Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:25

Adlarını media kapitanları qoyub...


Rəşad Babalı
Rəşad Babalı

- "Ancaq avtoritar hakimiyyətlərin idarə etdiyi ölkələrdə media nümayəndələri rəsmilər qarşısında dimdik dayanır, onlardan ənam gözləyirlər"

Rəşad Babalı

Jurnalistikanın baş hərfi dəyişəndə

Bu yazı 22 iyulda yayınlanmalıydı, amma İlham Əliyev planlarımı dəyişdi. Bir qrup zurnalistə (bilərəkdən baş hərfi Z yazdım) fəxri adlar verməsi sürpriz yazının effektini tezləşdirdi. Daha doğrusu, aşağı saldı.

İ.Əliyev bir qrup özlərini media işçisi sayanları təltif etdi. Aralarında xeyli keçmiş jurnalistlər var. Ona görə keçmiş zamanda deyirəm ki, artıq hökumətin stenoqrafı rolundadılar.

Vaxt vardı, xeyli gənc onlara baxıb jurnalist olmağa həvəslənirdi. Ad çəkməyəcəm.

Onların arasında mənim də rəğbət bəslədiyim, zaman-zaman həsəd apardığım keçmiş jurnalistlər də var. Onlarən səviyyəsinə can atırdım. Yaxşı ki istəyimə çatmadım.

Demokratik ölkələrdə jurnalistləri müstəqil qurumlar mükafatlandırır əsasən. Dövlət qurumlarının təltifləri olur.

Ancaq onların mükafatlandırdığı jurnalistlərin sonra əleyhlərinə yazmayacaqları gözləntisi də yoxdu. Əgər dillərinə gətirib minnət qoysalar gətirib təpələrinə çırparlar.

Həmkarları da dəstəklərini göstərmək üçün həmin qurumu ya baykot edərlər, ya da elə hücuma keçərlər ki, nəinki minnət qoymağa, ümumiyyətlə doğulmaqlarına peşman edərlər.

Belə götürəndə tam müstəqil mətbuat olmasa da, nisbət məsələsi var. Azərbaycanlılar üçün nisbət əhəmiyyətsiz şey sayılsa da, burada önəmlidi.

Ancaq avtoritar hakimiyyətlərin idarə etdiyi ölkələrdə media nümayəndələri rəsmilər qarşısında dimdik dayanır, onlardan ənam gözləyir.

İ.Əliyevin təltifləri Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibətiylə etdiyi bildirilir. Yubileyin banisi H.Zərdabi belə mətbuat arzulayırdı?

İnanmıram ki ənam gözləyən qələm sahiblərini Zərdabi fəxrlə davamçılarım deyərdi. Zərdabi mətbuatı milləti oyatmaq, maarifləndirmək üçün əsas vasitə sayırdı.

Daha “bir kısmat çörək” üçün qələmini və şərəfini satmağı nəzərdə tutmayıb. Elələri o zaman da sürüylə idi. Çar hökumətinə yaltaqlanan nə qədər yazar vardı. Lazım olsaydı ustad onları da özündən sayardı.

Hakimiyyətə girmək, yaltaqlanmaq üçün basabas salanlardan soruşmaq istərdim ki mətbuat bumu deməkdir?

Jurnalistin amalı “prezidentin gözündən düşməmək”mi olmalıdır? Həqiqəti görməzdən gəlməkmi ziyalılıqdı? Yoxsa başınızı dolandırmaqmı əsas həyat amalınızdır? Məncə, bunların hamısıdı.

Çox da uzaq tarix deyil mətbuatın hökuməti divara qısnadığı dövrlər. Hakimiyyətin pişiyini ağaca dırmaşdıranlar isə bu gün hökmdar qarşısında “bir kısmat çörək” üçün yalvarır.

Mənən jurnalistlikdən zurnalistliyə keçdiyini anlayır. Mübariz, haqqı savunan, həqiqətin yanında olan media olub ac olmaqdansa yalanın, şərin yanında olub ancaq maddi rifahının yaxşı olmasına üstünlük verdilər. Al-verçi xisləti bir daha özünü göstərdi.

Bu mükafatı almaq üçün basabas salanlar hamısı Azərbaycan mətbuatının qətlində günahkardılar. Həm də qatilin ortaqlarıdırlar.

Azad mətbuat millət kimi formalaşmamızda (özü də daha tez və keyfiyyətli) əsas faktorlardandır. Ancaq əvəzində müti, kölə ruhlu kütlə yetişdirməkdə baş rol oynadırlar. Əzilənin yox, əzənin yanında oldular. Adını da dövlətçilik qoydular.

Təltifi alanlardan elələri var ki vaxtilə titullu adların verilməsinə qarşı çıxırdılar. Bə noldu indi aldınız? Niyə uddunuz sözünüzü? El diliylə desək, peysərə atdınız. Sizdən ancaq bu gözlənilirdi.

Nəşriyyata yolum düşəndə oradakı qəzet reaksiyalarının adları diqqətimi çəkirdi. Elə qəzetlər ki, ilk dəfədi görürdüm. Onlara köşklərdə də rast gəlməmişdim.

Hansı mənsəbə qulluq elədikləri rahat bilinir. Qərara aldım ki, o qəzet redaksiyalarının adlarının şəkillərini çəkim və kiçik araşdırma edim.

Jurnalistlər Birliyinin sədri, Facebookun qapadılmasını təklif etmiş Əflatun Amaşova göstərim ki buyurun, bunlara da diqqət edin. Bu qəzetlər nə işlə məşğuldular?

Niyə qəti ölçü götürmürsünüz? Axı bilirsiniz, onların fəaliyyətinin əsas hissəsi nədən ibarətdi? Aralarında normal şəkildə qəzetçiliklə məşğul olanların olduğunu istisna etmirəm.

Amma böyük əksəriyyətinin çap məhsulları kəşkləri gedib çıxmır axı. uzağı bir neçə yüz nüsxədə çap olunub özlərinə məlum olan istiqamətə gedir. Əvəzini də görürlər. Bir sözlə ki yüksək rütbəli tərifləyib, kiçikləri isə hədələyib pul alırlar.

Daha adlarını media kapitanları qoyub damla-damla çirkablar axıtmırlar. Prezidentin gözündən düşməmək üçün qucaqlara qonmurlar, hakimiyyətin xüsusi mətbuat planlarının alət olmurlar.

İnsanlara şər atıb məhkəməsiz mühakimə etmirlər. Qorxaq, boğaza qədər zibilin içində olan, şərəflərini itə tullamış məmurları soyurlar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG