Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 04:57

Britaniya ‘İŞİD balaları’nı niyə qəbul eləmir


Suriyada İŞİD-ə bağlı ailələrin saxlandığı düşərgə
Suriyada İŞİD-ə bağlı ailələrin saxlandığı düşərgə

“The Observer” Böyük Britaniyanın İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına bağlı olduğu bildirilən uşaqlara yanaşmasından yazır. Ölkənin Daxili işlər naziri Priti Patel və onun sələfi Sajid Javid nə vaxtsa bu uşaqların xilas planını önləyibmiş, qəzet vurğulayır.

Rəsmilər repatriasiyaya qarşıdır

Birminqem məhkəməsi ötən həftə qadağanı nisbətən qaldırıb. Bir qrup yetim uşaq Britaniyaya qaytarılıb. Bundan öncə isə britaniyalı diplomat həmin uşaqları saxlamış kürd rəsmiləri ilə görüşə gedibmiş. Uşaqların bir ailəyə məxsus olduğu bildirilir. Valideynləri onları 2015-ci ildə Suriyaya aparıb, özləri sonradan həlak olublar. Həmin şəxslərin İŞİD-lə əlaqəli olduğu deyilir.

“Bu repatriasiya yalnız başlanğıc olmalıdır, son deyil, britaniyalı uşaqların hamısını qaytarmaqdan ötrü daha böyük əməliyyat gerçəkləşməlidir. Onların Suriyanın şimal-şərqində əldəqayırma həbsxana düşərgələrində yaşadığı dəhşətli vəziyyəti ancaq təsəvvür etmək olur. Risk ondan ibarətdir ki, onlar orada daha artıq qalarlarsa, radikallaşa bilərlər. Aydın danışaq. İntiharçı jileti geyinmiş, Britaniyada həyatı dağıdan cihadçılardan söhbət getmir. Xaricə aparılan günahsız uşaqlardan danışırıq”, – qəzet yazır.

Patel və hökumətin digər üzvləri isə daha artıq uşağın repatriasiyasına qarşı çıxırlar. Daxili İşlər Nazirliyinin əməkdaşları ötən həftə bildiriblər ki, yaxın gələcəkdə ölkəyə uşaq buraxılmayacaq və onların adından ailələr, yaxud xeyriyyə qurumları tərəfindən verilən müraciətlərə bir-bir baxılacaq.

Britaniyanın öhdəlikləri

Qəzet isə Britaniyanın hüquqi öhdəliklərini yada salır, 1991-ci ildə ratifikasiya etdiyi uşaq hüquqlarına dair BMT konvensiyasına uyğun olaraq hökumətin müəyyən öhdəliklər götürdüyünü vurğulayır. Həmin konvensiyada hər bir uşağın “etnik, cinsi, dini mənsubiyyətindən aşlı olmayaraq, həyat, sağ qalmaq, inkişaf hüququ” nəzərdə tutulub, ailə tarixçəsinin buraya dəxli yoxdur.

“Hökumətlər müharibə və silahlı münaqişələrin təsirinə məruz qalan uşaqların qorunması üçün mümkün hər şeyi etməlidir”, – konvensiyada deyilir.

Hazırda Suriyadakı düşərgələrdə İŞİD-ə qoşulduğu bildirilən 850 britaniyalı kişi və qadın saxlanır. Qəzet həmin şəxslərlə də məşğul olmağın vacibliyini bildirir. Əks halda, bu məsələnin gələcəkdə daha böyük “təhlükəsizlik problemləri” yaradacağını vurğulayır.

Türkiyə bu yaxınlarda nəzarətində olan İŞİD-çiləri repatriasiya etməyə başlayıb. Azərbaycana da 29 İŞİD üzvünün qaytarılacağı bildirilirdi.

XS
SM
MD
LG