoyub ayağa qalxdı. Oxuduqlarından və yuxusuzluqdan gicgahlarında küt ağrı hiss eləyirdi. Üç gün idi ki, yuxu rejimi pozulmuşdu. Çəkilişlərə ara verilmişdi, Riad da zəng etmirdi.

Mətbəxə keçib fincana sərin nar şirəsi süzdü, iri qurtumlarla içdi. Ağlayacaq qədər ümidsiz və zəif deyildi. Kədəri yaxına buraxmayacaq qədər isə güclü ola bilmirdi. Halbuki bir həftə öncəyədək xoşbəxtliyin düsturunu tapdığını düşünürdü – sən inanırsan və sənə inanırlar. Sevirsən, sevilirsən. Bu deyilmi xoşbəxtlik?

Bu yüksüz, rahat münasibəti Riad bir göz qırpımında yox etmək istəyirdi. Bəlkə də artıq etmişdi. Nəyin uğruna qıymışdı bu ahəngə? Özü də əbəs yerə, quru şübhə üzündən. Əvvəl beynində bir fantom yaratmışdı, ardınca da onu fantaziyalarıyla bəzəməkdəydi. Ürəyində bu mənasız xofu böyüdüb, hiss-düşüncələrini paylaşmaq əvəzinə günlər boyunca susub, ikisinin də həyatını zəhərə döndərmişdi.

Əlbəttə, qadınlar da qısqancdır. Amma kişi və qadın qısqanclığı arasında ciddi refleksiya fərqi var. Emosiyaların ünvanı tamam başqadır. Qadınlar birmənalı olaraq özlərini daha adekvat aparırlar. Heç olmasa qadının qısqanclığı rəqibə yönələn nifrətdə təzahür tapır. Kişilər isə həmişə və hər işdə qadını günahlandırırlar. Hətta zorlanan qadına „özün təhrik eləmisən“ deyəcək qədər adamlıqdan çıxırlar.

Qısqanan qadın uzaqbaşı nə edər? Rəqibinin nömrəsini tapar, zəng eləyər, təhqir edər, söyər, ağlayar, qarğıyar, küçədə tutub saçlarını yolar, cadu etdirər, qapısının ağzına başı üzülmüş qarğa leşi atar.

Kişi isə ilk növbədə qadını əzmək, sındırmaq haqda düşünəcək. Vaxtı və həvəsi qalarsa, rəqibi ilə də haqq-hesab çürüdəcək.

Yox, əlbəttə ki, Stella onun Davidlə haqq-hesab çürütməsini istəmirdi. Buna gərək da yox idi. Sadəcə kişilərin reaksiyası bütün hallarda eyni olur. Stella bu qənaətə gəlmişdi.

Riadın vaxtaşırı təkrarladığı „yalnız qadın başqa bir qadının nəyə qadir olduğunu bilə bilər“ sözləri də təqib edirdi onu. Riadın Moemdən tez-tez gətirdiyi sitatlardan biri də buydu. Onda belə çıxır ki, qısqanc qadın ərinin, ya da sevgilisinin məşuqəsini hədəfə alanda instinktləri ilə hərəkət etmiş olur? Günahın mütləq qadında olduğundan əmindir deyə? Bəs kişilər? Tolstoyun «Kreyser sonata»sındakı Pozdnışevi götürək - arvadını kaman ifaçısı ilə tutanda, xəncəri qadının sol böyrünə sancan qısqanc qəhramanı. Kamançı isə sivişib qaçmışdı. Pozdnışev sonradan peşman olsa da iş-işdən keçmişdi. Deməli, kişilər də instinktləri ilə hərəkət edirlər.

Kim olursan ol, nə qədər oxuyursan oxu – xislətini gizlədə bilməyəcəksən.

Otağa qayıtdı, gözucu «Zəfər tağı»na baxdı. Otağın romantik səliqəsizliyini indi fərq etdi. Gərgin rejimdə yaşadığından, əli heç nəyə yatmırdı. Hər gün gördüyü dağınıq əşyaların lal hökmünə tabe olmuşdu. Yaxşı ki, sığınmağa kitabları vardı. Üç günə beş kitab oxumuşdu. Qızının sıxıntılarından bixəbər atası isə Stellanı doyunca görməyin sevinci ilə evdə fır-fır fırlanırdı. Qızına olan sevgisi az qalsın qulaqlarından fışqırırdı.

Anası isə elə bil duyuq düşmdüşdü. Aradakı pərdəni qaldırmamaqdan ötrü sözlərini seçərək danışmışdı.

- Günahı onda görürsən. Ola bilər. Bilmirəm aranızda nə olub. Amma məsləhət görərdim ki, əvvəl özünə də hesabat verəsən. Əlbəttə, Riad da özünə. Nə olur olsun, bu qədər uzatmağa dəyməz. Yekə adamlarsınız. Hər nədirsə həll eləyin getsin.

Çoxdandır eşitmədiyi ana nəsihəti. Axırıncı dəfə İncəsənətin sonuncu kursunda oxuyarkən danlanmışdı.

Nəyin hesabatından danışırdı ana? Stella məsumluğa iddialı deyildi, amma hansısa ağır təqsirinin olduğunu da düşünmürdü. Bəs vicdanı ilə təkbətək qalanda necə? Doğrudanmı, onu narahat edən heç nə yoxdur? Bəlkə, Riadı əvvəlki qadınlara qısqandığına görə utanmalıdır?

Əvvəlki qadınlar haqqında da ordan-burdan eşitmişdi. Riad keçmişinə dair mövzulara qapalıydı. Stella bir-iki dəfə danışdırmağa cəhd etmişdi, hər dəfə də kəskin reaksiya ilə üzləşib pərt olmuşdu. Əslinə qalsa, onu nəyə görə qısqandığını özü də bilmirdi. Əvvəlki qadınların dünənki gündə qaldığını bilə-bilə bu qubarla yaşamaq heç bir məntiqə sığmırdı. Stella seksual fantaziyalar quracaq, bundan xəcalət çəkəcək qədər irəli getmişdi. Riadı başqa qadınlarla yataqda təsəvvür edəndə bağrı yarılırdı. Orqazm anında çıxan səsləri, Riadın onların qulaqlarına pıçıldadığı ehtiraslı sözləri, öpüşlərini gözünün önünə gətirirdi. Təfərrüatı ilə, əzabla.

"Riadın ən kövrək, ən doğma, ən dadlı sevgi oyunları o qadınların payına düşüb. O, mənə yorğun gəlib, mən onun limanıyam. Yaşadıqlarını artıq yaşayıb".

Haqqı vardımı bu şübhələrə? Kişi sənə aid ola-ola, belə sarsaq fantaziyalar qurmağın adı nədir? Olmazdımı ki, Riad üçün ən əziz qadının özü olduğuna inansın, bunu belə bilsin? İnansın ki, Riad ona açıldığı qədər, heç bir qadına açılmayıb. İnansın ki, Riadın gözü ondan başqasını görmür. Ürəyini gəmirən qısqanclığı büruzə verməmək, içində çəkmək hələ qüsursuzluq demək deyil. Vicdanın gözünə dik baxa bilmədikdən sonra bu təsəllinin nə mənası var?

Stellaya elə gəldi ki, anasının nəsihəti öz işini görür. Ya da bu günlər ərzində götür-qoy eləmək üçün yaranan zaman bolluğu öz sözünü deyir. Beləcə, hətta emtpatiyada bir qədər də dərinə gedib, Riada haqq qazandırmaq da olar. Niyə də yox? Riad heç olmasa, rəqibliyi nəzəri cəhətdən mümkün olan kişiyə qısqanır onu. Ədalətli deyilmi? Stella onu keçmişinə qısqana bilirsə, Riad onu Davidə niyə qısqanmasın?

İyirmi ildir cəmiyyətə səxavətlə ötürülən mənəviyyat dərslərinin, özünəməxsusluq iddiasının, unikal əxlaq kodeksinin ilk dəfə ziddinə gedildi - seriala öpüşmə kadrı salındı. O da Stellanın qismətinə düştü. Davidlə öpüşərkən keçirdiyi hissləri təftiş etməyə rəvac verən qismət. Öpüşürdü, yoxsa rol oynayırdı? Dəqiq bir qərara gəlmişdimi? Ümumiyyətlə, gəlməliydimi? Özünü bir anlıq Riadın yerinə qoydu və onun xırçın qısqanclığının səbəbi ona agah oldu.

Bütün hallarda, Riadın özü haqda belə bədgüman olması ilə barışa bilmirdi. Axı, onu yüz Davidə belə dəyişməzdi. Aradakı yaş fərqi onu narahat edirsə, qorxudursa, bu lap gülməlidir. Riad öz kobudluğu ilə yeniyetmə təbəssümlü Davidi hər baxımdan üstələyir. Yaş fərqini ağlına belə gətirmirdi Stella. Çünki, fədakarlıq etdiyini düşünmürdü, Riadı gerçəkdən sevirdi.

Başı qazan kimi olmuşdu. Yerinə uzandı. Deməli kişi olsun, qadın olsun – ikisi də eyni bəladan əziyyət çəkirlər. O qısqanclıqdan ki, sevginin şiddətini artıra da, onu nifrətə, ya da ən pis halda laqeydliyə də çevirə bilər. Külək kimi közü alovlandıra, qasırğa kimi söndürə də bilər. Qısqanclıq sevginin yol yoldaşı deyil, yox. Əksinə, sonunun carçısıdır.

Telefonuna baxdı. Səhərin bu vaxtı, özü də yuxusuz halda zəng etmək yerinə düşərdimi? Bəlkə, o da yatıb? Gecə çox işləyib, yorulub?

Xeyr, oyaq olar.

Riad ikinci siqnaldan sonra cavab verdi:

- Sabahın xeyir. Yatmamışdın? Narahat eləmədim?

- Tay zəng eləmisən də - Riadın səsində Stellaya bugünəcən tanış olmayan qəribə gərginlik duyuldu.

- Yəni? – daha ziyadə düşünmək üçün vaxt qazanmağa hesablanmış sual.

- Yənisi odur ki, narahat eləmirsən. Eşidirəm.

- Elə bil zəngimə sevinmədin. Üç gündür səndən soraq çıxmır. Nigaran qaldım. Səni narahat eləmək istəmirdim, ona görə də hər gün Ömərə zəng eləyirdim. Bəlkə ondan nəsə bir xəbər alaram deyə.

- Mənim xəbərimi Ömərdən niyə alırsan?

- Yox. Soruşurdum ki, ssenari hazırdımı, ümumiyyətlə nə yenilik var.

- Deməli, səni serial maraqlandırır?

- Serialla əlbəttə maraqlanıram. Sən nə demək istəyirsən ki? Məni niyə dolaşığa salmağa çalışırsan?

- Salmıram, özün düşürsən.

- Biz uşaq deyilik bir-birimizdən küsək. Gəl açıq danışaq - Stellanın bayaqkı ürkəkliyindən əsər qalmadı, artıq özündən əmin halda danışırdı. - Niyə haqqımda belə pis fikirdəsən? O mənada maraqlanırdım ki, ssenari yazılıbsa, deməli üstündə işləyib bitirmisən. Mən də heç olmasa sənin haqqında təzə nəsə eşitmiş olaram. Yəqin yazdığına görə görüşə bilmirdik. Belə düşünmək mənə sərf edir, başa düşürsən? Sənə bəraət tapırdım.

- Mənim bəraətə ehtiyacım var?

- Hər şeyə belə qulp qoyacaqsansa. Əvvəl mənimlə belə danışmırdın, indi isə elə bil hər sözünlə ürəyimi sındırmaq istəyirsən. Bilmirəm kimin nəyə ehtiyacı var, amma mənim məqsədim səni nədəsə günahlandırmaq deyil. Bilmək istəyirəm ki, niyə məndən uzaqlaşmısan? Yox, sözümü kəsmə, bilirəm. Başa düşürəm. Hərdən öz-özümə deyirəm ki, „görəsən bu adam gəncliyində doyunca qısqanmayıbmı?“. Yəqin ona görə bu mərhələ sənin üçün hələ qapanmayıb. Mənə elə gəlirdi ki, biz o gecə ətraflı danışdıq. Elə bilirdim görüşüb yenə danışacağıq. Tez-tez görüşməliyik, bir yerdə olmalıyıq, başa düşürsən? Sənin şübhələrinə görə, səndən uzaqlaşmaq, səni itirmək istəmirəm. Gəl qurtaraq bu komediyanı.

- Az qalıb, onsuz da qurtaracaq.

Stella yerində qurcuxdu, qaşları çatıldı:

- Nə mənada?

- Görəcəksən.

- Elə danışırsan ki, bilmək olmur sevinməliyəm, yoxsa qorxmalıyam.

- Deyirəm ki, hər şeyi yoluna qoymuşam. Tay aramızda heç kim olmayacaq.

- Axı bu nə deməkdir „heç kim olmaycaq“. Bunu necə başa düşməliyəm?

- Tələsmə, bir-iki günə özün görəcəksən.

Stella bu dəfə ayağa qalxdı, otaqda gəzişməyə başladı. Həyacandan boğazı qurumuşdu.

- Məni çox qorxudursan.

Riad qırıq-qırıq güldü:

- Nədi? Yoxsa elə bilirsən onu duelə çağıracam? Eeeh...

- Yaxşı, sən deyən olsun - Stella razılaşdı. Özüm görəcəmsə, deməli görəcəm. Gözləyək. Amma xahiş edirəm bu gün görüşək. Günlərdi evdən çıxmıram, boğuluram. Bu gün də səhərə qədər gözümə yuxu girməyib. Sənin üçün çox darıxıram.

- Alınmır. Axsam Eltonla görüşəcəm. Sabaha qalsın.

- Axşama qədər görüşə bilərik.

- Yox. İşlərim var. Dedim sabah.

- Söz verirsən?

- Hə, söz verirəm. Get yat. Səsindən hiss olunur ki, pis gündəsən.

- Bilirsən səni nə qədər sevirəm? – Stellanın halsız səsinin dərinliklərində xəfif yalvarışla çulğalaşmış xırıltı duyuldu.

- Bilirəm...

Stella haqlı idi – Riad, hansısa qadına bu şiddətdə bağlandığını, nə vaxtsa qısqanclığı üzündən soyuqqanlılığını və məntiqini büsbütün itirdiyini xatırlamırdı. Stellanı dəli kimi qısqandığını, bu qısqanclığın təkcə özünü yox, bir neçə insanı davamlı gərginlikdə saxladığını yaxşı bilsə də, özü ilə bacara bilmirdi. Hətta orta məktəb illərinin ilk məhəbbəti olan Vikanı rəqib hesab etdiyi oğlanlardan qorumaqdan ötrü bu qədər canfəşanlıq etməmişdi. Vika sinfin ən gözəl qızı idi, onu dəlicəsinə sevdiyinə inanırdı, amma hər addımını güdmək, məktəbin oğlanlarına qısqanmaq, bu zəmində qalmaqal yaratmaq ağlından keçməmişdi. Bəlkə, doğrudan da yaş öz sözünü deyirdi?

Ya da bunun adı sahib olduğunu itirmək qorxusudur? Elədir, məhz itirmək qorxusu. Bu qorxu daim onunladır, addımbaaddım onu təqib edir. Bu qorxu Daviddən öncə də vardı, sonra da olacaq.

Əvvəllər Davidin hərəkətlərində, Stella ilə görüşən zaman göstərdiyi səmimilikdə, onu qucaqlamasında pis bir şey görməsə də, qəlbində hər zaman qara xal gəzdirirdi. Son hadisələrdən sonra isə, Davidin hətta ehtiyatlı jestlərində belə sətiraltı məna axtarmağa başlamışdı. İndinin özündə də - Stellanın günlərdir evdən çıxmadığını bilə-bilə - Davidin onun yanında olduğunu, Stellanı sığalladığını təsəvvür edirdi. Öpüşmələri kabus kimi gözlərinin önündən çəkilmirdi.

Ona elə gəlirdi ki, bütün ölkə, bütün dünya ona gülür, dost-tanışları haqqında namussuzdur deyirlər, bir qadının qeyrətini çəkə bilmədiyinə görə ona rişxənd edirlər. Serialda öpüşmə səhnələri peyda olandan sonra insanların ona münasibətinin dəyişdiyini, tez-tez incə məqamlara eyham vurduqlarını sanırdı. Əslində cəmiyyətdən gələn bu basqı, hətta basqının özü olmasa da fantomu təbii qısqanclıq hissini belə üstələyirdi. Riad adam arasına çıxa bilməyəcək həddə gəlmişdi, özünü bir küncə qısdırılmış, şərəf və ləyaqəti alçaldılmış hiss edirdi. Bir yandan da öz “doğrularını” Stella, ya da başqası ilə bölüşməyə, hər kəsin gözündə gerifikirli, “xanja” kimi tanınmağa da cəsarəti çatmırdı. Bundan yaman qorxurdu. Azad düşüncəli, açıq fikirli, müasir insan imicini çox əziz tuturdu, bu obrazın sarsılmasını istəmirdi, bu səbəbdən də qısqanclığının ictimai aspektləri barədə sonuna qədər susmağa qərarlı idi.

Hal belə olunca, Riadın bu dramatik vəziyyətində Stellanın istənilən sözü, arqumenti, hətta yalvarışı onu daha çox qıcıqlandıracaqdı. Çünki qısqanclığı əsassız olsa belə, geriyə yol qalmamışdı - Riad bu mənəvi halında israr etməkdən zövq alır, Stella üzərindəki haqqını təsdiqləməkdən ötrü ən aşağı fikirlərə belə qapılmaqdan çəkinmirdi. Seriala bir həftədir ara verilməsi, birdən-birə boşluğa və zaman bolluğuna düşən Riadın fantaziyalarını daha da zənginləşdirmişdi. Çəkdiyi hər marixuana isə xəyal qurma qabiliyyətinin sərhədlərini genişləndirirdi.

Əbu Üzeyir Məsudla Pərixanın mətbəxdəki gizli görüşünü vəzirə çatdırandan sonra Rüşdi ibn Hənzələ şah Axsitanın yanına tələsir. Seriya vəzirin bu xəbəri şahın qulağına pıçıldaması və Axsitanın üzündəki yorğun və fikirli ifadənin qəzəb və nifrətlə əvəzlənməsi ilə sona çatırdı.

Adətən seriya efirə gedəndən uzağı üç gün sonra, artıq hazır olan ssenari üzrə məşqlər başlayır, ertəsi gün isə çəkilişlər olurdu. Bu dəfəki fasilə isə düz bir həftə davam etmişdi. Riad narahat idi – hər gün Ömərə, Eltona zəng edir, işlərin nə üçün dayandığını xəbər alır, amma onlardan da onu qane edəcək cavab eşitmirdi. Artıq şübhəsi qalmamışdı - Elton da onun qədər məlumatsız və çaşqın idi.

Dünya mətbuatında Qız Qalası, Bakı və ümumən Azərbaycana qarşı başlayan diqqəti Riad da görür, xəbərləri izləyirdi. Onu ən çox təəccübləndirən isə rəsmi medianın bu haqda susması idi. İlk dəfə Azərbaycan bu miqyasda diqqət mərkəzində olurdu, ölkədə isə sanki qurbağa gölünə daş atılmışdı. Hamı özünü korluğa və karlığa vurmuşdu.

Riad serialın gecikməsini artıq bu hadisələrlə bağlayırdı. Serialın fanatı olan vətəndaşlar isə üz tuta bildikləri bütün instansiyalardan serial haqda bir xəbər, müjdə dilənirdilər. Hamı dərin kədərə bürünmüşdü. İnsanlar vərdiş etdikləri gün və saatda serialın efirə getməməsindən məyus olmuşdular. Hamı qorxuya düşmüşdü ki, birdən layihə dayanar, serialı yerli-dibli yığışdırarlar. Hətta söhbətlər gəzirdi ki, serialın ən sadiq fanatları kütləvi aksiyalar, piketlər də keçirə bilərlər. Televiziyalar xalqı sakitləşdirmək adına serialın qəsdən yubadılması, bunun tamaşaçını gərginlikdə saxlamaq məqsədi ilə edilən „PR gediş“ olması haqda fərziyyələr irəli sürürdülər. Müxalif yönlü xəbər saytları isə serialın bundan sonra hansı məcrada inkişaf edəcəyini müəlliflərin özlərinin də bilmədiyini, bir növ yaradıcı böhran keçirdiklərini, buna görə də filmin gecikdirildiyini yazırdılar.

Dünən zəng edən Eltonun səsindəki soyuqluq Riadın diqqətindən qaçmamışdı. Elton həmişə özündən çox əmin və razı danışırdı, bu dəfə isə sanki özü Riaddan mədət diləyirdi. Riad bu zəngə və görüşmək dəvətinə çox sevinmişdi. Deməli, qaldıqları yerdən davam edəcəklər və Riad beynində qurduğu, konturları aydın görünən planını həyata keçirə biləcəkdi. Böyük iddiaya düşsə də, öz imkanlarına güvənirdi.

***

River Times-ın qapısından içəri addım atan kimi Stella və Davidlə bura gəldiyi günün zindan kimi ağır xatirəsi çökdü üstünə. Bu qüssəli xatirəni özündən uzaqlaşdırmaq üçün Elton və gözlənilən görüş haqda düşünməyə başladı. Böyük zalı keçib ikinci salona daxil oldu. Mariya onu görən kimi yaxınlaşdı, VIP kabinetə qədər müşayiət etdi.

Boş masa arxasında oturub telefonda qurdalanan Elton qapı açılanda düşüncəli gözlərini qaldırıb qapıya baxdı.

- Gəl, gəl. Salam. Keç otur. Mariya bizə yarım araq gətir. Beluga. Soyuqları da gətir, qalanına sonra baxarıq. Etirazın yoxdur ki? – deyə Riada baxdı.

- Yox, buyurun.

Mariya qapını bağlayandan sonra, Elton telefonu qırağa qoydu:

- Söhbət elə görək, nə var, nə yox?

Masaya dirsəklənən Riad əllərini araladı:

- Xəbərlər sizdədi. Bizdə nə xəbər ola bilər? Neçə gündür bu anı gözləyirəm.

Elton həvəssiz qımışdı, sonra da tez ciddiləşdi:

- Elə biz də sənin kimi. Xəbər gözləyirdik. Axır dünən dedilər ki, qaralama hazırdı. Sabah əlimdə olacaq.

- İki həftə fasilə vermiş oluruq - Riad başını buladı.

Elton çiyinlərini dartdı:

- Başa düşürəm, amma bizlik söhbət deyil. Belə məsləhət biliblər.

- Görəsən Məsudun axırını necə yazıblar?

Elton eyni qərarsızlıqla:

- Bilmirəm - dedi. - Mən də gözləyirəm. Yəqin ki, harasa qaçmalı olacaq. Məsəlçün Bağdada.

- Qaçış? Pərixanla, yoxsa tək?

- Əşi mən belə deyirəm, bəlkə ayrı şey oldu, mən hardan bilim?

- Mənim daha yaxşı təklifim var. Heç vaxt süjetdə hansısa dəyişiklik üçün israr eləməmişəm, amma bu dəfə istəyirəm mənim təklifim keçsin - qətiyyətlə dedi.

- Nə təklifi?

- Axsitan Məsudu edam etdirsin! - Riad fərman verirmiş kimi qətiyyətlə, bir az da yüksək səslə söylədi.

Eltonun az qalsın çənəsi qopub yerə düşürdü. Qabağa əyildi, fısıldadı:

- Necə yəni edam etdirsin? Baş qəhrəmanı öldürək? Nə danışırsan sən?

- Seriala intiriqa gələcəksə, niyə də yox?

Elton eşitdiklərinə inana bilmirdi, başına bulaya-bulaya qalmışdı.

- Nə intriqa? İntriqa sizin aranızdadı! - dedi və dərhal peşman oldu. - Gəl, açıq danışaq. Söhbətlərdən xəbərim var. Tək mən yox, hamı bilir. Belə çıxır ki, sən öz problemlərinizi istəyirsən gətirəsən seriala? Sən indi qısqancsan deyə, baş qəhramanı öldürməliyik? Özün nə fikirləşirsən? Belə şey mümkündür?

- Bir dəqiqə, bir dəqiqə - Riad onun sözünü kəsdi. - Siz heç axıra qədər qulaq asmadınız axı. Niyə tez-tələsik qərar verirsiniz?

Qapı açıldı. Mariya əlində iri məcməi ilə gülümsəyərək otağa daxil oldu. Beluga arağını, bir butulka vişnə kompotunu, pomidor-xiyar salatını, turşuları, pendirləri masaya düzüb getdi.

- Nəyə qulaq asmalıyam? Eşitdim də nə dedin. Ondan artıq nə deyəcəksən?

- Bir dəqiqə, xahiş edirəm səbrli olun. Məsudu öldürmək filmi daha baxımlı edəcək. Bunun qısqanclığa zada dəxli yoxdu. Özünüz fikirləşin - Məsud hara qaça bilər? Bir yandan çəkib göstəririk ki, Məsud dəlicəsinə Qız Qalasına bağlıdır, bərpa işləri qurtarmadan heç yerə getmək istəmir. İndi isə özümüz onu qaçırdaq?! Sevgilisi ilə qaçmır ki, Qız Qalasını yarımçıq qoya bilmərəm, amma şahdan qorxub Pərixanı tək qoyub qaçır? Bu lap arvaddı ki! - Riad yoxlayıcı nəzərlə Eltona baxa-baxa güldü.

- Bəlkə Pərixanla bir yerdə qaçacaq? - Elton özündən əmin olmayan tonda dedi, - bəlkə tamam ayrı nəsə olacaq?

- Sizcə bu gecikmə seriyanın çətin yazılmasına görə olub? Yoxsa, başqa səbəb var?

- Nə bilim nəyə görə? Xəbərim yoxdu. Dedim də sənə – belə məsləhət biliblər.

- Bəs, Axsitan bu sevgidən niyə xəbər tutdu? Nə üçün tələsdik?

- Bəlkə intiriqa lazım idi?

- Aha! Deməli lazım idi. İndi də bu intriqanı davam etdirmək lazımdır. Mən də onu deyirəm.

- Məsud edam olunsa film daha maraqlı olacaq? - Eltonun şübhəli gözləri parıldadı. - Bu necə ola bilər? Ölkənin sevimli aktyorunu roldan çıxartmaq bilirsən nə deməkdi? Gərək bunu elə əsaslandırasan ki, razılaşsınlar. O da mümkün olan iş deyil.

- Niyə? - Riad gülümsədi. - Əsaslandıra bilərəm.

- Eşidirəm səni - Elton ona da, özünə də araq süzdü.

7

Ssenarinin surətini ona üç gün əvvəl çatdırmışdılar. Oxuduqları yersiz zarafata oxşayırdı. Baş qəhramanı quyuya atacaqdılar. Təəcüblə güldü. Səhv görmürdü, qabağındakı ssenaridə belə yazılmışdı. Hekayədə belə kəskin virajlar haqda aktyora qabaqcadan xəbər vermək lazım deyilmi? “Bu qəddarlıqdır” düşündü. Yoxsa perspektivdə “dirilmə” var? Axmaq ssenarist. Çox cılız adammış. Tipik Şərq kişisi. Hind filmlərinin ssenaristi olmalıydı, Hindistanda doğulmalıydı. Mitxun Çakraborti, Dxarmendra dövründə ssenarilər yazmalıydı. Adam deyir ki, “səni mən yaratmışam, mən də yox edəcəm”. İdiot.

Arxa cibindən telefonu çıxarıb Eltonun nömrəsini yığdı.

- David? İclasdayam, danışa bilmirəm. Necə? Hə, sənin rolun burda qurtarır. Sabah məşqdə görüşərik. Sağ ol.

- Göt... - söndürəndən sonra Eltonu söyüb iPhone-u alnına döyəcləyə-döyəcləyə düşündü.

Hadisələr maraqlı istiqamət alırdı. Belə bir final yuxarıların razılığı olmadan yazılmazdı. Layihədə iştirakı hindistanlı paranoikin xırda intriqası uğruna qurban gedirdi. Bir cütlüyün arasındakı dramın ortasında dayanmaq axmaq şeydir. Ədalətsizlikdir. Aktyorların öpüşməyinə qərar verənlərin yaxınlarını söydü.

David qadın sarıdan çətinlik çəkmirdi, əksinə qadınları bir deyildi, iki deyildi. Sayları da sürətlə çoxalırdı. Həm məsafə, həm də münasibətin davamlılığı baxımından qadınlarla “bir yerə” qədər yol gedirdi, sonra yox olurdu. Stella bu bolluğun fonunda əriyirdi. Bir qadın kimi onu cəlb edirdi, amma onunla flirt edəcək qədər ağlını itirməmişdi. Aralarında heç nə olmaya-olmaya hindistanlı sevgilisi onu qısqanırdı.

Stellanı yığdı.

- Bu nədi belə? - Stellanın ilk sözləri bunlar oldu. Deməli ssenarini oxuyub.

- Salam.

- Bağışla. Söz tapmıram - Stellanın elə bil boğazı qurudu.

- Mən də.

- Riada zəng eləyəcəm.

Araya sükut çökdü. David:

- Axmaq vəziyyət yaranıb. Biz indi bu adama sübut eləməliyik ki, aramızda heç nə yoxdur. Xətrinə dəyməsin, bu adam xəstədi.

Riad “az qalıb, aramızda heç kim olmayacaq” deyəndə, bunu nəzərdə tuturmuş. Stella indi başa düşürdü.

Ertəsi gün, Riad məşqə gəlmədi. Stella səbəbini Ömərdən eşitdi:

- Dedi ki, işim çıxıb. Çox vacibdir. Sabah çəkilişə gələcək.

- Davidin məsələsi necə olacaq? Bu haqda bir şey bilirsiniz?

- Bilmirəm - Ömər səmimi görünürdü. - Mənə elə gəlir üç-dörd seriya sonra qayıdacaq. Amma dəqiq bir söz deyə bilmərəm. Mən də sənin kimi. Bəlkə Riaddan soruşasan?

Qapıda David göründü. Sonuncu məşqinə gəlmişdi. Sabah da sonuncu çəkilişə gələcəkdi. Ondan sonrası bilinmirdi. Bütün gözlər baş qəhramanın üstündəydi, operator Hürmüzd də qəmgin-qəmgin ona baxırdı. Hər kəs öz işindən, aldığı qonorardan razı idi və baş qəhrəmanın qəfil getməsi, ondan daha betəri isə, sonrakı seriyalar haqda heç kəsdə dəqiq məlumatın olmaması, layihənin taleyi ilə bağlı hamıda haqlı əndişələr və çoxsaylı suallar yaradırdı.

Stella onu qrim otaqlarının olduğu dəhlizə apardı.

- Necəsən?

- Belə - David çiyinlərini dartdı. Necə olmalıyam?

