Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Azərbaycan məmurlarının idman sevgisi...


İlham Əliyev xanımı ilə
İlham Əliyev xanımı ilə

-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rinqə çıxdığını, ya da vergilər naziri Fazil Məmmədovun velosiped sürdüyünü indiyə qədər görən olmayıb.

Elə başqa nazirləri də.

Bəlkə də hansısa kiçik dairədə, ya da dostların əhatəsində məmurlar rəhbəri olduqları federasiyaların idman növlərində qüvvələrini sınayırlar. Ancaq camaat onları heç idman geyimində görməyib.

Azərbaycanda bir iki-federasiyanı çıxmaqla əsas idman federasiyalarına nazirlər və digər dövlət məmurları rəhbərlik edirlər.

Siyahıya baxanda bitmək bilmir. Bəziləri isə bir neçə federasiyaya rəhbərlik edir.

Siyahıya lap başdan baxaq. Prezident İlham Əliyev Milii Olimpiya Komitəsinin prezidentidir. Həyat yoldaşı, millət vəkili Mehriban Əliyeva Gimnastika Federasiyasının, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general Vaqif Axundov isə Atıcılıq Federasiyasının prezidentidir.

Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev isə Dövlət Sərhəd Xidmətinin rəisidir. Ondan əvvəl isə bu federasiyanın prezidenti Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov olub.

Qılıncoynatma Federasiyası Diasporla ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova, Ağır Atletika Federasiyası isə AZAL-ın rəhbəri Cahangir Əsgərova həvalə olunub. Tennis Federasiyasında prezidentlik Milli Məclisin sədri Oqtay Əsədova verilib.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev həm də Azərbaycan Futbol Federasiyasının prezidentidir. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə Şahmat Federasiyasında prezidentdir. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ekstremal İdman Növləri Federasiyasına rəhbərlik edir. Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Atletika Federasiyasının prezidentidir. Azərbaycan Milli Parolimpiya Komitəsinin sədri isə Əmək və əhalinin sosial müdafiə nazirinin birinci müavini İlqar Rəhimovdur.

Ata, oğul, qardaş...

Ailə ənənəsi artıq federasiya rəhbərliyində də yayılıb. Nəqliyyat naziri Ziya Məmmədov Voleybol Federasiyasının, oğlu Anar Məmmədov Qolf Federasiyasının prezidentidir.

Azərbaycan İdman Rəqsləri Federasiyasının prezidenti isə gənclər və idman naziri Azad Rəhimovun qardaşı Murad Rəhimovdur. Azad Rəhimov nazir olmamışdan əvvəl 2005-ci ildə özü də bu federasiyanın prezidenti olub.

Deputatlar...

Elman Rüstəmov
Elman Rüstəmov

Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov həm də Üzgüçülük Federasiyasının prezidenti olub. Sonradan birindən əl çəkib. İndi Üzgüçülük Federasiyasının prezidenti Milli Məclisin deputatı Xanlar Fətiyevdir. Başqa bir deputat Adil Əliyev isə Azərbaycan Kikboksinq Federasiyasınını prezidentdir.

Sabiqlər...

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov 2013-cü ilə qədər Stolüstü Tennis Federasiyasının prezidenti olub. İndi isə federasiyanın prezidenti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov Dama Federasiyasının prezidenti olub. İndi isə bu federasiyaya Space telekanalının sədri, kinorejissor Vaqif Mustafayev rəhbərlik edir.

Sabiq nazirlərdən federasiya prezidentliiyndə qalanlar da var

Elə idman federasiyaları var ki, məmurlar vəzifədən çıxsalar da, həmin federasiyaların rəhbəri olaraq qalırlar. Məsələn, Füzuli Ələkbərov. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarılsa da indi də Cüdo Federasiyasının prezidenti kimi çalışır. Yaxud keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev Həndbol Federasiyasının prezidenti olaraq qalır. Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibov isə Basketbol Federasiyasının prezidentidir.

