Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

"Novruz Məmmədovun absurd xarici siyasətinin sonu"


ABŞ Dövlət Departamenti iyunun 25-də açıqladığı hesabatda "İslam Dövləti" yaraqlılarını, Rusiya, İran və Azərbaycan hökumətlərini insan haqları pozuntularına görə sərt tənqid edib

-

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarını tənqid edən hesabatına reaksiyalar

Prezidentin mətbuat katibi: «İftira, böhtan, qərəzli kampaniya aparanlar...»

«Anti-Azərbaycan kampaniyasına qoşulan ölkə, siyasi dairələr, kütləvi informasiya vasitələrinin rəsmi nümayəndələri ilə görüşlərimiz zamanı demək olar, onların hamısı etiraf edirlər ki, bu cür qara piar dünyaya hakimlik iddiasında olan ölkə və siyasi qüvvələrin ciddi təzyiqi altında aparılır.

Azərbaycana qarşı iftira, böhtan, qərəzli kampaniya aparan ölkələr və ayrı-ayrı qüvvələr bilməlidirlər ki, bütün bunlar Azərbaycanın gələcəkdə də müstəqil siyasət həyata keçirməsi, regional əməkdaşlığın və ölkədə sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində tutduğu mövqedən döndərə bilməz».

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov bu fikirdədir. AZƏRTAC-a müsahibəsində o, son dövr beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin Azərbaycana yönəlik sərt tənqidlərinə münasibət bildirib.

«Avropa Şurası Parlament Assambleyasında bir neçə il çalışmış insan kimi deyə bilərəm ki, burada fəaliyyət göstərən bir qrup deputat onlara verilən komanda ilə hər hansı bir ölkəni hədəf seçir və həmin ölkəyə qarşı bütün vasitələrlə çirkin kampaniyanı həyata keçirməyə başlayırlar. Adıçəkilən qətnamə də yuxarıdan gələn əmrləri yerinə yetirən və mən deyərdim ki, hətta öz ölkələrinin maraqlarına məhəl qoymayan bir qrup deputat tərəfindən qəbul edilmişdir. Ona görə də bu cür sənədlərin qəbulu bizim üçün heç bir mahiyyət daşımır» - Azər Qasımov deyib:

Elman Fəttah: «Bu, Novruz Məmmədovun absurd xarici siyasətinin sonudur»

Müsavat başqanının müavini Elman Fəttah ABŞ Dövlət Departamentinin son hesabatına münasibət bildirərkən AzadlıqRadiosuna belə deyib:

«Bütün bunlar Azərbaycan hakimiyyətinin apardığı avtoritarizmi möhkəmləndirmə siyasətinin əks effektidir. Dünya birliyi də artıq qəti şəkildə anlayıb ki, Azərbaycan hakimiyyətinin avtoritarizmi möhkəmləndirmə siyasəti israrlıdır, bundan dönmək niyyətində deyil. Ona görə də qapalı diplomatik uyarılar artıq açıq müstəviyə keçib. Mən bunu açıq diplomatiyanın təzahürü və Azərbaycan hökumətinin xarici siyasətinin söz sahiblərindən biri Novruz Məmmədovun absurd xarici siyasətinin sonu kimi qiymətləndirirəm». ​

Deputat: «Sərt tənqidlərin kökündə maraqlar durur»

«Mən hesab edirəm ki, insan hüquqları ilə bağlı bütün dünyada, o cümlədən elə Amerikada olduğu kimi, bizdə də problem var. Amma dalbadal Azərbaycana təpki göstərilir və Azərbaycan tənqid olunur. Məncə, bu, bizə qarşı kampaniya xarakteri daşıyır».

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları pozuntularına dair hesabatına münasibət bildirərkən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat İlyas İsmayılov belə deyir.

