Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:37

Xəbərdarlıq: Yoluxmaların ikinci dalğası başlana bilər – Qərb mediası


İtaliyada koronavirusdan ölən tibb işçiləri yad edilir
İtaliyada koronavirusdan ölən tibb işçiləri yad edilir

Hazırda dünyada milyonlarla insan koronavirusa görə məhdudiyyətlərin yumşaldılmasının dadını çıxarır. Amma Hindistan kimi ölkələrdə yoluxmalarda yeni tendensiya baş verir, bir günə kəskin artım var. Bu haqda “The Associated Press” agentliyi yazır.

Dünyada əhali sayına görə Çindən sonra ikinci yerdə olan Hindistanda bazar günü 2 min 600-dən çox yeni yoluxma qeydə alınıb. Rusiyada isə yeni yoluxmalar ilk dəfə olaraq 10 mini keçib.

Hər gün Birləşmiş Ştatlarda onminlərlə yeni yoluxma baş verir, şənbə günü 1400 əlavə ölüm qeydə alınıb.

İqtisadiyyata təzyiq artır, amma...

Səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, qadağalar yumşaldıqca yoluxmaların ikinci dalğasının başlanması mümkündür. Di gəl, dünyanın bir çox yerlərində iqtisadiyyatın yenidən başlanması üçün təzyiq artır. Axı, biznesin həftələrlə bağlanması qlobal iqtisadiyyatı 1930-cu illərdən bəri ən ağır böhrana salıb, milyonlarla iş yeri itirilib.

Elə Prezident Donald Trump da etiraf edib ki, bəzi amerikalılar işlərini itirməkdən, bəziləri isə xəstələnməkdən qorxurlar.

Çin cəmi iki yeni yoluxma halı baş verdiyini bildirir. Ölkədə beşgünlük bayram mayın 5-dək davam edir və turist məkanlarına ziyarətçi sayında kəskin artım var. Bayramın ilk iki günündə Pekində parklara 1,7 milyona yaxın insan baş çəkib. Şanxayın əsas turistik məkanlarına 1 milyondan çox ziyarətçi gedib. Bir çox məkanlar gündəlik qəbulu tutumlarının 30 faizinədək məhdudlaşdırıb.

Ağ evin koronavirus üzrə koordinatoru Deborah Birx evdə qalmaq göstərişinin bitməsinə son qoymağı tələb edən silahlı və əsasən maskasız etirazçılardan narahatlığını bildirib. Trump da əhalini ştatlarını “azad etməyə” çağırmışdı.

Məhdudiyyətlər tezliklə qaldırılsa, virus “ölkənin müxtəlif yerlərində kiçik dalğalarla” qayıda bilər, Johns Hopkins Bloomberg İctimai səhiyyə Məktəbindən Dr. Tom Inglesby deyib.

“Bu virusun dinamikasında heç nə dəyişməyib”, – o, sözlərinə əlavə edib.

Agentlik yazır ki, Birləşmiş Ştatlarda qadağaların qaldırılmasının tərəfdarları və əleyhdarları arasında ziddiyyət Konqresə də keçib.

Respublikaçıların nəzarətində olan Senat bazar ertəsi işini bərpa edir. Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası isə bağlı qalacaq. Agentlik yazır ki, senatda çoxluğun lideri Mitch McConnell-in 100 senatoru bir araya gətirmək qərarı respublikaçı Trump-a risklərə baxmayaraq işinin başına qayıdan Amerikanı vermiş olur.

Vaksin ovu davam edir

“The Associated Press” dünyada yüzlərlə insanın qollarını çirmələyərək vaksin sınaqlarına qoşulduğunu yazır.

100-dək tədqiqat qrupu vaksin axtarışındadır. Onlarla qrup artıq insan üzərində sınağa başlayıb, bəziləri başlamalıdır.

“Biz bir-birimizlə rəqabətdə deyilik. Pandemik virusa qarşı savaşırıq, bu yarışda mümkün qədər çox oyunçu lazımdır”, – Oksford Universitetinin vaksin araşdırmasına rəhbərlik edən Dr. Andrew Pollard deyib.

Agentlik yazır ki, vaksinlərdən hansının təhlükəsizlik olacağını proqnozlaşdırmaq çətindir.

İlk testlər martda aparılıb, yan təsirləri yoxlamaq üçün azsaylı könüllülərə iynələr vurulub. Sonradan Çində, ABŞ-da və Avropada daha böyük araşdırmalar başladılıb.

Növbəti addım vaksinin həqiqətən effektiv olub-olmadığını daha böyük qruplar üzərində yoxlamaqdır. Amma bu zaman tədqiqata qoşulanlar virusun artıq səngidiyi yerlərdə yaşaya bilərlər, yaxud onlara evdə qalmaq göstərişi verilə bilər.

Siyasətçilər isə vaksin hazırlanmasına sərf olunan illəri qısaltmaq üçün planlar hazırlayırlar. Ağ evin koronovirus üzrə koordinatoru Dr. Deborah Birx-dən soruşublar ki, yanvaradək vaksin əldə etmək mümkündürmü. O, bazar günü Fox News Sunday proqramına deyib ki, “kağız üzərində mümkündür. Amma görək bunu həyata keçirə biləcəyikmi”.

ABŞ hökumətinin baş eksperti Dr.Anthony Fauci isə daha ehtiyatlı danışıb. O deyir ki, hər şey əla getsə belə, vaksini 12-18 aya hazırlamaqla sürət rekordu qırmaq olar.

Milli Səhiyyə İnstitutları yanvarda COVID-19 vaksininin hazırlanmasına başlayıblar, indi vaksin Moderna Inc. ilə birlikdə sınaqdan çıxarılır.

XS
SM
MD
LG