Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

«Azərbaycan yeni xarici siyasət icad edib»


Hikmət Hacızadə
Hikmət Hacızadə

-

«ATƏT-in Bakıdakı ofisinin bağlanması Azərbaycan hökumətinin xarici siyasətinin davamıdır. Yeni xarici siyasət icad ediblər: «Biz biznes əməkdaşlığı edəcəyik, demokratik sahədə əməkdaşlıq etməyəcəyik».

Politoloq Hikmət Hacızadə Azərbaycan hökumətinin ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması haqda notasını şərh edərkən belə deyir. Onun qənaətincə, Qərb sözdə yox, əməldə etiraz etməsə, Azərbaycan Qərblə bütün münasibətləri dağıda-dağıda irəliləyəcək və hətta beynəlxalq qurumları tərk edəcək.

Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması barədə nota verib. Ancaq bu haqda məlumat ötən həftəsonu yayılsa da, Azərbaycan tərəfi hələ də bu qəfil addımın səbəbi haqda ictimaiyyətə açıqlama və ya izahat verməyi lazım bilməyib.

Elə ATƏT-dən də deyirlər ki, bu haqda onlara heç bir izahat verilməyib. Sadəcə işlərini dayandırmaq üçün bir ay vaxt ayrılıb.

İyunun 8-də AzadlıqRadiosu bununla bağlı XİN-dən açıqlama almağa cəhd göstərsə də, bu, mümkün olmayıb.

«AZƏRBAYCAN PREZİDENTİ HƏLƏ BİR-İKİ İL QABAQ DEYİB Kİ...»

Politoloq Hikmət Hacızadənin dediyinə görə, rəsmi Bakı bir qədər əvvəl elan etdiyi siyasəti yürüdür, o, tədricən beynəlxalq qurumları tərk edə bilər:

«Azərbaycan hökuməti Qərblə münasibətlərdə yeni xarici siyasət icad edib. Biz biznes əməkdaşlığı edəcəyik, demokratik əməkdaşlıq etməyəcəyik. Deyirlər ki, demokratik tənqid, insan haqlarına görə tənqid eşitmək fikrində deyilik, yorulmuşuq, başqa sözünüz varsa, müzakirə edək. Gəlin torpağımızı qazın, neft aparın, zavod tikin, bank açın, o birilərsə bizə lazım deyil. Azərbaycan prezidenti hələ bir-iki il qabaq elan edib ki, beynəlxalq təşkilatlardan çıxsaq, bizə heç bir zərər dəyməyəcək, onsuz da mənasız bəyanat verməklə məşğuldular və yavaş-yavaş uzaqlaşmaq lazımdır. ATƏT-in Bakı ofisinin bağlanması da həmin siyasətin məntiqi davamıdır».

«QƏRBDƏNSƏ HEÇ BİR SANKSİYA, AKSİYA YOXDUR»

Bəs rəsmi Bakının Qərb qurumlarından imtinası hara qədər davam edə bilər? Hikmət Hacızadənin qənaətincə, bu, artıq Qərbin siyasətindən və iradəsindən asılı olacaq.

Politoloq deyir ki, Azərbaycan artıq yavaş-yavaş beynəlxalq qurumlarla insan haqları, humanitar sahələrdə əməkdaşlığı azaldır və Qərb buna kağızda yox, əməldə etiraz etməsə, proses dayanmayacaq, Azərbaycan münasibətləri dağıda-dağıda irəliləyəcək, bütün təşkilatları tərk edəcək:

Asim Mollazadə
Asim Mollazadə

«Yəni «gedin işinizlə məşğul olun, burda mənə seçki, insan haqları, jurnalistin gözünü çıxarmaq məsələsi qaldırmayın». Mesaj budur. Yəni özümüz bilərik, Azərbaycanın öz yolu var. Qərbdən isə heç bir sanksiya, aksiya yoxdur, bəyanatlardan başqa. Çünki biznesləri yaxşı gedir. İnsan haqları sferasında susduqları üçün də bütün bunlar baş verir...».

ASİM MOLLAZADƏ: «OFİS OLMADAN DA ƏMƏKDAŞLIQ DAVAM ETDİRİLƏCƏK»

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə isə Azərbaycanın beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə işbirliyini dayandıracağını düşünmür. «Azərbaycan ATƏT-in ofisini bağlamaqla onunla işini, əməkdaşlığını dayandırmır. Yəqin bir neçə istiqamətdə əməkdaşlıq davam etdiriləcək. Ofis olmadan da əməkdaşlıq davam etdiriləcək. Ofisin bağlanması heç nəyi dəyişdirməyəcək. ATƏT-in indiki sədri ilə görüşümüzdə o da bəzi istiqamətlərdə islahatlara ehtiyac olduğunu vurğulamışdı» - deyir deputat.

