Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:59

Sosial media şirkətlərindən istifadəçilərin kimliyini istəyirlər


İnternet
İnternet

Kral Psixiatrlar Kolleci Britaniya hökumətinə çağırış edərək bildirib ki, Facebook və Instagram kimi sosial media şirkətləri istifadəçilərinin kimliyi haqda məlumat verməyə məcbur edilməlidirlər.

Britaniyanın 18 min psixiatrını təmsil edən Kral Psixiatrlar Kollecinin bu çağırışının məqsədi istifadəçilərin hansı növ kontentə baxdığını araşdıra bilməkdir.

«Twitter, Facebook və Instagram kimi şirkətlər öz məlumatlarını tədqiqatçılarla bölüşməsələr, biz heç vaxt sosial mediadan istifadənin risk və faydalarını anlamayacağıq. Onların tədqiqatı təkcə gənclərin internetdə nə qədər vaxt sərf etməsinə yox, həm də onların sosial media ilə necə əlaqədə olmasına işıq salacaq», – kollecin uşaq və yeniyetmələrin mental sağlamlığı fakültəsinin rəhbəri Bernadka Dubicka «The Guardian»a deyib.

Kollec bildirib ki, alimlərə ötürülən məlumat baxılan materialın növü və istifadəçilərin bu qəbildən platformalarda nə qədər vaxt keçirməsini göstərsə də, ümumilikdə anonim qalacaq.

2 faizlik vergini genişləndirmək

Britaniya hökuməti yeni onlayn təhlükəsizlik qurumu təsis etməyi planlaşdırır. Kollecsə deyir ki, hökumət ona şirkətlərdən datanı almaq səlahiyyəti verməlidir. Kollec, bundan başqa, sosial media şirkətlərinin gəlirinə qoyulacaq 2%-lik «məlumatın ötürülməsi vergisi»nin genişləndirilməsinə çağırır. Bu, məlumatların təkcə Britaniyada deyil, bütün dünyada ötürülməsinə imkan verərdi.

«Özünütənzimləmə işləmir. Artıq hökumətin irəli çıxıb sosial media şirkətlərini həssas uşaq və yeniyetmələrə göstərdiyi zərərli kontenti hesabatlı tutmaq üçün qətiyyətli addım atmasının vaxtı gəlib», – Dubicka deyir.

Son zamanlar uşaq və gənclərin özünə xəsarət, intihar və qidalanma pozğunluqlarını təbliğ edən kontenti izləməsi və bundan zərər görməsi narahatlıq doğurur. Kollecin yeni təklifləri də bu narahatlıqdan qaynaqlanır.

«The Guardian» yazır ki, İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) sözügedən şirkətlərdən kollecin göstərdiyi tipdə məlumatları açıqlamağı tələb edib. Qurumun ruhi sağlamlıq üzrə milli direktoru Claire Murdoch bu sahədə tədbir görməyin vacibliyini vurğulayıb: «Bu texnologiya nəhəngləri həqiqətən də xeyir vermək istəyirlərsə, istifadəçilərin rifahını prioritet sayırlarsa, öz vəzifələrinə ciddi yanaşırlarsa, o zaman tədqiqatçılara necə işlədiklərini və mövcud riskləri anlamaqda kömək etmək üçün əllərindən gələni əsirgəməməlidirlər. Bu baş verməyincə, onlar [öz fəaliyyətlərində] yaxşının pisi üstələdiyini əminliklə deyə bilməzlər».

Məqalədə qeyd edilir ki, internet və sosial media gənc istifadəçiləri əqli və fiziki sağlamlıqlarını gücləndirməyin yolları haqda məlumatlandırmaqla, ixtisaslı xidmətlərin onlayn dəstəyini təqdim etməklə, dost münasibətlərini inkişaf etdirməyə çalışmaqla böyük fayda verə bilər.

Ziddiyyətli nəticələr...

Ancaq müəlliflər eyni zamanda son 10 ildə gənclər, xüsusilə də yeniyetmə qızlar arasında özünə xəsarət yetirmə hallarının artmaqda olan sübutlarını da vurğulayırlar. Bununla yanaşı, qeyd edilir ki, kifayət qədər araşdırma aparılmadığından bu ikisi arasında səbəb-nəticə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək çətindir.

Böyük Britaniya İnternet Assosiasiyasının icraçı direktoru Daniel Dyball kollecin təklifinə birbaşa cavab verməsə də, öz bəyanatında bildirib ki, internet şirkətləri onlayn məkanda insanların təhlükəsizliyi üçün öhdəlik daşıyır.

«Rəqəmsal təhlükəsizliyə dair mövcud araşdırmalar çox zaman ziddiyyətli nəticələr ortaya qoyur. Bu da bu texnologiyaların istifadəçilərə təsirini tam anlamağımızı çətinləşdirir. … Bu sahədə bilik və araşdırmalarla bazamızı genişləndirməyimiz çox vacibdir», – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Britaniya hökuməti internet şirkətlərini hesabatlı tutmaq üçün xüsusi tənzimləyici orqan təsis etməyi planlaşdırır. Onun sözlərinə görə, bu qurum sözügedən şirkətlərdən onlayn məkanda insanların qorunmasına dair şəffaflıq hesabatları tələb etmək səlahiyyətinə malik olacaq. «Bu hesabatlar ictimaiyyətə açıqlanacaq ki, valideynlər və uşaqlar internetdən istifadəyə dair daha məlumatlı qərarlar verə bilsinlər», – o deyib.

XS
SM
MD
LG