Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:38

F.Qəhrəmanlının ailəsi: 'Fuad evə zəng vurmur, görüş verilmir'


F.Qəhrəmanlı
F.Qəhrəmanlı

Ailəsi həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının taleyindən narahatdır.

F.Qəhrəmanlının ailə üzvlərinin sözlərinə görə, onlara onun özü ilə görüş verilmir: "Fuaddan heç bir xəbər yoxdur, evə də zəng vurmur. Lakin ona apardığımız sovqatı qəbul edirlər".

Ailə üzvləri habelə bildiriblər ki, sovqatın F.Qəhrəmanlıya çatdırılıb-çatdırılmadığını bilmirlər: "Əvvəlki həbsləri zamanı Fuadın qab-qacağı və çirkli paltarlarını geri qaytarırdılar. İndi isə bu yoxdur. Deyilənə görə, Fuad özü qaytarmır. Bu da çox şübhəlidir. Fuad niyə bu qədər qab-qacağı və çirkli paltarları kamerasında saxlayır?".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

F.Qəhrəmanlı iyulun 23-də saxlanıb. Ondan sonra hüquq müdafiəçisi Rüfət Səfərov və AXCP-dən onlara F.Qəhrəmanlıya işgəncə verilməsi ilə bağlı məlumat daxil olduğunu açıqlamışdılar. Amma hüquq-mühafizə orqanları və Ombudsman Aparatı belə məlumatları təkzib etdilər.

Lakin AXCP-nin tutduğu vəkilin F.Qəhrəmanlı ilə görüşmək istəyinin gerçəkləşmədiyi ilə bağlı məlumatlar yayıldı. Sonradan məlum oldu ki, o, həmin vəkildən imtina edərək dövlətin ayırdığı müdafiəçi ilə kifayətləndiyini bildirib. Bu barədə elə onun partiyanın tutduğu vəkili açıqlama verdi.

AXCP-dən isə hesab edirlər ki, F.Qəhrəmanlı kimi dəfələrlə həbs olunan siyasətçi onların ayırdığı vəkildən təzyiq altında imtina edə bilər. Amma rəsmilər də belə ehtimalları təsdiq etmirlər.

F.Qəhrəmanlı buna qədər iki dəfə uzunmüddətli həbs edilib, bir çox dəfə isə inzibati qaydada sutkalıq cəzalar alıb. O, sonuncu dəfə uzunmüddətli həbsi 2015-ci ildə altı nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə almışdı.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan F.Qəhrəmanlı ittihamları qəbul etmirdi.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılan onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü̈ saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq i̇darəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürüldüyü, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Partiya habelə qeyd edib ki, daha 18 cəbhəçiyə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib, 10 nəfər isə saxlandıqdan sonra sərbəst buraxılıb. Amma bu məlumatları rəsmilərdən tam dəqiqləşdirmək mümkün olmayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Amma onlar bu hadisələrlə bağlı dəqiq neçə nəfərin saxlandığını, onlardan neçəsinin həbs edildiyini açıqlamayıblar. Bu cinayət işi üzrə həbs olunanlara, əsasən, özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahimFuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin,o cümlədən F.Qəhrəmanlının həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG