Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:27

Azərbaycanda boya "fontanı"


fabboya.az
fabboya.az

-

Son 10 ilin istehsal göstəricilərini əks etdirən rəsmi statistikaya inansaq, Azərbaycanda lak-boya sənayesi bu illər ərzində yerində sayıb.

Amma tikinti materialları üzrə ixtisaslaşmış mağazaların piştaxtalarına azca göz gəzdirməklə bunun heç də belə olmadığını, yerli məhsulların xaricdə istehsal olunmuş lak-boya məmulatlarını getdikcə sıxışdırdığını görərik.

Hələ iyun ayında Dövlət Statistika Komitəsi xəbər verirdi ki, altı aylıq dövrdə yerli müəssisələrdə 1 340,8 ton lak-boya məmulatı istehsal edilib.

Keçən ilin birinci yarısı ilə müqayisədə isə istehsal artmaq əvəzinə, 28,6 faiz azalıb.

İyulda açıqlanan statistik hesabat isə şok doğurmaya bilməzdi: yeddi aylıq istehsal həcminin 39 837,6 ton olduğu bəyan edilirdi.

Bu, 2005-2014-cü illərdə ölkədə istehsal olunmuş bu növ məhsulların ümumi həcmindən xeyli artıq idi. (nə az-nə çox 30,7 min ton çox)

əmtəə2005200620072008200920102011201220132014

Lak-boya

məmulatları, 1000 t

3.51.71.72.62.82.33.23.55,24,5

Statistika Komitəsinin sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov AzadlıqRadiosuna açıqlamasında son məlumatda heç bir yanlışlığın olmadığını dedi:

“İyul ayında istehsalçılardan birinin təqdim etdiyi məlumat nəticəsində belə bir göstərici qeydə alınıb. Hətta boya sənayesi üzrə təxminən 40 min ton həddində olan istehsal əvvəlki ilin yanvar-iyul aylarındakı göstəricidən 25,1 fazi azdır. Yəni həmin istehsalçı ötən il də fəaliyyətdə olub”.

Lakin belə olduğu təqdirdə statistika orqanının 2014-cü il üzrə lak-boya məmulatı istehsalının qat-qat aşağı, yəni 4 586,1 ton həcmində olması haqda verdiyi açıqlama sual doğurmaya bilmir.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

Uzun illər Nazirlər Kabinetində yüksək vəzifədə işləmiş iqtisadçı Oqtay Haqverdiyev burada korrupsiyaya yol açan qaranlıq məqamların olduğunu düşünmür.

O hesab edir ki, rəsmi statistika qurumu əvvəllər ictimaiyyətə sadəcə yanlış məlumat verib.

Rəsmi statistika qurumu əvvəllər ictimaiyyətə sadəcə yanlış məlumat verib.

“İnvestisiya və inşaat fəaliyyətində yüksək fəallıq şəraitində illər uzunu lak-bola məmulatı istehsalının belə aşağı həcmdə ifadə olunması təəccüb doğurmalı və araşdırmalara yol açmalı idi.

Axı, qanunvericiliyə görə, statistika orqanı yalnız ona təqdim olunan məlumatla kifayətlənməməli, birbaşa və dolayı yollarla müayinələr apararaq göstəricilərin həqiqətə yaxın bir tərzdə əks olunmasına çalışmalıdır.

Təqribən on il bundan qabaq Azərbaycanda Türkiyə istehsalı olan boyalar hökmran mövqedə idi. Sonrakı illərdə isə öz sərmayəmizlə yaranan istehsalçılarımız yetişdi. Hazırda yerli istehsal idxalı üstələməklə çox böyük həcmlərlə ölçülür” - O. Haqverdiyev belə deyir.

Mütəxəssislər hesab edir ki, bir istehsalçının təqdim etdiyi istehsal göstəricisi sayəsində ortaya çıxmış rəqəmlərdəki kəskin ziddiyyət vergidən yayınma anlamına gəlməməlidir.