- Dünən zəng elədim ona. Nə haqda danışmaq istədiyimi eşidəndə söndürdü.

- Kefini pozma, - David sağa-sola baxdı. - Gəlməyib?

- Yox. İşi çıxıbmış, sabah çəkilişə gələcək. Ömərlə danışdım. Deyir, sənin məsələndə hələ dəqiq bir şey yoxdur.

- Necə yəni yoxdur? Baş rol qəhramanını öldürürsən, amma bilmirsən dalı necə olacaq? Elə şey ola bilər ki, obrazın birdəfəlik öldüyünü, yoxsa nə vaxtsa diriləcəyini bilməyəsən? Uşaq başı aldadırlar?

Repetisiya başlayandan bir qədər sonra Elton pavilyona gəldi. Kefi yerindəydi, hamıyla zarafatlaşırdı. Davidə da söz atdı:

- Sabah da ən azı belə performans gözləyirəm.

- Başqa bir söz deməyəcəksiniz?

Davidin açıq kinayəsinə fikir vermədi.

- Adam bu qədər dəymədüşər olmaz. Aktyor adamsan, gərək belə şeylərə öyrəşəsən. Seriallar var ki, üç-dörd seriya sonra tutmur, batıb gedir. Aktyorlar da dağılışırlar, gedib özlərinə başqa iş axtarırlar. Daha ağlayıb yas qurmurlar. Bu sənətdə belədi – bu gün belə, sabah belə. Bir üzün gülsün - Elton yersiz qəşş etdi, sonra qulağına əyildi, - sabahkı rola görə qonorarını üç qat alacaqsan. Necədi?

On beş min dollar görülməmiş qonorar idi, bu qədər pulu, bir rola görə hələ heç bir aktyor almamışdı. Pulla başını aldatmaq istəyirlər. Eltonun sifətinə yumruq ilişdirmək istədi. Bu dəqiqə evə gedib divana sərilməkdən, gözlərini tavana zilləməkdən başqa heç nə istəmirdi.

Hamıyla ağızucu sağollaşıb çıxdı. Maşını dəli kimi sürürdü. Evə gələn kimi telefonunu söndürdü, internetə də girməyəcəkdi. Bu yaxınlarda oxumuşdu ki, bir amerikalı internetdən bir il uzaq qalıb. Axşam şər qarışanda evin altındakı supermarketə düşüb altı pivə aldı. Kassada pulu ödəyərkən növbədə dayanan heyranları telefonlarını çıxardılar, flaşlar çaxdı.

Çəkiliş günü pavilyon yas evinə oxşayırdı. Rəssam assistenti Sveta David üçün rulet pişirib gətirmişdi. Ürkəkcə onu öpüb, gözlərini silə-silə ayaqyoluna tələsmişdi. Özünü Məsudsuz təsəvvür etməyən Axsitan da bıçaq vursan qan çıxmazdı. Ömərin kreslosunda oturan İlqar, küsmüş uşaq kimi dodaqlarını büzmüşdü.

Əynində uzun, zərli xələtlə qrim otağından çıxan Stella Riadı görən kimi iti addımlarla yanına getdi. Riad Ömərlə danışırdı və rejissordan fərqli olaraq şən görünürdü. Ömər Stellanı görəndə başını əyib uzaqlaşdı, onları tək qoydu.

- Zənglərimə niyə cavab vermirsən?

- Çox məşğul oluram, - butulkadakı suyu başına çəkdi.

- Sonra neynəyəcəksən? Məsudsuz serial olar?

- Niyə olmur? Görəcəksən, olacaq.

- Sən nə etdiyini başa düşürsən? Bəlkə yavaşlayasan? Belə olmaz.

- Görürsən? Sənin mövzun ancaq odur. Sonra da deyirsən mən səhvəm.

Nə çəkilişdən əvvəl, nə də sonra Davidlə Riad kəlmə kəsmədilər, hətta bir-birlərinin üzünə baxmadılar. Riadın onunla danışılası məsələsi qalmamışdı - etmək istədiyini etmişdi, indi də özünü qalib sərkərdə kimi hiss edirdi. Stellanın da gec-tez hirsinin soyuyacağına inanırdı. David da ona nəsə deməyin mənasız olduğunu düşünürdü. Riadın onu serialdan necə çıxartdığını, rəhbərliyə hansı kartları açdığını bilmirdi və bunlar zərrə qədər onu maraqlandırmırdı. Çünki, əsas prosesin özü yox, nəticə idi. Nəticə isə göz qabağındaydı. Deməli, nəsə əlahiddə bir hadisə baş verib ki, yuxarılar Riadın əlinə oynamağa razı olublar. Özünü eksperiment dovşanı kimi hiss edirdi.

***

Bakının əsrarəngiz üfüqlərində dan yeri sökülməkdə idi. Axsitan yatağından qalxdı, yumşaq tərliklərini geydi. Qapının ardında duran mühafizlər də sanki yuxudan ayıldılar. Sözsüz-səmirsiz, yalnız işarə ilə hamı bir-birinə xəbər verdi ki, hökmdar oyanmışdır. Saray bir an içində canlandı.

Səhərə qədər yatmayan Məsud isə Qız Qalasının lap yaxınındakı daxmasının pəncərəsindən çəkilib ləməyə yanaşdı, qələm-davat götürdü. Layihənin üstünə əyildi. Qız Qalasının sonuncu, səkkizinci mərtəbəsi tikilirdi. Memar indidən damı fikirləşirdi.

Axsitan gen, firuzəyi xələtini əyninə geyinib, pəncərəyə yaxınlaşdı. Qollarını sinəsində çarpazlayıb pəncərədən səhər toranlığını və Qız Qalasını seyrə daldı. Üzündə yuxusuz gecələrdən qalmış yorğunluq, gərgin qayğı əlamətləri, eyni zamanda da əzəmət və rəqibini udmaq əzmi görünürdü. Neçə gün idi ki, şimaldan və cənubdan narahatedici xəbərlər gəlirdi, şahlıq zərbə üstünə zərbə alırdı. Axsitan gürcülərlə müttəfiqliyini qohumluğa çevirmədən arzuladığı qüdrətə malik ola bilməyəcəyini düşünürdü. O, elçilər göndərir, elçilər qəbul edir, müttəfiqlərilə məsləhətləşmələr aparır, Tanrının ona əmanəti olan Şərqin bu təlatümlü guşəsini qorumağa çalışırdı. Hər şey bunun uğrundaydı.

Məsud barmağını dişlədi, fikrə daldı. Tərəddüd keçirdiyi üzündən, hərəkətlərindən aydınca görünürdü. Birdən qərarını verib iplik köynək üstündən kəndli çuxasını geyindi, ayaqlarına qısaboğaz, dikburun məstləri keçirdi, komasından çıxdı. Onca addıma qalaya yaxınlaşdı. İçəri keçib, ardınca qapını çəkdi və qaranlıqda divarı tuta-tuta pilləkəni tapdı.

Axsitan bugünki gündən pis heç nə gözləmirdi. Səhər yeməyini susqun qızı və üzündən həyəcan kölgəsi çəkilməyən vəzirlə birlikdə yeyirdi. Rüşdü dəvətsiz gəlmişdi, şahın icazəsini istəyib süfrəyə əyləşmişdi. Ailə üzvlərindən başqa, süfrəyə dəvətsiz gəlmək haqqı bircə ona aid idi – vəzir Rüşdü ibn Hənzələyə.

Məsud qalanın pillələrini iki-iki adlayıb, yüyürərək yuxarı mərtəbəyə qalxdı. Mazğallardan arabir şiddətli külək əsirdi. Axırıncı qata qədər qalxdı, damın istinad divarlarına toxunmağa, beynində nəsə hesablamağa başladı. Gözlərində ümid təlaşa, sevinc həyacana qarışmışdı. İnana bilmirdi ki, işin çoxu görülüb, azı qalıb. Qoyulan hər bir kərpic, hörülən hər bir divar onu Pərixana daha da yaxın edirdi.

Yemək vaxtı Rüşdünün tez-tez Pərixana sataşan qəribə nəzərləri Axsitanı olduqca narahat edirdi. Vəzirin qıyğacı baxışlarında həm qorxu, həm maraq, həm də şübhə oxunurdu. Şah bilmirdi vəzirin gözlərindəki bu naməlum ifadəni nəyə yozsun. Rüşdü ibn Hənzələ hər nəydi, amma heç vaxt şah qızına çəpəki baxmaq cürətini göstərə bilməzdi. Belə həssas məsələlərdə öz yerini bilirdi.

Axsitanı da məhz bu narahat edirdi - birinci dəfədir Rüşdini belə gərgin görürdü. Pərixan da ondan geri qalmırdı. Atası onu süfrəyə çağıranda nazlanmışdı, “iştaham yoxdur” demişdi, amma şahın israrından sonra məcbur olub gəlmişdi. İştahasız olduğunu, həvəssiz yediyini indi atası da görürdü.

Susqunluq şəraitində keçən yeməkdən sonra Pərixan icazə istəyib çıxan kimi Rüşdünün sifəti də, vücud hərəkətləri də dəyişdi, daha məhrəm görkəm aldı. Sanki bu saniyə, ürəyində hər nə varsa açıb tökməyə hazırdır.

- Nəsə sözlü adama oxşayırsan, vəzir - Axsitan ayağa qalxdı, vəzir də ardınca. Heç xoşum gəlmir bu gün halından.

Keçib taxtına əyləşdi, qabları yığışdıran və taxtın qabağındakı kətilin üstünə meyvələr düzən nökərlərin dalınca baxdı, qapı bağlanan kimi yenə dedi:

- Olmaya pis xəbərlərlə gəlmisən? Səhər-səhər nədir səni bu qədər üzən?

Otaqda özlərindən başqa heç kəs olmadığı halda Vəzir Rüşdü ibn Hənzələ taxtın böyründən əyilib Axsitanın qulağına pıçıldadı:

- Gəlmişəm ki, taxt-tacına sui-qəsd eyləmək niyyətinə düşən bir nanəcibin xəyanətini sənə kəşf eləyim.

Axsitan sol qaşını qaldırdı:

- Eşidirəm səni, vəzir - dedi və gərildi. Nəsə hiss edib zəhmli görkəm aldı.

- Sənin bu sarayında, uca himayəndə bir kafir cavan məskən salmışdır ki, sadiq nökərlərin o cavanı sevdayi-eşq təmənnasında ikən görmüşlər. Məşuqəsi isə... əvf et məni Axsitan, məşuqəsi nuri-çeşmin, yeganə qızın Pərixandır.

