Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:41

SəhNaz, TəhNaz, VerNaz, KəTNaz...


Ziya F.M.
Ziya F.M.

- "Heç olmasa adından bilinməlidir ki, bu idarələr məmurların özləri üçün deyil, xalqa xidmət üçün yaradılıb."

"KəTNaz - Kənd Təsərrüfatı Nazirliyi. Kətmənlə səsləşir, əsil təsərrüfata aid sözdür, onsuz da kəndliyə bizdə kətçi deyirlər."

Ziya F.M.

Xanaturalıq

İnternetdə prokuratura yazdım, özbəklərin saytı çıxdı. Özbəklər prokuratura yazırlar. Bizdə isə nəyə görəsə prokurorluqdu.

Düzgün məna vermir. Söhbət sözdən gedir. Sözlərdən gedir. Ağlınıza başqa şeylər gəlməsin. Prokurorluq - prokurorlar yığışan yer anlamına gəlir.

Prokuratura! Çox möhtəşəm səslənir! Özünə, qanuna arxayın, sakit, təmkinli bir ifadə!!! Prokurorluq deyəndə isə nəyinsə yığnağı kimi axmaq fikirlər gəlir adamın ağlına.

Mənə bir dolmalıq, ya da kabablıq ət ver. Lıq, lük, lığ, luq... pis səslənir. Üstəlik, fızıllıq, qarışıqlıq, cəngəllik, zibillik, bataqlıq.

Prokuratura sözü gör nələrlə səsləşir: ambrazura, apparatura, faktura, armatura.

Prokuratura deyəndə ağıllı, qanunlara söykənən, təmkinli, məntiqli, düşüncəli, savadlı bir fövqəlinsan, kişi təəsüratı yaranır.

Prokurorluq variantı isə gözü bağlı, yarıçılpaq, əlində TƏRƏZİ olan satıcını, ehtirasların, hisslərin ağuşuna atılmağa hazırlaşan, lotuluq eləyən, satqın, tərbiyəsiz, küçə qadınını.

Hər halda sözün bu variantı mənim üçün belə səslənir. Hələ yadına daş düşməmişdən bağrı yarılmış oğrunu, üzü ağ olsa da bağrına dağ basılmış doğrunu demirəm.

Şuğulluqla qudurğanlığı, paxıllıqla şıdırğılığı, sağlıqla şadlığı, qonaqlığı da bir-birinə qatsan, qana bulaşmamış sarğı ilə sarısan yenə də bu yaralı-xoralı sözü xilas eləmək mümkün olmaz. Ən pisi isə bazarlıq sözünü xatırlatmasıdır.

Əvvəllər Gömrük idarəsinə Gömrükxana deyirdilər.

"Xana" ilə bitən sözlərin arasında normal səslənən və qəbul edilən bəlkə də ikicə söz var: Xəstəxana və Kitabxana!

Yerdə qalanları isə heç rəsmi müəssisə adına yaraşmayanlardır. Çayxana, qumarxana, dəlixana, meyidxana, fahişəxana, itxana, lotuxana, sallaqxana... Hələ danışıq dilində olan poxsaqxana sözünü demirəm...

Təsəvvür elə, bir gün götürüb prokurorluq sözünü prokurorxana kimi yazacaqlar. Və ya polis idarəsinə polisxana, nazirlər kabinetinə nazirxana deyəcəklər, xüsusi idarələrə də şpionxana...

Yaxşı elədilər dəyişdilər gömrükxananın adını. İDARƏ!!! səslənir. Fövqəladə güc, dəmir iradə hiss olunur! Daha xana-xuna yox.

Kimsə deyə bilər ki, belə rahatdır, nəyinsə adının dalına xana sözü yapışdırırsan, vəssalam. Amma bu, bizim söz deyil. Xana fars dilindədir.

Bizim dildə ev sözü işlənir. Görmürsünüz, axır vaxtlar çayxana əvəzinə çay evi, kitabxana əvəzinə kitab evi yazırlar.

Nazir evi, polis evi, prokuror evi, gömrük evi ifadələri isə başqa mənalar verdiyindən, kasıb sakinlərin yastı-yapalaq, sınıq-salxaq, buldozerlə uçurulan, yerlə-yeksan edilən evlərini yada saldığından istifadəyə yararsızdır.

Qəbul otağı deyə bilərsən, amma Nazirlər Kabineti əvəzinə Nazirlər otağı demək mümkün deyil, çünki ümumi təsəvvürü vermir, bütöv bina balaca-balaca hissələrə parçalanır, ya hər nazirin öz otağında, öz kefində olduğu fikrinə gətirir, ya da adama elə gəlir ki, bütün nazirləri bir balaca otağa yığıblar, möhtəşəmlik yenə itir.

Ad qoyanda möhtəşəmlikdən əlavə, xalqa yaxınlıq, məhrəmlik təsəvvürü də oyatmaq lazımdır. Heç olmasa adından bilinməlidir ki, bu idarələr məmurların özləri üçün deyil, xalqa xidmət üçün yaradılıb.

