Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Atletlər kəndində kim yaşayacaq?


Bakının Atletlər kəndi
Bakının Atletlər kəndi

-

Birinci Avropa Oyunlarında idmançıların qaldığı Atletlər kəndindəki binalar qonaqlarını yola saldı. İndi ortaya sual çıxıb – bir neçə ildir tikilmiş və hələ də satılmamış bu mənzillərin taleyi nə olacaq?

Heydər Əliyev prospekti 117-də, Koroğlu metrostansiyasının yaxınlığında yerləşən bu şəhərciyin tikintisinə 2008-ci ildə başlanıb, bir neçə il sonra təhvil verilsə də, satışa çıxarılmamışdı.

Şəhərcikdə 45 girişli 13 yaşayış binası var. Binalar 10,12,16 mərtəbəlidir. Şəhərcik kompleksinə 1200 şagirdlik məktəb, idman zalı və meydançalar da daxildir.

Heydər Əliyev prospekti 117-də bu şəhərcik tikilməyə başlayanda yerli mətbuat yazırdı ki, binalar Neft Şirkətinin işçiləri üçün tikilir:

«Bayılda neft buruqlarının yerləşdiyi ərazinin yaxınlığında yaşayan sakinlər bura köçürüləcək. Qalan mənzillər isə illərdir Neft Şirkətindən ev almaq üçün növbəyə dayanan insanlara paylanılacaq», - Qafqazinfo yazırdı.

Nazir icarədən danışmışdı

Birinci Avropa Oyunları ərəfəsində Gənclər və idman naziri Azad Rəhimov isə yerli mətbuata bildirdi ki, həmin binalar Azərbaycanda birinci Avropa Oyunlarına gələcək idmançılar üçün icarəyə götürüləcək.

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

«Həmin binaları inşa edən şirkətlə müqavilə bağlanacaq. O binalardakı mənzillər müvəqqəti təmir ediləcək və mebellə təchiz olunacaq. Orada hər cür şərait yaradılacaq. Həmin ərazidə poliklinika, yeməkxana və idmançılara lazım olan digər məntəqələr tikiləcək. Belə bir planımız var» –deyə nazir vurğulamışdı.

Avropa Oyunları bitdi və gözlər yenidən Heydər Əliyev prospekti 117-yə tikildi: Dizaynı, yerləşdiyi məkan, şəraiti ilə cəlbedici görünən bu binalardakı mənzillərin sahibi kim olacaq?

Gənclər və idman nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, bu sualı tez-tez eşidirlər, ancaq hələlik bir qərar yoxdur, məlumat olan kimi ictimaiyyətə açıqlayacaqlar.

Şəhərcik İslam Olimpiya Oyunlarını da yola salacaq

«Azinko» şirkətindən isə AzadlıqRadiosuna bildirdilər ki, Heydər Əliyev prospekti 117-dəki binalar hələ ki, Bakı Olimpiya Oyunları Təşkilatının icarəsindədir və mənzillər satışa çıxarılmayacaq. Səbəbi də odur ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İslam Olimpiya Oyunlarına gələn idmançılar da burada qalacaq.

2017-ci ilə qədər şəhərcik icarədəmi qalacaq? İcarə haqqı nə olacaq? Azinko-dan bu suallarımıza cavab ala bilmədik.

İqtisadçı Natiq Cəfərli deyir ki, atletlərin qalması üçün ayrıca Olimpiya kəndi tikməkdənsə, icarəyə götürmək daha ucuz başa gəlir: «Amma gözləyirəm ki, Gənclər və İdman Nazirliyi şəhərcik üçün nə qədər icarə haqqı ödədiklərini, orda aparılan işlərə nə qədər vəsait xərclədiklərini açıqlasınlar. Əgər vəsait dövlət büdcəsindən xərclənibsə, şəffaflıq qorunmalıdır».

İqtisadçı şəhərciyin növbəti oyunlara – 2017-ci ilə qədər də icarədə qalmasını problem saymır, ancaq onu vurğulayır ki, icarə haqqı dövlət büdcəsindən ödəniləcəksə, bu barədə ictimaiyyətə detallı məlumat verilməlidir.

XS
SM
MD
LG