Gözlərini yumdu, yumruqlarını sıxdı. O, həyəcan və qəzəbini büruzə vermək istəməyəndə, həmişə belə edirdi. Üzündəki bircə əzələ də qımıldanıb, onun daxili əhvalını zahirə çıxarmazdı.

Birdən gözlərini açdı, ayağa sıçradı, xələtinin balağı meyvədana dəydi, üzüm salxımları yerə töküldü, gilələr hərəsi bir istiqamətdə gilləndi. Kətilə zərblə təpik vurub aşırtdı.

İlk dəfədir ki, adəti üzrə dostları, aktyor həmkarları ilə birlikdə klubların birində seriyanı qeyd etmir. Başqalarının yanında özünü ekranda görəndə diskomfort keçirən Davidə kütləvi məkanlarda TV-də ancaq görüntünün olub, səsin düz-əməlli eşidilməməsi sərf edirdi. İndi isə fraqmentlərlə yox, oynadığı son seriyaya bütöv baxa bilər - istədiyi qədər. Çünki gülüş səslərinin yüksəldiyi, qədəhlərin toqquşduğu, sağlıqların deyildiyi səs-küylü məkanda deyil. Bomboş, sönük gözlərini televizora dikdiyi, tənha evindədir.

Axsitan meyvə qabını aşırdanda diksindi, pult dizindən sürüşüb divana düşdü. Televizoru söndürdü, başını əllərinin arasına aldı. Axsitanın hüzuruna çağırılıb təhqir olunduğu, sorğu-sual edildiyi, hədələndiyi səhnəni görmək, çəkiliş günü hiss etdiklərini bir daha yaşamaq istəmirdi. Edam hökmünün verildiyi, quyuya atılmağa aparılarkən Pərixanın yaşlı gözlərlə saray pəncərəsindən ona baxdığı səhnəni görməyi də həmçinin. Bütün bunları rolda yox, gerçək həyatda yaşamış qədər əzab çəkirdi.

- Sən Pərixanın adını nə cürətlə çəkirsən, ey divanə!? Sənin başın, onun ayaqlarının tozuna da layiq deyil, mənfur memar! Atın onu quyuya! İşlədiyi xəbis cinayəti düşünə-düşünə, yavaş-yavaş ölsün!

Karyerasının üstündən xətt çəkən bu cümlələri bir daha eşidə bilməzdi.

Karyera. Doğrudan da, bundan sonra onu nə gözləyir, neyləyəcək? Bu edamı filmin təbii, məntiqi axarı tələb etsəydi dərd yarıydı. Amma o, bir intriqanın qurbanı olmuşdu və artıq bunu çox adam başa düşürdü. Çox keçməz ki, dedi-qodusu da bütün ölkəyə yayılar, hətta sərhədləri aşar. Axmaq bir səbəb ucbatından oyundankənar qalmağı həzm edə bilmirdi. Bu, həm də gülməli idi.

Heç nə anlamırdı - kimə nə desin, kimdən nə istəsin? Bu dəhşətli mənəvi boşluqdan çıxmaq üçün nəyləsə barışmalı, razılaşmalı idi, amma nəylə? Bunu bilmirdi. Tənha və lazımsız olduğunu özünə etiraf etməyə utanırdı. Sanki gerçəkdən quyuya atılmışdı, hərəkət edə bilmirdi. Yaşadığı bu həyat, bu ev də elə quyu kimidir, David da onun dibində çapalayır, aram-aram çürüyür.

Bir igidi yerə aşırdacaq qədər özünə viski süzdü və başına çəkib bir nəfəsə stəkanı boşaltdı. Sifətini turşutdu, dərindən nəfəs alıb-verdi. Depressiv anlarda içkiyə qurşanmaq sən demə, heç də həmişə klişe deyilmiş. Vəhşi kimi içməyə, içini qovuran yanğını söndürməyə doğrudan ehtiyacı vardı. Başqa cür öz narsisit melanxoliyası ilə bacara bilmirdi.

“Nəsə etmək lazımdır” düşündü. Bu qədər gücsüz, aciz olmağı özünə yaraşdırmırdı. Bu boşluğu nəyləsə doldurmalıdır, amma dərd də burasındadır ki, nəylə doluduracağını da bilmirdi. Bu ədalətsizliyi ona rəva bilən Riad görəsən, əməlindən peşman olubmu? Riada nifrət edib etmədiyini artıq neçənci dəfədir düşünürdü. Bu dəfə də vardığı nəticə eyni oldu – xeyr, nifrət etmirdi, ona yazığı gəlirdi. Onu bu layihəyə dəvət edən, sonra da onu layihədən uzaqlaşdıran Riad elə bir hərəkətə yol vermişdi ki, buna ad qoya bilmirdi. Sanki uşağa hədiyyə edilən oyuncağı təzədən uşağın əlindən alıb onu ağlar qoyursan, ürəyinə tüpürürsən.

Stellanı düşündü. Riadın bu nanəcib hərəkətindən ən az David qədər əzab çəkdiyini bilirdi. Stellanın fədakarlığını qiymətləndirirdi, amma bunun ona nə faydası vardı? Olan artıq olmuşdu. Onların da münasibətləri indi kritik həddədir.

“Nəsə etmək lazımdır, burda beləcə oturub qubarı böyütmək olmaz”.

Bu yaxınlarda Almaniyadan sifarişlə gətirtdiyi mebelə göz gəzdirdi. Nə az, nə çox – düz altmış min avro xərcləmişdi yeni mənzilinin interyerinə. Hesabında nə qədər pulun olduğunu yada salmağa çalışdı. Deyəsən, iki yüz minə yaxın olardı. Son aylarda bir mobil operator və şampun reklamlarından yaxşı gəlir götürmüşdü. Əslində günü sabah təyyarəyə minib, istədiyi ölkəyə gedə bilərdi. Bir müddətlik uzaqlaşar, yox olardı.

Özünə yenə viski süzdü, bu dəfə yarısını içib, stəkanı taqqıltı ilə masanın üstünə endirdi, divanın belinə söykəndi. Fərqi yoxdur hara – təki buradan getsin, heç kəsi görməsin, eşitməsin. Adalardan birinə uçmaq olar, hətta kontinental səyahətə də çıxa bilər. Səyahət təcrübəsi çox deyildi. Ekrandan gördükləri, kitablardan oxuduqları, ondan-bundan eşitdikləri ilə kifayətlinmişdi bugünəcən. Təsəvvüründəki, fantaziyalarındakı ölkələri, qitələri xatırladı. Latın Amerikası təsəvvüründə rəngarəng, səs-küylü, hərəkətliydi. Kasıb, amma şən idi. Bəzilərində ispanca, bəzilərində portuqal dilində danışırlar. Tanqo, samba, karnaval, gitar, ehtiras, özünəməxsus mistik ədəbiyyat və əlbəttə ki, bolluca günəş.

Skandinaviyaya da məmnuniyyətlə gedərdi. İsveçliləri, finləri, norveçliləri, danimarkalıları görərdi. Hamısı da müxtəlif və müxtəlifliyi ilə qürur duyan xalqlardır bunlar. Soyuq, amma keyfiyyətli, təhlükəsiz, əsrarəngiz peyzajlı, sərt iqlimli, əhalisi seyrək, sakit, mərd Skandinaviya.

ABŞ-a da getmək olar. Hamısından yaxşı ABŞ-ı tanıyırdı. Yazıçılarını oxumuşdu, filmlərinə baxmışdı. Bu ölkəni tez-tez xəbərlərdə görürdü, haqqında eşidirdi. Son beş prezidentinin adını əzbərə bilirdi, bayrağını və himnini tanıyırdı. Ən əsası iki yüz min ABŞ dolları vardı.

Səssiz rejimə qoyduğu telefona gözucu baxdı. Məsələdən xəbərsiz olan uzaq və yaxın tanışların, qohumların ona zəng edəcəklərini bilirdi. Məsudun ölümü insanların beynini alt-üst edəcəkdi, ardı-arxası kəsilməyən suallar yaradacaqdı. Artıq displeydə yığılıb qalmış cavabsız zəng və sms-ləri də görürdü, amma açıb baxmırdı.

Qalan viskini də içib gözlərini yumdu. Kaş ki, beynini formatlamaq, lazımlı-lazımsız - bütün xatirələri təmizləmək iqtidarında olsaydı. Bu dəqiqə ən böyük ehtiyacı buydu.

Daviddən fərqli olaraq, Stella bu axşam televizoru heç açmadı. Qızlarının əsəbi halını görən valideynləri də filmə qonaq otağında, televizorun səsini qısaraq baxırdılar. Onunla danışmamışdılar, nə baş verdiyini də düz-əməlli bilmirdilər, amma seriala baxdıqca məsələnin nə yerdə olduğu onlara agah olurdu. Deməli, Davidin rolu bitmişdi, qızı kədərləndirən də bu idi. Qohum-tanış zəng edirdi, filmdəki bu gözlənilməz gedişin səbəbilə maraqlanırdılar.

Səhər evdəkilərə bir söz demədən taksi çağırtdırıb getmişdi, bir saat sonra da iki böyük səfər çantası ilə qayıtmışdı. Onda bilmişdilər ki, Riadgildən əşyalarını yığıb gəlib. Əlində çantalarla otağına girib qapını bağlamışdı. Qapının ardından asılqanların səsi, paketlərin xışıltısı duyulmuşdu – Stella əşyalarını yerbəyer edirdi. Deməli, artıq evinə qayıtmışdı. Anası ilə atası bilmirdilər qızlarının bu ani qərarına sevinsinlər, yoxsa üzülsünlər. Qızları uzun fasilədən sonra onlarla bir yerdə yaşayacaqdı. Hər halda buna sevinməyə dəyərdi.