Sovet vaxtı məsələn, "milsaner əmi" deyirdilər uşaqlar. İndi heç kim "polis dayı" demir. Kimin dayısı polisdə işləyir, özü bilər, dayısına dayı deyə bilər.

Kiminsə nazirlikdə dayısı işləyirsə, o da ona "day-day" deyə bilər. Qohumluq əlaqələrinin məsələyə dəxli yoxdur.

Bizə qlobal möhtəşəmlik və eyni zamanda məhrəmlik lazımdır ki, camaat həm rahat olsun ki, bu idarələr nəsə eləməyə qadirdirlər, həm də özündən ayırmasın, özünə yaxın bilsin.

Em-ve-de deyirlər rahatca. Em-çi-es də rahatdır. Deyənin ruhu və dili incimir, deyənin ha, işi düşənin yox! Qısa və rahat, möhtəşəm və məhrəm. Di gəl Daxili İşlər Nazirliyinin adını öz dilimizdə qısa de, görüm necə deyirsən. Ad azdıra bilər. Onsuz da yolunu və dilini azanlar çoxdur...

Heyif, Kiril əlifbasıyla bir az asan idi. Hərflərin deyilişindən nəsə düzəltmək olurdu. İndiki latın əlifbasının hərf adları abbreviaturaları tələvvüz etməyə imkan yaratmır.

Bizimkilər də ki, samitləri ancaq “I” hərfi ilə deyirlər. “fı” hərfi, “Hı” hərfi, “Nı” hərfi. Dalbadal deyəndə “Fıhını” çıxır. Fırtılıq - zad kimi bir şey çıxır, elə bil at fınxırır.

Səhiyyə Nazirliyinin adını abbreviatura kimi tələffüz edəndə elə biləcəklər dəbdə olan türk dilində ayağı sürüşkən yerli qıza müraciət eləyirsən: Se-Ne.

MTN-i gərək rus əlifbasının hərf adları ilə deyəsən ki, səni başa düşsünlər. Em-Te-En . Yoxsa indiki əlifbayla Me-Te-Ne deməlisən, ya da danışıq tərzində Mı-Tı-Nı.

Mıtını kimi də nazirlik adı olar?! Gəl indi, Daxili İşlər Nazirliyinin adını elə de, hamı başa düşsün ki, nəyi nəzərdə tutursan.

Bizimkilərin Bi-Bi-Si -dən daha çox xoşları gəlir, nəinki Si-En-En-dən. Adından haa! Onsuz da nə ona, nə də buna baxan yoxdur.

DİN deyəcəksən, başqa şey gələcək ağıllarına. Başlayacaqlar soruşmağa ki, oruc tutursanmı, namaz qılırsanmı, hansı balıq halaldı, pullu ya pulsuz, deyəcəksən pulsuzu olmaz, deyəcək niyə, deyəcəksən pulsuz nə cür boğazından keçəcək, deyəcək pulunu ha yemirəm, deyəcəksən elə mən də pulunu yemirəm, pulunu verirəm alıram, deyəcək mən də pulsuz almıram, deyəcəksən ki, pullu alırsan yeyirsən, daha niyə pullunu haram sayırsan... deyəcək... əlqərəz, söhbət uzanacaq, ara qarışacaq, məzhəb itəcək, axırda da məlum olacaq ki, söhbətin nə o DİN-ə, nə bu dinə heç bir dəxli yoxdur, arada başın-beynin, vaxtın-əsəbin gedəcək...

De-İ-Ne deyəcəksən, yenə heç kim bir şey başa düşməyəcək, deyinə-deyinə qalacaqsan. Elə biləcəklər dialektdə danışırsan. Dı-i-Nı da onu kimi.

CNN-nin, BBC-nin tələffüzü nə qədər rahatdırsa, bir o qədər də gözəldir. Lap elə bil, bizim dildə doğma bir şeyin adını çəkirsən. Bizimkilərin Bi-Bi-Si -dən daha çox xoşları gəlir, nəinki Si-En-En-dən. Adından haa!

Onsuz da nə ona, nə də buna baxan yoxdur. Başqa variantlar axtarmaq lazımdır. Məsələn, mən bir variant təklif edə bilərəm... Kanalları qoyaq bir qırağa. Onsuz da adını dəyişdin, dəyişmədin, bizimkilər türk seriallarına baxacaqlar.

Demək olar ki, bütün İnternet portallarımızın sonluğu az. -la qurtarır. İndi niyə azdır, niyə çox deyil, bu bizim işimiz deyil. Bu bizim taleyimizdir.

Yaxşı şeylər bizdə həmişə az olub. Pis şeylər isə çox. Çoxluq- poxluqdu! Pox çox olub, var və həmişə olacaq. Az hissəsi İnternetin payına düşüb. Portal-mortalın çox olması onsuz da vəziyyətimizi düzəldən deyil.

Amma nazirliklərimizin adını düzəltmək olar. “Az”a onsuz da hamımız öyrəncəliyik. İnternetin və yol polisinin verdiyi dövlət nömrə-nişanının canı sağ olsun. Götürürük nazirliyin adının birinci hissəsini... məsələn, Səhiyyə Nazirliyi. Sonu olur nazirlik sözünün birinci hecası. Bir yerdə yazanda olur:

SəhNaz.

