Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Trump administrasiyası Bolton-un kitabının nəşrini yubatmaq istəyir


John Bolton (sağda) və Prezident Donald Trump
John Bolton (sağda) və Prezident Donald Trump

ABŞ Ədliyyə Departamenti keçmiş milli təhlükəsizlik müşaviri John Bolton-un yeni memuarının nəşrini yubatmaq üçün məhkəmə iddiası qaldırıb.

İyunun 16-da təqdim olunmuş məhkəmə iddiasında deyilir ki, yeni kitabda məxfi informasiya var və ABŞ-ın milli təhlükəsizliyinə “bərpaolunmaz ziyan” vura bilər.

Bundan bir gün öncə Prezident Donald Trump deyirdi ki, Bolton kitabı nəşr etdirməklə qanunu pozmuş olar.

Məhkəmə iddiasına görə, Bolton kitabı nəşrdən öncə yoxlamadan keçirməyib və bununla da “işəgötürülmə şərtini, yüksək məxfi informasiyaya çıxış əldə etməyin şərtini pozub”.

Nəşriyyatın yaydığı məlumata görə, Bolton kitabında xeyli sayda impiç olunası pozuntulara yol verdiyi iddia olunan xaotik administrasiyanı təsvir edib. Trump-ın siyasi rəqibi, keçmiş vitse-prezidenti Joe Biden-lə bağlı araşdırma aparmaq üçün Ukraynaya təzyiq göstərmək onlardan sadəcə biri imiş.

“Trump-ın Ukraynaya bənzər qanun pozuntusu xarici siyasətini tam əhatələyib. Bolton-un sənədlərində həmin pozuntular, onun və administrasiyada digərlərinin onlarla bağlı həyəcan qaldırması əks olunub”, – naşir bildirib.

Nümayəndələr Palatası Ukrayna məsələsinə görə Trump-ı impiç etsə də, respublikaçıların nəzarətində olan Senat ona bəraət verdi.

***

Bolton kitabında nədən yazır

ABŞ Prezidenti Donald Trump dünən – iyunun 15-də deyib ki, keçmiş təhlükəsizlik müşaviri John Bolton Ağ evdə işlədiyi dönəmlə bağlı kitabını nəşr etdirsə qanunu pozmuş olacaq və cinayət məsuliyyəti daşıyacaq.

“Bu, cinayət məsuliyyəti adlanır”

Trump reportyorlara deyib ki, Bolton öz kitabında məxfi informasiyanın olduğunu bilir və həssas informasiyaya çıxışı olan keçmiş hökumət rəsmisi kimi kitab yazmaqdan ötrü gərəkən prosedurdan keçməyib.

“Mən prezident kimi özümlə hər bir söhbəti yüksək məxfi hesab edəcəyəm. Bu o deməkdir ki, əgər o kitab yazıbsa və kitab nəşr olunursa, qanunu pozmuş sayılacaq”, – Trump deyib.

“Bu, cinayət məsuliyyəti adlanır. Bu, böyük məsələdir”, – Trump əlavə edib.

Baş prokuror William Barr da eyni tədbirdə çıxışı zamanı deyib ki, Ədliyyə Departamenti Bolton-un məxfi informasiyaya çıxışı prosesinin tamamlanmasına, “məxfi informasiyanın təmizlənməsinə” çalışır.

Trump Boltonu sentyabrda, vəzifəsində 519 gün çalışandan sonra işdən çıxarıb. Onlar bir sıra xarici siyasət məsələləri ilə bağlı fikir ayrılığı yaşayırdılar.

Boltonun “Bunun baş verdiyi otaq: Ağ ev memuarı” adlı kitabının iyunun 23-də işıq üzü görəcəyi bildirilir.

Trump-ın qərarvermə prosesi

Kitabın naşiri olan “Simon and Schuster” cümə günü bildirib ki, kitabda Trump-ın “qeyri-ardıcıl, plansız qərarvermə prosesinə” işıq salınır.

Kitabda Trump-ın Çin, Rusiya, Ukrayna, Şimali Koreya, İran, Britaniya, Fransa və Almaniya ilə münasibətlərinin detallarından söz açılır. “Bu, Donald Trump-ın oxumaq istəmədiyi kitabdır”, – “Simon and Schuster” qeyd edib.

Amerika Vətəndaş Azadlıqları Birliyinin Söz, Gizlilik və Texnologiya Layihəsinin direktoru Ben Wizner “Reuters” agentliyinə deyib ki, kitabın nəşrini önləmək cəhdi uğursuz olacaq.

“Həmişəki kimi, hökumətin təhdidləri milli təhlükəsizliyin qorunmasıyla bağlı deyil, qalmaqal və utancdan yayınmaq cəhdidir”, – Wizner vurğulayıb.

Trump onu da deyib ki, prezidentlə söhbətlər daxil məxfi informasiyanın dərci problemi “o əgər söhbətlər haqda yalan danışarsa, daha da ağırlaşır”. Prezident kitabı oxumadığını söyləyib.

“Nə baş verəcəyini görəcəyik. Onlar məhkəmədədirlər, yaxud tezliklə orada olacaqlar”, – Trump bildirib.

XS
SM
MD
LG