Stella o evə gedərkən Riadın orda olub-olmadığını bilmirdi, daha doğrusu bununla maraqlanmamışdı. Mübahisə etməyəcəkdi, söz güləşdirməyəcəkdi, ona nəsə başa salmağa, sübut etməyə çalışmayacaqdı. Özünə aid olan əşyaları səssiz-səmirsiz toplayıb çıxacaqdı. Qapının zəngini iki dəfə çalandan və evdə kimsənin olmadığına əmin olandan sonra, qapını öz açarı ilə açıb geniş, lakin ruhsuz mənzilə addım atmışdı. Tənha mənzilin kar edən səssizliyində ilk hiss etdiyi hər tərəfə hopan siqaret qoxusuydu. Deməli, evin içində çəkməyə başlamışdı və Stellanın bu qoxuya dözümsüzlüyü artıq onun üçün maneə deyildi. Olsun. Stella bunu özünə dərd etmədi. Cəld tərpənib şifoneri boşaltdı, qonaq və vanna otaqlarından kitablarını, suvenirlərini, gigiyenik əşyalarını götürdü və çıxmamışdan əvvəl kağız parçasına yazdı: «Açar qapının ağzındakı palazın altındadır».

Telefon zənglərinə, sms-lərə Stella da cavab vermirdi. Facebookdakı fun-page-ində yazılanları oxuyurdu, amma nəsə yazmağa əli qalxmırdı. Sual dalınca sual, şərh dalınca şərh gəlirdi. Sualların hamısı da Məsudun gələcək taleyi ilə bağlı idi: “Doğrudan serialdakı rolu bitir, yoxsa nə vaxtsa qayıdacaq?”. Bu suala nə cavab verə bilərdi? Məyər bundan sonra nə olacağını bilirdimi? Necə izah eləsin, nə desin? Həqiqəti yazsa, ona kim inanacaq? Həmişə öz oxucuları ilə səmimi münasibətdə olub, onların bütün suallarını mümkün qədər cavablandırıb, hətta sevgi etiraflarına təşəkkür və təbəssümlə qarşılıq bildirib. İlk dəfədir nə deyəcəyini bilmir.

Saata baxdı, serial beş dəqiqə əvvəl qurtarmışdı. Qonaq otağı da ölü səssizliyə qərq olmuşdu. Fanatların səhifəyə hücumu intensivləşdi – tamaşaçılar suallarına cavab tələb edirdilər. Stellada olmayan cavabları gözləyirdilər. Əsəbindən notebook-u sərt hərəkətlə qapatdı, yatağına uzandı.

Son günlərin hadisələrini, Riaddan eşitdiklərini, ona dediklərini bir-bir xatırladı. Aydın məsələydi ki, hissləri artıq korşalmışdı, Riadı hər düşündüyündə sinəsində duyduğu şirin sızıltı küt ağırlıqla əvəzlənmişdi. Hirsi də buxarlanıb uçmuşdu, yerində acı və varlığını yandırıb-yaxan peşmanlıq hissi qalmışdı. Riada nifrət etmirdi, ondan möhkəm incimişdi.

Bütün bunlar ruhda elə bir iz qoyur ki, bu təcrübəni təzədən yaşamaq qorxusu insanı ömür boyu təqib edir, özündən və başqalarından hürkməyə başlayan ruhi xəstəyə çevirir. Bundan sonra özündə güc və əminlik tapıb yenidən bir macəraya sürüklənmək mümkün olacaqmı? Stella artıq yorulmuşdu. Son bir ayın hadisələri onu usandırmışdı. Ola bilsin bu yara nə vaxtsa qaysaqlanacaq, amma əsla sağalmayacaq, hər xatirə ilə özünü yenidən hiss etdirəcək. Bundan sonrakı münasibətlərdə də həmişə şübhələr, güvənsizlik olacaq.

Riad ürəyinin elə həssas simini qırmışdı ki, Stella uşaqlığı ilə məhz indi vidalaşıb yetkinliyə addım atdığını, böyüdüyünü sanırdı. Elədir, tanınmış aktrisa, milyonların sevimlisi Stellanın uşaqlıq dövrü artıq qapanmışdı, dünyaya fərqli gözlə baxmağa başlamışdı. Bundan sonra həyatda əvvəlki tək rəngarəngliyə, dəlisovluğa, çılğınlığa yer qalmayacaqdı. Açılan yeni səhifədə bunların heç biri olmayacaqdı, bundan belə bütün çətin sualların cavabını özündə axtaracaqdı, heç kəs ona işığın olduğu yönü göstərməyəcəkdi. Riad öz mənfur hərəkətilə söndürmüşdü bu işığı.

Davidi düşündü. Görəsən necədir? Həssas adamdır, uşaq qədər safdır. Məruz qaldığı bu haqsızlığa dözə biləcəkmi? Bütün gün ancaq özünü düşündüyünə görə utandı, telefonu cəld hərəkətlə götürüb nömrəsini yığdı.

Onuncu siqnaldan sonra zəng kəsildi – David cavab vermirdi. Olmaya o da Stella kimi təcrid olunmaq istəyib bu gün? Yəqin onun da tək qalmağa ehtiyacı var. Ya da kənardadır, eşitməyib. Sükan arxasında da ola bilər.

Əlbəttə, bunların hamısı mümkündür, amma Stella rahat ola bilmirdi, ağlına axmaq fikirlər dolurdu. Evinin nömrəsini bilsəydi zəng edərdi. Əslində, yeni mənzilində telefonun olub-olmadığını da bilmirdi. Yoxsa qalxıb evinəmi getsin? Bir dəfə olmuşdu o evdə, ünvanı da bilirdi. Yox, birdən-birə qarşısına dikilmək ki, buyur mən gəlmişəm. Bu da iş deyil. Bir azdan bir daha cəhd etməyə qərar verdi, telefonu qırağa qoydu.

“Sən nələr elədin, Riad? Bu nə oyundur açdın başımıza? Bu gün evə gəlsəydi kağızı görər, zəng edərdi. Deməli evdə olmayıb. Ya da olub, amma vecinə də deyil ki, gəlmişəm, yığışıb getmişəm. Yox, ola bilməz. Bu qədərmi laqeyddir?”

Gicgahlarından ağrı tutdu, barmaqları ilə onları ovmağa başladı. Nanəli çaya yox deməzdi. Anasını səslədi. Qadın gün ərzində ilk dəfə ürəkdən sevindi, üzü güldü, qızının otağına, sonra da mətbəxə tələsdi.

Riad dəhlizdəki kağızı görməmişdi, çünki evə gəlməmişdi. İki gün idi ki, Kənangildə qalırdı. Dünən dostunun bağ evində kiçik bir parti təşkil etmişdilər, bu gün axşamtərəfi isə seriala baxmaq üçün dostları ilə birlikdə Kənanın restoranına toplaşmışdılar.

Butulkalar bir-bir açılır, qədəhlər qaldırılır, ssenaristin şərəfinə sağlıqlar deyilirdi. Dostların şən səs-küyü seriyanın sonlarına doğru səngidi. Məsud edama aparılanda qonaqların ağzı aralı qaldı, Riada yeddi cüt göz dikildi, onun nəsə deməsini gözləyirdilər. Stellanın bu gün masa arxasında olmadığını da sanki yeni fərq etmişdilər. Riad isə yaranan gərginliyi azaltmaq üçün əlini bulayıb qeyri-müəyyən nəsə demişdi, amma qonaqlar qane olmamışdılar. Qane olmasalar da, narahatedici sualların ardı kəsilmişdi. Riada da elə bu lazım idi.

Serial bitmişdi, marixuana ilə möhkəmlənən məclis isə davam edirdi. Riad özünü əla hiss edirdi. Hərdən ilğım kimi gözünə görünən Stellanın qınayıcı baxışlarını xəyalından tez qovurdu. Vicdan əzabı çəkmək istəmirdi, buna səbəb görmürdü. Öz missiyasını yerinə yetirmişdi. Həmin dəqiqə, həmin masa arxasında oturan dostları Stella ilə David serialda hər öpüşdüklərində susqun baxışlarını Riada sancıb onu azmı qınamışdılar? Arxasından qeybətini edən, “çatışmayan kişiliyindən” danışan bu insanlar deyildimi? Riadın hər şeydən xəbəri vardı.

İndi isə hər şey bitmişdi. Riad tək Davidə yox, həm də dost-tanışa, hətta Eltona və yuxarılarda tanımadığı adamlara da öz gücünü, imkanını nümayiş etdirmişdi. Zəfərinin təntənəsini yaşayır, Stellaya görə də narahat olmurdu. Düşünürdü ki, çox keçməyəcək, o da özünə gələcək, yenə yanına qayıdacaq. Hər şey əvvəlki tək, bəlkə də daha yaxşı olacaq. Axı, Riadın bundan sonrası üçün də heç kəsə açıqlamadığı planları vardı. Üç-dörd seriya sonra Məsud yenidən rola qayıdanda Stella ilə yaxın təmasını əngəlləyəcəkdi, intim səhnələrin qarşısını alacaqdı. Maraqlı süjet fikirləşmişdi və birinci dəfə Eltonu inandıra bilmişdisə, onu ikinci dəfə də razı salacağına şübhə etmirdi.

8

Bu axşam küçələrdə ölü sükut hökm sürürdü. Buna fırtınaqabağı sakitlik demək də olardı. Yollarda tək-tük taksilər və küçə itləri gözə dəyirdi. Hamı evində idi, hamı seriala baxırdı. İnsanların hansı hisslər keçirdiyi hələlik məlum deyildi.

Günəşin ilk işıqları ilə sükut pozuldu - serialda yaşanan dramın real qurbanları haqda xəbərlər ildırım sürətilə yayıldı. TV-lər, radio kanalları, online qəzetlər bir-birinin ardınca gələn qara xəbərləri paylaşırdılar. Artıq günortaya doğru nəinki Azərbaycanın hətta Rusiya, Türkiyə, İran və başqa bir çox qonşu ölkənin KİV-ləri də bu haqda danışmağa, göstərməyə və yazmağa başladılar. Serialın səbəb olduğu kütləvi etiraz və intiharlar fenomenal hadisə kimi təsvir olunur, bir film uğrunda belə böyük bir üsyana tarixdə ilk dəfə rast gəlindiyi qeyd edilirdi. Bununla da Qız Qalası serialı, abidənin özü və memar Məsud ibn Davud haqqında məlumatı olmayan milyonlarla insan, qulaqucu da olsa, bütün bunlardan xəbərdar edilirdi.

Birinci qurban Ağsu rayonundan on səkkiz yaşlı qız oldu. Məsudun ölümündən təsirlənən Fatma Abdıyeva özünü həyətlərindəki tut ağacının budağından asmışdı. Həmçinin Bakıdan iyirmi dörd yaşlı bir qızın və Naxçıvandan iyirmi yaşlı oğlanın intihar xəbərləri gəldi. Sonuncu, Vasif Qurbanov intihardan əvvəl kağıza “Mənim idealımı öldürdünüz, bundan sonra yaşamağın nə mənası var?” yazmış, vanna otağında damarlarını doğramışdı.