Rahat tələffüz olunur? Olunur! Hiss olunur ki, əsil bizə aid sözdür? Olunur! Bilinir ki, hər şey nəzarət altındadır? Bilinir! Hər şey səhmana salınıb? Salınıb! Mikrob-zad yoxdur? Yoxdur! Ömründə əlini xəstənin heç harasına vurmayanlar da ağ xalatdadırlar. Hər şey ütülü-səliqəli, səhmanlı...

TəhNaz... Təhsil nazirliyi. "Təhcənə" deyimi var. Yəni təkdir, yekdir, yeganədir. Belə nazirlikdən yer üzündə yoxdur. Bu bizimkidir: unikal, nadir, analoqu olmayan.

Hətta abbreviaturadan da istifadə oluna bilər. Məsələn ...Fövqəladə Hallar Nazirliyi...

Fövhanaz alınmır. Amma FəHNaz əla səslənir. Ö-nü Ə-ylə birtəhər yola vermək olar. İkisi də öz milli hərflərimizdir.

TəhNaz... Təhsil nazirliyi. "Təhcənə" deyimi var. Yəni təkdir, yekdir, yeganədir. Belə nazirlikdən yer üzündə yoxdur. Bu bizimkidir: unikal, nadir, analoqu olmayan.

Vergilər Nazirliyi - VerNaz. Həm adı yaxşı səslənir, həm də fəaliyyət növünə uyğundur.

Ədliyyə Nazirliyi - ƏdNaz. Femida qadındır, ədaları, nazı daha çoxdur. Düzdü, gözü görmür. Bəlkə elə bizimkiləri görməsə yaxşıdır.

GidNaz – Gənclər və İdman Nazirliyi. İgid sözünü xatırladır, gimnastika ilə həmahəngdir...

MalNaz.., yox.., MaliNaz... Tapdım! MaNaz - Maliyyə Nazirliyi. Əəəla! Manata oxşayır tələffüzü.

MədNaz və ya MəTNaz - Mədəniyyət və Turizm Nazirliyi.

KəTNaz - Kənd Təsərrüfatı Nazirliyi. Kətmənlə səsləşir, əsil təsərrüfata aid sözdür, onsuz da kəndliyə bizdə "kətçi" deyirlər.

Sənayə və Energetika Nazirliyi - SENaz. Fransanın məşhur Sena çayının adına oxşayır, Avropa ilə səsləşir. İşində uyğun bir şey olmasa da, heç olmasa adı yaxşıdır.

DiNaz, XiNaz, NəNaz, İnNaz! Naz et mənə sevgili canan, naz et! Nə qədər poetik səslənirlər! Bəlkə şairlərimiz nəhayət ki, nazirliklərə şeir yazdılar, bəstəkarlarımız da mahnı.

Şükür müasirliyimizə, nazirliklər, dövlət idarələri, məclis ... deputatxana... bağışlayın ...deputat evi ... yox... deputatura... istedadlı adamlarla doludur. Yeri gəlmişkən, bu məclisin adına da bir şey fikirləşmək lazımdır. Acığa!

Onlar ki, bizə öz uşağımıza istədiyimiz adı qoymağı qadağan eləyiblər, biz də əvəzində nəsə eləməliyik. Görün neynirsiz...

Deyə bilərsiniz ki, bəzilərinin adı çox uzundur, onları neyləyək?

Deyim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - ƏSMəNaz. Qorxma! Əsmə! Titrəmə! Hər şey yaxşı olacaq! Pensiyanı ver, biz yığaq! Narahat olma! Sənin pulunu biz göz bəbəyi kimi qoruyacağıq. Heç kimə verməyəcəyik! Heç sənin özünə də!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – ETSəNaz . Təbiətin nazı ilə oynayan bir qurum.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adını da özünüz fikirləşin tapın. Mən tapana qədər adlarını dəyişəcəklər. Həm də məndə nəsə qəliz bir şey alınır.

Deyəsən, elə onların özündə də, sizdə də, onların işində də. Dünya bir yerdə durmur axı! Fırlanır! Texnologiyalar da onu kimi! Hərlənib-fırlanıb özlərinə başqa ad tapacaqlar, onda da təklifinizi verərsiniz.

Yerdə qalan nazirliklərdə isə hər şey qaydasındadı. Dədə-baba qaydasında... Amma adlarını təzələmək lazımdır...Heç olmasa...

Dostum təklif edirdi ki, Dövlət Komitələrinin də adlarını yüngülləşdirim. Bir-ikisini deyə bilərəm. Yerdə qalanları ağır söhbətdi.

Əmlak Məsələləri Komitəsi - ƏMKom.

Diasporla iş üzrə Dövlət Komitəsi - DiDKom.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - DöŞArKom.

Bunların hamısının da başında BaşNaz durmalıdır.

Amma mənə elə gəlir ki, hansısa nazirliyi yadımdan çıxarmışam. Nə qədər fikirləşirəm, yadıma düşmür ki, düşmür. Nəsə lazımsız bir şeydi yəqin. Lazım gəlsə, yadıma düşərdi...

XS
SM
MD
LG