AzadlıqRadiosuna açıqlamasında İlyas İsmayılov bildirir ki, Azərbaycana qarşı sərt tənqidlərin kökündə tənqidçi tərəflərin təmin olunmayan maraqları durur:

İlyas İsmayılov
İlyas İsmayılov

«Dövlətin içində olan problemdən xəbərim yoxdur, amma bir halda ki Avropa Şurası, Amerika dalbadal bu işlə (Azərbaycanı insan haqları sahəsində tənqid etməklə -red.) məşğuldur, demək, burada öz maraqları var. Dövlət siyasətinin içində deyiləm deyə, bilmirəm o maraq nədir. Amma bu şeylər həmişə olub. O vaxt üstündən keçirdilər, çünki maraqları təmin olunurdu. İndi, görünür, daha çox şey istəyirlər, o da təmin olunmur».

Deputat hesabatda ölkədə sərbəst toplaşma azadlığının məhdudlaşdırılması ilə bağlı fikirləri bölüşmür, buna əks arqument kimi müxalif Milli Şuranın mitinqlərinimisal çəkir. Bununla belə, İlyas İsmayılov məhkəmələrlə bağlı tənqidlərlə qismən razılaşır:

«Məhkəmələrlə bağlı, şübhəsiz, böyük problemlərimiz var. Təəssüf ki, hələ də məhkəmələrimiz sərbəst və qanuna tabe deyil. Bu problem var və məncə, bunu inkar yolunu tutmamalıyıq. Harada problem varsa, çalışıb onu aradan qaldırmalıyıq. Hakimiyyət tənqidçilərinin məhkəmə yolu ilə cəzalandırılmasına dair də ayrı-ayrı faktlar ola bilər. Bunu inkar etmirəm. Bütün cəmiyyətlərdə belə şeylər olur».

Cəmil Həsənli: «Hamı Novruz Məmmədov kimi düşünmür...»

«Son bir ayda Azərbaycanın insan haqları, demokratiya ilə bağlı bir neçə qurum tərəfindən tənqid olunması, bu narahatçılıqlar təsadüfi deyil. Hesab edirəm ki, istər Almaniya Bundestaqı, istər Amerika Konqresi, AŞPA, hətta Dövlət Departamenti də Azərbaycanda olan real mənzərənin çox kiçik bir hissəsini verir».

Milli Şuranın sədri Cəmil Həsənli ABŞ Dövlət Departamentinin Azərbaycana dair son hesabatını şərh edərkən belə deyib.

AzadlıqRadiosuna açıqlamasında Cəmil Həsənli bildirib ki, ölkədə real vəziyyət hesabatda göstəriləndən daha acınacaqlıdır:

Cəmil Həsənli
Cəmil Həsənli

«Ölkədə seçkiyə nəzarət mexanizmi bütövlükdə hakimiyyətin əlindədir. Azərbaycan hakimiyyəti xalqın səsinə dayanmır, mandat xalqdan yox, birbaşa Mərkəzi Seçki Komissiyasından alınır. İnsan haqlarında çox ciddi problemlər yaranıb. Hazırda Rusiya da daxil keçmiş Sovet İttifaqına aid ölkələr arasında ən çox bizdə siyasi məhbus var. Son bir il ərzində Azərbaycanın qeyri -hökumət sektoru demək olar ki, sıradan çıxarılıb. Onların aparıcı nümayəndələrinin hamısı, tanınmış jurnalistlər, bloqqerlər,fəal gənclər bu gün həbsdədir. Bizim bəyənmədiyimiz sovet dövründə Azərbaycan xalqı hüquqi baxımından bu gün müstəqil Azərbaycanda olduğundan daha etibarlı müdafiə olunurdu. Sovet hökuməti heç vaxt öz vətəndaşının cibinə narkotik atıb onu həbs etməyi öz ləyaqətinə yaraşdırmırdı. İndi ölkədə məhkəmə sistemi yoxdur, o, Prezident Administrasiyasının bir əlavəsinə çevrilib».