Aləm bir-birinə dəydi, ara qarışdı, ölkə yasa büründü. Televiziyalar qorxunc intihar xəbərlərini saatbaşı efirə gətirir, bölgələrlə canlı bağlantılar yaradırdılar. Yerlərdə üsyanlar başlamışdı. Ayağa qalxan, küçələrə tökülən insanların əksəriyyəti Məsudun ölümünə üsyan edərkən, bir qismi isə adi serialdan ötrü xalqın düşdüyü bu ağır mənəvi böhranın məsuliyyətini hökumətə yükləyir, insanları təmkinli olmağa, provokasiyalara uymamağa, bir edam səhnəsi üzündən mənliklərini itirməməyə sələyirdilər.

Bakıda isə üsyanın miqyası ağlasığmaz həddə çatmışdı. Günün ikinci yarısında çoxminlik izdiham serialın efirə getdiyi ATV kanalının qarşısına toplaşmağa başladı. Bu insan selinin içində ən diqqət çəkən detal insanların əllərindəki səliqə ilə yazılmış, sanki çox əvvəldən tədarükü görülmüş plakatlar idi: “Məsudumuzu bizə qaytarın!”, “Qız Qalası mirasımız, Zərdüşt atamız”, “Ahura Mazda bizə yar olsun!” şüarlarının yazıldığı bu plakatlar müxtəlif ölçü və rənglərdə hazırlanmışdı. Hər yüz nəfərdən biri əlində bunlardan tutmuşdu.

ATV kanalı başda olmaqla, bütün televiziyalar canlı yayımda efirə gedirdi. Studiyalara dəvət olunan psixiatrlar əhalini sakitləşdirməyə çalışır, onlara gerçək həyatı rolla səhv salmamağa, təmkinli olmağa səsləyirdilər. Səhiyyə nazirliyi isə operativ şəkildə üç rəqəmli qaynar xətt yaradaraq Məsudun “ölümündən” əziyyət çəkən tamaşaçılara pulsuz psixoloji yardım xidməti vəd edirdi.

Qapının zənginin çalınması, ardından da möhkəm və aramsız taqqıltı Davidi yuxudan oyatdı. Əvvəl yuxu gördüyünü sandı, sonra göz qapaqlarını ağır-ağır araladı, səksəkə içində sağa-sola baxdı, harda olduğunu xatırlamağa çalışdı. Qapı isə israrla döyülürdü. Qazana dönmüş başını mütəkkədən qaldırdı, ayaqlarını yerə saldı, oturdu. Ağzında acılıq vardı, gözləri yanırdı. Özünü saata baxmağa zorladı, dəhşətə gəldi. Saat ikiyə qalırdı. Zarıyaraq qalxıb dəhlizə keçdi, dəlikdən baxmadan qapını açdı.

Eltonun həyəcanlı baxışlarına təbəssüm qondu. Qarşısında üzünü saqqal basmış, gözləri qıpqırmızı, saçları darmadağın Davidi görəndə başını buladı. İçəri keçmədi, əlini qapı çərçivəsinə yaslayıb:

- Sənin uğrunda camaat ölkəni dağıdır, sənsə fil qulağında yatmısan.

- Başa düşmədim - David mızıldandı. - Hara dağılır?

- Nə isə, aşağıdayam, maşında gözləyirəm. Tez özünə gəl, gedək. Üzünü qırx, duş al çıx. Oldu?

- Hara... noolub ki... - Davidin sərsəmliyi eşitdiklərindən sonra daha da artmışdı.

- Hazırlaş gəl, yolda başa salaram. ATV-yə gedirik, tez elə - Elton arxasını çevirib liftin düyməsini basdı. - Bir az cəld ol.

David otağa ruh kimi qayıtdı, təzədən divana çökdü. İki dəqiqə boyunca yerindən qımıldanmadan oturdu, ətrafa göz gəzdirdi, dünənki gecəni xatırlamağa çalışdı. Jurnal masasının üstündə duran boş viski butulkası, bütün suallarına cavab oldu.

Telefonu əlinə götürdü. Cavabsız yüzə yaxın zəng, otuzdan çox sms yığılmışdı. Batareya da bitmək üzrəydi. Başını buladı, telefonu dolmağa qoydu və notebooku açdı. Davamlı izlədiyi üç-dörd saytı yenilədi, dəhşətə gəldi.

Öz sifətini küçədə, bayırda, televiziyada, qəzetlərdə, xəbər saytlarında, bilboardlarda görmək onun üçün adi hal almışdısa da, bu dəfə şəkilinin altında yazılanları oxuyanda, canına ürpəşmə düşdü. İntihar xəbərləri, bölgələrdə və Bakıda ayağa qalxan əhali, ATV kanalının qarşısındakı izdihamın fotları – bunların hamısı onu əməlli ayıltdı, əzginliyindən əsər qalmadı. Amma bütün yazıları oxumağa nə halı, nə də vaxtı vardı.

Ayağa sıçradı, vanna otağına cumdu. Necə yaxalandı, üzünü necə qırxdı, saçını nə vaxt daradı, əyninə nə geyindi - özü də bilmədi. Son dəfə dəhlizdəki böyük aynada özünə baxıb, mənzildən çıxdı.

Maşının arxa oturacağına əyləşəndə, Elton oxuduğu qəzeti dizlərinin üstünə qoydu, vücudunu qırx beş dərəcə ona çevirdi. Yarım saat içində Davidin görkəmində baş verən dəyişiklikdən razı qaldığını ifadə edən jestlə başını yırğaladı. Maşın hərəkət edən kimi dedi:

- Baxa bildin nə baş verib?

- Baxdım. Bu nə deməkdir?

- O deməkdir ki, insanlar səni sevir. Sən nə bilmişdin?

- Deyəsən, bu da sizi sevindirir?

Elton uyğun cavab üçün bir qədər fikrə getdi:

- Yox, niyə sevindirsin ki? Cavan uşaqlar ölüb. Amma biz yaşayırıq, bizim üçün həyat davam edir. Bunu da unutmalı deyilik.

David qabağa baxdı. Qara Chevrolet Tahoe bütün qaydaları pozaraq sürətlə ATV kanalına doğru irəliləyirdi.

- İndi noolacaq? Neynəyəcəm?

- Deyim də noolacaq. Canlı efirə çıxassan. Xalq səni görsün. Onlara bir söz demək lazımdır.

David səmimi şaşqınlıqla:

- Nə deməliyəm ki?

- De ki, mən burdayam, həyacanlanmayın, hər şey qaydasındadı, biz yenə görüşəcəyik. Deməyə o qədər söz var ki. Amma sən narahat olma, suflyor qulağına nə lazımdırsa deyəcək, istiqamət verəcək. Suallar da yönləndirən suallar olacaq. Rahat danışacaqsan.

- Necə yəni suflyor deyəcək? Verilişə çıxıram, yoxsa səhnəyə?

- Sənə nə lazımdı? Görürsən ki, xalq narahatdı. Razı deyil sənin ölümünlə. Onlarla danışmalısan, ümid verməlisən. De ki, görüşəcəyik yenə.

- Harda?

- Onu deməyin şərt deyil. Eləcə “yenə görüşəcəyik” desən bəsdir. Bu serialda, yoxsa başqa yerdə – axır ki, görüşəcəyik. Dərinə getməyə ehtiyac yoxdu.

- Heç xoşum gəlmədi bu söhbətdən - Davidin sifəti tündləşdi.

- Elə bil ki, rolun davam edir. Bunu da mən deməliyəm sənə? Uzatmağa ehtiyac yoxdur. Nə deyilir, onu da elə. Oldu qadası? - Elton, rejissor Ömər Camalın məşhur ifadəsini işlətdi və Davidə göz vurdu.

***

- Sən ona görə əzab çəkirsən ki, əzab çəkmək istəyirsən - Kənan marixuanadan sinədolusu dartıb, “joint”i Riada ötürdü. Olur də belə adamlar – dərd-sərsiz, problemsiz yaşaya bilmirlər.

- Başın xarab olub? - “joint”i alan Riad acıqlı-acıqlı mızıldandı. - Sən hardan bilirsən mən nə çəkirəm?

Sahildə itə budaq atan oğlan itin özündən bərk qaçırdı. Qonşu bağlardan şən səslər, kabab qoxusu, manqal tüstüsü yüksəlirdi. Bağ mövsümü olmasa da təbiətin bəxş etdiyi mülayim havaları fürsət bilən bakılılar bağlara üz tutmuşdular. Verandada üzü dənizə sarı oturan Riadla Kənan tənbəl dalğaların nazla sahilə çırpılmasına tamaşa edirdilər.

- Düz deyirsən, bilmirəm. Amma bildiyim odur ki, bütün arzular, fikirlər əvvəl-axır materiallaşır. Nədi? Elə bilirsən restoran işlədənlərin ağlı olmur? Bax, bu stəkan mənim əlimdən düşüb sınsa deyərəm ki, sağlıq olsun, uzaqbaşı gedib təzəsini alaram. Sənin əlindən düşüb sınsa, sən bunu özünə böyük dərd eləyərsən. Niyə? Çünki sən dərd mənbəyisən - Kenan tərxun limonadını yanğı ilə, iri qurtumlarla içdi.

Riad “joint”i dostuna uzadıb sifətini turşutdu, tüstünü buraxdı:

- Razı deyiləm.

Üsyanın üstündən dörd gün keçmişdi. Məsud canlı yayıma çıxmaqla öz işini görmüş və Eltondan ürək-dirək sözləri eşidəndən sonra, təzədən evinə qapanmışdı. Bu günlər ərzində Stelladan da səs-soraq çıxmamışdı. İki gündür Riadın zəngləri və yazdığı mesajlar nəticə vermirdi.

- Axırıncı dəfə nə vaxt görüşmüsünüz?

- Bir həftə olar. Çəkilişdə. Bu gün səhər evlərinə də getmişdim - Riad köks ötürdü. - Qapını anası açdı. Dedi ki, Stella evdə yoxdur, bilmirəm hara gedib. Əlbəttə, inanmadım. Dedim ki, ssenarini danışmalıyıq. Qayıtdı ki, ssenari hələ sabah səhər gələcək, xəbərim var. Deməyə sözüm qalmadı.

- Bəs, sən bilmirdin əvvəl-axır belə olacaq?

- Yox.

