Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:37

Plastik qablar əlil arabasına necə çevrilir?


►17 min dollarlıq arabanı almaq çabası

Turalın istədiyi arabanı alıb-gətirmək ona təxminən 17 min dollara başa gələcək, məbləğin isə hardasa 13 min dolları yığılıb

Əlil arabasından istifadə edən Tural Əlisoy internetdə bir kampaniya başladıb. O, müasir, “ağıllı” əlil arabası almaq üçün ictimaiyyətdən kömək istəyib. Şirkətlərdən birində dizayner kimi çalışan Tural sosial həyatda fəaldır, dostları, maraq dünyası var və istəyir ki, istədiyi yerə əngəlsiz gedə bilsin:

“Seçdiyim araba pultla idarə olunur, açılır, uzanmaq da mümkündür, üstün cəhətlərindən biri də odur ki, pilləkənləri qalxıb-enə bilir”.

Buna da bax: "Bu qədər xərc olar, sanki öz evimizdə kirayədə qalırıq"

“Bir xeyli maneədən azad olacam”

Tural illərdir bu pilləkənlər üzündən metrodan istifadə edə bilmir, daha çox taksi ilə gedir və təbii ki, bu da cibinə kifayət qədər zərər vurur. O deyir ki, dövlət tərəfindən əlil arabası ilə təmin olunub, amma ona verilən araba standart olduğundan kiminsə onu sürməsi lazımmış:

“Elə əlilliyi olan şəxslər var ki, onların, sadəcə, yerimək qabiliyyəti yoxdur, əlləri qüvvətlidir, özü idarə edir. Mən isə məcbur oldum mühərrikli araba aldım, bu zaman dostlarım da mənə kömək elədi”.

Ancaq indi Turalın istədiyi arabanı alıb-gətirmək ona təxminən 17 min dollara başa gələcək, məbləğin isə hardasa 13 min dolları yığılıb:

“O arabanı alandan sonra bir xeyli maneədən azad olacam, pilləkənlərdən istifadə edə biləcəm”.

Buna da bax: “Törətmədiyim cinayəti boynuma qoymaq istəyirlər”

“Həm ətraf mühiti qoru, həm də...”

Türkiyədə əlil arabasına ehtiyac duyan əngəlli şəxslərə isə fərdi şəkildə kampaniya aparmaq gərək olmur, bunu onlar üçün ölkə sakinləri edir. Necəsini Türkiyənin Aydın bölgəsində restoran sahibi Hakkı Ər bizə anladır. Deyir ki, onlar plastik su qablarının qapaqlarını yığıb uyğun mərkəzlərə göndərirlər. Məqsəd həm ətraf mühiti zərərli tullantıdan qorumaq, həm də əlilliyi olan və əngəlli arabasına ehtiyac duyan şəxsləri bununla təmin etməkdir.

“Adamlar su qablarının qapaqlarını toplayıb əlilliyi olan şəxslərə əlil arabası alırlar”, - Hakkı Ər deyir. O, müştərilərin bu kampaniyaya həvəslə qatıldığını, hətta restoran yaxınlığındakı məhəllələrdə yaşayan sakinlərin qapaqları toplayıb onlara gətirdiyini söyləyir: “Biz təkcə qapaqları yox, elə su qablarını da yığıb təhvil veririk”.

Türkiyə Əngəllilər Dərnəyinin baş direktoru Şükrü Boyraz AzadlıqRadiosuna müsahibəsində deyir ki, 5 il öncə başlanan bu kampaniya uğurla davam edir. Onun sözlərinə görə, kampaniyanın əsas məqsədi ətraf mühiti çirklənməkdən qorumaqdır:

“Bilirsiz ki, plastik qablar 400 il ərzində təbiətdə ərimir, zibilliyə atılanda təbiəti çirkləndirir”.

Şükrü Boyrazın sözlərinə görə, topladıqları, ölkənin hər yerindən onlara göndərilən qapaqları plastik tullantıları emal edən fabriklərə satırlar və beləcə zibil pula çevrilir və həmin pulla əlilliyi olan şəxslərə “ağıllı” araba alınır. Müsahibimiz əlavə edir ki, bu işdə bələdiyyələr də fəallıq göstərirlər:

“Bəzi karqo şirkətləri belə bu işdə yardımçı olur, toplanan plastikləri bizə pulsuz çatdırırlar”.

Buna da bax: İcra nümayəndəsi niyə özünü öldürmək istəyib?

“Biz son vaxtlar müasir Almaniya əlil arabaları alırıq”

Azərbaycan Əlillər və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzadlıqRadiosuna deyirlər ki, quruma müraciət edən şəxs müəyyən sənədləri təqdim edəndən sonra əlil arabası ilə təmin olunur. Nazirliyin sözçüsü Elman Babayev:

“Əlil arabaları tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olan şəxslər istisna olmaqla) üç il müddətinə verilir. Əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olan şəxsləri əlil arabası ilə işəgötürən təmin etməlidir”.

“Bəs əlilliyi olan şəxslərin daha müasir, çoxfunksiyalı arabalarla təmin olunması nə yerdədi?” Nazirlikdən bildirilir ki, ehtiyacı olanlara son vaxtlar Almaniya istehsalı olan müasir arabalar verilir. Elman Babayevin sözlərinə görə, hazırda nazirlik “ağıllı” əlil arabalarına nə qədər adamın ehtiyac olması və s. məsələləri öyrənir.

XS
SM
MD
LG