Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:39

Trump-ın nitqinin fərqli yozumları – Qərb mediası


Nancy Pelosi çıxışın mətnini cırır
Nancy Pelosi çıxışın mətnini cırır

Qərb agentlikləri ABŞ Prezidenti Donald Trump-ın fevralın 4-də etdiyi “Ölkənin vəziyyəti” adlı illik ənənəvi nitqini təhlil edirlər.

“Üç il öncə biz Amerikanın böyük qayıdışının təməlini qoyduq. Bu gecə sizin qarşınızda inanılmaz nəticələri paylaşıram”, – prezident özünəxas qalibiyyət tərzində deyib.

“The Associated Press” agentliyindən Zeke Miller yazır ki, seçicilərin bu nitqi necə dəyərləndirməsi Trump-ın noyabrda yenidən seçilə bilməsinə birbaşa təsir göstərəcək. O, artıq siyasi autsayder deyil, seçicilərin qarşısına hesabatla çıxır və dedikləri onun 2016-cı il kampaniyası zamanı verdiyi böyük vədlərlə müqayisə oluna bilər.

Amerika yenidən böyükdürmü?

Prezident əsasən iqtisadiyyatdan danışıb, işsizliyin azaldığını vurğulayıb, amma eyni zamanda sələfindən artan iqtisadiyyat miras almasının üstünü vurmayıb.

Respublikaçıların fikrincə, indi istənilən iqtisadi uğurla öyünmək Trump-ın haqqıdır. “Bu iş Trump-a məxsusdur və belə də davrandı”, – respublikaçı siyasi strategik Dave Kochel deyib.

Müəllif prezidentin nitqində onun dördüncü dönəm Ağ evə seçilməsindən ötrü vacib məqamların da əhatələndiyini qeyd edir. Çıxış əsnasında Əfqanıstandan qayıdan əsgər ailəsinə qovuşub, prezident məktəb seçiminə, yevangelistlərə ünvanlı, abortlara qadağaya və sairəyə toxunub.

Amerika yenidən böyükdürmü? Müəllif Trump-ın çıxışında bu sualı cavablandırmağa çalışdığını yazır. Tənqidçilərinin fikrincə, bu ifadə son onilliklər ərzində azlıqlar və qadınlar üçün əldə olunmuşları geri çevirməyin koduna çevrilib. “Kampaniyası isə ümid edir ki, seçicilər həmin ifadəni Ronald Reagan-ın 1980-ci il seçkisindən bir həftə öncə səsləndirdiyi sualın başqa bir versiyası kimi qəbul edəcəklər: İndi dörd il öncəkindən daha yaxşımı yaşayırsınız?” – müəllif yazır.

Trump-ın çıxışından sonra Nümayəndələr Palatasının spikeri Nancy Pelosi onun çıxışının mətnini cırıb. Prezident daha öncə spikerin əlini sıxmamışdı.

“Reuters” agentliyi isə yazır ki, prezidentin ənənəvi çıxışı demokratların “kürkünə birə salmalıdır”.

Çıxışdan bir gün sonra – fevralın 5-də prezidentin senatda respublikaçı partiyadaşları tərəfindən bəraət alacağı gözlənir. Nümayəndələr Palatası onu vəzifə səlahiyyətini aşmaqda, Konqresin işini əngəlləməkdə ittiham edib. Di gəl, rəy sorğuları Trump-ın reytinqinin qalxdığını göstərir.

Çox siyasi təhdid görüb

İmpiç olunmasına baxmayaraq, prezident vəzifəsində möhkəm oturub. Hələ ötən il xüsusi prokuror Robert Mueller-in Rusiyanın seçkiyə müdaxilə ittihamlarından da salamat çıxmışdı.

“Seçilən məqamdan bəri o, vacib siyasi təhdidlərlə üzləşib”, – Texasa mənzillənən respublikaçı konsultant Matt Mackowiak deyib.

Agentlik Trump-ın əsasən şəhərdən kənarda yaşayanlara açıq ismarıc etdiyini yazır. Axı, onun taleyini həmin qruplar müəyyən edə bilər.

Prezident uşaq baxımı təşəbbüslərindən, QİÇS-lə mübarizə cəhdlərindən, narkotik böhranından, tibbi xidmətdən danışıb.

O, bir neçə məqamda demokratlar arasında ziddiyyətlərdən də faydalanmağa çalışıb. Hazırda demokratlar prezidentə rəqabət təşkil edə biləcək namizədi seçməyə çalışırlar. İlkin favorit, keçmiş vitse-prezident Joe Biden Ayovada kokus seçkilərində əməlli-başlı “büdrəyib”.

Trump hökumətin səhiyyə sistemini maliyyələşdirməsi tərəfdarı olan senator Bernie Sandersə eyhamla deyib ki, “Sosializmin Amerikanın səhiyyə sistemini dağıtmasına imkan verməyəcəyik!”

Son rəy sorğularına görə, amerikalıların 40 faizindən çoxu Trump-ln təqsirli bilinərək vəzifəsindən kənarlaşdırılmasını dəstəkləyir. Amma Gallup təşkilatının fevralın 4-də açıqladığı sorğu onun reytinqinin vəzifədə olduğu müddətdə ən yüksək səviyyəyə – 49 faizə yüksəldiyini ortaya qoyub.

XS
SM
MD
LG