Asim Mollazadə də, başqa həmkarları kimi, qurumla Bakı arasında baş verənləri Alexis Chahtahtinsky-nin ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi kimi fəaliyyət müddətinin uzadılmamasıyla izah etməyə çalışır. O, deyir:

Rasim Musabəyov
Rasim Musabəyov

«Sadəcə, son nümayəndə ilə bağlı problemlər ofisin işində bəzi problemləri müəyyənləşdirdi». Hərçənd, deputat bunun üzərində xüsusi dayanmaq istəmir.

Elə iyunun 6-da AzadlıqRadiosuna danışan Rasim Musabəyov da baş verənləri şərh edərkən məhz Chahtahtinsky məsələsini önə çəkmişdi. «Bəli. Deyirlər, «sən niyə prezidentlə, xarici işlər naziri ilə görüşürsən?» Elə adam göndərərdilər XİN-in heç üçüncü səviyyəli adamı ilə də kontaktı yaranmazdı. Bu nə yanaşmadır?.. Necə düşünürsünüz, həmin nümayəndənin prezidentlə və ya nazirlə eləmi tez-tez görüşmək imkanı var idi? Ola bilsin, bir dəfə görüşüb, şəkil çəkilib. Bunu şişirtmək qərəzli yanaşmanın təzahürüdür. ATƏT zəif təşkilatdır. Onların elə bir missiyası da qalmayıb. Özləri üçün bir missiya kəşf ediblər - üç-dörd ölkənin başına ağıl qoymaq. Əlləri heç nəyə çatası təşkilat deyil. Azərbaycan deyir ki, ATƏT başqa ölkələrdə necə işləyirsə, burda da o səviyyədə işləsin. ATƏT-in burda xüsusi tələblərlə çıxış etməsinə mənəvi haqqı yoxdur».

Başqa bir deputat Fəzail Ağamalı isə «Yeni Müsavat»a deyib ki, bu addımı çoxdan gözləyirmiş və Azərbaycan ATƏT-lə münasibətlərinə yenidən baxmalıdır:

Fəzail Ağamalı
Fəzail Ağamalı

«ATƏT-in Azərbaycandakı fəaliyyətinə son qoymalıyıq. Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu var. Hər prezident və parlament seçkilərində Varşavada bəyanatı hazırlayıb qoyurlar portfellərinə, gəlirlər Azərbaycana, fırlanıb geri qayıdandan sonra həmin bəyanatı verirlər. Seçkilərin üstündən bir xətt çəkirlər, heç bir uğurlu tərəfi göstərmədən ən müxtəlif şəkildə qarayaxmalar yayırlar».

ATƏT AZƏRBAYCANA HANSI TÖHFƏNİ VERİB?

Fəzail Ağamalı da, digər həmkarları kimi, Chahtahtinsky-nin geri çağırılmasına cavab olaraq bu addımın atılmasını düşünür: «Görünən bu idi ki, Chahtahtinsky Azərbaycana qarşı tamam fərqli bir mövqedə idi, Azərbaycan həqiqətlərinin yanındaydı. Ona görə də bu, ATƏT-i idarə edən cənablara sərf etmədi və onun vaxtından əvvəl geri çağırılmasına qərar verdilər. Belə olan halda sual doğur, ATƏT-in Bakı Ofisi Azərbaycana hansı töhfəni verib? Hansı mənəvi haqla bu gün Azərbaycanda qalmaq haqda düşünür?.. ATƏT-in Azərbaycandakı fəaliyyəti nədə başlayıb, nədə qurtarır, Azərbaycana hansı töhfələri verəcək, bu haqda ümumi sözlərdən başqa bir şey yoxdur. Ona görə də, XİN-in notasına tam haqq qazandırıram».

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 57 üzvü var və Azərbaycan 1992-ci ildən quruma üzvdür. 18 iyul 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı olub.

ATƏT-in Bakı ofisinin statusu Azərbaycan tərəfinin ricası ilə 2014-cü ilin yanvarında azaldılaraq «layihə koordinatorunun ofisi»nə çevrilib. Azərbaycan hökuməti Bakıda ATƏT ofisi açılandan bəri ölkənin «əhəmiyyətli tərəqqi» etdiyini bildirmişdi.

XS
SM
MD
LG