Başqa sözlə, on ildən bu yana statistikanın “gözündən yayınan” boya çəlləkləri vergi məmurlarının nəzərindən qaça bilməzdi. Həm də ona görə ki, digər sahibkarlıq sahələrdən fərqli olaraq lak-bola məmulatı istehsalı inhisarlaşmadan uzaq olub və burada irili-xırdalı onlarla müəssisə fəaliyyət göstərir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 30-dan çox şirkətin və fiziki şəxsin istehsalı olan lak-boya məmulatının dövlət standartına uyğun gəldiyini bildirir.

Bunlar “Azərbaycan Məişət Malları” ASC, “NB Qrup” ASC, “Hob-Az”, “Katsan”, “A and B Paint”, “Caspi- Marine Technologies”, “Caspian Paint Supply”, “Ankala”, “Yurd-F”, “Senta.Az Azərbaycan Türkiyə”, “Azbentonit”, “Polisan-Azərbaycan”, “Mətanət-A”, “Evro İnşaat”, “Caspian Paint ltd”, “Nobel Boya və Kimya”, “FAB Boya və Kimya Sənayesi”, “Dübəndi”, “Cəfər”, “Əziz-Boya”, “Rəmzi-S”, “Səmra” və başqa şirkətlərdir.

Şirkətlərin bir çoxunun korporativ internet saytı olsa da, onlar nə maliyyə, nə də istehsal göstəricilərini açıqlayır.

AzadlıqRadiosunun şirkətlərin bir çoxuna bununla bağlı ünvanladığı suallar isə cavabsız qalıb.

Yeganə istisna “Gilan Holding” şirkətlər qrupuna daxil olan “Gilan-TN” MMC-nin Goranboy rayonundakı “Pacific” inşaat materialları müəssisəsidir.

Geniş çeşiddə inşaat materiaları buraxan müəssisədə Akzo-Nobel beynəlxalq şirkətindən alınan lisenziya əsasında Marshall boyaları da daxil olmaqla, su tərkiblı boyalar (emulsiya) istehsal edir. Müəssisə Türkiyə, İran, Çin və Rusiyadan xammal idxal edir və ildə 4500 ton boya istehsal edir.

Ölkənin ən iri istehsal və inşaat şirkətlərindən biri olan “Akkord Sənaye Tikinti İnvestisiya” ASC iri boya istehsalı müəssisəsinin olduğunu bildirir. Lakin AzadlıqRadiosuna açıqlamasında müəssisənin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Bəhruz Əliyev “Akkord” əmtəə nişanlı boya məhsullarının istehsalının dayandırıldığını deyir.

Şirkətlərin bir çoxunun korporativ internet saytı olsa da, onlar nə maliyyə, nə də istehsal göstəricilərini açıqlayır. AzadlıqRadiosunun şirkətlərin bir çoxuna bununla bağlı ünvanladığı suallar isə cavabsız qalıb.

Bakıda pərakəndə ticarətlə məşğul oan Nemət deyir ki, satışın dörddə üçündən çoxu yerli markaların (Panda, FAB, AZPOL, Corella və Bermuda, Bilfa, Palitro, Plazma, Kolber, Penguin və s.) payına düşür.

Onun sözlərinə görə, alıcıların yerli markalara önəm verməsinə alıcılıq qabiliyyəti də təsir edir. Amma keyfiyyətin yüksəlməsi də əhəmiyyət daşıyan amildir. Yerli istehsal müəssisələrinin əksəriyyətində beynəlxalq keyfiyyəti idarəetmə standartı tətbiq olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, istifadəyə yararlı, eləcə də boya sənayesi üçün xammal istehsalında istifadə üçün ötən il ümumi dəyəri 26,3 milyon ABŞ dolları olan 38 min ton lak-boya məmulatı gətirilib.