Cəmil Həsənli hesab edir ki, beynəlxalq təpkilər ölkədəki vəziyyətə təsirsiz ötüşməyəcək:

«Bugünədək Azərbaycan hakimiyyətinin əsas dayağı Avropa Şurası idi. Sonuncu müzakirələr göstərdi ki, artıq bu dayaq da çökdü. Azərbaycan hakimiyyəti Avropa Şurasında görülməmiş şəkildə məğlubiyyətə uğradı. Şübhəsiz ki, bütün bunlar, qətnamələr, Dövlət Departamentinin bəyanatı Azərbaycandakı vəziyyətin acınacaqlı olduğunu ortaya qoyub. Azərbaycan bu gün sərt beynəlxalq təpki ilə qarşılaşıb və mütləq bunun nəticəsi olacaq. Məncə, xarici ölkələrdə heç də hamı Novruz Məmmədov kimi düşünmür ki, bütün dünya bizə qarşıdırsa, deməli, biz düz yoldayıq».

Hakim partiyadan hesabata reaksiya

«ABŞ Dövlət Departamentinin illik hesabatı obyektiv mənbələr hesabına hazırlanmayıb. Real vəziyyətə qiymət verən, gedən prosesləri obyektiv işıqlandıran mənbələr bu hesabatın tərtibatçılarının diqqətindən kənarda qalıb».

Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.​

O deyir ki, Azərbaycanın insan hüquqlarının pozulmasında ittiham edilməsinin özü kökündən düzgün deyil:

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

«Azərbaycanda söz, mətbuat, sərbəst siyasi fəaliyyət azadlığı var. Azərbaycan açıq cəmiyyətdir. Ölkədə qanunla qadağan edilən ideologiyalardan başqa, istənilən digər ideologiyanı sərbəst şəkildə tətbiq etmək mümkündür. Azərbaycanda QHT-lərin geniş şəbəkəsi fəaliyyət göstərir. Azərbaycanda hakimiyyəti açıq şəkildə tənqid etmək mümkündür. Bütün bunlardan sonra Azərbaycanı insan haqlarının pozulmasında ittiham etmək üçün heç bir əsas yoxdur».

YAP rəsmisi təəssüf edir ki, son dövrlər sanki bir mərkəzdən idarə olunan kimi Azərbaycanın üzərinə insan hüquqlarının pozulması ittihamı ilə səlib yürüşü başlayıb:

«Gah Avropa Parlamentində, gah Dövlət Departamentində eyni bir dəsti xətti ilə, eyni bir məsələyə toxunmağa çalışırlar. Azərbaycanda olarkən və reallıqla tanış olarkən onların bəyanatları fərqli olur. Görünür, Azərbaycanın müstəqil siyasəti, öz milli maraqlarını ciddi qəbul etməsi kimlərisə narahat edir. Belə tənqidlər heç bir zaman Azərbaycanı tutduğu demokratiya və insan haqları yolundan çəkindirə bilməyəcək».

Hesabatda deyilir ki...

ABŞ Dövlət Departamenti iyunun 25-də açıqladığı hesabatda İslam Dövləti (İD) qruplaşmsı yaraqlılarını, Rusiya, İran və Azərbaycan hökumətlərini insan haqları pozuntularına görə sərt tənqid edib.

Hesabatın Azərbaycana aid hissəsində qeyd olunur ki, Azərbaycanda prezident idarəçiliyidir, qanunverici hakimiyyət Milli Məclisə məxsusdur. Ancaq prezident icra, qanunvericilik və ədliyyə üzərində dominantlığını saxlayıb. 2013-cü il prezident və 2010-cu il parlament seçkiləri ATƏT-in bir sıra demokratik seçki standartlarına uyğun gəlməyib. Ermənistanın dəstəyi ilə separatçılar Dağlıq Qarabağ və ətraf yeddi rayona nəzarət edir. Ötən ilin iyul, avqust aylarında və payızda təmas xəttində zorakılıq artıb, 1994-cü il atəşkəs sazişindən bəri ən böyük itkilər baş verib.

