Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:33

Adam nə qədər musiqiyə qulaq asar?!


Ziya F.M.
Ziya F.M.

- "Mahnı oxuyur ki, süd versin. Bədbəxt heyvanları da çəkiblər öz tərəflərinə. Konsert verməsən, süd verməzlər. Mahnı oxumasan, cütü çəkməzlər."

Ziya F.M.

Musiqili Azərbaycan

(qəzəbli yazı)

Earworm - Qulaq qurdu. İngilis dilində beyində ilişib qalan

musiqiyə deyilir.

Musiqi insanlığa düşmən kəsilib. Musiqi zorla yeridilir, qulağa soxuşdurulur. Divarlardan. Tavandan.

M. Jvanetski.

Mən həmişə bu texnikaya nifrət etmişəm. Kasıb məhəllələrdə yaşayanda həmişə başqalarının səsini eşidirsən, sevişmələrini də, ancaq ən dözülməzi - səni zorla, saatlarla, bütün total qusuntusu ilə birgə öz musiqilərinə qulaq asmağa məcbur etmələridir. Hələ bu azmış kimi, onlar üstəlik pəncərələri də taybatay açırlar, elə bilirlər ki, qulaq asdıqları zibildən sən də ləzzət alırsan.

Çarlz Bukovski.

Azərbaycanlıların başı pis musiqidən xarab olub.

Azərbaycanlıların ümumiyyətlə musiqidən başları xarab olub. Manıslar toylarda mahnı oxuyurlar, mollalar da yaslarda Quran. İkisi də oxumaqdı. OXUMAQ!!! Satıcılarsa qiymət oxuyurlar. O da oxumaq. Bu da oxumaq. O birisi də. Leninin məsələyə dəxli yoxdur.

Füzuli dərd əlindən yox, musiqidən baş götürüb dağlara qalxıb.

Azərbaycanlıların musiqi həvəsi Sabirin, "tək səbir" dediyi şeylə bərabərləşib. Hər yerdə musiqidir. Hamı musiqiçi olub, hamı gecə-gündüz işini-gücünü buraxıb axmaq musiqiyə qulaq asmaqla məşğuldur.

Elə bil dədələri, anaları bunları ancaq toy musiqisinin altında dünyaya gətirmək üçün var güclərini sərf ediblər ki, Əjdər əmi rəqs edilən vaxt spermatozoid özünü tələm-tələsik yumurtalığa yapışdırsın və Vağzalı çalınanda rüşeym artıq inkişafa başlasın.

Elə bil dədələri ancaq maqnitofonun qulaqcıqlarını taxıb, sonra işlərini görüblər. Anaları da ancaq, ayıb olmasın, ya da olsun, mikrofonla ləzzət alıblar.

Elə bil bunların uşağı bu dünyaya ancaq musiqinin səsinə çıxır. Molla Nəsrəddinin dediyi işığa yox. Musiqi olmasaymış, bunlar nəinki başlarını, heç barmaqlarının ucunu da qoymazmışlar çıxartmağa. Mamaçalar mahnılamasa, uşaq dünyaya gəlməzmiş bizdə.

Çıxanların da missiyası bütün dünyanın ən eybəcər, ən nalayiq, ən zövqsüz müsiqilərini digər azərbaycanlıların arasında yaymaq imiş. Deyəsən, bizdə gizli musiqi satanistləri, ya da musiqi mazoxistləri dərnəyi var.

İnsan övladı nə qədər axmaq olmalıdı ki, dünyanın qulaq salladığı bu iyli hava boşalmasına qulaq assın. Elə bil, bütün dünya bir tərəfədir, biz bir tərəfə.

Yerdə qalan dünya ən yaxşı musiqi axtaranda, bizimkilər ən düşük, ən əksiyini axtarıb tapıb saysız miqdarda külliyyat düzəldib ucuz qiymətə alıb satırlar.

Bizim musiqi zövqümüzün süqutu kassetli maqnitofonlar çıxandan sonra başlayıb. O vaxt başlayıb ki, hər hansı bir axmaq digər axmağın oxuduğu axmaq musiqini kassetdən kassetə köçürməyi öyrənib.

Dilənçi uşaq şəhərin mərkəzində tütəkdə özünün də xəbəri olmadan "Доля воровская" çalır ki, ona qəpik-quruş versinlər. Sağ olsunlar, heç olmasa ona dəyib dolaşan olmur, ya da “dolya”larını alıb gedirlər.