Bir nazir bir neçə federasiyaya rəhbərlik edir

Taekvondoçular
Taekvondoçular

Elə nazirlər var ki, bir neçə idman federasiyasına birdən rəhbərik edirlər. Məsələn, vergilər naziri Fazil Məmmədov həm Otüstü Xokkey Federasiyasının, həm Güləş Federasiyasının, həm də Velosiped İdmanı Federasiyasının prezidentidir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə həm Boks Federasiyasının, həm də Taekvondo Federasiyasının prezidentidir. O, həm də Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

Yelkənli qayıq olmasa da...

Elə idman növləri var ki, Azərbaycanda onları tək-tük adam tanıyar. Ancaq federasiya kimi fəaliyyət göstərirlər. Xəzər dənizində 60-cı illərdən fərqli olaraq yelkənli qayıq görmək olmur. Ancaq Azərbaycanda Yelkən idmanı Federasiyası var. Keçmiş rəhbəri Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov olub. İndiki prezidenti isə Azərbaycan Dövlət Dəniz administrasiyasının rəhbəri Qüdrət Qurbanovdur.

Nazirlər arasında yeni olan təhsil naziri Mikayıl Cabbarov isə bu il iyunun 16-dan Badminton Federasiyasının prezidenti seçilib.

Hökumətin bölgüsü, xərclərin qarşılanması...

“Əslində bu məmurları rəhbərlik etdikləri federasiyalara heç nə bağlamır. Bu bir növ hökumətin bölgüsüdür. Hər federasiyanı bir nazirə, dövlər məmuruna tapşırırlar. Bunun da arxasında maliyyə məsələsi dayanır”.

Coşqun Eldaroğlu
Coşqun Eldaroğlu

İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, “idman Azərbaycan hökumətinin əsas prioriteti sayıldığından nazirlər də məsuiyyəti üstünə götürüb maliyyələşdirir. Bu sadəcə bölgüdür”.

İqtisadçı ekspert Məhəmməd Talıblı isə deyir ki, mühüm vəzifə sahiblərinin idman federasiyalarının rəhbəri olmalarının səbəbləri var: “Müəyyən idman sahələrinin irəli aparılması, idmançıların formalaşdırılması, idman infrastrukturunun genişlənməsi üçün vəzifəli şəxs idman federasiyasına təyin olunur. Bununla məmur həmin idman sahəsinin maddi, mənəvi məsuliyyətini öz üzərinə götürmüş olur. Onlar idmançıların nəticələrinə, davranışlarına görə də məsuliyyət daşıyırlar. Çox halda idmançıların özləri də həmin məmurların himayəsi hesabına irəli gedir. İdmançı heyətinin saxlanması xərclərini də vəzifəli şəxslər özləri qarşılayırlar. Bu həm də böyük məbləğlər, xərcləmələr hesabına başa gəlir”.

Ekspert deyir ki, hansı məmur ki idman ictimaiyyətini ətrafında cəmləşdirə bilir, onlara bir neçə federasiya həvalə olunur. “Bu həmin şəxslərin idman ictimaiyyətini öz ətraflna çəkmək, öz ətrafında saxlamaq niyyətlərindən də xəbər verir”.

Yanan binalar – Vətənə xidmət, 2 alan şagirdlər – badminton ....

Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

I Avropa Oyunlarından sonra prezident İlham Əliyev idmanın inkişafındakı xidmətlərinə görə Kəmaləddin Heydərovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Bundan sonra sosial şəbəkələrdə Kəmaləddin Heydərovun Xətai və Binəqədi rayonlarında yanan binalara görə məsuliyyəti məsələsi geniş müzakirə olunmağa başladı. Baxmayaraq ki, “Vətənə xidmətə görə” ordeni ona fövqəladə hallar naziri kimi fəaliyyətinə görə deyil, idmanın inkişafındakı xidmətlərinə görə verilmişdi. Ya da Mikayıl Cabbarovun Badminton Federasiyasına prezident seçilməsi xəbəri haqda bir istifadəçi yazırdı: “Görəsən Mikayıl Cabbarovu bundan sonra məktəblilərin yarıdan çoxunun iki alması, yoxsa Badminton Federasiyasının qayğıları daha çox düşündürəcək?

XS
SM
MD
LG