Dövlət Departamenti Azərbaycanda ötən il ən ciddi insan haqları pozuntularının aşağıdakılar olduğunu qeyd edir:

  1. Hökumətin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını getdikcə daha çox məhdudlaşdırması. Hakimiyyət müxalifətin bəzi dinc aksiyalarına icazə verib. Məhdudiyyətlərə isə insan haqları müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin qorxudulması, şübhə yaradan ittihamlarla həbsi və onlara qarşı gücdən istifadə daxildir. Hakimiyyət fəalların və QHT-lərin fəaliyyət məkanını daraltmaq üçün qanunvericilik, təzyiq və digər tədbirlərdən istifadə edib. Hökumət ötən ilin oktyabrında insan haqları məsələləri üzrə işçi qrupu bərpa etsə də, bir sıra yerli və beynəlxalq QHT-lər ölkədə misli görünməmiş təzyiqlərin baş alıb getdiyini bildirib. Buraya qorxudulma, həbs, siyasi hesab edilən ittihamlarla məhkum edilmə; fəaliyyətinə dair cinayət işinin açılması; qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər; bank hesablarının dondurulması daxildir. Bu təzyiqlər nəticəsində bir sıra qruplar fəaliyyət göstərə bilməyib, 30-dək təşkilat əməliyyatları dayandırıb, azı 3 təşkilat noyabr ayınadək ofisini bağlayıb.
  2. Hökumətin dinc narazıları cəzalandırmaq üçün məhkəmə sistemindən istifadəsi. Buraya qanunsuz saxlama və həbslər, siyasi motivli həbslər, lazımı prosedurun aparılmaması, uzunmüddətli həbs qətimkan tədbirləri daxildir. Bu tədbirlər hökumət rəsmilərinin təhlükə kimi gördüyü dünyəvi və dini xadimlərə qarşı tətbiq olunub. Həmin şəxslərə və ya onların ailə üzvlərinə qarşı cinayətlər isə cəzasız qalıb. Eyni zamanda, hakimiyyətin tədbirləri sayəsində həssas işləri qəbul etmək istəyən vəkillərin sayı azalıb. Hakimiyyət fundamental azadlıqlardan istifadəyə görə həbs olunmuş bir sıra fərdləri buraxıb.
  3. Vətəndaşların hökuməti azad və ədalətli seçkilər yoluyla dəyişmək bacarığının məhdudlaşdırılması.

Digər insan haqları pozuntuları sırasına orduda fiziki zorakılıq; həbsxanalarda işgəncə və digər sui-istifadə halları; sərt və bəzən həyata təhlükə yaradan həbsxana şəraiti; ordersiz və inkommunikado şəraitində günlərlə saxlamaq daxildir. Hakimiyyət bu hallarda gərəkən proseduru həyata keçirməyib – mülkiyyət hüquqları bəzən məcburi köçürmələr, şübhə yaradan dövlət məqsədləri üçün binaların sökülməsi, dövlətin aldığı mülkiyyət üçün yetərli kompensasiyanın ödənməməsi ilə nəticələnib. Dini xadimlərin həbsi, qeydə alınmamış bəzi müsəlman və xristian qrupların işinə məhdudiyyətlər barədə məlumatlar var. Hakimiyyət bəzi hallarda, özəlliklə istintaq altında olan vətəndaş cəmiyyəti xadimlərinin hərəkət azadlığını məhdudlaşdırıb. Siyasi iştiraka məhdudiyyətlə qalmaqdadır.

Hökumətin bütün səviyyələrində korrupsiyanın geniş yayılmasına dair iddialar var. Bəzi hökumət agentlikləri yerli səviyyədə kiçik korrupsiyanı azaltmaq üçün tədbirlər görüb.

İnsan haqları QHT-lərinin qeydiyyatı, qadınlara qarşı zorakılıq, genderə görə cinsi seçim, insan alverinə dair davamlı məlumatlar gəlib. Cinsi oriyentasiya və genderdən dolayı cəmiyyətdə dözümsüzlük, zorakılıq və diskriminasiya problem olaraq qalıb.