Latın Amerikasından gələn musiqiçiləri polis qovur ki, burda sizin musiqi ifa etməyinizə icazə yoxdur. Elə bil qorxurlar ki, bizimkilərin qulağı nəsə normal bir şey eşidib xarab olar.

Qulaqlarından tökülsün qulaq asdıqları poxsaq. Ciyərləri çürüsün oxuyan yerdə! Dilləri qurusun o əttökən sözləri deyəndə! Boğazları tıxansın o eybəcər səsləri çıxaranda! Barmaqları çürüsün sintezatora toxunanda! Zövqləri qənimləri olsun onlara! Nəsillikcə kar olsunlar!!! Qulaqlarına qurğuşun dolsun!!!

Yalandan yazırlar ki, hər yer Kərbəla, hər gün Aşuradır. Yox! Azərbaycanda hər yer konsert zalı, hər gün konsertdir. "Yayda hər divar dibi bir ev" olan kimi deyil. Bizim musiqiçilərə fəsillərin dəxli yoxdur. İlin bütün fəsilləri musiqilidir. Vivaldi qələt eləyir bizimkilərin yanında.

Ağını da oxuya-oxuya deyirlər. Ölüyə də mahnı oxuyurlar. İmamlara da konsert verirlər, darıxmasınlar o dünyada, feyziyab olsunlar. Qulaq asın , ölülər, diri azərbaycanlılar sizə mahnı oxuyurlar.

Qoyunumuz dinləyici, çobanımızsa ifaçıdır. Birincilərimiz də romans oxuyur, qulbeçələri də diz çöküb onun qabağında ariya, xalq mahnısı, bəstəkar bəstəsi ifa edirlər. Səsi oldu, olmadı. Dəlimiz də oxuyur, ağıllımız da.

İtalyanları keçmişik. Hamımızı "La Skala" gözləyir. Aləm oxuya-oxuya alim olur, biz manıs. Adam olan kəs də qoyuna tütək çalıb, inəyə mahnı və söz qoşar?!

Heyvana da mahnı oxuyurlar ki, işləri getsin. Ruslar adama oxuyurlar, adamla oxuyurlar: - Раз, два, взяли. Bizimkilər heyvana əmək mahnısı oxuyur: - Şəəlləkum, məəlləküm. Ay yeri, heyvan, yeri.

Mahnı oxuyur ki, süd versin. Bədbəxt heyvanları da çəkiblər öz tərəflərinə. Konsert verməsən, süd verməzlər. Mahnı oxumasan, cütü çəkməzlər. Lap bizim özümüzə oxşayıblar. Ölürlər, sino gedirlər konsert üçün. Heyvanları deyirəm. Özümüzə oxşayıblar. Bizim heyvanlardır. Musiqili.

Yox! Özləri qulaq asmaqları bunlara bəs eləmir. Qulaqcıq ki, var! Yox, olmaz! Hamı bilməlidir, hamı eşitməlidir ki, bunlar nəyə qulaq asırlar! Fəxr eləməlidirlər axı!

Hacı həccini, məşədi Məşhədini, dilənçi seyidliyini, rüşvətxor maşınını, avara əzdiyini, sürüşkən yolun yolçusu boyasını və qabaq dişlərinin kariesini gözə soxduğu kimi, bunlar da öz qulaq asdıqları murdarçılığı ən uzun və üzücüsünü, ən iyrənc sözlü və natamam aranjimanlısını, ən əttökən mövzulusunu seçib, ən hündür, uca səsli variantını hamıya çatdırmalıdırlar. Hamı, bütün dünya bilməlidir ki, bizimkilərin nə ağlı, nə mövzusu, nə musiqi duyumu, nə də zövqü var.

Bir musiqimiz vardı, bir də neftimiz. İndi neftimizin demək olar ki hamısı bizim olmadığı kimi, musiqimiz də yarımçıqdır. Bəstələr, operalar, mahnılar, simfoniyalar bizimki deyilmiş. Bizə lazım deyilmiş. Bir neftimizi çıxarırıq dünyaya, bir də musiqini. Başqa heç bir şeyimiz yox imiş.

Dünya bizi mazutla, musiqiylə tanımalıymış. Özgə nəyimiz var ki?! İkisini də daşıdılar xaricə, bizə qalan isə indi üstü örtülən mazutlu gölməçələr, bir də musiqi zir-zibili oldu.

Avtobusa minirsən, musiqi, taksiyə oturursan mp3, metroya minirsən… Elanın əvvəlində bir-iki notluq kiçik bir parça olar. Bütün dünyada belədir. Bizdə hər stansiyaya bir mahnı çalınır.

