Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:43

XİN: ‘Bu addım Ermənistanın sülhə hazır olmadığını nümayiş etdirdi’


Henrikh Mkhitaryan
Henrikh Mkhitaryan

Arsenal futbol klubunun oyunçusu Henrikh Mkhitaryanın BakıyaAvropa Liqasının final oyununa gәlmәməsi və Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bundan bəhs etməsinə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) də münasibət bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib:

“Azərbaycan tərəfindən Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən Arsensal futbol klubunun oyunçusu Henrikh Mkhitaryan-ın və bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib. Şəxsən XİN-in mətbuat katibi olaraq mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər”.

Leyla Abdullayeva
Leyla Abdullayeva

Leyla Abdullayevin fikrincə, Ermənistan XİN-in Henrikh Mkhitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Mətbuat katibi vurğulayıb ki, “Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur”

Leyla Abdullayeva daha sonra əlavə edib:

“Bu addım Ermənistanın, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi, xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan Arsenalın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu, həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin, etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir”.

Leyla Abdullayevanın fikrincə, UEFA-nın Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, gələnlərin Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in iddialarının ən gözəl cavabı olacaq.

Məsələ ilə bağlı mayın 21-də Ermənistan Xarici İşlər Nazirliyindən də açıqlama verilib.

Həmin açıqlamada isə baş verənlərə görə, Azərbaycan tərəfi qınanılıb.

AFFA Mkhitaryanın Bakıya gәlmәmәsinә münasibәt bildirib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Arsenal” futbol klubunun oyunçusu Henrikh Mkhitaryanın Bakıya Avropa Liqasının final oyununa gәlmәməsinə münasibәt bildirib.

AFFA vurğulayıb ki, Mkhitaryanın Bakıya “Chelsea”-yә qarşı oyununa gәlmәmәsilә bağlı “Arsenal” klubunun bәyanatından mәyusluq hissi keçirib.

Qurumun gəldiyi qənaətə görə, bu oyunçunun, onun ailәsinin vә komandasının kollektiv qərarıdır.

Bәyanatda qeyd olunub ki, AFFA oyunçunun Bakıya gәlmәmәk haqqında qərarını anlayır. Amma bir daha bildiririr ki, Avropanın ali futbol qurumu olan UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mkhitaryanın şəxsi təhlükəsizliyinin təmin olunmasına zəmanət vermişdi:

“Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib”.

AFFA hesab edir ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlənilən final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək.

“Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”, AFFA bildirir.

UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək.

Finalda iki London klubu - “Arsenal” və “Chelsea” üz-üzə gələcək.

Mkhitaryan Bakıya gələsi olmadı - UEFA-nın açıqlaması

UEFA bildirib ki, Mkhitaryan-ın Bakıda təhlükəsizliyinin təminatından ötrü mümkün olan hər şeyi edib.

“Arsenal Futbol Klubu ilə birlikdə işləyən UEFA oyunçunun Azərbaycanda təhlükəsizliyinə ən yüksək səviyyədə təminat alıb”, – qurumdan AzadlıqRadiosu-na (RFE/RL) email ilə bildirilib.

“Bu təminatlara əsasən hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib”, – deyən UEFA Arsenal və Mkhitaryan-ın qərarına sayqı ilə yanaşdığını əlavə edib.

UEFA mayın 10-da bildirmişdi ki, Azərbaycanın Futbol Assosiasiyasından təminat alıb, Mkhitaryan bu ölkəyə gedə bilər, “bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçiriləcək”.

Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva da deyib ki, Ermənistanla gərgin münasibətlərə baxmayaraq, Mkhitaryan Bakıda oynaya bilər. “İdman və siyasət bir-birindən ayrıdır”, – sözçü “The Associated Press” agentliyinə deyib.

***

Arsenal erməni yarımmüdafiəçi Henrikh Mkhitaryan-ı Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gətirməyəcək. Bu haqda CNN xəbər verir. Klub qərarını futbolçunun Bakıda təhlükəsizliyi sarıdan narahatlıqla bağlı olduğunu deyir.

Mkhitaryan həm də Ermənistan futbol yığmasının kapitanıdır.

Mayın 29-da İngiltərənin Arsenal və Çelsi klubları Bakıda Avropa Liqasının finalında qarşılaşacaqlar.

Arsenal yarımmüdafiəçinin Bakıya aparılmamasından “”məyusluğu”nu bildirib, ancaq onun özü və ailəsi ilə müzakirələrdən sonra belə bir qərar verildiyini bildirib.

Arsenal UEFA-ya məktubunda “dərin narahatlığı”nı bildirdiyini qeyd edir.

Final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək
Final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək

Mkhitaryan-ın “qanı qaralıb”

"Micki [Mkhitaryan] bizim finala çıxmağımızda əsas oyunçu olub və komanda baxımından bu, bizim üçün böyük itkidir”, – klubun bəyanatında deyilir.

***Buna da bax: S.Novruzov: 'Neft çıxaranda təhlükəli deyildi, 3 oyunçu gələndə təhlükəli olur?'

"Micki biz bu həftəsonu Bakıya yola düşənədək hazırlıqlarımızda iştirak edəcək”, – klub bildirir.

Henrikh Mkhitaryan İngiltere Premyer Liqasında çıxdığı 25 oyunda 6 qol vurub.

Futbolçu özü də tvitində Çelsiyə qarşı final oyununa çıxa bilməməsinin “qanını möhkəm qaraltdığını” yazıb.

CNN nə Azərbaycanın Futbol Assosiasiyasından, nə də Xarici İşlər Nazirliyindən məsələyə şərh ala bildiyini yazır.

Ancaq Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə bir gün öncə Sky Sports News-a müsahibəsində deyib ki, Mkhitaryan şəxsən ona zəng edərək Avropa Liqasının Bakıda keçiriləcək final oyununda təhlükəsizliyinə təminat ala bilər.

***Buna da bax: Arsenal UEFA-nın Bakı qərarına qəzəblənib

"Onun mənimlə əlaqə yaratmasını istərdim... Bu, bir nömrəli tədbirdir. Əgər məqsədimiz bunun ətrafında siyasi oyunlar oynamaqdırsa, onda başqa məsələ. Sənə futbolçu kimi pul verilir, siyasətçi kimi deyil, gəlin digər məsələləri kənara qoyaq”, – cənab Tağızadə deyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub. 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG