Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

Erdoğan: ‘Sən yalnız deyilsən, qardaş...’


Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı zamanı. 30okt2017
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı zamanı. 30okt2017

“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkələr yoxdur”.

Azərbaycan və Türkiyə prezidentlərinin oktyabrın 31-də keçirilmiş mətbuat konfransında prezident İlham Əliyev belə deyib.

AZƏRTAC prezidentlərin mətbuata verdiyi bəyanatı dərc edib.

İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin hazırda ən yüksək zirvədə olduğunu bildirib.

“Müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var. Bütün məsələlər öz həllini tapır. Müzakirə olunan məsələlər həyatda öz əksini tapır”, – deyən İlham Əliyev türkiyəli həmkarı ilə siyasi əlaqələrin gələcək inkişafını müzakirə etdiyini bildirib. Prezident Dağlıq Qarabağ məsələsinin də gündəmdə olduğunu ifadə edib.

“Əfsuslar olsun ki, qətnamələr kağızda qalır”

İlham Əliyev: “Türkiyədən hərbi məhsulları alırıq, alacağıq”

“Əfsuslar olsun ki, bu münaqişə, hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi əzəli torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon işğal altındadır. Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu qətnamələr kağızda qalır, Ermənistan buna məhəl qoymur və münaqişə öz həllini tapmır”, – deyən İlham Əliyev bunun ikili standartlar siyasətinin nəticəsi olduğunu bildirib.

Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]

Hərbi sahədə əməkdaşlıq haqqında müzakirələrə toxunan prezident İ.Əliyev bu il Türkiyə hərbçiləri ilə birgə üç dəfə hərbi təlimlərin keçirildiyini xatırladıb.

“Hərbi texniki sahədə birgə fəaliyyətimiz davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir. Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq”.

Ölkə başçısı Türkiyə ilə iqtisadi sahədə imzalanmış sənədlərə toxunaraq onların böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Azərbaycandan Türkiyəyə sərmayə 20 milyard dollara çatmalıdır”

“Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır”.

Azərbaycan dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolu və başqa birgə layihələri xatırladaraq, onların qitə miqyaslı böyük transmilli layihələr olduğunu bildirib.

“Bakı-Tbilisi-Qars dəmir yolu inşa ediləndə “Bunu necə inşa edəcəksiniz? Bunun həyata keçmə ehtimalı yoxdur” deyənlər var idi".

”Artıq, yalnız müəyyən sahələr üzrə qitələri bir-birinə bağlamırıq. Eyni zamanda, enerji xətləri məsələsində də davamlı olaraq belə bağlantıların qurulması Türkiyə ilə Azərbaycan arasındakı bu əlaqələrin, bu həmrəyliyin nə qədər güclü olduğunu göstərir. TANAP (Trans Anadolu Qaz Kəməri. Azərbaycan qazını Avropaya nəql edəcək kəmərin bir hissəsi-A.R)bunun ən gözəl nümunəsidir”, – bunu isə Türkiyə prezidenti Receb Tayyib Erdoğan deyib.

Özünü xarici ölkədə yox, öz evində sandığını ifadə edən R.T. Erdoğan yüksək səviyyəli əlaqələrin bəzi qüvvələri narahat etdiyini vurğulayıb.

Buna da bax: Bakı-Tbilisi-Qars işə düşdü

Erdoğan: “Bunun həyata keçmə ehtimalı yoxdur” deyənlər var idi...”

“Bakı-Tbilisi-Qars dəmir yolu inşa ediləndə “Bunu necə inşa edəcəksiniz? Bunun həyata keçmə ehtimalı yoxdur” deyənlər var idi. Ancaq dünən açılışını etdik, qatarımızı səfərə yola saldıq və biz də 15 dəqiqə səfərdə olduq. İnşallah, bundan sonra oradan da on minlərlə, yüz minlərlə sərnişinə təkcə Bakı-Tbilisi-Qars deyil, elə bir gün gələcək ki, Pekindən Londona qədər bu xətdən istifadə etmək qismət olacaq”, – deyən Erdoğan BTQ dəmiryolu layihəsinin önəmindən bəhs edib.

Türkiyə prezidenti sonra da deyib:

“Türkiyə və Azərbaycan arasında 1,6 milyard dollarlıq ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdıra bilərik. İnşallah, buna nail olacağıq. Türkiyə və Azərbaycan hər sahədə bu addımları atacaq. Dünən Nazirlər Kabinetimiz bir qərar qəbul etdi. Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün “Sən yalnız deyilsən, qardaş” deməyin, inşallah, addımını atacağıq”.

Buna da bax: Bakı-Tbilisi-Qars - əvvəlcə yük, sonra...

Türkiyə prezidenti Azərbaycan ilə siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə əlaqələrin güclənməkdə olduğunu deyib.

“Son zamanlar müdafiə sənayesi sahəsindəki həmrəyliyimiz təbii ki, böyük əhəmiyyət kəsb edir. Əlbəttə, turizmi inkişaf etdirmək, eyni zamanda, mədəni əlaqələrimizi, həmçinin universitetlər arasındakı əlaqələrimizi genişləndirmək məqsədilə atdığımız və atacağımız addımlar böyük əhəmiyyət daşıyır”, – R.T. Erdoğan bildirib.

XS
SM
MD
LG