Bu sərnişin yazıq nə qədər mahnı dinləməlidir ki, İçəri Şəhərdən Həzi Aslanova gedib çıxa bilsin? Bu yazıq sərnişin toydan da uzun çəkən yollarda nə qədər İran motivli, ərəb boğazlı, türk sözlü, küçə təfəkkürlü mahnıları məcburən, zorla dinləməlidir?

Bizim musiqi zövqümüzü niyə sürücülər formalaşdırmalıdırlar? Onlar bizi nə qədər öz musiqiləriylə zorlamalıdlrlar ki, biz bir gün bu musiqi çaldırılan apparatı kökündən qoparıb sürücü qarışıq pəncərədən bayıra tullamaq həddinə çataq? İndiyəcən niyə çatmamışıq, görəsən?

Adamlar nə qədər axmaq olmalıdırlar ki, generator, maqnitofon və yekə dinamiklər götürüb sıldırım qayaların üstünə qaldırıb səsini ətrafa yaymağa çalışsın?! Ətrafda da heç heyvan da olmasın, özlərindən başqa.

Adam nə qədər gic olmalıdır ki, maşınının yük yerinə boşluğunu tam dolduran dinamik qoysun. Elə bir dinamik ki, səsi maşının özündə yox, iki kilometr aralıdan eşidilsin.

Adam nə qədər heyvan olmalıdır ki, gecə saat 2-də, 3-də səsi axıra qədər artırıb əhalinin artıq çoxdan yatdığı dar küçələrdə dəli kimi maşınla fırlansın?!

Oxutdurduğu, qulaq asdığı bir zibil ola, dərd yarıdır. Haradan tapırlar, kimə oxutdururlar, kimə çaldırırlar bu “musiqi”ləri , bir şeytan bilir.

Niyə dənizdə, hovuzda, meşədə, çay qırağında, çəmənlikdə hansısa bir əclaf öz düşük musiqisi ilə hər şeyi püsürləməlidir? Niyə bizimkilər təbiətin anasını ağlatmalıdırlar?

Niyə ölkədə musiqisiz bir balaca deşik də qalmayıb ki, gedib sakitlikdə dincələsən? İctimai yerlərdə musiqi səsləndirilməsinə ya qadağa qoymağın, ya da onu qanunla tənzimləməyin vaxtı gəlib çatmayıbmı?

Vaqif Səmədoğlu demiş, qulaq zildən deyil, ən bəm səsdən də yorulub.

Hüseyn Arif demiş, orda nəğmə də var, nəğməkar da var.

Birincisi şəhərdən yazardı, ikincisi isə təbiətdən.

Bunların, bizim düşük musiqisevərlərin başqa iş-gücləri yoxdurmu, ay Allah?! Nəsibənin qəhrəmanı demiş: Ay sənin mamonun qarnı cırılsın, adam nə qədər anadan olar?!

Adam nə qədər musiqiyə qulaq asar?

Ey ulu Yaradan. Ey, bizi özünə oxşar xəlq edən Uca Varlıq.

Əgər bilsəydin ki, belə olacaq, bizim qulağımızı iki yox, bir edərdinmi? Heç olmasa qulağımız olmayan tərəfi səs gələn tərəfə çevirərdik .

Qulağımızı səsartıran, səsazaldan formada düzəldərdinmi? Əllə tıxamaq olmur. Pambıq kömək eləmir. Gecələr yatmaq olmur. Gündüzlər yol getmək olmur. Təbiətdən həzz almaq olmur.

Bəlkə bizim alimlər qulaq filtri kəşf edələr. Normal danışığı buraxa, bizimkilərin sevdiyi musiqiləri yox. Təbiətin səsini eşidəsən, kefli, yağlı, piyli, zövqsüz azərbaycanlıların təbiət qoynunda qoyduğu (qoyasan belə musiqiyə) musiqini yox. Bir təbiət qalıb, onusa da bizə çox görmə.

Ağzınız tikilsin sizin, “azərbaycanlılar”, oxuduğunuz yerdə!

Mən qonaq getdiyim heç bir fransızın evində pop musiqi yazılmış bir CD də görmədim, ancaq klassika və caz. Yəqin fransızlar hesab edirlər ki, pop musiqini alıb evə gətirmək lazım deyil, onsuz da o, pulsuz sənin evinə girəcək, ona xüsusi olaraq qulaq asmaq lazım deyil, onsuz da küçədə-bayırda eşidəcəksən.

XS
SM
MD
LG