Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:41

M.Ə.Rəsulzadə. Axirət fikrilə yaşayanlar, bu dünyada da diri olun


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

-

"Bu dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilmək, yeganə əmri din bilmək, səlim düşünülərsə, böyük bir xatadır.

Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər.

Deyirlər, "Əddünya məzrəətul-axirə"*(Dünya axirətin tarlasıdır). Amma Məzrəəni(Tarlanı) abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir."

Məhəmməd Əmin Rəsulzadə

DİRİLİK NƏDİR?

Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz "dirilik"! anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan(Yaradılan İmperiya və dövlətlər nəzərdə tutulur, Şəttat eramızdan əvvəl indiki Yəmən ərazisində yaşayan kralın adıdır) daha bəliğ (bariz) bir bəyan olamaz zənnindəyiz.

Dünyanın mütəməddin millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub, biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar.

Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor.

M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq.

Gərək bir insan və gərək bir millət, elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər, rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar.

Müdafieyi-nəfs(Özünü müdafiə) və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar.

İnsanlar bilafərq millət və məzhəb düşməni - ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hangı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor.

Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim (bölüşdürərkən) edərkən, diri millətlər özlərinə hər kəsdən ziyadə pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir.

Millətlər qüvvətli və tərəqqi etmədikcə diriliyin mənasını həqiqi və maddəsilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut(mücərrəd, bəlli olmayan kiçik bir hissə) düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə (İnsanların işlədiyi yerlər, zavodlar nəzərdə tutulur) ən süfla(ən aşağı, cuzi) xidəmətlər ifa edən fəsil əmələlərdir(işçilərdir). Neft mədənlərində çalışan "çornı raboçilər" kimi.

Biz elə düşünürük ki, bu dünyanın diriliyi müvəqqətidir, burası bir karvansaradan ibarətdir.

Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor.

Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim:

Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari(oruc tutmayanlar nzərdə tutulur) və onlardakı tərəqqi və imranın əsir və dəstgiri(əsir, kölə) olduq, bunu etiraf etməliyiz.

Portret
Portret

Bizcə, dünyanın diriliyi bir manqirə(qəpik-quruşa) dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul(uyğun) bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir.

Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar.

Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan(xak ilə yeksan yerlə bir deməkdir) edən topların müqabilində köhnə karvansaraların halı nə olar?

Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm (dörd gözlə) ilə gözləyən bir abidin ( qul, insan) hüzuri-qəlbilə razi-niyazına(duanın sirrinə) da kafi gəlməz.

Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək, səlim düşünülərsə, böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər.

"Əddünya məzrəətul-axirə"*(Dünya axirətin tarlasıdır). Məzrəəni(TARLANII) abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir.

Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı(Əsas mənası) isə dünyapərəstlikdir.

Diriliklərin ən qiymətlisi də milli dirilikdir.

"Milli dirilik" mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə(oxucularıma) vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə xətm məqal edəcəyəm. Dirilik nədir?

Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir.

İştə mətbuata yeni çıxan "Dirilik" də öz milləti üçün böylə bir dirilik arzu edir.

"Dirilik" N 1,

XS
SM
MD
LG