Hökumət insan haqları pozuntularına yol verən rəsmilərin cəzalandırılmasına nail ola bilməyib, cəzasızlıq problem olaraq qalıb.

ABŞ Dövlət Departamentinin İnsan Haqları hesabatının Azərbaycanla bağlı hissəsi ilə daha ətraflı növbəti günlərdə AzadlıqRadiosunun saytında tanış ola biləcəksiniz.

Hələlik hakimiyyət rəsmiləri bu hesabata reaksiya verməyib. Ümumilikdə isə hakimiyyət təmsilçiləri ölkədə insan haqları pozuntuları barədə təndiqləri qəbul etmir, bütün fundamental hüquq və azadlıqların təmin olunduğunu bildirir. Əksər təhlilçilər son aylar ABŞ-la Azərbaycanın münasibətlərində soyuqluğun qaldığını qeyd edir. Hökumət mediası ABŞ Dövlət katibi John Kerry-ni “ermənipərəst” və “islamafob” adlandırmaqdan belə çəkinməyib, ABŞ-ın bəzi təşkilatları ölkədə rəngli inqilab hazırlıqlarında ittiham olunub. Bir müddət öncə ABŞ Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Tom Malinowski Azərbaycana səfərini təxirə salıb, bu, ikitərəfli dialoqda fasilə yaranması ilə izah olunub.

İD, RUSİYA VƏ İRAN

“İnsan Haqları 2014” adlı hesabatda qeyd olunur ki, ötən ilin ən diqqətçəkən tendensiyası İD yaraqlılarının Suriya və İraqda etnik azlıqlara qarşı qəddarlığıdır. Həmin azlıqlar İD-nin esktremist baxışlarına uyğun gəlmədikləri üçün qəddarlığa məruz qalıblar.

Rusiya hökuməti təkcə ölkə daxilindəki pozuntulara görə deyil, Ukraynanın Krım vilayətini anneksiya etməsinə, Ukraynanın şərqində rusiyapərəsət separatçıları dəstəkləməsinə görə də kəskin tənqid olunub. Hesabatda Rusiyanın siyasi sisteminin “getdikcə avtoritarlaşdığı”, “ölkə daxilində narazıların boğulması üçün yeni tədbirlərə əl atıldığı” qeyd olunur.

Hesabatda deyilir ki, Rusiya qüvvələri və rusiyapərəst separatçılar Ukraynanın şərqində “digər saysız insan haqları pozuntuları” törədiblər.

Dövlət Departamenti İranı sərbəst toplaşma, ifadə, din və mətbuat azadlığını sərt şəkildə məhdudlaşdırmasına görə tənqid edir. Sənəddə o da qeyd olunur ki, İran dünyada edamlara görə ikinci yeri tutur.

AVTORİTAR ÖLKƏLƏR

Əfqanıstanda ən ciddi problem islamçı yaraqlıların dinc sakinlərə hücumudur. Əfqan təhlükəsizlik qüvvələri də çoxsaylı insan haqları pozuntularına yol verməkdədir. Saxlanan şəxslərə işgəncə verilməsi, qadınlara və qızlara qarşı diskriminasiya ciddi pozuntular sırasındadır.

Tacikistan “avtoritar ölkə” kimi təsvir olunur, belə ki, vətəndaşları hökuməti “azad və ədalətli seçkilər” yoluyla dəyişə bilmirlər.

Bosniya-Herzeqovinada “ən ciddi problemlər” sırasında hökumət korrupsiyasının olduğu vurğulanır.

Belarus da “rəsmiləri tənqid etdiyinə, nümayişlərdə iştirakına və digər siyasi səbəblərə görə vətəndaşların qanunsuz həbs olunduğu avtoritar ölkə” adlandırılır.

“2014-cü ildə Belarusda hökumətin bütün qanadlarında korrupsiya problem olaraq qalıb,” hesabatda belə deyilir.​

XS
SM
MD
LG