Bu ilin altı ayında idxal 2,5 faiz artaraq 17,7 min ton təşkil edib. Alış, sığorta və sərhədə qədər daşınma xərcləri daxil idxalçılar xarici istehsalçılara 14,3 milyon dollar ödəyiblər ki, bu da 2014-cü ilin birinci yarısı ilə müqayisədə 32,4 faiz çoxdur.

Lakin bu quru statistikaya bənd olmaq olmaz. Çünki, bazarda çox yüksək qiymətə (bir lirti 5-20 manat) satılan Tikkurila markalı fin boyaları gömrükdə 0,795 dollara rəsmiləşdirilir. Oxşar mənzərə digər xarici markaların qiymətlərində də müşahidə olunur.

Başqa sözlə, xaricdən gətirilən boya məmulatına çəkilən xərclər qat-qat çoxdur. Statistikada əks olunmayan rəqəmlər isə gömrüyün “qara mühasibatlığında” gizlənir.

Rəsmi mənbələrə görə xaricdə istehsal olunan lak-boya məmulatını Azərbaycan bazarına “Buzer İnşaat”, “Ekom”, “Tarsa”, “Master Tools” və Türkiyənin “Yavuzlar Group İnşaat” şirkətinin filialı, eləcə də sahibkarlıqla məşğul olan bir neçə fiziki şəxs gətirir.

Qeyd etmək yerinə düşər ki, artıq neçə illərdir ki, Azərbaycan bu bazarda ixracatçı rolunda da çıxış etməyə bağlayıb.

Təkcə 2014-cü ildə 2000 tondan çox boya, lak, mastika və başqa bu qəbildən olan inşaat materialı ixrac edən yerli şirkətlər 1 milyon 571 min dollar gəlir götürüblər. Bu il isə ixrac azalaraq 544 tona düşüb.

Bugünlərdə Statistika Komitəsi ölkənin əmtəə bazarının stukturuna dair ən son məlumatları açıqlayıb və Gömrük Komitəsinin və istehsalçıların verdikləri məlumatların kölgəli tərəflərinə aydınlıq gətirilib.

Pərakəndə ticarət dövriyyəsinin strukturu (min manatla)

20102011201220132014
58 106,881 642,499 905,4131 081,1193 470,0

Məlum olub ki, lak-boya məmulatının pərakəndə ticarəti il ərzində 47,6 faiz artıb və 2014-cü ildə 193,4 milyon manata çatıb. Bu çeşid malların bütün növ qeyri ərzaq mallarının pərakəndə ticarətində payı 0,67 faizdən (2013-cü il) 0,88 faizə yüksəlib.

2010-cu illə müqayisədə isə lak-boya məhsullarının təkcə pərakəndə ticarət şəbəkəsində alışına yönəldilən pul vəsaitinin ümumi məbləği 3 dəfə artıb.

Pərakəndə ticarət dövriyyəsinin 2010-cu ilə nisbətən fiziki həcm indeksləri (faizlə)

əmtəə2011201220132014

Boya, lak və emalın pərakəndə

satışı

134,4

157,4

207,2

304,3

Lak-boya məhsullarının əmtəə bazarında “çəkisini” əyani şəkildə təqdim etmək üçün qeyd etmək olar ki, onun satışlarının həcmi keçən il santexnika mallarına olan tələbatı 25,5 milyon manat üstələyib.

Bu məlumatın fonunda Statistika Komitəsinin Azərbaycanda lak-boya istehsalının fiziki həcmləri haqda məlumatlarına etibarı azaldan amillərdən biri də qonşu ölkələrlə aparılan müqayisələrdən qaynaqlanırdı.

Belə ki, Azərbaycan iqtisadi qüdrətinə və inşaat sektorunun dinamikasına görə ondan çox-çox geri qalan Ermənistandan az məhsul istehsal etdiyini bəyan edir və bu, beynəlxalq müstəvidə tirajlanırdı.

Bu ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, Ermənistanda lak-boya sənayesinin illik həcmi 2009-2014-cü illərdə 9,5-11,6 min ton arasında dəyişib və son illər azalmaya meyilli olub.

XS
SM
MD
LG