- Həyatına burnumu soxmaq istəmirəm, amma təxminən bilirəm də nə baş verir. Hər şeyi görürəm. Davidin serialdan getməsi sənin işindir. İndi də görürsən ki, Davidi uzaqlaşdırmaqla, Stellanı da özündən uzaqlaşdırmısan. Bilirsən, sənin problemin nədir? Başqalarının nə düşündüyü, nə dediyi sənin üçün hamıdan, hər şeydən daha vacibdir. Kino elə sahədir ki, burda öpüşmə də olur, seks də olur. Nə bilim, buna hazır deyildinsə...

- Qardaşımsan, bağla da söhbəti!

- Yaxşı - Kenan razılaşdı. - Heç olmasa de görüm, səhv elədiyini nə vaxt başa düşdün?

Nə vaxt başa düşmüşdü? Səhər yuxudan oyanıb intihar xəbərlərini oxuyanda. Canlı efirdə pərişan hallı Davidə qulaq asanda. ATV-nin qabağındakı izdihamı görəndə. Onda başa düşmüşdü ki, hadisələr onun gözləmədiyi məcrada cərəyan edir. Riad nəticənin belə olacağını ehtimal etməmişdi. Bircə Elton həmişəki kimi qayğısız, şən görünürdü ki, bu da Riadda çaşqınlıq yaradırdı.

- Sən heç bilirsən sevgi nədir?

Sual gözlənilməz olduğu üçün, Kenan təəccüblə:

- Niyə bilmirəm? Mən adam deyiləm, bəyəm?

- Mənsə birinci dəfədir belə sevirəm, bu cür qısqanıram. Evdə olduğunu bilə-bilə qısqanıram, mənsiz keçən hər dəqiqəsini qısqanıram. Onu atasına, anasına qısqanıram. Mənə aid olduğuna o qədər inanırdım ki, indi yoxluğuna dözə bilmirəm. Davidə görə yox, Stellanı özümdən soyutduğuma görə peşmanam. Bunu eşitmək istəyirdin?

- Elə bilirdin ürəyin nə vaxt istəsə, bir barmaq işarəti ilə yanına qaçacaq?

- Hə.

- Elə olmur - Kenan başını buladı, “joint”i Riada uzatdı.

- Yox, bəsimdir.

- Hə, qardaşım, elə olmur. Qadınlar haqda səhv fikirdəsən. Onların gözündən düşəndə... Allah heç kəsə göstərməsin. Biz onlardan mərhəmətliyik.

- Mənə onun mərhəməti lazım deyil axı. Heç olmasa görüşək, söhbət eləyək, mənə qulaq assın. Sonra qərar versin.

- Bir az vaxt ver, özünə gəlsin. Bu boyda hadisə baş verib, zarafat deyil. Məşqdə, çəkilişdə görüşəcəksiniz onsuz da. Deməli ssenari səhər gəlir - Kenan laqeyd tərzdə maraqlandı.

- Hə, səhər.

- Maraqlı nəsə var?

- Belə də. Qaladakı işləri tamamlamağı Axsitan vəzirin memar kürəkəni Ələddinə tapşıracaq. Sonra gürcü knyazı Bakıya qonaq gələcək - toy hazırlıqları, ruslara qarşı döyüş taktikası haqda danışacaqlar. Pis deyil, baxmaq olar.

Kenan gülümsündü:

- David serialdan belə qalmaqalla getdiyinə görə Stella doğrudan da səmimi obraz yaradacaq. Yəni rol oynamayacaq. Kədəri ona bəsdir. Düz demirəm?

- Çox gülməlidir?

- Xətrinə dəydim? Bağışla. Amma öz aramızdı, lap özlərini axırıncı yola qoyublar.

- Kim?

- Kim olacaq? Serialın müəllifləri. Görmürsən, söhbəti hara aparırlar? Zərdüştlik nədir e, qardaşımsan? Bu nə söhbətdir? Mən müsəlmanam, valideynlərim də müsəlman olub. Biz atəşpərəst deyilik axı. Düzdür, dinimə əməl eləmirəm, amma başqa din də istəmirəm.

Riad başını yırğalayaraq razılaşdı:

- Başa düşürəm. Amma inan ki, mənlik heç nə yoxdur. Dövlətə ideologiya lazımdır. İslam, türkçülük alınmadı, zərdüştilikdə qərar qıldılar. Bu qədər sadə.

- Bilirəm sənlik deyil. İnandırım səni bezmişəm bu ölkədən də, bu xalqdan da. Xalqa əməlli-başlı torba tikirlər, tükü də tərpənmir. Hər şeyi tullayıb çıxıb getmək istəyirəm burdan. Restoranı da satacam. Onlar da bunu istəyirlər elə. Narazıların hamısı getsin, özləri üçün kef eləsinlər.

- Amma sən getsən çox darıxacam. Hamı gedir. Stella da getmiş kimidir.

- Boş-boş danışma. Hara gedib? Kişi deyilsən? Get qaytar, bir də onun-bunun sözüylə oturub durma.

- Necə qaytarım? Cavab vermir axı.

- Ona elə mesaj yaz ki, cavab verməyə məcbur olsun. Yazıçı adamsan, əlindən gəlir.

- Heç bilmirəm, bundan artıq nə yazım.

- Necə yəni bilmirsən?

- Başqası üçün yazardım, özüm üçünsə bilmirəm nə yazım. Nə yaza bilərdimsə yazmışam.

- Üzr istəmisən?

- İstəmişəm, hə.

- Daviddən da?

- O haranın poxudur ki, ondan üzr istəyim? - Riadın qaşları çatıldı.

- Həə, bax problem də bundadır! - Kənan “joint”i külqabında əzdi. - Stella Davidə görə də əziyyət çəkir, onun qabağında özünü xəcalətli hiss edir. Başa düşürsən, nə deyirəm?

- Burda Stellalıq heç nə yoxdur! Bu, Davidlə mənim aramdadır.

- Bunu mənə demə qardaşım - Kenan ürəkdən güldü. - Stella ilə danış, onu razı sal!

***

Qapı bağlanandan sonra, Stella da otağına keçmişdi. Anası ilə bu haqda danışmaq istəmirdi – qapı kandarında baş tutan qısa dialoqu eşitmişdi. Yenə də sağ olsun ki, onu Riadla üz-üzə gəlmək əzabından xilas eləmişdi anası. Çünki, ona nə deyəcəyini, üzünə necə baxacağını bilmirdi. Hətta Riad peşman olduğunu deməyə, üzr istəməyə gəlmiş olsa belə onu görməyə taqəti qalmamışdı. Onsuz da demək istədiyi hər şeyi mesajlarında yazmışdı, Stelladan onu bağışlamasını da istəmişdi, amma bir şeyi hələ də dərk etməmişdi ki, üzrü əvvəl Daviddən istəməlidir, ondan yox. Buna isə Riad nəinki hazır deyildi, hətta öz əməlinin çirkinliyini dərk etmirdi. Bu, mesajlarından aydın oxunurdu.

Facebook-dakı susqunluğu da davam edirdi. Pərəstişkarları artıq kütləvi narazılığa, tənqidlərə başlamışdılar, onu hətta xudpəsəndlikdə ittiham edirdilər. Aktrisanı qəlbindən silib atdığını yazanlarla yanaşı, ona haqq qazandıranlar, depressiyasının başadüşülən olduğunu yazanlar da vardı. Çox vaxt soyuqqanlıqla oxuyurdu bunları, bəzənsə acı-acı gülümsəyirdi.

Pəncərədən çölə baxdı. Buludların arxasından baxan günəş macal tapan kimi şüalarını yer üzünə səpələyirdi. Bu xəsis şüaların altında parıldayan gölməçələrə basmadan yeriməkdə çətinlik çəkən piyadalardan fərqli olaraq, quşlar xoşbəxt görünürdülər. Budaqdan budağa qonur, civildəşir, tapdıqları qırıntıları dimdikləyirdilər. Təbiət də öz sarı-qızılı xalısını sərmişdi yerə, üzbəüzdəki parkın əlvan coşqunluğu göz oxşayırdı. Amma o, rənglərin ecazkar ahəngindən zövq ala bilmirdi.

Ağlında bir tək David vardı!..

Ekranda onu sınıxmış halda görəndə göz yaşlarını tuta bilməmişdi, zəng eləyib danışmaq istəmişdi, amma telefon söndürülmüşdü, o gündən də açılmırdı. Görəsən, nəylə məşğuldur, neynəyir, bəlkə köməyə ehtiyacı var? Kiminlə dərdləşir? Valideynləri ilə? Çətin. Eltonla? Bu lap gülməlidir. Təsadüfi qadınları ilə? Ola bilməz. Həmkarlarına da ürəyini açan deyil. Deməli təkdir.

Yox, mərhəmət pis məsləhətçidir. Ona yazığı gəlmirdi, sadəcə yanında olmaq, əlindən tutmaq istəyirdi. Nəhayət, tərəf müqabilindən başqa, axı onlar həm də dost idilər. Ən azından Stella üçün belə idi. Riadın paranoyaları bu dostluğa kölgə salmamalıydı.

“Bir az cəsarətli olmalıyam” düşündü. “Riadın bu qapıya gəlməyə üzü varsa, mənim də Davidin qapısına getməyə üzüm olmalıdır”.

Taksi çağıb, tez-tələsik geyinməyə başladı. Son anda makyajlanıb ətirlənməyə də macal tapdı.

***

David qapını gec açdı. Üzündə yenə saqqal vardı, gözləri qızarmışdı. Onun azacıq donuq, bu donuqluğun altından duyulan qaynar baxışları Stellanın gəlişinə nə təəccüb, nə də sevinc ifadə edirdi. Stella onun tərəddüdündən duruxdu, əllərini göbəyinin üstündə qoşalayıb gözlərini döydü.

David birdən özünə gəldi, artıq baxışlarında tərəddüd yox idi, kənara çəkildi:

- Xoş gəlmisən!​

Bakı - Sürix,

Yanvar 2012 - Mart 2014

__________

Xromakey -Bir və ya bir neçə görüntünün bir kompozisiyada birləşdirilməsi texnologiyası. Kino, serial və TV çəkilişlərində istifadə olunan rəng rirproyeksiyası. Əsasən yaşıl və mavi rənglərdə olur. Saya rəngin fonunda çəkilən görüntüyə daha sonra istənilən obyekt, ya da mənzərə əlavə edilir.

XS
SM
MD
LG